Məhkəmə qərarları › İş №1(027)-93/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-93/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-93/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü-İİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 saylı evdə ünvanında qeydiyyatda olmaqla 3 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, o, 2020-ci ilin mart ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən 0,501 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirərək orada siqaret qutusunun göy rəngli kağızına bükməklə qonaq otağındakı taxta stulun içərisində yerləşən saxlanc yerinə qoyaraq saxlamış, xx xxxxx 2020-ci il saat 14 radələrində qeyd olunan ünvanda həmin narkotik vasitə olan heroinin 0,015 qramını 10 manat müqabilində tanışı Şahid1 satmış, həmin gün saat 18:15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış keçirilən zaman satış məqsədilə əldə edib saxladığı narkotik vasitə olan heroinin 0,486 qramı fərdi yaşayış evinin qonaq otağındakı taxta stulun içərisində yerləşən saxlanc yerindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki o, uzun müddət narkotik vasitələrdən istifadə etmiş ancaq bir müddət narkotik vasitələrdən istifadəni dayandırmışdır. Təxminən 5-6 ay bundan əvvəl yenidən narkotik vasitələrdən istifadəyə etməyə başlamışdır. Quba şəhəri Ə.Nərimanov küçəsində yaşayan Şahid1 tanımış, onunla arasında düşmənçilik və ya ədavət olmamışdır. Adı Məmmədrza olsa da Quba camaatı onu “Təkbir” ləqəbi ilə tanımışdır. 2020-ci ilin mart ayında Bakı şəhərində olarkən tanımadığı bir nəfər şəxsdən 50 manata bir büküm heroin almışdır. Heroinin bir hissəsini istifadə etmiş, geridə qalan hissəsini isə Quba şəhərində yaşadığı evin qonaq otağındakı taxta stulun saxlanc yerində gizlətmişdir. xx xxxxx 2020-ci il saat 14 radələrində evdə olarkən Şahid1 yaşadığı ünvana gələrək ağrılarının olduğunu deyib istifadə üçün heroin istəmişdir. Şahid1 heroinin bir bükümünü on manata satdığını bildirmiş və onunla razılaşdıqdan sonra heroini gətirmək üçün yaşadığı evə qayıtmışdır. Qonaq otağındakı taxta stulun içərisində gizlətdiyi göy rəngli siqaret kağızına bükülmüş bükümdəki heroinin bir hissəsini qara rəngli siqaret kağızına tökərək həmin bükümü Şahid1 vermiş və sonuncu ona bunun müqabilində on manat pul vermişdir. Həmin gün bir neçə saatdan sonra yaşadığı evin qarşısında gəzişərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin satışında şübhəli olduğumu demiş və onu araşdırmanın aparılması üçün Quba RPŞ-yə dəvət etmişlər. Onlarla razılaşaraq Quba RPŞ-yə getmişdir. Orada təqdim olunmuş müdafiçənin iştirakı ilə dindirmə zamanı yaşadığı ünvan 3 ünvanındakı evin qonaq otağındakı taxta stulun içərisində göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan heroini saxladığını və xx xxxxx 2020-ci il saat 14 radələrində 10 manat müqabilində həmin heroinin bir hissəsini tanışı Şahid1 satdığını etiraf etmişdir. Polis əməkdaşları onun yaşadığı evə baxış keçirmək istədiklərini bildirəndə onlarla razılaşaraq bu barədə ərizə yazmış və onlarla birlikdə yaşadığı evə qayıtmışdır. Evin qonaq otağındakı taxta stulun içərisində saxladığı göy rəngli siqaret kağızına bükdüyü bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümü açaraq onun içərisində olan qəhvəyi rəngli kütlənin heroin olmasını onlara demişdir. Həmin kütlə “Constant” markalı tərəzi ilə çəkildikdən sonra, heroin ağ rəngli zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə həmin protokolun üzərindəki soyadının qarşısından imza etmişdir. Şahid1 başqa şəxslərə narkotik vasitə satmamış ancaq özü istifadə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasının göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx xxxxx 2020-ci il saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gedərək onu çölə çağırmışdır. Ondan heroinin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs cavabında heroinin olmasını və bükümünü 10 manata satmasını bildirmişdir. Təqsirləndirilən şəxs 10 manat vermiş və sonuncu pulu aldıqdan sonra evə girmişdir. Bir neçə dəqiqədən sonra evdən çıxaraq onun yanına gəlmiş və bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü ona vermişdir. Həmin bükümü açanda onun içərisindəkinin açıq qəhvəyi rəngdə olan narkotik vasitə hesab olunan heroin olduğunu görmüşdür. Həmin bükümü əynindəki qara rəngli parça gödəkçənin sol yan cibindəki “Argo” markalı siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofanına qoyduqdan sonra siqaret qutusunu götürdüyü yerinə qoymuşdur. Həmin yerdən uzaqlaşıb Quba şəhəri Nadir İbrahimov küçəsi ilə piyada hərəkətdə olarkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitəni saxlamaqda şübhəli olduğunu ona demişlər. Sonra ondan üzərində olan əşyaları təqdim etməyini istəmişlər. O da əynindəki qara rəngli parça gödəkçəsinin sol yan cibindəki “Argo” markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxararaq təqdim etmişdir. Həmin “Argo” markalı siqaret qutusunun şəffaf sellofanında qara rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin qara rəngli kağız büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu soruşduqda o, bükümün içərisindəki maddənin heroin olduğunu etiraf etmişdir. Həmin büküm “Constant” markalı tərəzidə çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx xxxxx 2020-ci ildə Quba şəhər sakini “Təkbir” ləqəblı şəxsin şəxsiyyətinin müəyyən olunaraq izahatının alınması üçün Quba RPŞ-nin Təhqiqat qrupuna dəvət olunması barədə raport daxil olmuşdur. Həmin raport əsasında Quba RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilərək “Təkbir” adlı şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu və onun ləqəbinin “Təkbir” olduğunu müəyyən edərək onu həmin gün izahatının alınması üçün Quba RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Quba RPŞ-də verdiyi izahatında həmin gün saat 14 radələrində yaşadığı evdə Şahid1 10 manat müqabilində heroin satmasını və yaşadığı evdə heroin saxladığını bildirərək evində baxış keçirilməsinə razılıq verməsi barədə Quba RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs həmin gün saat 18:15-də saxlanılaraq tərkibi Quba RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Quba RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Fuad İslamov və Quba RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Sail Tağıyevdən ibarət olan əməliyyat qrupu ilə birlikdə onun yaşadığı ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında taxta stulun saxlanc yerindən göy rəngli siqaret kağızına bükülmüş vəziyyədə olan bir ədəd bükümü çıxarıb stolun üstünə qoymuşdur. Büküm açılmış və onun içərisində qəhvəyi rəngli toz olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını və onu Bakı şəhərində olarkən tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmin kütlə “Constant” markalı tərəzidə çəkildikdən sonra, ağ zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, X5 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xususatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/515 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olumuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizindəki...” əl yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,486 qram maddə kütləsi və üzərində “Şahid1 üzərindən...” əl yazıları olan zərfdəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 0,015 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmin zərflərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 0,486 qram heroindən təhqiqata sərf olundu 0,02 qram qalıq-0,466 qram, 0.015 qram heroindən təhqiqata sərf olundu 0,01 qram qalıq-0.005 qramdır. İş üzrə təyin edilib keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1368 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası nazirlər Kabnetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə ” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 saylı evə axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağıdakı stulun saxlanc yerindən bir ədəd göy rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,486 qram narkotik vasitə olan heroin, aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinitörətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X8 xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1299 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 saylı evdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan RespublikasıQuba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1298 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyinə təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunü qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0.466 qram və 0.005 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0.466 qr və 0.005 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar