Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-93/2022 07.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Osmanov Osman Ömər oğlunun iştirakı ilə, Osmanov Osman Ömər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və ya xüsusilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış Osmanov Osman Ömər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddidə altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu, Digah kənd sakini Osmanov Osman Ömər oğlu 2018-ci ildən başlayaraq şəxsi münasibətlər zəminində ona qarşı qərəzli mövqe tutaraq, müxtəlif kütləvi informasiya vasitələrinə və dövlət orqanlarına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları əks etdirən ərizələrlə müraciət etmiş, müsahibələr vermişdir. Osmanov Osman Ömər oğlu yaydığı məlumatların yalan olduğunu bildiyi halda, əməlindən çəkinmir, əksinə onun belə hərəkətləri mütəmadi xarekter alır. Osmanov Osman Ömər oğlunun ona qarşı böhtan xarekterli əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Osmanov Osman Ömər oğlu 8 aprel 2021-ci ildə sosial internet şəbəkəsində “youtube” saytında “Kanal 24”-də “Qubada şok olay: kəndli torpaqları satılır” başlığı ilə yaydığı çıxışında barəsində “bu köhnə oliqarxdır, köhnə sadvalistdir, onun sadvalçı olması barəsində Dövət Təhlükəsizlik Komitəsində də məlumatlar var, o sadval vaxtında Siyəzənə qədər olan torpaqları almaq istəyirdi (bu sözlərlə Azərbaycanın şimal hissəsini ayırmaqla yeni bir dövlət qurmağa cəhd etdiyini bildirir), sadvalçı kimi silah alveri ilə məşğul olub, şahidiyəm ki evində Polis Şöbəsi tərəfindən axtarış aparılıb, həmin silahları dayısının köməkliyi ilə Digah kəndində “Şarı meşədə” gizlədib, bunu gözlərimlə görmüşəm. Bu insan manyakdır, öz bacısının torpağını əlindən alıb, bacısı oğlunu şantaj edərək məhkəməyə verib, pulu çoxdur, məhkəmə də pul üstündədir. Onun üçün bacı, qardaş, qohum əqrəba havayı bir şeydir. Digah kəndində camaatın, o cümlədən bir kimsəsiz qadının X1 0,20 ha torpağını əlindən alıb, Digah kənd sakini Şamhal Ömərova qanuni sənədlərlə tikdirdiyi kafeni sökdürür. Şahin Əhmədxanov özünün 3-5 yaşlı uşağına saxta sənədlərlə 2 həyətyanı torpaq sahəsi alıb”. Osmanov Osman Ömər oğlunun ona qarşı qərəzli formada, bilərəkdən, şərəf və ləyaqətini alçaltmaq məqsədilə böhtan xarakterli məlumatlar yayması dövlət orqanlarına yazdığı ərizələrlə də sübut olunur. Osman Osmanov həmin ərizələrdən birində, Quba rayon Polis Şöbəsinə ünvanladığı ərizədə və izahatında: “Şahin Əhmədxanov kənd bələdiyyəsi və torpaq məsələləri ilə məşğul olan məmurların köməyi ilə vətəndaşlara verilmiş pay torpaqları və həyətyanı sahələrinə qanunsuz yollarla sənəd çıxarır və zəbt edir, torpağın sahibi torpağı tələb etdikdə, hədə-qorxu gəlir və onu məhkəməyə verir. Təəccüblüsü odur ki, məhkəmədə bu adam işləri udur. Quba rayonunda hakim Rahim Həsənov, Apellyasiya Məhkəməsində Səyyad Qafari ona himayədarlıq edir. Sonra şimalda başlamış “Sadval”a qoşulmuş və onların fəal üzvlərindən biri olmuşdur. Qanunsuz işləri görməkdə ona keçmiş torpaq şöbəsinin müdiri Allahverdi Xudaverdiyev və Kamil Ələskərov adlı şəxslərin böyük xidmətləri var. Məni torpaq sahəmdən çıxarmaq istəyir. X4 və X5 yerini də əlindən alıb və yazdıqlarına cavabdeh olduğunu bildirir» bildirir. Həmin ərizəni araşdıran Quba RPŞ TBnin təhqiqatçısı polis kapitanı X3 27 aprel 2021-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmadığı üçün toplanmış HK-1/580 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Osmanov Osman Ömər oğlu əsassız olduğunu bilə-bilə onun Azərbaycan Respublikası CM-nin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 179-cu (Mənimsəmə və ya israf etmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və s. maddələrində nəzərdə tutulan cinayətləri törətdiyini bəyan edir. Osmanov Osman Ömər oğlu əməlləri ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Osmanov Osman Ömər oğlunun sosial şəbəkələrdə onun barəsində yuxarıda qeyd olunan səpkidə bir çox paylaşımları və yazıları mövcuddur. Ona görə də hesab edir ki, yuxarıda qeyd edilən faktlar Osmanov Osman Ömər oğlunun CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsi üçün tam əsaslıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəməyə ərizə göndərərək, xüsusi ittiham qaydasında şikayət forma və məzmuna uyğun olmadığından şikayəti icraata götürmək haqqında qərardad çıxarılana qədər şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Osmanov Osman Ömər oğlu şikayətin qaytarılmasına etiraz etmədi. İş materiallarında olan ərizədən göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 təqdim etdiyi ərizəsində, xüsusi ittiham qaydasında şikayətin forma və məzmuna uyğun olmadığından şikayətin qaytarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və məhkəmə iclasında təqdim olunan ərizəni nəzərə alaraq, hesab edir ki, Osmanov Osman Ömər oğluna münasibətdə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli 3 nömrəli Qərarının 15-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafıəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafıə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 ərizəsi təmin edilsin. Osmanov Osman Ömər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-93/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-93/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver