Məhkəmə qərarları › İş №1(027)-98/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-98/2020

10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-98/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1975-ci ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinin materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19.00 radələrində ünvan 2 ünvanında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs baş və sol qol nahiyyələrindən taxtadan hazırlanmış oxlovla hər birinə iki dəfə vurub yerə yıxmaqla başın sol təpə nahiyyəsində yumşaq toxumanın əziyi, sol bazunun yuxarı 1/3nin bayır səthində qançır, sol mil sümüyünün və sol əlin 2-ci barmağının orta falanqasının qapalı yerini dəyişməyən sınığından ibarət olan və sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, anası Zərərçəkmiş şəxs ilə birlikdə Quba şəhəri, Y.Qasımov küçəsi 25 saylı evdə yaşayır. xx xxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə spirtli içki qəbul etmişdir. Spirtli içki içdikdən sonra, anası Səkinəxanım ona evdən çıxıb getməsini bildirmiş, o isə anası Səkinəxanım ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı anası Səkinəxanım onun üzərinə gəlib sonuncunu evdən çölə çıxarmaq istəyərkən o, anasını əlləri ilə sinəsindən vuraraq arxaya itələmiş və anası yerə yıxılmışdır. İçkili olduğundan həmin vaxt mətbəxtdən götürdüyü taxta oxlovla anasının bədənindən və əlindən bir neçə dəfə vuraraq anasına xəsarət yetirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Quba şəhəri, Yusif Qasımov küçəsi 25 saylı evdə yaşayır. xx xxx 2020-ci il tarixdə saat 19 radələrində evində tək olduğu zaman oğlu Cavid sərxoş vəziyyətdə onunla mübahisə etmişdir. Mübahisə zamanı Cavid onu itələyərək yerə yıxıb mətbəxtdən götürdüyü xəmir yaymaq üçün olan taxtadan hazırlanmış oxlovla iki dəfə onun başına və sol qoluna vuraraq ona xəsarət yetirmişdir. Sonra Cavid oxlovu onun boğazına dirəyib boğmaq istədiyini gördüyü üçün təpiklə Cavidi üstündən itələyib özündən uzaqlaşdırmış və həyətə çıxmışdır. Həyətdə olan qonşularından dərhal polisə məlumat vermələrini xahiş etmiş, bir qədər sonra yaşadığı ünvana gələn polislər Cavidi rayon polis şöbəsinə aparmışlar.n İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Belə ki, iş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmətibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-başın, sol təpə nahiyyəsində yumşaq toxumanın əziyi, sol bazunun yuxarı 1/3-nin bayır səthində qançır, sol mil sümüyünün və sol əlin 2-ci barmağınını orta falanqasının qapalı yerini dəyişməyən sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edillib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməambulator-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1392 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarından məhrum edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilmiş, onun məcburi müalicəyə ehtiyacı olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba rayon İHB-nın X4 X5 Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 455 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Yusif Qasımov küçəsi 25 saylı evdə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəmə-ambulatorpsixiatrik ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-98/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarına gəlmədiyinə görə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan xitam olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar