Məhkəmə qərarları › İş №1(027)-94/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-94/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-94/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 26 gün maddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xitmətin 9 saylı cəzçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba rayon Məhkəməsində baxıldığı və iş üzrə hökm çıxarılmadığı halda təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gəlib, dəqiq günü məlum olmayan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs Quba rayonu Timiryazev qəsəbədində yerləşən iki mərtəbəli evinə birinci mərətəbədəki otağın plastik pəncərəsini açaraq qanunsuz daxil olaraq evin birinci mərtəbəsində açılaraq divara söykədilmiş vəziyyətdə olan 2015-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X8” zavodu tərəfindən istehsal edilmiş hər seksiyasının qiyməti 7,70 manat təşkil edən bir ədəd on seksiyalı istilik sistemi radiatorunu, evin ikinci mərtəbəsindəki dörd otağın hər birindən isə həmin zavod tərəfindən istehsal edilmiş, hər seksiyasının qiyməti 7,70 manat təşkil edən dörd ədəd on iki seksiyalı istilik sistemi radiatorlarını, ümumilikdə Zərərçəkmiş şəxs 446,6 (dörd yüz qırx altı manat altmış qəpik) manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, Quba rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəzasını 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. Dəqiq xatırlamdığı 2020-ci ilin yanvar ayında sonradan adını bidliyi Zərərçəkmiş şəxs Quba rayonu Timiryazev qəsəbədində yerləşən iki mərtəbəli evinə birinci mərətəbədəki otağın plastik pəncərəsini açaraq qanunsuz daxil olaraq evin birinci mərtəbəsində açılaraq divara söykədilmiş vəziyyətdə olan bir ədəd on seksiyalı istilik sistemi radiatorunu, evin ikinci mərtəbəsindəki dörd otağın hər birindən dörd ədəd on iki seksiyalı istilik sistemi radiatorlarını oğurlamışdır. Həmin radiatorları müvəqqəti saxlamaq üçün Quba rayonunun Qırmızı qəsəbəsində yerləşən dayısı oğlu Eldar Hüseynovun həyətinə qoymuşdur. Radiatorları həyətə qoyarkən dayısı oğlunun arvadı Nazəninə yalandan demişdir ki, həmin radiatorlar tanışı satmaq üçün ona vermişdir. Sonradan radiatorları Şahid3 adlı tanışının köməkliyi ilə qohumu Nazəninə 120 manata satmışdır. Radiatorların oğurluq olmasını tanışı Şahid3 və Şahid2 bilməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərşəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Pəhanov Şökvət Mövsüm oğlu ifadəsində göstərmişdir ki, yaşadığı Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən evindən təxminən 70-80 metr aralıda, arxa küçədə oğlu Rəşadın adına 6,5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2 il bundan qabaq iki mərtəbəli yaşayış evi tikmiş, lakin evin təmiri tam hazır olmadığından yaşayış üçün yararlı olmamışdır. Evin birinci mərtəbəsində 3 otaq, bir dəhliz, ikinci mərtəbədə isə bir dəhliz, 4 otaq vardır. Evin hər iki mərtəbələrinin otaqları üçün 2 il bundan qabaq Bakı şəhərindən istilik radiatorları alıb divara quraşdırmışdır. Sonradan divara suvaq vurulduğu üçün radiatorların bəziləri çıxarılıb döşəmənin üzərinə qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:30 radələrində həmin evə nəzarət üçün getmiş və həmin vaxtı radiatorlar yerində olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində həmin evə gedib baxanda birinci mərtəbənin bir otağının bir ədəd, ikinci mərtəbəsinin isə 3 otaq və bir dəhlizin hərəsində bir ədəd olmaqla 4 ədəd, ümumilikdə 5 ədəd istilik sistemi radiatorlarının yerində olmadığını görmüşdür. Həmin radiatorlar əvvəlcədən açılaraq divara söykədilmiş radiatorlar olmuşdur. Birinci mərtəbənin oğurlanmış bir ədəd radiatoru 10 seksiyalı, ikinci mərtəbədən oğurlanmış 4 ədəd radiator isə 12 seksiyalı olmuşdur. İki il əvvəl radiatorları alanda hər seksiya üçün 10 manat 50 qəpik pul ödəmişdir. Bundan sonra o, evi gəzmiş və birinci mərtəbənin sağ küncündəki otağın evin arxa tərəfinə baxan pəncərəsinin açıq olduğunu, həyətin yerində olan taxta nərdivarının isə həyətin ön divarına söykədilmiş olduğunu görmüş və evdən oğurluq olduğunu bilib bu barədə polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının sonlarında Quba şəhər sakini kimi tanıdığı Ramazanın oğlu Rauf Quba rayonu, Qırmızı qəsəbədə yaşayan tanışının evinə getməsini, oraya əvvəlcədən hər biri 12 seksiyalı olmaqla 4 ədəd istilik radiatorlar qoyduğunu, həmin radiatorları qohumuna 120 manata satmaq istəsə də, ona borcu olduğundan, pul almaq üçün radiatorların guya sonuncuya məxsus olduğunu və radiatorları götürmək istədiyini Raufun qohumuna deməsini xahiş etmişdir. O, bunları niyə etməli olduğunu soruşduqda, Rauf bu işdə ona da, pul verəcəyini demişdir. O, razılaşaraq Raufun ona göstərməsi əsasında Qırmızı qəsəbədə yaşayan qohumunun evinə gemiş, həmin evin həyətinə daxil olub ev yiyəsinə səslənməyə başlamışdır. Bir qədər sonra təxminən onunla eyni yaşlarda olan dolu bir qadın evdən çıxaraq ondan nə istədiyini soruşmuşdur. O, Raufun tanışı olduğunu, Raufun sonuncuya məxsus istilik radiatorlarını həmin həyətində saxladığını demişdir. Bu zaman həmin qadın qeyd olunan radiatorların həqiqətən ona məxsus olub-olmaması barədə soruşduqda o, yalandan həqiqətən həmin radiatorların özünə məxsus olduğunu, Raufun ondan həmin radiatorları nisyə götürdüyünü, pulunu isə vermədiyini demişdir. Bundan sonra həmin qadın ona da, istilik radiatorları lazım olduğunu deyərək həmin radiatorları ona satmasını xahiş etmişdir. O, yalandan Raufun radiatorlara görə ona 120 manat borclu qaldığını, 120 manatı ona verəcəyi təqdirdə radiatorları həmin qadına verəcəyini bildirmişdir. Qadın pulu ona verməzdən əvvəl Raufa zəng edərək onu həyətinə çağırmışdır. O da, istifadəsində olan mobil telefonla Raufa zəng edərək onu həmin həyətə çağırmışdır. Təxminən 10 dəqiqə sonra Rauf qadının həyətinə tək gələrək guya sonuncuya acıqlanmağa başlamış və niyə onun qohumunun həyətində getməsi ilə bağlı iradını bildirmişdir. O, yaxşı edib gəldiyini, pulu Raufdan ala bilmədiyi üçün həmin həyətə getdiyini demişdir. Bundan sonra onlar həmin qadının yanında guya bir-biriləri ilə mübahisə etməyə başlamışlar. Həmin qadın mübahisəni sakitləşdirməkdən ötrü radiatorları almaq üçün ona 120 manat pul vermişdir. O da, pulu götürüb həyəti tərk etmiş və həmin gün təklikdə 120 manat pulu Raufa vermişdir. Həmin radiatorların oğurluq olduğunu bilməmiş, Rauf özünə məxsus radiatorları öz qohumuna satmaq üçün ondan kömək etməyi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda valideynləri ilə birlikdə Quba rayonu, Timiryazev qəsəbəsindəki evlərində yaşayır. Həmin evdən təxminən 70- 80 metr aralıda, arxa küçədə özünə məxsus 6,5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində təxminən 2018-ci ildə atası Şövkət iki mərtəbəli yaşayış evi tikmişdir. Ev və həyətyanı sahə sonuncunun adına olsa da, faktiki mülkiyyətçisi atası Şövkətdir və evin təmiri tam hazır olmadığından ora yaşayış üçün yararlı deyildir. Evin birinci mərtəbəsində 3 otaq, bir dəhliz, ikinci mərtəbədə isə bir dəhliz, 4 otaq vardır. Evin hər iki mərtəbələrinin otaqları üçün təxminən 2018-ci ildə atası Bakı şəhərindən istilik radiatorları alıb divara quraşdırmışdır. Sonradan divara suvaq vurulduğu üçün radiatorların bəziləri divardan çıxarılıb döşəmənin üzərinə qoyularaq divara söykədilmişdir. Təxminən xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:30 radələrində Şövkət evə nəzarət etmək üçün getdikdə həmin radiatorlar yerində olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində atası evə nəzarət etmək üçün getdikdə birinci mərtəbənin bir otağının bir ədəd, ikinci mərtəbəsinin isə 3 otaq və bir dəhlizin hərəsində bir ədəd olmaqla 4 ədəd, ümumilikdə 5 ədəd istilik sistemi radiatorlarının olmadığını görmüşdür. Həmin radiatorlar suvaq vurulan zaman açılıb divara söykənmişdir. Birinci mərtəbənin oğurlanmış bir ədəd radiatoru 10 seksiyalı, ikinci mərtəbədən oğurlanmış 4 ədəd radiatorlar isə hər biri 12 seksiyalı olmuşdur. Qeyd olunan radiatorlar alınanda hər seksiyası üçün atası 10 manat 50 qəpik pul ödəmişdir. Həmin radiatorları atası Zərərçəkmiş şəxs öz pulu ilə aldığından oğurluq nəticəsində faktiki olaraq atasına maddi ziyan dəymişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 1886 saylı rəyindən görünür ki, tədqiq edilən 2015-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X8” zavodu tərəfindən istehsal edilmiş və iki il bundan əvvəl istifadə üçün alınmış istilik sistemi radiatorlarının bir seksiyasının təzə vəziyyətdə, 2020-ci ilin yanvar ayına, köhnəlməsi nəzərə alınmaqla respublika daxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 7,70 manat müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxslərii və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın İlham İbrahimovun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və iş materiallarına əlavə olunmuş Quba rayon Məhkəməsinin xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllərini 10-xx xxxxxx 2020-ci il tarixlərdə, yəni Quba rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, aşağıdakı ailə tərkibi vardır. Arvadı - X2, qızı - X4. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Kosultativ Poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməli xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci və 177.2.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi subut olan 4 ədəd 12 seksiyalı istilik sistemi radiatorları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməldir. Hökmün icrası Quba Rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Quba rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs oğluna 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. İş üzrə üzrə maddi sübutlar olan 12 seksiyalı 4 ədəd istilik sistemi radiatorları zərərçəkmiş şəxs Pənahov Şökvət Mövsüm oğlunda saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar