Məhkəmə qərarları › İş №1(027)-95/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-95/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-95/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan.ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 sentyabr 2020-ci il tarixdə saat təxminən 00:45 radələrində alkoqol sərxoşluq vəziyyətində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480 Club” çay evinin qarşısında olarkən tanışı Şahid4 ilə Şahid1 arasında sonuncuya məxsus “Toyota Prado” markalı avtomobilin içərisində mübahisə edib dalaşdıqlarını görərək hüquq və qanuni mənafelərinə toxunan hərəkətlərə yol verilmədiyi halda, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirmək məqsədilə mübahisəyə müdaxilə edib davam etdirmək üçün yenidən çay evinə daxil olmaq istəmiş, lakin çay evinin qapısının bağlı olduğunu gördükdə heç bir əsaslı səbəb olmadan ünvansız nalayiq ifadələr işlətməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq edib çay evinin üçlaylı şüşəsi olan giriş qapısının 120x0,20 sm ölçüdə olan sağ şüşə layını təpiklə və yumruqla sındırıb Zərərçəkmiş şəxs 15 manat məbləğində maddi ziyan vuraraq əmlakını zədələməklə təxminən 10 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərinin davam etdirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayında Quba şəhərində yerləşən Olimpiya kompleksində fəhlə kimi işləmək üçün Quba şəhərinə gələrək Quba şəhərində iş yoldaşları Araz, Nurlan, Ziya və Mübarizlə birlikdə kirayə yaşamağa başlamışdır. 24 sentyabr 2020-ci il tarixdə axşam saatlarına Arazın dəvəti ilə Quba-Xaçmaz avtomobil yolunun sağ kənarında yerləşən “480-Club” adlı çay evinə getmiş, həmin gün maaş aldıqlarından kefləri yaxşı olmuş və birlikdə oturub yeyib içməyə başlamışlar. Oturduqları masaya qız ofisiant qulluq etmişdir. Onların masasında bircə Nurlan spirtli içki qəbul etməsə də, onlar hamısı spirtli içki qəbul etmişlər, lakin aralarında bircə Araz çox sərxoş olmuşdur. 25.09.2020-ci il tarixdə saat təxminən 00:45 radələrində onlar hesabı ödəyib kafedən çıxmışlar. Həyətdə Mübariz adının sonradan Şahin olduğunu bildiyi bir cavan oğlanla mübahisə edib sonuncunun təklifi ilə onun qara rəngli Prado markalı avtomobilinə əyləşmişdir. Şahin avtomobilin sükan arxasında Mübariz isə qabaq sərnişin oturacağında oturmuşlar. Hər ikisi avtomobildə əyləşib, qapıları bağlayaraq söhbət etməyə başlayan zaman onlar bayırda gözləmiş, sonra Şahin və Mübariz avtomobilin içində bir-birləri ilə yaxalaşdıqlarından, hər ikisi avtomobildən düşərək avtomobilin arxa tərəfinə keçmişlər. O, Şahinlə Mübarizə mübahisə etməməyi tövsiyə etdikdən sonra, Şahin öz avtomobilinə minib ordan uzaqlaşmışdır. Bundan sonra o, yenidən kafeyə qayıtmaq istədikdıə, kafenin qapısının bağlı olduğunu görüb ucadan ünvansız söyüşlər söyərək kafenin qapısını açmağa cəhd etmişdir. Həmin vaxt oraya toplaşmış adamlar onu sakitləşdirmək istəsələrdə, içkinin təsirindən o, təpik və yumruqla vurub qapının şüşəsini sındırmışdır. Hadisə təxminən təxminən 10 dəqiqə davam etmiş, bundan sonra o, yoldaşları ilə evinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki o, Quba şəhəri Timiryazev qəsəbəsində yerləşən “480-club” çay evi ona məxsusdur. Klubda Aidə, Səma, Xədicə və Aynur adlı qadın işçiləri masa xidmədçisi kimi fəaliyyət göstərərək müştərilərə qulluq etmişlər. 25 sentyabr 2020-ci il tarixdə öz şəxsi işləri ilə bağlı Qusar rayonu Sudur kəndində olarkən gecə saat 00:15-də işçisi Aynur ona zəng edərək çay evində spirtli içki içib çölə çıxan bir nəfər tanımadıqları oğlanın çay evinin şüşələrini təpiklə və yumruqla vuraraq sındırdığını ona bildirmişdir. Məlumatı aldıqdan sonra o, dərhal Quba şəhərinə qayıtmışdır. Ona məlum olmuşdur ki, adını sonradan öyrəndiyi Təyyar adlı şəxs öz dostları ilə həmin gün klubda yeyib içmişlər. Geçə saa 12 yaxın onlar hesabı ödəyib klubdan çıxmışlar. İşçilər isə qapını arxadan bağlayıb klubda təmizlik işləri aparmışlar. Bu vaxt Bəxtiyar yenidən kluba daxil olmaq üçün qapını döyməyə başlamışdır. İşçilər qapını aşmadıqları üçün o, ünvansız söyüşlər söyərək təpik və yumruqla klubun qapısının şüşəsini vurub sındırmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Bundan sonra, Təyyarın yanında olan dosrları və orda olan adamlar Təyyarı sakitləşdirmişlər və onlar çıxıb getmişlər. Klubun giriş qapısının şüşəsinin sınması nəticəsində ona 15 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2020-ci ilin iyun ayında Quba Olimpiya kompleksində fəhlə kimi işləmək üçün Quba şəhərinə gəlmişdir. İş yoldaşları Araz, Nurlan, Ziya və Təyyar adlı şəxslərlə birlikdə Quba şəhərində kirayədə yaşamışlar. 24 sentyabr 2020-ci il tarixdə axşam saatlarına Arazın dəvəti ilə Quba-Xaçmaz avtomobil yolunun sağ kənarında yerləşən “480-Club” adlı çay evinə getmişlər. Həmin gün maaş aldıqları üçün onlar birlikdə oturub yeyib içməyə başlamışlar. 25.09.2020-ci il tarixdə saat geçə saat təxminən 00:10 radələrində hesabı ödəyib klubdan çıxmışlar. Klubdan çıxarkən adını sonradan bildiyi Şahin adlı şəxslə onun arasında mübahisə yaranmışdır. Şahin ona avtomobilə əyləşib söhbət etməyi təklif etdikdə o, Şahinlə birlikdə onun idarə etdiyi avtomaşına oturmuşdur. Şahin avtomobildə sükan arxasında o, isə qabaq sərnişin oturacağında oturmuşdu. Onlar avtomobilin içində bir-biri ilə yaxalaşmışlar. Daha sonra hər ikisi avtomobildən düşərək avtomobilin arxa tərəfinə keçərək söhbətlərini davam etdirmək istədikdə, orda olan Təyyar və digər dostları onlara böş bir şey üstə mübahisə və dava-dalaş etməməyi tövsiyə etmişlər. Bundan sonra, Şahin avtomobilinə minib oradan uzaqlaşmışdır. Bu vaxt Təyyar yenidən kluba getmək üçün klubun qapısına yaxışlaşmışdır. Qapı bağlı olduğu üçün o, qapını açmağa cəhd etmişdir. İçkinin təsirindən o, yüksək səslə ünvansız söyüşlər söyərək qapının şüşəsini təpiklə və yumruqla vurub sındırmışdır. Həmin vaxt qapının şüşəsi Təyyarın əlinin kəsmişdir. Orda olan dostları və o, Təyyarı sakitləşdirərək evlərinə aparmışlar. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mürşüd oğlu Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İşdə olan 14.05.2021-ci il tarixli aryışdan görünür ki, 120x0,20 sm ölçüdə şüşənin orta bazar qiyməti 15 manat təşkil edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şirvan ŞİHB-nın1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.05.2021-ci il tarixli, 3197 nömrəli arayışından görünür ki,Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Şirvan ŞİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AA0230013 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.01.2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. İşdə materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən halarl kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi.. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasına məhkum edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar