Məhkəmə qərarları › İş №1(027)-91/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-91/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-91/2022 08.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X3 iştirakı ilə, xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Ərdəbil küçəsi, ev 52-də qeydiyyatda olan və yaşayan, 05 fevral 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 03 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində X1 yaşadığı ünvan 1 ünvanda 20 (iyirmi) manata aldığı 0,549 qram narkotik vasitə həşiş qətranını şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə, saat 23 radələrində, ünvan 1 ünvanın qarşısında saxlanılıb həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə xalis çəkisi 0,549 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, Ərdəbil küçəsi, ev 52-də valideynləri ilə birlikdə yaşayır. 5 aydır ki. Bakı şəhərində müvəqqəti qalaraq sürücü işləyir. Bakı şəhərində işləməyə başladıqdan sonra, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 2 həftə əvvəl marixuanadan hazırlanan "mastinka" kimi tanıdığı həşiş qətranı narkotik vasitədən də istifadə etməyə başlamışdır. Quba şəhərində olanda narkotik vasitəni Quba şəhəri, Ağamalıoğlu küçəsində yaşayan Mirzə adlı şəxsdən almışdır. Mirzə ilə 5-6 il əvvəl Quba şəhərində məsciddə tanış olmuşdur. Təxminən 3 ay əvvəl o, nəşə çəkəndə Mirzə onu görüb nəşəni nəzərdə tutaraq demişdir ki, "sənə pay verərəm". Bundan sonra, Mirzə ona bir neçə dəfə narkotik vasitə pay vermişdir. 03 fevral 2022-ci il tarixdə, günorta saatlarında qohumu olan Əmiraslan adlı şəxslə sonuncunun idarə etdiyi avtomaşınla Bakı şəhərindən Quba rayonuna yola düçüb saat 16 radələrində Quba şəhərinə çatmışlar. Əvvəllər bir neçə dəfə birlikdə narkotik qəbul etdikləri üçün yolda gələrkən Əmiraslanla söhbət əsnasında razılaşmışlar ki, Qubada olan tanışları Rəşidi də götürüb narkotik vasitə olan həşiş qətranı alıb istifadə etsinlər. Əmiraslanın Mirzə ilə heç bir tanışlığı olmamışdır. 03 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Quba şəhərində yerləşən "Sərin" restoranın qarşısında o, Əmiraslan və Rəşid görüşüb Əmiraslanın idarə etdiyi avtomobillə Mirzənin yaşadığı ünvana yola düşmüşlər. Əmiraslan və Rəşid onu Mirzənin yaşadığı evin yaxınlığında düşürüb qonşu məhəlləyə getmişlər. Saat 22:30 radələrində o, Mirzənin yaşadığı evin qapısını gedərək Mirzəni küçəyə çağırıb ona iki büküm həşiş qətranı lazım olduğunu bildirmişdir. Həmin vaxt o. Mirzəyə bir ədəd 10 iki ədəd 5 manatlıq pul əskinası verərmişdir. . Mirzə evə gedərək bir bükümdə olmaqla həcminə görə iki bükümlüq həşiş qətranı gətirib ona vermişdir. O, Mirzədən narkotik vasitə alıb bir qədər piyada getdikdən sonra, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanmasında barəsində məlumat olduğunu bildirmişlər. Özünü Quba RPŞ-nin təhqiqatçısı Mübariz Zəkəryəyev kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu, hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah etmişdir. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, əynindəki cins şalvarın balaca sağ yan balaca cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə olan həşiş qətranını çıxardıb polis əməkdaşlarına təqdim etmişdir.. Sorğu sual zamanı həmin bükümdə narkotik vasitə həşiş qətranı olduğunu və həmin narkotik vasitəni bir qədər əvvəl 20 manat pula Mirzə adlı şəxsdən aldığını etiraf etmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə həşiş qətranı təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək, himayəsində yeni dünyaya gəlmiş övladının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, Əlihüseyn Mustafayev küçəsi, ev 17-də valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. İşi ilə əlaqədar çox vaxt Bakı şəhərində olur. 1 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 03 fevral 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhərində atasının dayısı nəvəsi, Həsənlə görüşərək birlikdə , onun idarə etdiyi avtomobillə Quba rayonuna yola düşüb saat 16 radələrində Quba şəhərinə çatmışlar. Yolda olarkən planlaşdırmışlar ki, Quba şəhərinə çatdıqdan sonra, ümumi tanışları Rəşid adlı şəxslə gürüşüb narkotik vasitə həşiş qətranı əldə edib istifadə etsinlər. Həmin vaxt Həsən ona bildirmişdir ki, narkotik vasitəni Quba şəhər sakini Mirzə adlı şəxsdən əldə edəcək. 03 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Quba şəhərində yerləşən "Sərin" restoranın qarşısında o, Həsən və Rəşid görüşmüşlər. Bundan sonra, onlar onun idarə etdiyi avtomobillə Mirzənin yaşadığı ünvana yola düşmüşlər. Həsəni Mirzənin yaşadığı evin yaxınlığında düşürərək o. Rəşidlə birlikdə idarə etdiyi avtomobillə qonşu məhləyə getmişlər. Təxminən yarım saat Həsəni həmin məhlədə gözlədikdən sonra o, İdarə etdiyi avtomobili Mirzənin yaşadığı küçəyə tərəf sürüb uzaqdan görmüşdür ki, Mirzəgilin evinin qarşısında avtomobillər dayanıb. Onlar başa düşmüşlər ki, Həsən Mirzədən narkotik alanda polis tərəfindən saxlanılıb. Bundan sonra onlar oradan uzaqlaşıb yaşadıqları evə getmişlər. Səhəri gün eşidib öyrənmişdir ki, Həsən Mirzədən narkotik alıb gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsini müvəqqəti icra etməklə polis kapitanı rütbəsindədir. Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını raportla şöbənin rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılması və müvafiq əməliyyat tədbirlərinin keçirilməsi üçün ondan, rabitə qrupunun kiçik inspektoru Eyvaz Sultanovdan, post-patrul xidməti bölüyünün polis nəfərləri Nicat Pirməmmədov və Nicat Muradovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Quba şəhəri, Ağamalıoğlu küçəsində olmasını müəyyən edib 03 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin əldə edilməsi, istifadəsi, daşınması və saxlanması ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Həmin vaxt müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü həmin yerə təhqiqatçı dəvət edilmişdir. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan balaca cibindən bir ədəd gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin yaş halda olan nəşədən, yəni marixuanadan hazırlanmış "mastinka" kimi tanıdığı narkotik vasitə həşiş qətranı olduğunu, narkotik vasitəni bir qədər əvvəl yaxınlıqda yaşayan Mirzə adlı şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə təyin edilib İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 04 fevral 2022-ci il tarixli, 6/106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,549 qram maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Qeyd: Həşiş qətranının təmiz çəkisi - 0,549 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,529 qram. İş üzrə təyin edilib keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 18 fevral 2022-ci il tarixli, 787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində, Quba şəhəri, Ağamalıoğlu küçəsində saxlanılıb həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Ərdəbil küçəsi, ev 52-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 03.02.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 05.03.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 03.02.2022-ci il tarixdən 05.02.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə xalis çəkii 0,549 qram olan narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 03.02.2022-ci il tarixdən 05.02.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (il) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, Ərdəbil küçəsi, ev 52 ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,549 qram olan narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar