Məhkəmə qərarları › İş №1(027)-95/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-95/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-95/2025 15.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə ümumi vahid niyyətlə 07 fevral 2025-ci il tarixdə, saat 01 radələrində Quba rayonu Alpan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi evin həyətyanı sahəsinə keçib evin plastik materiallı pəncərəsinin kilidini özü ilə gətirdiyi burğac (vintaçan) vasitəsilə açaraq oradan içəri - yaşayış sahəsinə daxil qanunsuz olaraq, qonaq otağından 100 manat dəyərində 01 ədəd “LG” markalı televizoru götürmüş, həmin televizor böyük olduğundan ələ keçirmək istədiyi digər əşyaları götürə bilmədiyi üçün onları bir müddət sonra aparmağı planlaşdırmış, götürdüyü həmin televizoru yaşadığı evə aparıb qoyandan sonra əvvəlki cinayətkar niyyətinin davamı olaraq hadisə yerinə gəlib eyni yerdən evə daxil olaraq 200 manat dəyərində 01 ədəd “Hisense” markalı televizoru, 15 manat dəyərində 01 ədəd “Braun” markalı saç fenini və 15 manat dəyərində 01 ədəd “Hoffmann” markalı saç ütüsünü götürərək vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 330 (üç yüz otuz) manat dəyərində əmlakı gizli şəkildə talayaraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu Alpan kəndində ailəsi ilə birlikdə yaşayır. Quba rayonu, Alpan kənd sakini Aynurə Qarayeva onunla qonşudur. xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getdiklərini öyrənmişdir. xx.xx.2025-ci il tarixində saat 01:00-radələrində Quba rayonu, Alpan kəndində yaşadığı ünvanda olduğu zaman qonşusu Zərərçəkmiş şəxs evinə oğurluq niyyəti ilə girmək qərarına gəlmişdir. Belə ki, müəyyən qədər maddi sıxıntıları olduğu üçün oğurluq edib, oğurlanmış əşyanı sataraq pulunu maddi ehtiyaclarına xərcləmək istəmiş, öz yaşadığı evdən bir cüt corab götürüb Zərərçəkmiş şəxs evinə doğru getmişdir. Evin kənarından bağ yolu ilə evin heyətinə daxil olmuş, daha sonra əlinə vint açan götürərək evin girişində olan pəncərəni açmış və əllərinə corab taxıb evə daxil olmuşdur. Daxil olduğu otağda divarda bir ədəd “LG” markalı plazma televizorun divardan görüb məmin televizoru oğurlayıb pəncərədən çölə çıxarmış və öz yaşadığı ünvana aparmışdır. Daha sonra yenidən həmin evə gələrək, təkrar evə daxil olmuş və sol hissədə yerləşən otağın qapısını vint açan alət ilə qapının kilidini sıdnırıb otağa daxil olmuşdur. Otağda dəyərli əşya axtarmış, lakin tapa bilmədiyindən divara asılmış “Hisense” markalı plazma televizorunu, 01 ədəd “Braun” markalı saç fenini və 01 ədəd “Hoffmann” markalı saç ütüsünü götürüb eyni yol ilə pəncərədən çıxıb yaşadığı evə qayıtmışdır. Daha sonra ona məxsus olan ***-***-**-** nömrəsindən Quba şəhərində işləyən adını Azər kimi tanıdığı “Lombardın” işçisinə oğurladığı “LG” markalı və “Hisense” markalı teevizorların fotoşəkillərini çəkib atmışdır. Lakin Azərdən ona geri dönüş gəlməmiş, səhəri gün o, oğurladığı hər iki televizoru Quba şəhəri meydan ərazisində yerləşən “Lombard” mağazasına aparmışdır. Lombardın işçisinə televizorların ona məxsus olmasını bildirərək həmin televizorları lombarda girov qoyub müəyyən məbləğdə pul götürmək istədiyini bildirmişdir. Lombarda televizorlara baxış keçirilərkən “LG” markalı televizor köhnə hesab olunaraq ona qiymət verilməmiş, lakin “Hisense” markalı televizor üçün ona müəyyən məbləğdə pul vermişlər. Oğurladığı digər əşyaları isə sata bilmədiyi üçün zibilxanaya atmışdır. Hadisədən bir qədər sonra onun yaşadığı ünvana Quba rayon polis şöbəsinion əməkdaşları gələrək onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə onunla aparılan profilaktik söhbət zamanı o, qonşusu Zərərçəkmiş şəxs evindən iki ədəd televizorun, bir ədəd saç feninin və bir ədəd saç ütüsünün oğurladığını etiraf etmişdir. Sona o, polis əməkdaşları ilə birlikdə “Hisense” markalı televizor girov qoyaraq pul götürdüyü lombarda gedərək həmin televizoru polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o zərərçəkmiş şəxslə barışmış, ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir.Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yaşlı anası olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu Alpan kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə oğlu Vüsal Abdullayevin Bakı şəhərində iş tapması ilə əlaqədar oğlu və gəlini ilə birlikdə Bakı şəhərinə getmiş və xx.xx.2025-ci il tarixədək Bakı şəhəridə qalmışdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən qayıdaraq Qusar rayonunda yerləşən “Beer House” adlanan kafedə işə girərək işlədiyi kafeyə yaxın yerdə ev kirayələyib həmin ünvünda yaşamağa başlamışdır. Bir müddət sonra, evinə baş çəkmək üçün yaşadığı kəndə qayıtmışdır. Həyətdə olarkən evin pəncərəsinin açıq vəziyyətdə olmasını görüb evə baxış keçirərkən məlum olmuşdur ki, evdə olmadığı müddətdə evindən oğurluq olmuşdur. Belə ki, baxış zamanı evindəki olan otaqlardan bir ədədə “LG” markalı televizorun, 01 ədəd “Hisense” markalı televizorun, 01 ədəd “Braun” markalı saç feninin və 01 ədəd “Hoffmann” markalı saç ütüsünün oğurlandığını öyrənib hadisə barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. Baş verən oğurluq hadisəsi ilə əlaqədar ona ümumilikdə 1100 (min yüz) manat ziyan dəymişdir. Ərizəsi əsasında Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus olan evdən oğurluq edən şəxs onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdur. Məhkəmənin sualına cavab olaarq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən əşyalar qaytarılaraq ona vurulmuş maddi ziyanın tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, ailəsi ilə birlikdə Quba rayonu Alpan kəndində yaşayır. 2025-ci ilin əvvəlində Bakı şəhərinə gedərək orada oaln yeməkxanaların birində xörək paylayan işləmişdir. 2025-ci ilin fevral ayının əvvəllərində işdən çıxaraq yaşadığı Quba rayonunun Alpan kəndinə qayıtmışdır. Kəndə qayıtdıqdan sonra məlum olmuşdur ki, oğlu Kənan onlarla qonşuluqda yaşayan Aynurə Qədirovanın evindən iki ədəd televizor, bir ədəd saç feni və bir ədəd saş ütüsü oğurlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əmək ilə məşğul olaraq lombard kredit mağazasını işlədir. 07 fevral 2025-ci il tarixdə əvvəllər tanımadığı adını sonradan Kənan olaraq bildiyi şəxs mağazaya gələrək 02 ədəd televizorunun olduğunu və onu lombarda qoymaq istədiyini bildirmişdir. Kənan ona televizorların ona məxsus olmasını və televizorları başqa bir şəxsdən aldığı üçün televizorların texniki xüsusiyyətləri qeyd olunan kitabçanın özündə olmadığını bildirmişdir. Həmin televizorlara baxış keçirən zaman televizorlardan yalnız birinə pul verə biləcəyini bildirmiş və ümumilikdə 170 manat pulu Kənana verərək razılaşmışdır. Təqribən 2-3 həftə sonra Quba rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə işlədiyi “Lombard” mağazasına gələrək Təqsirləndirilən şəxs “Lombard”a verdiyi televizorun oğurluq yolu ilə əldə etdiyini bildirib həmin televizorun fotoşəkillərini çəkib maddi sübut olaraq iş üçün əhəmiyyət kəsb etdiyi üçün həmin televizoru götürüb aparmışlar. "xxxx" MMC tərəfindən verilmiş daşınar əmlakın qiymətləndirilməsi barədə 12 may 2025-ci il tarixli AZ/M-02-102/25 nömrəli qiymətləndirmə cədvəlindən görünür ki, hadisə baş verən zaman adları aşağıda göstərilən əşyaların orta bazar qiyməti 01 ədəd 2018-ci il Çin istehsalı “Hisense” markalı 82 diaqonal televizorun dəyəri 200 manat, 01 ədəd 2011-ci il, Koreya istehsalı, “LG” markalı 61 diaqonal televizor dəyəri 100 manat, 01 ədəd 2021-ci il, Almaniya istehsalı “Hoffmann” markalı saş ütüsünün dəyəri 15 manat və 01 ədəd 2019cu il Almaniya istehsalı “Braun” markalı saş feninin dəyəri 15 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus məxsus evdən götürülmüş 01 (bir) cüt corab üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məkum olunmamışdır. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 140 saylı və xx.xx.2025-ci il tarixli, 154 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ailə tərkibi anası Şahid2, qardaşları X2 və X1 ibarətdir. İş materialında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Məkil oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 44 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 01 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 24:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə müsadirə olunası əmlakın, məhkəmə xərcinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar