Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-88/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Quba rayonu, Hacıhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 23 iyul 2013-cü il tarixdən başlayaraq, övladları, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 120 manat məbləğində sabit alimentin alınaraq tələbkar Babayeva (Həmidova) Təranə Eynulla qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli, 2(027)- 1057/2013 saylı qətnaməsini, həmçinin həmin məhkəmənin 28 fevral 2020-ci il tarixli, 2(027)-498/2020 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013cü il tarixli, 2(027)-1057/2013 saylı qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 2 uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Babayeva (Həmidova) Təranə Eynulla qızının xeyrinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6815 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Babayeva (Həmidova) Təranə Eynulla qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2005-ci il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Babayev Həzrət və xx.xx.2008-ci il təvəllüdlü Babayeva Ulduz adlı övladları doğulmuşdur. 2013-cü ildə Təranə ilə ayrılmışlar. Məhkəmənin qətnaməsi ilə uşaqlar analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilmişdir. 2015-ci ildə başqa qadınla ailə qurmuş, ikinci həyat yoldaşından da iki uşağı doğulmuşdur. İmkanı olmadığından alimenti ödəyə bilməmişdir. Bu vaxta qədər alimentdən müəyyən qədər ödənişlər etmişdir. Uzun müddətdir ki, işsizdir. İşsiz olduğundan məşğulluq mərkəzinə müraciətlər etmiş, təklif olunan əmək haqqı həyat şəraitinə uyğun olmadığından razılaşmamışdır. Sosial müavinət almaq üçün də müraciətlər etmiş, lakin nəticə əldə edə bilməmişdir. Həmçinin mülkiyyətində 50 sot torpaq sahəsi olmuşdur. Həm alimenti ödəmək həm də öz ehtiyacları üçün bir nəfər şəxsdən borc almış, borcu qaytara bilmədiyi üçün mülkiyyətində olan torpaq sahəsini həmin şəxsə vermişdir. Cəhdlərinə baxmayaraq, hazırda ona kreditlə və ya borc pul verən yoxdur. Qeyd olunan borcdan 700 manat zərərçəkmiş şəxsə vermiş, qalan borcu da sentyabr və oktaybr aylarında işləyib ödəyəcəkdir. Göstərdiklərini və ailə vəziyyətini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Babayev Həzrət və xx.xx.2008-ci il təvəllüdlü Babayeva Ulduz adlı övladları doğulmuşdur. 2013-cü ildə onlar ayrılmışlar. Məhkəmənin qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilmişdir. Təqsirləndirilən şəxs on ildir ki, uşaqlarla maraqlanmır, üç ildir ki, ümumiyyətlə aliment ödəmir. Təqsirləndirilən şəxs fərdi qaydada işləyir, qazanc əldə edir, lakin qazancını özünə xərcləyir, uşaqlarının saxlanması üçün ona maddi yardım göstərmir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Sonda zərərçəkmiş şəxs, aliment üzrə toplanmış 6815 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, aliment ödənilməsi barədə qətnamə üzrə icra işi onun icraatındadır. Borclu Təqsirləndirilən şəxs tərəfindən qətnamə icra edilmədiyi üçün sonuncu məsuliyyətə cəlb edilmişdir. Təyin edilmiş alimentin miqdarı artırılmamışdan əvvəl Təqsirləndirilən şəxs borcu az olmuşdur. Borclu ümumilikdə 9385 manat aliment ödəmişdir. Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(027)-498/2020 saylı qətnaməsinə əsasən alimentin miqdarı artırılmış, həmin vaxtdan borclu ödəniş etməmiş və borcu yaranmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6815 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 göstərdiklərinə analoji ifadə vermişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri və iş materialları ilə də tam subuta yetirilir. Belə ki, cinayət işinin materiallarında olan: Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli 2(027)-1057/2013 saylı qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat məbləğində sabit alimentin Babayeva (Həmidova) Təranə Eynulla qızının xeyrinə tutulması qət edilmişdir; Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(027)-498/2020 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli 2(027)-1057/2013 saylı qətnaməsi əsasında təin olunmuş alimentin miqdarı dəyişdirilərək, Təqsirləndirilən şəxs tutulmalı olan alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Babayeva (Həmidova) Təranə Eynulla qızının xeyrinə tutulması qət edilmişdir; icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 28 fevral 2020-ci il tarixli 2(027)- 498/2020 saylı icra sənədindən görünür ki, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(027)-498/2020 saylı qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir; xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(027)- 498/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)-938/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsinə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1 (hazırki 528.1)-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1 (hazırki 528.1) -ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında vurğulanır: “göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir”. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qətnaməsini icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qətnaməsinin icrası üçün yetərli tədbirlərin görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkəmədə tədqiq edilən sübutlardan aydın olduğu kimi, birgə nikahdan doğulmuş övladlarının saxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, aliment borcunun ödənilməsinə dair üzərinə qoyulmuş vəzifəni yenə də icra etməmiş və yaranmış 6815 manat məbləğində aliment borcunu ödəməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Hacıhüseynli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsə qismən ödəniş və barışıq əldə etməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 20 iyun 2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 20 iyun 2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-88/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-88/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver