Məhkəmə qərarları › İş №1(027)-91/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-91/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-91/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Quba rayonu, Güləzi kəndində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində Quba rayonu, Güləzi kəndində oğlu Sərxan Vahabovun atası Rahib Vahabov və sonuncunun rəsmi nikah bağlamadan yaşadığı Zərərçəkmiş şəxs ilə görüşməsindən əsəbləşərək Zərərçəkmiş şəxs saçlarından tutub yerə yıxmış və əlləri ilə onun sifət və boynundan bir neçə dəfə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2015-cı ildən Rahib Vahabovla rəsmi nikahla ailə qurmuş və 2 övladı olmuşdur. 2019-cu ildə Zərərçəkmiş şəxs ona zəng edərək əri Rahibin onunla münasibəti olduğunu bildirmiş və bir neçə dəfə Rahiblə aralarında Şəhlaya görə mübahisələri olmuşdur. 2023-cü ilin noyabr ayında məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində oğlu Sərxanın evdə olmadığını aşkar edərək onu axtaran zaman Sərxanın atası Rahiblə Şəhlanın yanında olduğunu görmüş və oğlunu aparmaq istəyən zaman Şəhla onu söymüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əli ilə Şəhlanı vurmuşdur. Həmin vaxt Rahib onları sakitləşdirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2018-ci ildən etibarən Rahib Vahabovla nikah bağlamadan ailə qurmuşdur. Rahib 2023-cü ildə birinci həyat yoldaşı olan Təqsirləndirilən şəxs məhkəmə qaydasında boşanmışdır. Rahibin keçmiş arvadı Xəyalə ona mütəmadi olaraq zəng edərək söyüb təhqir etmişdir. 14 mart 2024-cü il tarixdə Rahiblə birlikdə Rahibin atasının məzarını ziyarətdən etdikdən sonra, Güləzi kəndində olarkən Rahibin oğlu Sərxan onlara yaxınlaşaraq görüşmüşdür. Həmin vaxt Xəyalə də uzaqdan onları görüb onun ünvanına söyüşlər söyərək onlara yaxınlaşmışdır. Sonra, onunla Xəyalənin arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Xəyalə 2-3 dəfə yumruqla onun sifət nahiyyəsinə vuraraq əli ilə onun boynunu cırmaqlamışdır. Həmin vaxtı Rahib onları sakitləşdirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışmadığını bildirərək ona cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 15 mart 2024-cü il tarixli 197 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol göz orbiti ətrafında qançır-hematoma sifətin solda qançırı, boynunda solda sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 14 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş məhkəm-tibb ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmuşdur. X1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki azyaşlı övladları vardır. İş materiallarında olan Quba RİHB-nın Güləzi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 114 nömrəli arayış və arayışa əlavə edimiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarında olan Quba RMX-nın 19 mart 2024-cü il tarixli 18-1-56/2-340/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Güləzi kəndində yaşayan, xx xxxxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında https://www.e-qanun.az/framework/46947min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 02 saat üçün 12 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar