Məhkəmə qərarları › İş №1(027)-93/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-93/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-93/2025 07.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1999-cu il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,413 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 13 fevral 2025-ci il tarixdə, saat 17 radələrində Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan “LD” markalı siqaret qutusunun üzərinə çəkilmiş şəffaf sellofan örtüyün arasında saxladığı bir ədəd gümüşü rəngli falqa bükümündə xalis çəkisi 0,413 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, o, Quba rayonu, İkinci Nügədi kəndində yaşayır. Heç yerdə işləmir. X1 məxsus olmaqla, sürmə hüququna dair etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərdən taksi kimi, iş düşdükcə isə fəhləlik edərək pul qazanır. Hazırda əlillik dərəcəsi olmasa da, Vətən Müharibəsi dövründə ağciyərinə düşən deşik səbəbindən hava dolması xəstələyindən əziyyət çəkir. 2017-ci ci ildən ara-sıra narkotik vasitə marixuanadan istifadə edir. 13 fevral 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı Quba rayonu, İkinci Nügədi kəndindən idarə etdiyi “VAZ 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə getmiş, Xaçmaz şəhəri, Heydər Əliyev prospektində, Xaçmaz dairəsinin yaxınlığında yol kənarında avtomobilimi saxlayıb piyada gəzən zaman yol kənarında kolluqda yerdə siqaret qutusu götrüb götürmüş, içərisinə baxdıqda siqaret gilizləri, qutunun şəffaf sellofan örtüyünün içərisində isə gümüşü rəngli folqa bükümünü aşkar etmişdir. Folqa bükümünü siqaretin şəffaf sellofan örtüyündən çıxarıb içərisinə baxdıqda həmin kütlənin ağımtıl rəngli, “patı” kimi tanınan psixotrop maddə metamfetamın olduğunu bilmişdir. Həmin “patı” bükümünü öz istifadəsi üçün tapdığı formada, yəni siqaret qutusunun şəffaf sellofan örtüyünün içərisində cibinə qoyaraq saxlamış, idarə etdiyi “VAZ 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Quba rayonuna gəlmiş, 13 fevral 2025-cü il tarixdə saat 17 radələrində olan “patı”dan istifadə etmək məqsədilə Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində, yol kənarında olduğu zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Təhqiqatçı və vəkil gələndən sonra, şübhəli şəxs qismində tutularaq, ona dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah edilmiş, o, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, təqdim etməyi təklif etmişdir. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan “LD” markalı, ağ rəngli siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun üzərinə çəkilmiş şəffaf sellofan örtüyünün arasında olan 01 ədəd gümüşü rəngli falqa bükümünü açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilmişdir. O, həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmasını, bir saat əvvəl Xaçmaz şəhəri ərazisində, yol kənarında kolluq ərazidə yerdən tapdığımnı, öz istifadəsi üçün saxladığını, tapandan sonra istifadə etmədiyimi, heç kimə vermədiyini və satmadığını bildirmişdir. İçərisində “patı” olan həmin folqa büküm elektron tərəzidə ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, psixotrop maddə metamfetamini Xaçmazda tapmışdır. Cəmi iki dəfə, bir dəfə Rusiyada və bir dəfə Azərbaycanda istifadə etmişdir. Heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamış, heç kimə satmamışdır. Özü fəhləlik edərək pul qazanır. Polis əməkdaşları tərəfindən Quba rayonu, Zərdabi qəsəbəsində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını, himayəsində şəkər xəstəliyindən əziyyət çəkən anasının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Quba rayonu, İkinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 fevral 2025-cü il tarixdə, saat 17 radələrində Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun üzərinə çəkilmiş şəffaf sellofan örtüyün arasında olan 01 ədəd gümüşü rəngli falqa bükümünü açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmasını, bir saat əvvəl Xaçmaz şəhəri ərazisində, yol kənarında, kolluq ərazidə yerdən tapdığını, öz istifadəsi üçün saxladığını, tapandan sonra istifadə etmədiyini, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ - 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun icazəsi ilə baxış keçirilən zaman avtomobilindən hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Zaur Piriyev, polis əməkdaşları Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs yol kənarında dayanmışlar. Mübariz Zəkəryəyev özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu təqdim edir. “LD” markalı siqaret qutusunun şəffaf rəngli sellofan örtüyünün içərisinə keçirilmiş vəziyyətdə 01 ədəd gümüşü rəngli folqa bükümü aşkar edilir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülür və çəkisi 0,63 qram gəlir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilmir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılır. Sorğu zamanı Təqsirləndirilən şəxs kütləni Xaçmaz şəhəri ərazisində yerdən tapdığını, sonradan istifadə etmək üçün götürüb üzərində saxladığını, başqa haradasa qanunla qadağan edilən heç bir əşya saxlamadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ - 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə icazəsi ilə baxış keçirilən zaman avtomobildən hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilmir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilmir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs darə etdiyi “VAZ - 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə icazəsi ilə baxış keçirilir, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilmir. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olmasını bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmiş və əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu təqdim etmişdir. “LD” markalı siqaret qutusunun şəffaf rəngli sellofan örtüyünün içərisinə keçirilmiş vəziyyətdə 01 ədəd gümüşü rəngli folqa bükümü aşkar edilmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 0,63 qram gəlmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmışdır. “baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs darə etdiyi “VAZ - 2107” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə icazəsi ilə baxış keçirilir, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 14 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/687/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,413 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi 0,413 qramdır, 0,050 qram tədqiqata sərf edilmiş və 0,363 qram qalıq qalmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 11 mart 2025-ci il tarixli, 1478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,363 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan espublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilmiş, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq rədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video işin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,363 qramının cinayət uzrə 15 fevral 2025-ci il tarixli qərarla maddi sübut hesab edilməsi və həmin psixotrop maddə metamfetaminin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanılma otağına verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini əldə edib üzərində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,413 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin saxlamasında və istifadəsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Quba RİHB-nın Nügədi İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs atası X5 və anası X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir narazılq və şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,363 qram psixotrop maddə metamfetam məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,363 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X6, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar