Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-93/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X20 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X4, zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili – X8, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Quba rayonunun, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan məhkum olunmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 20.03.2021-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi Mercedes-Benz 190 markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobillə Quba şəhərindən Qonaqkənd istiqamətində Quba-Qonaqkənd yolunun 1-ci kilometrliyində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin tələbləri kobud şəkildə pozmaqla eyni istiqamətdə hərəkətdə olan piyada X12 avtomaşının qabaq hissəsi ilə vuraraq hər iki gözün ağlı qişasında qansızmalar, başın və bədənin çoxlu sıyrığı, başın yumşaq toxumalarının alt səthində xarici müayinədə təsvir edilən zədələr sahəsində qansızma baş beyin toxumasına, beyin mədəciklərinə qansızma, alın sümüyünün sol tərəfdən basılmış qəlpəli sınığı, boyun və qarın hissədə yumşaq toxumalar altında qansızma xəsarətləri ilə müşahidə olunan onun həyatı üçün təhlükəli olan AĞİR zərə vurmaya aid bədən xəsarətləri yetirmiş, İlqar İslamov hadisə zamanı aldığı başın küt travmasından baş beyin toxumasına qansızma nəticəsində hadisə yerində ölmüş, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı X3 mülkiyyətində olan Mecedes-Benz 190 markalı, **-RF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1231 (min iki yüz otuz bir) manat məbləğində ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mecedes-Benz 190 markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin noyabr ayında Kürdəmir rayon sakini tanışı X2 aylıq 250 manat ödəməklə kreditlə almışdır. Aralarında olan razılığa əsasən avtomobilin pulunu tam ödəyib qurtardıqdan sonra avtomobili öz adına rəsmiləşdirəcəkmış. Avtomobili öz adına rəsmiləşdirmədiyindən onu etibarnamə əsasında idarə etmişdir. 20.03.2021-ci il tarixdə, saat təxminən 16:00 radələrində həmin Mercedes- Benz 190 markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən şəxsi işləri ilə əlaqədar yaşadığı Rustov kəndindən Quba şəhərinə gəlmişdir. Quba şəhərində bir neçə saat işləri ilə məşğul olduqdan sonra saat təxminən 21:00 radələrində idarə etdiyi həmin avtomobillə yaşadığı evə getmək məqsədi ilə Quba şəhərindən yaşadığı Rustov kəndi istiqamətində hərəkət etməyə başlamışdır. O, bir qədər hərəkət etdikdən sonra Quba-Qonaqkənd yoluna daxil olaraq həmin istiqamətdə hərəkətini davam etdirmişdir. Quba-Qonaqkənd yolu ilə idarə etdiyi avtomobili təxminən 60 km saat sürətlə idarə edərkən bir nəfər piyadanın yolun hərəkət hissəsində onunla eyni istiqamətdə asta yerişlə hərəkət etməsini təxminən 10 metr məsafədən görmüş və dərhal da avtomobili əyləcini basaraq sükanı sağa burmuşdur ki, piyadanı vurmayaraq hadisənin qarşısını alsın. Lakin, hadisənin qarşısını ala bilməmiş və idarəetməni itirdiyndən avtomobilin qarşı tərəfi ilə piyadanı vurmuşdur. İdarə etdiyi avtomobili dayandırdıqdan sonra, yerə düşmüş və avtomobillə vurduğu adını sonradan öyrəndiyi İlqar İslamovun yolun hərəkət hissəsində uzanaqlı vəziyyətdə qaldığını görmüşdür. Həmin vaxt orada hərəkətdə olan bir neçə avtomobil də dayanmış və həmin avtomobillərdən adamlar düşərək onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri təcili tibbi yardıma zəng edib oraya təcili tibbi yardım maşını çağırmışdır. Təcili tibbi yardım maşınını gecikdiyini görüb oraya toplaşan şəxslərin köməyi ilə İlqar İslamovu yerdən qaldıraraq avtomobilinin arxa oturacağına uzadıb onu X11 aparmışdır. Xəstəxanada həkimlər İlqar İslamovu müayinə edən zaman onun artıq öldüyünü bildirmişlər. Həmin vaxt xəstəxanaya gəlmiş polis əməkdaşları onun spirtli içki qəbul edib-etmədiyini müayinə etmişlər və onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Onun göstərməsi əsasında hadisə yerinə polis əməkdaşları baxış keçirmiş və müvafiq protokol tərtib edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşiman olmasını, himayəsində azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barığıq əldə etdiyi və onların ona qarşı hər-hansı bir şikayət və tələblərinin olmamasını bildirib məhkəmədən ona yengül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 20.03.2021-ci il tarixdə səhər saat təxminən 11 radələrində mərhum əri İlqar İslamov evdən çıxıb Quba şəhəri ərazisinə getmişdir. Həmin gün saat təxminən 21 radələrinə kimi olan müddət ərzində İlqarla bir neçə dəfə telefonla əlaqə saxlamışdır. Sonuncu dəfə isə təxminən saat 21 radələrində İlqar ona zəng edərək evə gəldiyini bildirmişdir. Bir neçə dəqiqə sonra narahat olaraq yenidən əri İlqara telefonla zəng etmişdir. Bu zaman telefonu tanımadığı şəxs götürmüşüdür. Həmin şəxs ona əri İlqarı avtomobil vurduğunu və onun vəziyyətinin yaxşı olmadığına görə xəstəxanaya apardıqlarını bildirmişdir. O, tez yaşadığı evdən çıxaraq xəstəxanaya getmişdir. Xəstəxanaya çatıb öyrənmişdir ki, əri İlqar İslamov ölmüşdür. Bundan sonra isə ona məlum olmuşdur ki, saat 21 radələrində əri İlqar Quba şəhərindən yaşadığı evə gələn zaman Quba-Qonaqkənd yolunun 1-ci kilometrliyində Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi avtomobillə mərhum əri İlqar İslamovu vurmuşdur. İfadəsinin sonuda X13 Təqsirləndirilən şəxs tərəfindən onlara maddi köməklik göstərildiyini və buna görədə onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki o, maşın alqı satqısı ilə məşqul olur. 2020-ci ilin avqust ayında Mercedes Benz 190 markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşın almışdır. Həmin maşını bir müddət sürdükdən sonra satmaq qərarına gəlmişdir. Təxminən 4-5 ildir ki, tanıdığı Quba rayon sakini Təqsirləndirilən şəxs həmin avtomaşını ondan 21 aylıq hər ay 250 manat ödəmək şərtilə almaq istədiyini ona bildirdikdə o, Arifi tanıdığı üçün maşını ona satmağa razılaşmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Mercedes Benz 190 markalı ** RF *** dövlət nömrə nişanlı avtomaşını Arifə satmışdır. Bundan sonra isə hər ay Arif ona pul ödməyə başlamışdır. Arifə avtomobili kreditlə satdığından, onlar alqı-satqı etməmişlər. O, avtomaşını idarə etmək üçün Arifə etibarnamə vermişdir. 2021-ci ilin mart ayının sonlarında Arifdən maşının pulunu istədikdə ona məlum olmuşdur ki, Arif həmin avtomaşınla Quba rayon ərazisində piyadanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir və baş vermiş hadisə nəticəsində piyada ölmüşdür. Həmin hadisə nəticəsində Mercedes Benz 190 markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşın əzilmiş və ümumilikdə avtomaşına 1231 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid Şahalı oğlunun ifadəsindən görünür ki o, Quba- Qonaqkənd yolunda yerləşən litseydə mühafizəçi işləyir. 20.03.2021-ci il tarixdə saat 20 radələrində iş yerinə gedib liseyin giriş qapısındakı postda xidmət aparırmışdır. Saat təxminən 21 radələrində postda olarkən litseyin qarşısındakı yoldan avtomaşının tormoz səsi eşidib dərhal yola çıxmışdır. O, yola çıxdıqda Mercedes markalı avtomaşının əzildiyini və bir nəfər kişinin yolun hərəkət hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb başa düşmüşdür ki, Mersedes markalı avtomaşın piyadanı vurmuşdur. Hadisə yerinə yaxınlaşdıqda Mersedes markalı avtomaşının sürücü ondan su istəmişdir. O, da postda özü içmək üçün saxladığı şüşədə olan suyu sürücüyə vermişdir. Sürücü suyu yerə yıxılmış şəxsin üzünə vurmuşdur. Həmin zaman oraya gəlmiş şəxslər təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişlər. Sonra adını sonradan Arif olaraq bildiyi Mersedes markalı avtomaşının sürücüsü oraya gəlmiş şəxslərin köməyi ilə vurulmuş şəxsi özünün idarə etdiyi Mercedes markalı avtomaşına qoyub xəstəxanaya aparmışdır. Sonradan isə vurulmuş şəxsin xəstəxanada vəfat etdiyini öyrənmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkətibb ekspertizasının 20.03.2021-ci il tarixli, 09 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü X10 məhkəmə-tibb ekspertizası və məhkəmə-kimyəvi müayinənin cavabı əsasında aşağıdakı nəticə əldə olunub.
1. Mərhum İ.F.İslamovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün ağlı qişasında qansızmalar, başın və bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində xarici müayinədə təsvir edilən zədələr sahəsində qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma, alın sümüyünün sol tərəfdən basılmış qəlpəli sınığı, boyun və qarın hissədə yumşaq toxumalar altında qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 20.03.2021-ci il tarixə uyğun gəir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükə törətməsinə görə sağlamlığa AĞİR zərz vurma əlamətlərinə malikdir.
2. Mərhum İ. F. İslamovun meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır.
3. Mərhum İ. F. İslamovun ölümünə səbəb baş vermiş avtoqəza zamanı başın küt travmasından baş-beyin toxumasına qansızma törənməsi olmuşdur. Ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keşirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 18 may 2021-ci il tarixli, 8/951 saylı rəyindən görünür ki, istintaq tərəfində təqdim olunmuş məlumatlara əsasən “Mercedes- Benz 190” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AD N 953791 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz 190” markalı, avtomobili X5 məxsusdur. İş materiallarında olan 20 mart 2021-ci il tarixli alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. İş materiallarında olan AE 606271 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına AE606271 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Rustov kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 404 saylı arayışından görünür ki, Quba rayonunun Rustov kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı X14, oğlu X15, oğlu X16, qızı X6 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Rustov kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun, Rustov kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA-1679675 saylı və AA-1882230 saylı şəxsiyyət vəsiqələrinin, AZ-İV № 456741 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.06.2013-cü il təvəlldlü, 20.04.2015-ci il təvəllüdlü və 26.09.2017-ci il təvəllüdlü üç azyaşlı övladı vardır. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materialında olan zərərçəkmiş şəxs X3 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələblərinin olmamasını, dəymiş ziyanı ödəməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, cavanlığını və himayəsində 3 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə maddi subut olan Mercedes-Benz 190 markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobillin sahibinə qaytarılması nəzərə alınmalı, hadisəsinin görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi subut olan Mercedes-Benz 190 markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobillin sahibinə qaytarılması nəzərə alınsın, hadisəsinin görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Seyidov