Məhkəmə qərarları › İş №1(027)-97/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-97/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-97/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 04 avqust 1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, satıcı işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində 19.03.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib özündə saxlayaraq, icarə əsasında işlətdiyi Quba şəhəri, Qələbə küçəsində yerləşən “Tər Çiçək” gül dükanı ilə bitişik olan əvvəllər diş klinikası kimi fəaliyyət göstərən obyektə daşımış, 09 mart 2021-ci il tarixdə saat 00:20 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin obyektə baxış keçirilən zaman yerdə plastik materialdan olan vedrənin üzərində olan lambirin üstündə Təqsirləndirilən şəxs məxsus şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ rəngli səffaf sellofana bükülmüş bükülünün içərisindən təmiz çəkisi 0,551 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, anası Kəmalə və qardaşı Zaurun ailəsi ilə birlikdə Quba şəhərində yaşayır. Hal- hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Quba şəhəri, Qələbə küçəsində yerləşən “Tər Çiçəyim” adlı gül mağazasını Quba rayonu, Xucbala kənd sakini İman adlı şəxsdən icarəyə götürərək gül satır. 08 mart beynəlxalq qadınlar bayramı ilə əlaqədar Bakı şəhərindən mağazaya gül gətirib satır. Həmin gül mağazasına bitişik əvvəllər diş klinikası kimi fəaliyyət göstərən obyekti də icarəyə götürmüşdür ki, satdığı gülləri ora yığsın. Əvvəllər narkotik vasitə olan heroindən istifadə etməmiş, lakin təxminən 3 il bundan əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmazdan təxminən on gün əvvəl gül satdığı mağazanın qarşısında dayanan zaman yerdə bir ədəd sellofan büküm görmüşdür. Həmin bükülünü götürərək içərisini açıb baxdıqda içərisində narkotik vasitə olan heroinə oxşar maddə olmuşdur. Aradabir narkotik vasitə olan heroindən istifadə etdiyi üçün qərara gəlmişdir ki, həmin bükülüdəki heroini özündə saxlasın və özü istifadə edər. Həmin bir ədəd bükümdə olan narkotik vasitə olan heroini cibinə qoymuş və üzərində saxlamışdır. Bundan başqa, bir ədəd şpris, limon duzunu və həmin heroini bişirib hazırlamaq üçün sınmış flakonu özündə saxlamışdır ki, gələcəkdə həmin heroindən istifadə etsin. Bir neçə gün bundan əvvəl həmin şəffaf selofan bükümdə narkotik vasitə olan heroini, bir ədəd şprisi, narkotiki bişirmək üçün sınmış şüşə flakonu gətirib “Tər çiçəyim” gül mağazasına bitişik olan həmin obyektə qoymuşdur.09 mart 2021-ci il tarixdə saat 00:20 radələrində sellofan bükümdə olan heroini isə obyektdə olan lambirin üstünə qoymuşdur ki, istifadə etsin. Bu zaman ora qonşuluqda yaşayan Xəlil gəlmişdir. Xəlillə birlikdə “Tər çiçəyim” gül mağazasına bitişik diş klinikası kimi əvvəllər fəaliyyət göstərmiş obyektdə çay içməyə başlamışlar. Bu zaman iki nəfər mülki geyimdə, bir nəfər isə polis formasında olan şəxslər obyektə daxil olmuşlar. Polis əməkdaşları içəri daxil olduqdan sonra: “burada nə iş görürsüz” deyə soruşanda, polis əməkdaşlarına çay içdiklərini bildirmişdir. Fürsət olmadığı üçün qoyduğu bir bükümdə olan heroini gizlədə bilməmişdir. Polis əməkdaşları onlara tərəf yaxınlaşanda plastik materialdan olan vedrənin üzərində olan lambirin üstündəki bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükülünu aşkar etmişlər və daha sonra əlavə polis əməkdaşlarını və vəkili dəvət etmişlər. Bundan sonra polis əməkdaşları həmin sellofan bükülünün içərisində nə olduğunu ondan soruşmuşlar. Həmin vaxtı videoçəkliş aparıldığı üçün o, çəkilişdən və ümumiyyətlə yaranmış vəziyyətdən qorxub, narkotikin onun olmadığını, heroindən xəbəri olmadığını bildirmişdir. Hazırda isə etiraf edir ki, həmin sellofan bükülünü içərisindəki kütləni həmin obyektə özü gətirmiş, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf edir və küçədə yerdən tapdığını bildirir. Bundan başqa polis əməkdaşları obyektə baxış keçirərkən divara vurulmuş lambirin arxa tərəfindən onun qoyduğu bir ədəd yarımçıq şüşə flakon, bir ədəd şpris, bir ədəd kağız bükümdə limon duzu aşkar etmişlər. Daha sonra lambirin üzərində olan şəffaf rəngli sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində kütlə, yəni heroin aşkar olunmuşdur. Həmin kütlə tərəzidə çəkildikdə tərəzinin ekranında 0,7 rəqəmləri görünmüşdür. Həmçinin, sınmış flakonun içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli kütlə aşkar olunmuş və həmin sınmış şüşə flakon tərəzidə çəkildikdə çəkisi ekranda 1,8 rəqəmləri göstərmişdir. Bundan başqa polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansi bir əşya aşkar olunmamışdır. Xəlil ora yeni gəlmiş və sadəcə onun dəvəti ilə oturub orada çay içmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək valideyinlərinin ağır xəstə olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Quba RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru vəzifəsində işləyir. 09 mart 2021-ci il tarixdə İTB-nin sahə rəisi Şəhriyar Babayevlə və PPXB-nin tağım komandiri Şahid3lə birlikdə Quba şəhəri ərazisində xidməti gəzintidə olan zaman saat təxminən 00:20 radələrində Quba şəhəri, Qələbə küçəsində “Meydan” adlanan ərazidə yerləşən, hazırda istifadə olunmayan “Diş klinikası” kimi tanınan obyektin işıqlarının yanmasını görmüşlər. Karantin rejiminin yoxlanılması ilə bağlı həmin obyektə daxil olduqda orada iki nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxslər Quba şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid4 adlı şəxslər olmuşdur. Həmin şəxslərdən Təqsirləndirilən şəxs özünü şübhəli aparması onlarda əməliyyat marağı doğurmuş və həmin vaxt ora nəzər salan zaman yerdə olan karton qutunun və plastmas vedrənin üzərinə qoyulmuş lambirin üstündə bir ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olmasını görmüşlər. Bu barədə RPŞ-nin Növbətçi Hissəsinə məlumat verdikdən bir qədər sonra ora istintaqəməliyyat qrupunun üzvləri gəlmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə olan maddənin hansı maddə olduğunu bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət edərək vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, hazırda onun üzərində heç bir maddə yoxdur, karton qutunun və plastmas vedrənin üzərinə qoyulmuş lambirin üstündə bir ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə oxşar maddə ona məxsus deyil. Sonra Təqsirləndirilən şəxs üzərində tərəflərindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Tərəflərindən obyektə baxış keçirilən zaman divara vurulmuş lambirlərin arxasından içərisində ləkələr olan, bir ədəd istifadə olunmuş tibbi şpris, içərisində ləkələr olan bir ədəd uc hissəsi qırılmış bir ədəd flakon və bir ədəd kağız qabda limon duzu aşkar edilərək götürülmüşdür. Lambirin üzərindən aşkar edilmiş bir ədəd bükülüdə olan narkotik vasitə olan heroinə oxşar maddə, içərisində ləkələr olan, bir ədəd istifadə olunmuş tibbi şpris, içərisində ləkələr olan bir ədəd uc hissəsi qırılmış bir ədəd flakon və bir ədəd kağız qabda limon duzu kənarlarından götürülərək vəkilin iştirakı ilə qablaşdırılmışdır. Qeyd olunan hərəkətlər fasiləsiz videoçəkilişlə qeydə alınmışdır. Bu barədə protokol tərtib olunmuş və baxışda iştirak edən şəxslər tərtib olunmuş protokola imza etmişlər. Aşkar olunan narkotik vasitə olan heroinə oxşar maddənin Təqsirləndirilən şəxs məxsus olması onlarda əsaslı şübhələr doğurduğu üçün Təqsirləndirilən şəxs Quba RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs da onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs obyektdən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar maddənin narkotik vasitə olmasını, işlədiyi mağazanın qarşısından tapdığını və özü istifadə etmək üçün həmin yerə gətirdiyini könüllü etiraf etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs 7-8 ilə yaxındır ki, tanıyır. Samirlə münasibətləri hər zaman yaxşı olub, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 08 mart 2021-ci il tarixdə saat 23:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Samir zəng edərək birlikdə çay içmək istədiyini bildirmişdir. Onunla razılaşıb onun olduğu yerə, yəni gül satdığı mağazaya gəlmişdir. Samir onu gül mağazasının yanında olan əvvəllər diş klinikası kimi tanınan obyektin içərisinə dəvət etmişdir. Həmin obyekt təxminən bir aydır fəaliyyət göstərməmiş və bağlı vəziyyətdə boş otaqdan ibarət olmuşdur. Samirdə həmin yerin açarı olduğuna görə onunla orada oturub çay içməyə başlamışlar. Çay masasının üzərində “Rotmans” markalı siqaret qutusu olmuşdur. Masanın üzərində oturarkən əl atıb siqaret götürmək istədikdə, Samir həmin vaxt ayaq üstə olmuş və ona bildirmişdir ki, “ehtiyyatlı ol, masanın yanında yerləşən plastik vedrənin üzərindəki lambirin narkotik vasitə sayılan “kakos” var, açıq şəkildə olduğundan dağıdarsan, quruması üçün açıq şəkildə qoymuşam”. O, da Samirə narahat olmamasını bildirmişdir. Sonradan həmin vedrənin üstündə olan lambirin üzərinə diqqətlə baxanda Samirin ona dediyi şəffaf selofanın içərisində bükülmüş qəhvəyi rəngdə toz maddənin olduğunu görmüşdür. Təxminən 10-15 dəqiqə sonra həmin otağa polis əməkdaşları daxil olmuş və onların olduğu yerə baxan zaman narkotik vasitəni görmüşlər. Sonra orada olan polis əməkdaşları ora başqa polis əməkdaşlarını və vəkil dəvət etmişlər. Vəkilin iştirakı ilə polis əməkdaşları obyektin içərisinə baxış və Samirin üzərində şəxsi axtarış aparmışlar. Polis əməkadaşları aşkar olunan narkotik vasitəni və digər əşyaları götürüb qablaşdırmışlar. Sonra bu barədə protokol tərtib etmişlər və o, da digər şəxslər kimi həmin protokolu imza etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 09.03.2021-ci il tarixli 6/957 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 67” dairəvi möhür əksi olan, üzərində “İştirak etdi vəkil....., qablaşdırdı təhqiqatçı imza Tağıyev” yazı və imzalar olan zərfdə təmiz çəkisi - 0,551 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 1 ədəd istifadə edilmiş şprisin və uc hissəsi qırılmış şüşə flakonun içərisində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyil. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0.551 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq-0,501 qram İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 20.05.2021-ci il tarixli 1563 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 13.12.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2, 233 və 315.2-ci maddələrilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə, 03 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, 29.03.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1960-cı il təvəllüdlü anası X2 ibarət ailə tərkibi vardır, Xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurr. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 09.03.2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 09.03.2021-ci il tarixdən hesablanmaqla Sumqayıt Apelyasiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 09.03.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək 05 ay 10 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 10 ay 20 gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 saat üçün 72 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada ümumi təmiz çəkisi 0,501 qram heroin, bir ədəd şpris, bir ədəd baş tərəfi sınmış şüşə flakon və paket limon duzu hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun 09.03.2021-cı il tarixdən 19.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 05 (beş) ay 10 (on) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 10 (on) ay 20 (iyirmi) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 3 ünvanında yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada ümumi təmiz çəkisi 0,501 qram heroin, bir ədəd şpris, bir ədəd baş tərəfi sınmış şüşə flakon və paket limon duzu hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar