Məhkəmə qərarları › İş №1(027)-94/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-94/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-94/2021 29.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Qusar rayonunun Hil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, Qusar Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 22 (iyirmi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Qusar rayonu, Balaqusar kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 14 mart 2021 -ci il tarixdə saat 08 radələrində Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi “Ləzzət” çay evi binasının nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə binanın plastik qapısını həmin yerdən tapmış olduğu dəmir parçası ilə sındırmaqla saxlanc yeri hesab olunan “Ləzzət” çay evinin binasına qanunsuz daxil olaraq birinci mərtəbədə olan otaqlardan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 180 manat dəyərində istifadədə olmuş üzərində “Sony” yazısı olan “CECH-4204A” modelli “Playstation-3” markalı oyun aparatını, 1 ədəd 200 manat dəyərində istifadədə olmuş üzərində “Sony” yazısı olan “CECH-2003B” modelli “Playstation-3” markalı oyun aparatını, 1 ədəd 2000 manat dəyərində istifadədə olmuş üzərində “Sony” yazısı olan “CECH-2508B” modelli “Playstation-3” markalı oyun aparatını, 1 ədəd 20 manat dəyərində istifadədə olmuş, qara rəngli “Sony DUALSHOCK 3” markalı oyun pultunu, 1 ədəd 15 manat dəyərində istifadədə olmuş, qara rəngli “Sony DUALSHOCK 3” markalı oyun pultunu, 1 ədəd 10 manat dəyərində istifadədə olmuş, qara rəngli “Sony DUALSHOCK 3” markalı oyun pultunu, 1 ədəd 20 manat dəyərində istifadədə olmuş, göy rəngli “Sony DUALSHOCK 3" markalı oyun pultunu, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 645 (altı yüz qırx beş) manat məbləğində əmlakı gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Qusar rayonu Balaqusar kəndində yaşayır, heç bir yerdə işləmir, əvvəllər bir neçə dəfə oğurluq cinayətlərinə görə məhkum olunmuşdur. 14 mart 2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı Qusar rayonu Balaqusar kəndindən çıxıb Bakı şəhərinə getmək üçün Quba şəhər köhnə avtovağzal ərazisinə gəlmişdir. Bakı şəhərinə gedən sərnişin az olduğundan taksi sürüçüləri ona gözləməyi məsləhət görmüşlər. O, da həmin müddət ərzində oturub çay içmək qərarına gəlmiş, həmin ərazidə olan çayxanalara baş çəkdikdə bağlı olduqlarını görmüş, bundan sonra əvvəllər oturub bir neçə dəfə çay içdiyi Quba şəhər 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ləzzət” çay evinə gedib çay içmək qərarına gəlmişdir. Saat 08 radələrində həmin “Ləzzət” çay evinə yaxınlaşdıqda həmin çay evinin də bağlı olmasını görmüş və çay evinin içərisində olan “Playstation" markalı oyun aparatlarını oğurlamaq qərarına gəlmişdir. Onun həmin çay evindən oğurluq etməkdə məqsədi həmin oyun aparatlarını sonradan sataraq özünə Bakı şəhərində kirayə ev tutub və bir müddət həmin pulla dolanmaq olmuşdur. Bundan sonra o, yerdən götürdüyü dəmir parçası ilə çay evinin plastik qapısnı çərçivədən çay evinin birinci mərtəbəsinə daxil olmuşdur. Birinci mərtəbədə olan taxta kabinet arakəsmələrin içərisində televizorlara qoşulmuş “Playstation-3” markalı oyun aparatları və oyun pultlarını görüb onlardan 3 ədəd “Playstation-3” oyun aparatı və həmin kabinetlərdə olan 4 ədəd “Sony” markalı oyun pultlarını selofan torbalara qoyub çayxanadan çıxmışdır. Çayxanadan çıxıb 223-cü Atıcı Diviziya küçəsi ilə Qusar rayonu istiqamətinə təxminən 200 metr məsafə gedəndən sonra, yolun sağ tərəfində beton boruların olduğunu görüb oyun aparatları və pultları yığdığı sellofan torbaları beton turbaların içində gizlədib Qusar rayonuna evinə getmişdir. Həmin günü, yəni 14 mart 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Qusar rayon Balaqusar kəndinə olarkən polis əməkdaşlarının onu axtardığını öyrənib axşam saat 21 radələrində Quba şəhərinə tanımadığı taksi vasitəsi ilə gəlib həmin selofanlarda olan oyun pultları və aparatları götürüb “Ləzzət “ çay evinə yaxınlaşıb, daxil olduğu giriş qapısının qarşısına qoymuş və oradan tez uzaqlaşıb Qusar rayonuna qayıtmışdır. O, həmin oğurladığı əşyaları yerinə qoymaqla məsuliyyətdən uzaq olmaq istəmiş və fikirləşmişdir ki, artıq həmin oğurladığı əşyaları qaytardığı üçün onun cinayət məsuliyyəti azalar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və cavan olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2011 -ci il tarixdən etibarən Quba şəhər 223-cü Atıcı Diviziya küçəsində yerləşən “Ləzzət” çay evini icarəyə götürüb işlədir. Həmin obyektdə 15 ədəd ədəd müxtəlif otaqlar var və həmin otaqlara “Playstation 3” markalı oyun aparatları quraşdırmışdır. O, həmin “Playstation 3” markalı oyun aparatlarının hər birini 280 manata 2 il əvvəl almışdır, hal- hazırda da qiyməti düşməmiş və həmin aparatlar təxmini eyni qiymətdədir. Həmin obyektdə ümumilikdə 17 ədəd “Playstation 3” markalı oyun aparatı və 96 ədəd “Sony” markalı oyun pultu vardır. 14 mart 2021-ci il tarixdə saat 10 radələrində “Ləzzət” çay evini açmağa getmiş və obyektin plastik materialdan olan giriş qapısının aralanmış və açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub “Playstation 3” markalı oyun aparatları və oyun pultlarını saydıqda onlardan 3 ədəd hər birinin dəyəri 280 manat olan “Playstation 3” markalı oyun aparatının və 4 ədəd hər birinin dəyəri 50 manat olan “Sony” markalı oyun pultunun oğurlanmasını aşkar edib hadisə barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. 15 mart 2021-ci tarixdə gecə saat 01 radələrində işlədiyi obyektdən çıxdığı zaman həmin sındırılmış qapının qarşısında iki ədəd sellofan torbaların olduğunu görmüşdür. Həmin sellofan torbalara baxdıqda ona məxsus oğurlanmış olan 3 ədəd “Playstation 3” markalı oyun aparatının və 4 ədəd “Sony” markalı oyun pultunun olduğunu görmüşdür. Həmin zaman polis əməkdaşlarına məlumat vermişdir. Həmin gün polis əməkdaşları gələrək sellofanlara baxış keçirib içərisində olan 3 ədəd “Playstation 3” markalı oyun aparatını və 4 ədəd “Sony” markalı oyun pultunu maddi sübut kimi götürmüşlər. Sonra ona məlum olmuşdur ki, şayxanadan oğurluq edən şəxsin Qusar rayon sakini Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs oğurlanmış oyun aparatları və pultlar ona qaytarıldığından onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2017- ci ildən etibarən Quba şəhər 223-cü Atıcı Diviziya küçəsində yerləşən Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi “Ləzzət” çay evində işləyir. Çay evi, hər gün səhər saat 10-dan gecə saat 12-yə qədər işləyir. Çay evində olan 15 ədəd otaqlarlarda “Playstation 3” markalı oyun aparatları quraşdırılmışdır. 14 mart 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxsla birlikdə işlədiyi “Ləzzət” çay evinə gəldiyi zaman çay evinin plastik materialdan olan qapısının aralanmış və açıq vəziyyətdə olduğunu görmüşlər. İçəri geçib baxdıqda onlara məlum olmuşdur ki, çay evinin birinci mərtəbəsində yerləşən otaqlardan 3 ədəd “Playstation 3” markalı oyun aparatları və 4 ədəd “Sony” markalı oyun pultları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Onlar həmin vaxt oğurluq olması barədə Quba rayon polis şöbəsinə məlumat vermişlər. 15 mart 2021-ci tarixdə səhər saatlarında işə gəldiyi zaman Şahin ona bildirmişdir ki, gecə saat 01 radələrində çay evindən çıxan zaman həmin sındırılmış qapının qarşısında iki ədəd sellofan torbalar gördüyünü, sellofan torbalara baxdıqda isə oğurlanmış olan 3 ədəd “Playstation 3” markalı oyun aparatının və 4 ədəd “Sony” markalı oyun pultunun olduğunu görmüşdür. Həmin zaman Şahin polis əməkdaşlarına yenidən məlumat vermiş, həmin gün polis əməkdaşları gələrək sellofanlara baxış keçirib içərisində olan 3 ədəd “Playstation 3” markalı oyun aparatını və 4 ədəd “Sony”markalı oyun pultunu maddi sübut kimi götürmüşlər. Bundan sonra isə oğurluq edən şəxsin Qusar rayon sakini Təqsirləndirilən şəxs olduğunu bilmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 19 may 2021-ci il tarixli, 9/2439 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş -1 ədəd “Sony” markalı “CECH-4204A” modelli “Playstation-3” markalı oyun aparatınının orta bazar qiyməti 180 manat, -1 ədəd “Sony” markalı “CECH-2003B” modelli “Playstation-3” markalı oyun aparatınının orta bazar qiyməti 200 manat, -1 ədəd “Sony” markalı CECH-2508B” modelli “Playstation-3” markalı oyun aparatınının orta bazar qiyməti 200 manat, -1 ədəd “Sony DUALSHOCK 3” markalı oyun pultununun orta bazar qiyməti 10 manat, -1 ədəd “Sony DUALSHOCK 3” markalı oyun pultunun orta bazar qiyməti 15 manat, -1 ədəd “Sony DUALSHOCK 3” markalı oyun pultunun orta bazar qiyməti 20 mana, -1 ədəd “Sony DUALSHOCK 3” markalı oyun pultunun orta bazar qiyməti 20 manat təçkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda malların hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 645,00 manat müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidln ifadələri, məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: X4 oğlu, anası-X3. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 22 (iyirmi) gününü vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probbasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 22 (iyirmi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamışdır. Göründüyü kimi, cəzasını çəkib qurtarmadan vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 14 mart 2021-ci tarixdə, yəni vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin mяcmusu цzrя qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə tяyиn edиlmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cavan olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli,Azərbaycan Respublikası CM-nin 76.6.3ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 10 (on) ay 22 gün vaxtından əvvəl şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Qusar Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 22 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 26 mart 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 25 mart 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 03 ədəd “Playstation-3” markalı oyun aparatı və 4 ədəd “Sony DUALSHOK 3” markalı oyun pultunun Zərərçəkmiş şəxsa qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsun 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilməsi haqqında Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17.07.2020-ci il tarixli qərarı qərarı ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs üzərində qalan 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 42 (qırx iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 03 ədəd “Playstation-3” markalı oyun aparatı və 4 ədəd “Sony DUALSHOK 3” markalı oyun pultunun Zərərçəkmiş şəxsa qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar