Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-90/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Güləzi kəndində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyətilə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 15 radələrində Quba rayonu, 2ci Nügədi kəndində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sifət nahiyəsindən yumruqla vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol göz orbiti ətrafında qançır-hematoma, burunun üstündə solda sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildə onun bacısı Aynurə ilə nikah bağlamadan ailə qurmuşdur. Onların bir oğlan uşaqları dünyaya gəlmişdir. Lakin tələb etməsinə baxmayaraq Bayram onun bacısı ilə rəsmi nikah müqaviləsi bağlamamışdır. Bayram müxtəlif bəhanələr gətirərək nikah müqaviləsi bağlamaqdan imtina etmişdir. 22 mart 2024-cü il tarixdə bir neçə dəfə zəng edəndən sonra bacısı Aynurə ona cavab vermişdir. Soruşduqda Aynurə ona Bayramla mübahisələri olduğunu demişdir. Bu səbəbdən də saat 15 radələrində Əmin də Aynurəgilin yaşadığı Quba rayonu, 2-ci Nügədi kəndinə getmiş və bacısına oğlunu götürüb onunla getməsini demişdir. Aynurə özünə məxsus əşyaları götürməyə başlamış, o isə Bayramdan nəyə görə nikah müqaviləsi bağlamadağını soruşanda onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt əsəbləşərək Bayramı söyüb sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra isə o bacısı Aynurə və onun oğlu ilə birlikdə Bayramın evini tərk etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs qismində ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən Quba rayonu Güləzi kənd sakini Aynurə Nurəliyeva ilə rəsmi nikah olmadan ər-arvad kimi yaşayırlar. Himayələrində 1 övladları var. Aynurə ilə ailə qurduqdan sonra qayını Təqsirləndirilən şəxs bir neçə dəfə onların yaşadığı evə gələrək bacısı Aynurəni öz evlərinə aparmaq istəmiş, bu səbəbdən aralarında mübahisə olmuşdur. 22 mart 2024-cü il tarixdə saat 15 radələrində qayını Əmin yenidən onların yaşadığı evə gəlmiş və onun arvadı Aynurəni körpə uşağı Orucu aparmaq istəmişdir. Ona etirazını bildirmiş, bununla əlaqədar Əminlə aralarında yenidən mübahisə yaranmışdır. Əmin onu söyərək sifət nahiyəsindən 2 dəfə yumruqla vurmuşdur. Bundan sonra o, onun arvadı Aynurəni və oğlu Orucu özü ilə aparmışdır. Məhkəmənin hazırlq iclasında o, bildirmişdir ki, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 22 mart 2024-cü il tarixli 223 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbiti ətrafında qançır-hematoma, burnunun üstündə solda sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 22 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Quba RMX-nın Publik Hüquqi şəxsin məktubundan görünür ki. Təqsirləndirilən şəxs Quba RMX-nın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından olan Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailəlidir və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-90/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-90/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver