Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-92/2024 17.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 19:50 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Megastore” ərzaq mağazasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin mağazanın içərisində əvvəldən tanımadığı, Qusar rayon sakini Zərərçəkmiş şəxs ona diqqətlə baxmasını bəhanə etməklə əsassız olaraq onunla mübahisə etmiş, onu bayıra dəvət edərək orada mağazaya alış-verişə gəlib-gedən, küçədən keçən vətəndaşlara məhəl qoymamış, onların qorxu və narahatlığına səbəb olmuş, 3-4 dəqiqə ərzində Cavanşir Zeynalovun ünvanına təhqiramiz ifadələr və söyüşlər söyməklə, yaxasından tutaraq mağazanın divarına çırpmaqla, daha sonra isə söyməkdə davam edərək bir neçə dəfə yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş alt dodağının selikli qişasında əzilmiş-cırılmış yara, sol bazunun orta 1/3-nin bayır səthində qançırdan ibarət bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində Quba şəhəri, H. Əliyev prospektində yerləşən “Megastore” ərzaq mağazasına alış-verişə getmiş, mağazanın şirniyyat bölməsində olan zaman Zərərçəkmiş şəxs ona diqqətlə baxması onu narahat etmiş və o Cavanşirə yaxınlaşıb irad bildirmişdir. Daha sonra Cavanşiri mağazadan bayıra çağırmış, küçədə aralarında mübahisə yaranmış və o Cavanşiri vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxsi tanımır, ilk dəfə mağazada görmüşdür. Hərəkətləri xoşuna gəlmədiyi üçün zərərçəkmişi vurmuşdur. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona ən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə ailə üzvüləri ilə birlikdə Quba şəhəri, H. Əliyev prospektində yerləşən “Megastore” ərzaq mağazasına ailəsi ilə birlikdə bayram alış-verişinə getmiş, mağazanın şirniyyat bölməsində olan zaman Təqsirləndirilən şəxs ona diqqətlə baxmasını bəhanə gətirərək irad bildirmişdir. Bu vaxt aralarında söz mübahisəsi yaranmışdır. Daha sonra İsmayıl onu bayəra çağırmış və orada İsmayıl onun sifət nahiyəsindən vuraraq xəsarətlər yetirmiş, eyni zamanda söyüş söyərək təhqir etmişdir. Həmin vaxt orada olan baldızı onlara yaxınlaşmış, İsmayıl həmin vaxt oradan aralanıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxsi tanımır, ilk dəfə mağazada görmüşdür. Sonda zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Megastore” ərzaq mağazasının qarşısında quraşdırılmış müşahidə kameraların görüntüsünü özündə əks etdirən DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci görüntüdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs “Megastore” ərzaq mağazasının şirniyyat bölməsində dayanıb söhbət edirlər və daha sonra Təqsirləndirilən şəxs zərərçəkmişi ardınca çağırır, ikisi də gedirlər. İkinci görüntü də isə görünür ki, hər ikisi mağazadan küçəyə çıxır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs paltarlarından tutub dartaraq mağazanın divarına doğru sıxır və həmin vəziyyətdə zərərçəkmişə çoxsaylı yumruq zərbələri yetirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin (məhkəmə-tibbi ekspertizası) 18 mart 2024cü il tarixli 212 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - alt dodağın selikli qişasında əzilmiş-cırılmış yara, sol bazunun orta 1/3-nin bayır səthində qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 17 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 17 mart 2024cü il tarixdə saat 19:50 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Megastore” ərzaq mağazasının qarşısında İsmayəl İsmayılovun xuliqanlıq hərəkətləri etməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin verdikləri izahatları, təqsirləndirilən şəxsin əməlini etiraf edib özünü təqsirli bilməsi, müşahidə kameralardan götürülmüş görüntülərlə və ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o həmin maddə ilə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, M.Qorki küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-92/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-92/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver