Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-92/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və ya xüsusilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddidə altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və "insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatma hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları (həmçinin özlərini jurnalist adlandıran şəxslər) onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. 15.01.1956-cı il tarixdə Quba rayon Digah kəndində anadan olmuşam. 3 Ali təhsil almışdır. 3-cü ali təhsilini xaricdə Heydər Əliyev şəxsiyyətinin dəstəyi ilə almışdır. Almaniyanın Maqdeburq şəhərində hərbi xidmətdə olmuşdur. Ali təhsilli ehtiyatda olan zabitdir, hərbi xidmətdən sonra Moskvada, sonralar Azərbaycanda vəzifələrdə, dövlət işlərində, icra aparatında dövlət qulluğunda işləmişdir, YAP-nın fəal üzvlərindəndir. Harada olsa da, harada işləsədə daima müsbət xarakterizə olunur. Ailəlidir, həyat yoldaşı xarici dil müəlliməsidir, 4 övlad böyütmüş, hamısı ali təhsillidir, vəzifələrdə işləyirlər. Hər iki oğlu xaricdə Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə qeyrətli övladlarındandır, onların birisi də 2-ci ildir ki, Qarabağda fəaliyyət göstərən xarici şirkətdə çalışır. 4 övladının hamısı harada olmasından asılı olmayaraq yüksək səviyyədə pozitiv xarakterizə olunurlar. Lakin, bildirir ki, cinayətkar və barəsində İttiham Hökmü çıxarılmış Quba rayonu Digah kənd sakini X8 növbəti dəfə öz çirkin əməllərindən əl çəkməyərək ona qarşı qərəzli mövqe tutaraq müxtəlif kütləvi informasiya vasitələrinə, Dövlət orqanlarına barəsində həqiqətə uyğun olmayan yalan və uydurma, böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. 8 aprel 2021-ci ildə sosial internet şəbəkəsində “YouTube” kanalında “Kanal24”də yalan olduğunu bilə-bilə böhtan xarakterli əməlləri, məlumatları yaymışdır. Cavabdeh bildirir ki, “Şahin Əhmədxanov köhnə oliqarxdır, istədiyini edir, Digahın xəritəsini istədiyi şəkildə dəyişib saxta sənədlərlə torpaqları satır. 2005-ci ilin sənədlərini, xəritəni dəyişərək təzə xəritə çıxarıb. Valeh Mirzəxanov 2005-ci ildə bələdiyyə sədri işləyəndə Onun iclas protokoluna əlavə sənədlər salaraq özünə təzə torpaq sənədləri hazırlayıb, o vaxt köhnə oliqarx Şahin Əhmədxanov özünün 5-6 yaşlı uşaqlarının adna sənədlər çıxardıb. Həddi buluğa çatmayan uşağının adına necə sənəd düzəldib? Bu sənədlər tam saxtakarlıqla çıxarılıb.Sonra bildirir ki, bu barədə bütün Dövlət orqanlarına müraciət etmişlər, qoy gəlsinlər bir daha araşdırsınlar. Bu köhnə oliqarx həm də köhnə silah alverçisidir. “Sadvalın üzvüdür. Bunu o, faktlarla da sübut edə bilər, onları məhkəməyə verir və məhkəmələri də udur. Məhkəməyə hansı qərarı verirsə, məhkəmələrdə o qərarı təsdiq edirlər. Digər rayon rəhbərliyinə, orqanlara da müraciət etsələr də onlara kömək etmirlər.” - Bütün bu yalan və böhtanları cinayətkar cavabdeh Şamxal Ömərov internet informasiya ehtiyatında yaymışdır. (Həmin diski ərizəsinə əlavə edirəm) Cavabdeh Şamxal Ömərovun növbəti cinayəti: Çıxarışla mülkiyyətində olan torpağında qanunsuz olaraq heç bir icazə, layihə sənədi olmadan, heç bir Dövlət orqanının icazəsi olmadan kafe binası tikib və öz əxlaqına uyğun formada işlədib. Məhkəmə yolu ilə onun törətdiyi cinayəti sübut olunub, barəsində Hökm qanuni qüvvəsini alıb. Bu cinayətkar öz çirkin əməllərindən əl çəkməyərək həmin qanunsuz kafenin sökülməsi barədə mülki qaydada Məhkəmə Qətnaməsi ola-ola yenə də öz işini davam hələlik etdirir. Bütün bunlara baxmayaraq cavabdeh, cinayətkar Şamxal Ömərov ona qarşı qərəzli mövqedən çıxış edərək iddiaçı qismində onu növbəti yalan və böhtanlarla şərləyərək güya ona mənəvi ziyan vurmuş və ondan zərərin əvəzi kimi 50000 (əlli min) manat tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə onun iddiasını birmənalı olaraq rədd etmişdir, həmin məhkəmə qətnaməsini də məlumat üçün ərizəsinə əlavə edir. Açıq-aydın bilinir ki, bu cavabdehin əməlləri, cinayətləri 1-ci dəfə deyil, görün neçənci dəfədir! Barəsində qanuni qüvvəyə mimiş Cinayət Hökmünü də iş materiallarına əlavə edir. Əgər bu cavabdeh Ş.Ömərov daha ciddi surətdə cinayət məsuliyyətinə cəlb edilməsə, CM-nin aidiyyəti maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə İttiham Hökmü çıxarılmasa o, gələcəkdə də öz çirkin niyyətlərindən əl çəkməyəcəkdir. Qeyd olunan şəxsin sosial şəbəkələrdə onun barəsində yuxarıda qeyd olunan səpkidə bir çox paylaşımları və yazıları mövcuddur (paylaşımlardan çıxarışlar şikayətə əlavə edilir). Hesab edir ki, göstərilən və sübut kimi şikayətinə əlavə edəcəyi faktlar cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətində göstərdiklərini bir daha təsdiq edərək bildirdi ki, şikayətini müdafiə edir, xəbəri olmadan barəsində mərkəzi orqanlara, kütləvi informasiya vasitələrində yalan məlumatlar verilib, onu vətən xaini, xəyanətkar –xain adlandırıb. Göstərdiklərini nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 bildirdi ki, şikayət əsassızdır, 10 ildir ki, Şahinlə aralarında torpaqla bağlı mübahisə davam edir, Şahin onun şəxsiyyətini alçaldır. “24”-cü kanal əməkdşalarını torpaq mübahisələri ilə bağlı çağırmışdır. Şahini oliqarx adlandırmış, vəzifədə olanda saxta torpaqlar almasını, Urfan Kərimovla silah alveri ilə məşğul olmasını olanları demiş, sadvalçı isə deməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və məhkəməyə təqdim olunan sənədləri öyrənərək aşağıdakıları müəyyən edir: İş materiallarında olan Quba rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, 1(027)- 1/2014 saylı hökmündən görünür ki, X9, Azərbaycan Respublikasının Cinayət Çəcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayə əməlini törətməkdə təqsirli bilinib, 200 manat məbləğində cərimə cəazsına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(027)296/2017 saylı qətnaməsindən görünür ki, X4 X2 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. X3 öz şikayətində X5 münasibətdə iddia edir ki, ona qarşı səslənən təhqir və böhtan xarakterli süjet "xxxx" “Youtube” kanalında məhz X9 tərəfindən dərc edilmişdir. Sözügedən süjetin "xxxx" “Youtube” kanalında bilavasitə X9 tərəfindən yayımlanmasına dair xüsusi ittihamçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır; 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir; 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə; 302.3-cü maddəsinə görə məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 299.11-ci maddəsinə görə məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı qeyd edilmiş Qərarından da göründüyü kimi kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı nəzərdə tutulur, hüquqi ünvanı məlum olmadıqda isə barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. İnternet informasiya ehtiyatının sahibi internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxsdir. Domen adı internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşüdür. Domen adlarının milli inzibatçısı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir. Domen adlarının qeydiyyatçısı domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxsdir; 13-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Adı çəkilən Qanunun 13-1-ci maddəsinin icrası məqsədi ilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır; 3.17-ci bəndinə əsasən bu Qaydalar, habelə domen adlarının nümunəvi qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilir; 3.18-ci bəndinə əsasən sifarişçi domen adının cari vəziyyəti barədə milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında sorğu verməklə məlumat əldə edə bilər. Göründüyü kimi, milli inzibatçı tərəfindən yalnız “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı həyata keçirilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs, o cümlədən barələrində şikayət verilmiş şəxs tərəfindən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından müəyyən edilir ki, VÖEN-********** olan "xxxx" MMCnin hüquqi ünvanı ünvan 1nuni təmsilçisi X6r. Belə olan halda şikayətə əlavə edilmiş sənədlər əsasında xüsusi ittiham qaydasında şikayətin məhz hansı səbəbdən Quba Rayon Məhkəməsində baxılmalı olmasını məhkəmə tətəfindən müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə görə isə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ərizədə şikayət vermiş şəxs haqqında məlumatlar, yəni onun doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi; barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi və bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği; cinayəti törətməsi ehtimal edilən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası cinayət qanununun hansı maddəsi və bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xahiş göstərilməmişdir. Eləcə də, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətdə ona bilə-bilə böhtan atıldığını qeyd etsə də, məlumatın hansı hissəsinin Azərbaycan Respublikası CM-nin 147ci maddəsinin hansı bəndinin tərkibinin yaratmasını konkretləşdirməməklə, əsaslandırmamışdır. Halbu ki, CM-nın 147-ci maddəsi 2 bənddən ibarətdir ki, hər bir bəndin dispozisiyası və sanksiyası fərqlidir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş X3 qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Xüsusi ittiham qaydasında şikayətdə isə həmin tələblərə əməl edilməmiş, şikayət vermiş şəxs özü və Şamxal Ömərov barədə anket məlumatlarını (doğum tarixi, doğum yeri, iş yeri və s.) əks etdirməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-92/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-92/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver