Məhkəmə qərarları › İş №1(027)-88/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-88/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-88/2021 04.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 29,181.3.2, 181.2.2, 181.2.3, 177.2.4, 177.3.1, 29,181.3.2, 181.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə, Quba rayon məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Quba rayonu, Qaraçay kəndində yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində özgə əmlakını gizli olaraq talama məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs1 evinin qarşısına gəlib yaşayış sahəsi hesab olunan həmin evə qanunsuz daxil olaraq birinci mərtəbədə olan otaqlardan 160 manat dəyərində 1 ədəd “Arçelik” markalı “A** LB ***3” modelli televizor, 90 manat dəyərində 1 ədəd “Veqastar” markalı “VG-2213” modelli tozsoran, 40 manat dəyərində 1 ədəd “Redmond” markalı “TTP-8861” modelli 6,8 litr həcmli termos tipli samovar, 30 manat dəyərində 1 ədəd “Texnolux” markalı “TES-8832” modelli 4 litr həcmli elektrik samovarı, 25 manat dəyərində 1 ədəd elektrik dreli, 5 manat dəyərində 1 ədəd elektrik çayniki və 50 manat dəyərində 3 top elektrik naqilini qanunsuz olaraq gizli talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 cəmi 400 manat məbləğində ziyan vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə saat 13 radələrində oğurluq hadisəsinin onun tərəfindən törədilməsinə şübhələr olması ilə bağlı rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Quba RPŞ-yə dəvət edilməsi məqsədi ilə Quba rayonu, Qaraçay kəndindəki evinə gələn Quba RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili Şahid2 və Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 görərək evdən dəstəyi boz rəngli mətbəx bıçağını götürüb polis əməkdaşlarına ona yaxın gələcəkləri təqdirdə özünü öldürüb intihar edəcəyini bildirmiş, onların xidməti vəzifələrini icra etməsinə maneçilik törətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə qanunazidd hərəkətlərini davam etdirdiyindən Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini icra etməklə onun əlindəki bıçağı alıb barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün polisə aparmaq istədikdə qəflətən sonuncuya qarşı zor tətbiq etməklə müqavimət göstərmiş və əlindəki bıçağı ona tərəf istiqamətləndirib ona qarşı zor tətbiq etməklə sağ əlin şəhadət barmağının iç səthində, sağ əlin orta barmağının uc falanqasının iç səthində və sağ əlin ovuc səthinin tış kənarında hərəsində bir yerdə kəsilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 315-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəlki illərdə bir neçə dəfə oğurluq cinayətlərinə görə məhkum olunmuş, tutulmamışdan əvvəl anası Hənifə Əmrəliyeva ilə birlikdə əlvan metal yığıb satmaqla dolanmışdır. 25 fevral 2021-ci il tarixdə saat 12 radələrində bağ yolları ilə Quba rayonu, Qəcər-Zeyid kəndinə tərəf getmiş, bu zaman yolunun üstündə iki mərtəbəli fərdi yaşayış evini görmüş, həmin evdə heç kimin olmamasını görüb oğurluq etmək qərarına gəlmişdir. 25 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixinə keçən gecə saat 12 ilə 1 arasında yaşadığı evdə yarım litr araq içdikdən sonra çölə çıxaraq əvvəlcədən oğurluq edəcəyini dəqiqləşdirdiyi kənd sakini Zərərçəkmiş şəxs1 məxsus evə tərəf getmişdir. Həmin vaxt hava qaralmış, yer qarlı olmuş, küçədə ondan başqa heç kim olmamışdır. Piyada bağ yolu ilə həmin evə gəlmiş və çəpəri aşaraq həyətə daxil olmuşdur. Evin işıqları sönülü, qapı və pəncərələri isə bağlı olmuşdur. Əlinə sarı rəngli fəhlə əlcəkləri geyinmişdir. Əvvəlcə daşla evin pəncərəsinin şüşəsini sındırmış və əlini sınmış yerdən içəri salıb pəncərənin dəstəyini açmış, bundan sonra pəncərədən evə daxil olmuşdur. Pəncərədən daxil olduğu otaqda divanın üstündə qara rəngli “Arçelik” markalı televizor, yerdə isə qırmızı rəngli tozsoran olmuşdur. Evin qapısının kilidini içəridən açıb həmin televizoru və tozsoranı həyətə çıxarmış, daha sonra evin digər otağının pənrəcəsini əli ilə itələyib açmış və həmin otağa daxil olmuşdur. Həmin otağın döşəməsində 1 ədəd elektrik samovarı və tavandan asılmış vəziyyətdə olan 1 ədəd dreli götürüb onları da həyətə çıxarıb qoymuşdur. Daha sonra evin ikinci mərtəbəsinin şüşəsini sındırmaqla dəmirlərin üstündən yuxarı qalxıb pəncərəni açıb içəri daxil olmuşdur. İkinci mərtəbə boş olmuş, orada heçnə olmamış, ona görə də oradan heçnə götürməmişdir. Bundan sonra həyətə çıxıb əvvəlcədən oraya qoyduğu əşyaları götürüb bağ yolu ilə öz evinə tərəf getmişdir. Televizoru evinə aparıb özü yatdığı qapıdan girişdəki birinci otaqda olan çarpayı ilə divarın küncündə gizlətmişdir. Televizoru evdə gizlətdiyi üçün Quba RPŞ-nin əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, gizlətdiyi televizoru onlara göstərmiş və həmin televizor protokol tərtib edilməklə götürülmüşdür. Əvvəlki ifadələrində Quba şəhərinin Heydər Əliyev prospektindəki “Köhnə avtovağzal” adlanan ərazidə velosiped ehtiyatları satılan yerdə dreli 10 manata, samovarı 15 manata, tozsoranı 22 manata tanımadığı şəxslərə satdığını, pulları da xərclədiyini bildirmiş, lakin bunu məsuliyyətdən qorxuduğu üçün belə demiş, əslində isə samovarı, tozsoranı və elektrik drelini satmamış, onları yaşadığı evdə tövlənin girişi ilə üzbəüz olan əl arabası və paslanmış dördkünc dəmir parçasının arxasında gizlətmişdir. Sonradan Quba RPŞ-yə müraciət edərək həqiqəti söyləmək istədiyini bildirmiş və Zərərçəkmiş şəxs1 evindən oğurlayaraq yaşadığı evin tövləsində gizlətdiyi samovarın, tozsoranın, elektrik drelinin, elektrik çaynikinin və termos tipli samovarın yerini bildirmiş və ifadəsi yerində yoxlanılaraq sadalanan əşyalar protokollaşdırılmaqla götürülmüşdür. Oğurladığı əşyaların hər birini etiraf etmiş və könüllü olaraq istintaqa təqdim etmişdir. Ev sahibi Zərərçəkmiş şəxs1 qeyd etdiyi 3 top elektrik naqilini oğurlamamışdır. Həmin evdən oğurluq edərkən tək olmuş və oğurluğu etməkdə ona köməklik edən şəxs və ya şəxslər olmamışdır. Oğurladığı əşyaları piyada 2 dəfə gedib-gəlməklə yaşadığı evə aparmış, oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. 05 mart 2021 -ci il tarixdə yaşadığı evdə olarkən səhər saat 10 radələrində Quba RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Zərərçəkmiş şəxs2, RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 yaşadığı evə gəlmiş və ona həmkəndlisi Zərərçəkmiş şəxs1 evindən edilən oğurluq hadisəsində şübhəli olduğunu bildirmişlər. Bu zaman bıçaq götürərək özünə xəsarət yetirəcəyini, özünü doğrayacağını bildirmiş və bıçağı öz boğazına və qarın nahiyəsinə bir neçə dəfə sürtmüşdür. Bu zaman CAB rəisi Elvin həmin bıçağı onun əlindən almaq istəyən zaman o bilməyərəkdən Elvinin sağ əli kəsmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu, Qaraçay kəndində yaşamış, çobanlıqla məşğul olub ailəsinə çörək pulu qazanmışdır. Evi iki mərtəbəli olmaqla, aşağı mərtəbədə dörd otaq vardır. İki otağın girişi ayrı qapıdan, digər iki otağın girişi isə ayrı qapıdan olmuş, qapıların biri dəmir seyf qapıdır və divara keçən kilidlə bağlanır. Həmin qapının üstündən yağışdan qorunmaq üçün balaca dalan tikmiş, üstünə də 2,40 m hündürlükdə dəmir şifer vurmuşdur. İkinci qapı isə taxta çərçivədəndir, dəmir şiferdən düzəldilmiş qapıdır, asma qıfılla bağlanır. Yuxarı mərtəbənin giriş qapısı aşağı tərəfdən ayrıca qoyulmuş, iki laylı dəmir qapıdır, divara keçən qıfılla bağlıdır. Yuxarı mərtəbədə dörd otaq vardır. Aşağı mərtəbənin cəmi iki otağını yaşamaq üçün təmir etmiş, həmin otaqlar da ümumi giriş qapısı dəmir qapı olan otaqlardır. Digər iki otağı divarların suvanmış, elektrik xətti çəkilmiş, lakin yuxarı mərtəbənin otaqlarının heç biri təmir edilməmiş, pəncərə qoydursa da, qapıları qoymamışdır. Həmin evdə müəyyən əşyaları olmuş, özü çoban işlədiyindən 2020-ci ilin oktyabr ayından qoyunları otarmaq üçün ailəsi ilə birlikdə Şirvan şəhərinə qışlağa getmişdir. Qışlağa gedəndə evinə nəzarəti 50 metr aralıda yaşayan bacanağı Əlfəddinə tapşırmış, evin açarlarını da ona vermişdir. Şirvana qışlağa getdiyi gündən 2021-ci ilin fevral ayına qədər evinə gəlməmişdir. 26 fevral 2021-ci il tarixdə səhər 10 radələrində bacanağı Əlfəddin ona zəng vuraraq evinin pəncərəsinin şüşələrinin sındırılmasını, evə daxil olaraq müəyyən məişət əşyalarının oğurlanmasını bildirmişdir. Ona görə də, qışlaqda heyvanları başqa şəxsə tapşırıb 01 mart 2021-ci il tarixdə Qaraçay kəndinə evinə gəlmiş və həqiqətən də yaşadığı evdən oğurluq edilməsini görüb ərizə ilə Quba RPŞ-yə müraciət etmişdir. Evinin aşağı mərtəbəsinin 3 pəncərəsinin şüşəsi və yuxarı mərtəbənin bir pəncərəsinin şüşəsi sındırılmış, aşağı mərtəbənin bir pəncərəsinin kilidi qırılmışdır. Yuxarı mərtəbədən düşən qapı içəridən açılmışdır. Aşağı mərtəbələrin dəmir qapısı olan otaqların birində 1 ədəd televizor və 1 ədəd tozsoran, taxta çərçivəli qapısı olan otaqların birindəki dolabın üstündə bir ədəd elektrik samovarı, digər otaqların birində olan termos-samovarı ilə bir ədəd elektrik dreli, yuxarı mərtəbənin bir otağında isə 100 metrlik elektrik naqili olan 3 ədəd naqil topu yoxa çıxmışdır. Oğurlanmış televizor 105 ölçülü “Arçelik” markalı, qara rəngli televizor olmuş, 4 il bundan əvvəl Quba şəhərində 499 manata almış, tam işlək vəziyyətdə olmuş, evdən gedən zaman elektrikdən ayıraraq oğurlandığı otaqdakı divanın üstünə qoymuşdur. Həmin otaqdan oğurlanan tozsoranı 2020-ci ildə payız aylarında Quba şəhərindən 135 manata almış, qırmızı rəngli, “Veqastar” markalı tozsoran olmuş və otağın küncündə qoymuşdur. Elektrik samovarlarından biri təxminən 7 litrlik termos tipli samovar olmuş, Şirvan şəhərindən 80 manata almış, gümüşü rəngli, işlək vəziyyətdə olmuşdur. Digər elektrik samovar isə 4-5 litrlik, gümüşü rəngdə olmuş, 10 il bundan əvvəl Quba şəhərindən 50 manata almışdır. Elektrik dreli isə 2020-ci ildə Quba şəhərindən 45 manata almış, drel işlək vəziyyətdə olmuşdur. O, ilkin ərizə və izahatını verən zaman evdən 1 ədəd süd rəngli “Tefal” markalı elektrik çaynikin də oğurlanmasını qeyd etməyi unutmuşdur. Sonradan evdən həmin “Tefal” markalı elektrin çaynikinin də oğurlanmasını müşahidə etmişdir. Oğurlanmış üç top elektrik naqillərin 100 metrlik hər bir sarğısında 50 metrə yaxın naqil olmuş, belə ki, həmin naqillərdən evə elektrik çəkilən zaman istifadə edilmişdir. Naqillər göy və qırmızı rəngli olmuşdur. Naqillərdən biri 2,3 mm-lik, digər ikisi isə 4 mm-lik olmuşdur. 100 metrlik elektrik naqillərin 2,3 mm-liyinin bir topunu iki il bundan əvvəl 35 manata, digər iki topun hər birini isə 40 manata almışdır. Həmin topların hər birinin tam yarısı işlənildiyinə görə oğurlanmış həmin üç top naqillərin qiyməti təxminən 50 manat olmuşdur Sındırılmış pəncərələr isə iki laylı şüşələr olmuş, şüşələrin və pəncərənin bərpasına isə ümumilikdə 150 manat xərci çıxmışdır. O, şikayət ərizəsini Quba polis şöbəsinə verdikdən sonra 02 mart 2021-ci il tarixdə yenidən Şirvan şəhərinə qışlağa qayıtmış, Şirvanda olarkən bir-neçə gündən sonra polis əməkdaşları ona zəng edərək evindən oğurluq edən şəxsin həmkəndlisi, əvvəllər dəfələrlə oğurluq cinayətini törədən Təqsirləndirilən şəxs olmasını, evindən oğurladığı “Arçelik” markalı televizorun ondan aşkar edilərək götürülməsini demişlər. Həmin vaxtdan Qubaya gələ bilməmişdir. Sonradan 13 aprel 2021-ci il tarixdə qoyunları başqa şəxsə tapşırıb, Qubaya gəlmiş və Quba RPŞdə elektrik naqillər istisna olmaqla başqa digər ev əşyalarının aşkar edilərək Təqsirləndirilən şəxs götürülməsini öyrənmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini və onunla barışıq əldə etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Quba Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləmiş, 01 mart 2021-ci il tarixdə Quba rayonu, Qaraçay kənd sakini Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə Quba RPŞ-yə müraciət edərək 25 fevral 2021-ci il tarixdən 26 fevral tarixinə keçən gecə naməlum şəxsin onun evinin pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq evindən 1 ədəd “Arçelik” markalı televizor, 1 ədəd “Veqostar” markalı tozsoran, elektrik samovarı və digər əşyalarının oğurlanması barədə məlumat vermişdir. Bir neçə gün ərzində bir sıra əməliyyat-axtarış tədbirləri keçirildikdən sonra Quba rayonu, Qaraçay kəndində yaşayan, əvvəllər dəfələrlə törətdiyi oğurluq cinayətlərinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs həmin oğurluq cinayətində şübhəli olması barədə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 02 ədəd qan nümunələrinin DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində müqayisəli molekulyar-genetik tədqiqatı aparılmış və həmin qan nümunələrinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Ona görə də, həmin məlumatı yoxlamaq məqsədilə 05 mart 2021-ci il tarixdə səhər saat 10 radələrində Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Qaraçay kəndindəki evinə getmiş və onu evdən küçəyə çağırmışlar. Təqsirləndirilən şəxs küçəyə çıxdıqda ona həmkəndlisi Zərərçəkmiş şəxs1 evindən oğurluq etməsində şübhəli olduğunu bildirmiş və oğurladığı əşyalarla bağlı sorğu-sual etmək istəmişdir. Təqsirləndirilən şəxs bunu bilən kimi tez evinə girib əynində olan köynəyin qolu ilə əlinin arasına bıçaq qoyub çıxmış, özünü əsəbi aparmağa başlamış, evdən götürdüyü həmin mətbəx bıçağını çıxartmış, “mənə yaxın gəlməyin, özümü kəsib-doğruyacam, özümü öldürəcəm” sözləri ilə qışqırmağa başlamış və bıçağı öz boğazına dirəmiş, hətta bir-iki dəfə bıçağı boğazının üzərində hərəkət etdirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına boğazını kəsmək istədiyini nümayiş etdirmək məqsədilə boğazını hətta kəsmiş, sonra qarın nahiyyəsinə də bıçağı bir-iki dəfə sürtmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq bıçağı ya yerə atmağı, ya da təhvil verməsini bildirdikdə Bayram nalayiq söyüşlər söyə-söyə qəflətən əlindəki bıçağı onun tərəfinə istiqamətləndirərək “mənə yaxınlaşma, yoxsa səni də vuraram” sözləri ilə onu təhdid etməyə başlamış, ona görə də bir neçə dəfə geriyə çəkilməli olmuşdur. O, Təqsirləndirilən şəxs intizama dəvət etmiş, lakin Bayram onun sözlərinə məhəl qoymamış, ona yaxınlaşmağa cəhd etdikdə Bayram yenə qəflətən əlindəki bıçağı ona tərəf istiqamətləndirmiş, lakin bu dəfə bıçaq onun sinə və çiyin nahiyəsinə doğru istiqamətləndiyi üçün sağ əlini qabağa vermiş, bıçaq sağ əlinin arasına girmiş və əlini kəsmiş, əlindən qan axmağa başlamışdır. O, bıçaq əlini kəsdiyinə və əlinin içində olduğuna görə döyüş fəndi işlədərək digər əli ilə Bayramın bıçaq olan əlindən vurmuş, bıçaq Bayramın əlindən çıxmış və onun sağ əlində qalmışdır. Bundan sonra o, digər polis əməkdaşlarının köməyi ilə Bayramı polis şöbəsinə gətirmişdir. Bayram Quba RPŞ-də oğurluğu etiraf etmiş, necə, nə vaxt, hansı şəraitdə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməsini, oğurladığı əşyaları harda gizlətməsini və harda satmasını demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evindən oğurladığı “Arçelik” markalı televizorun hal-hazırda da evində olmasını bildirmişdir. Bundan sonra o, araşdırmanı aparan təhqiqatçı Cəlal Sultanovu dəvət etmiş və Təqsirləndirilən şəxs razılığı ilə təxirəsalınmadan onun evinə baxış keçirilmişdir. O, əlini sarımaq üçün X3 Mərkəzinə getmiş və orada əlinə tikiş qoyulmuşdur. Sonradan baxış zamanı Bayramın evinin yataq otağında olan çarpayı ilə divar arasında olan boşluqda Təqsirləndirilən şəxs gizlətdiyi Zərərçəkmiş şəxs1 evindən oğurladığı “Arçelik” markalı televizorun aşkar edilərək müvafiq protokolla götürülməsini öyrənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona qəsdən xəsarət yetirdiyi mətbəx bıçağı da müvafiq protokolla götürülmüş və sənədləşdirilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dildirilmiş Quba Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 və Quba Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadələr verərək, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilmiş Məhkəmə-tibb ekspertizasının 05 mart 2021-ci il tarixli 173 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin şəhadət barmağının iç səthində, sağ əlin orta barmağının uc falanqasının iç səthində və sağ əlin ovuc səthinin tış kənarında hərəsində bir yerdə kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 05 mart 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə ekspertizaya təqdim edilən bıçaq və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş Məhkəmə-tibb ekspertizasının 05 mart 2021-ci il tarixli 174 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində boynunda solda bir yerdə, sağda iki yerdə, qarının ön divarında göbəkdən aşağıda iki yerdə səthi kəsik yaralar kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti 05 mart 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə ekspertizaya təqdim edilən bıçaq və ona oxşar digər bıçaqla özü tərəfindən özünə yetirilə bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 aprel 2021-ci il tarixli 9/1675 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Arçelik” markalı “A** LB ***3” modelli televizorun (alt dəstəyi ilə birlikdə) istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 160,0 manat müəyyən olunur. Qərarda göstərilən 01 ədəd “Veqastar” markalı tozsoran, 2 ədəd elektrik samovarları, 1 ədəd elektrik dreli, 3 top elektrik naqilləri haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli 9/2440 №-li əlavə rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd “Veqastar” markalı “VG-2213” modelli tozsoranın 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 90 manat, 1 ədəd “Redmond” markalı “TTP-8861” modelli 6,8 litr həcmli termos tipli samovarın orta bazar qiyməti təxminən 40 manat, 1 ədəd “Texnolux” markalı “TES- 8832” modelli 4 litr həcmli elektrik samovarının orta bazar qiyməti təxminən 30 manat, 1 ədəd elektrik drelin orta bazar qiyməti təxminən 25 manat, 1 ədəd elektrik çaynikin orta bazar qiyməti təxminən 5 manat olmaqla malların istifadədə olması nəzərə alınaraq 2021ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 190,00 manat müəyyən edilir. İş üzrə təyin edilmiş Məhkəmə-ballistik ekspertizasının 16 may 2021-ci il tarixli 3/755 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd predmet (bıçaq) kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan Quba rayon Prokurorluğunun 26.05.2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri vardır. Lakin, istintaq zamanı Zərərçəkmiş şəxs2 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona görə də, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CMnin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olsa da, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə barışması nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 29, 181.3.2, 181.2.2, 181.2.3, 177.2.4, 177.3.1, 29, 181.3.2, 181.2.2, 29,177.2.3 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Quba rayon məhkəməsinin 08 may 2021-ci il tarixli SDS- 1362 №-li sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin 18 may 2021-ci il tarixli 146-7/11969-1221 №-li məktubuna əlavə olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasının arayışlarına əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27 yanvar 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 29, 181.3.2, 181.2.2, 181.2.3, 177.2.4, 177.3.1, 29, 181.3.2, 181.2.2, 29,177.2.3 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 07 may 2021-ci il tarixli 811 №-li sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba MRX-nın Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba rayon icra hakimiyyəti başçısının Birinci Nügədi kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2021-ci il tarixli 904 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qaraçay kəndində yaşamış, subaydır, əvvəllər dəfələrlə məhkum olunmuş, tüfeyli həyat tərzi sürmüş və kənd camaatı arasında mənfi biri kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi residiv müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə 27.08.2015-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzası bitdikdən sonra 18.12.2019-ci il tarixdə azad edilməsini, həmin tarixdən hazırki iş üzrə ona istinad olunan əməli törətdiyi 05.03.2021-ci il tarixədək 2 il müddətin keçməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 315-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli və cəzaçəkmə müddətinin əvvəli 05.03.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 mart 2021-ci tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması haqqında Quba rayon məhkəməsinin 31.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs saxlama müddəti 15 gün, yəni 05.06.202-ci il tarixdən 20.06.2021-ci il tarixə qədər uzadılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 164 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan : 1 ədəd “Arçelik” markalı televizor, 1 ədəd “Veqastar” markalı tozsoran, 1 ədəd “Redmond” markalı termos tipli samovar, 1 ədəd “Texnolux” markalı elektrik samovarı, 1 ədəd elektrik dreli, 1 ədəd elektrik çayniki saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Quba rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan 1 ədəd mətbəx bıçağı isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 315-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan : 1 ədəd “Arçelik” markalı televizor, 1 ədəd “Veqastar” markalı tozsoran, 1 ədəd “Redmond” markalı termos tipli samovar, 1 ədəd “Texnolux” markalı elektrik samovarı, 1 ədəd elektrik dreli, 1 ədəd elektrik çayniki saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və Quba rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan 1 ədəd mətbəx bıçağı isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 164 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar