Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-98/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonu Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Xaçmaz rayonu Dədəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdə saat 23 radələrində özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Quba şəhəri, Bazar ərazisində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi birmərtəbəli ərzaq mağazasının giriş qapısının şüşəsini yerdən götürdüyü daşla sındırmaqla mağazaya qanunsuz daxil olaraq mağazanın içərisində yerləşən soyuducunun üstündəki saxlanc yeri hesab olunan karton qutunun içərisində sellofana bükülmüş 280 manat dəyərində qəpikləri və 30 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 310 manat (üç yüz on manat) dəyərində pul vəsaitini gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 23 yanvar 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz rayonu, Dədəli kəndindən çıxıb Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “Şişa” adlı kafeyə gəlmişdir. Həmin kafedə əyləşərək əvvəlcə 1 ədəd 250 qramlıq viski, daha sonra 3 bakal pivə sifariş edib içmişdir. Saat 23 radələrində kafedən çıxıb piyada Quba-Xaçmaz dairəsinə tərəf gedib taksiyə miinib Quba şəhərinə gedərək birja adlanan ərazinin yaxınlığında taksidən düşmüşdür. Maddi durumu zəif olduğundan həmin ərazidən oğurluq edərək bir qədər pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə piyada Quba rayonunnda olan bazar ərazisinə gələrək ətrafda olan mağazalara göz gəzdirmişdir. Qarşısına çıxmış ərzaq mağazasının önündə bir qədər dayandıqdan sonra, ətrafa heç kimin olmadığınına əmin olduqdan sonra, yerdən götürdüyü daşla mağazanın giriş qapısında olan şüşə örtüyü sındıraraq mağazaya daxil olmuşdur. Mağazanın içərisinə olan soyuducunun arxasına keçdikdə soyuducunun üzərində bir ədəd karton qutunun içərisində çoxlu sayda qəpik görüb həmin qəpikləri mağazadan götürdüyü torbaya doldurmuşdur. Bundan sonra o, piştaxtanın üzərində olan elektron tərəzinin alt tərəfində yerləşən taxta daxılı açib daxıldan 30 manat məbləğində bir manatlıq əskinazları götürüb cibinə qoyub mağazadan çıxmışdır. Mağazadan çıxandan sonra bir qədər piyada gedib yoldan keçən taksiyə minib Xaçmaz şəhərinə getmişdir. Xaçmaz dairəsində taksidən düşüb həmin ərazidə yerləşən Nabran marketə girib üzərində olan 90 manatlıq qəpik pulu kağız pula dəyişmişdir. Qalan qəpikləri isə özündə saxlamışdır. Mağazadan çıxıb taksiyə əyləşərək yaşadığı Xaçmaz rayonu, Dədəli kəndinə getmişdir. Oğurladığı pulları içkiyə, siqaretə və digər öz şəxsi xərclərinə istifadə etmişdir. 02 fevral 2022-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Quba rayonu İkinci Nügədi kəndinə getmişdir. Yas mərasimindən saat 17 radələrində çıxıb Quba şəhərinə gəlib, yolüstü bir kafeyə keçib bir qədər spirtli içki qəbul etmək qərarına gəlmişdir. Kafedə yemək yeyən zaman bir şüşə şərab içib saat 23 radələrində kafedən çıxıb yenidən bazar ərazisinə getmişdir. 23 yanvar 2022-ci il tarixdə oğurluq etdiyi mağazadan bir qədər aralıda qapısı şüşəli olan bir mağaza diqqətini cəlb etmişdir. Bir qədər mağazanın qarşısında dayandıqdan sonra, yerdən götürdüyü daş parçası ilə mağazanın qapısının şüşəsini sındıraraq mağazaya daxil olub piştaxtanın altndan 65 manat pulu götürüb mağazadan çıxmışdır. Geri qayıdarkən yol üstü qarşısına çıxan aptekin qapısının şüşəsini qıraraq içəri daxil olsada Aptekdən pul tapmayıb çölə çıxmışdır. Aptekdən çıxıb bir qədər aralıda yerləşən kitab və dəftər ləvazimatları satılan dükanın qapısının şüşəsini sındırsada içəri daxil olmamışdır. Oradan aralanıb atrıq yaşadığı evə qayıtmaq istəyərkən Niva markalı avtomobilin ona tərəf yaxınlaşdığını görüb bir qədər aralıda yolun kənarında olan daşın üzərində əyləşmişdir. Niva markalı avtomobildən bir nəfər polis əməkdaşı düşüb ona yaxınlaşmışdır. Sonra əraziyə bir nəfər polis əməkdaşıda gəlib onu Quba rayon polis şöbəsinə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu, himayəsində dörd azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhəri, Bazar ərazisində icarə əsasında ərzaq mağazası işlədir. Mağazanı hər gün səhər saat 08 radələrində açır və axşam saat 18 radələrində bağlayır. 23 yanvar 2022-ci il tarixdə axşam saat 18 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. 24 yanvar 2022-ci il tarixdə səhər saat 08 radələrində o övladını məktəbə apardığından atası Faiq mağazanı açmağa getmişdir. Məktəbdən çıxıb mağazaya qayıdarkən atası ona zəng edib mağazanın qapısının sındırıldığını və mağazadan oğurluq edildiyini bildirmişdir. Mağazanın qarşısına çatdıqda mağazanın plastik çərçivəli giriş qapısında olan şüşə örtüyün sındırıldığını görmüşdür. Mağazanın içərisində olan soyuducunun arxasına keçdikdə soyuducunun üzərində olan karton qutunun içərisinə yığdığı 280 manat dəyərində qəpik pulların oğurlandığını görmüşdür. Soyuducudan sol tərəfində piştaxtanın üzərində olan elektron tərəzinin altında yerləşən taxta daxıla baxıb görmüşdür ki, orada olan ümumilikdə 30 manat olmaqla bir manatlıq əskinazlarıda oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində mağazadan 280 manat dəyərində qəpik pul və 30 manat məbləğində bir manatlıq əskinazlar olmaqla ümumilikdə 310 manat pul oğurlanmışdır Bundan sonra o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus olan mağazadan oğurluq edən şəxs Xaçmaz rayon sakini Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xususatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba RMŞ-nin polis nəfəri vəzifəsində xidmət edir. Bir gündən bir saat 18:00-dan növbəti gün saat 09:00-dək Quba şəhəri Bazar ərazisində xidmət aparır. 02 fevral 2022-ci il tarixdə saat 18:00-dan 03 fevral 2022-ci il saat 09:00-a kimi Quba şəhər bazar ərazisində xidmətdə olarkən 03 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində bazarın mərkəzi hissəsində yerləşən “Elm, kitab dünyası” adlı dəftərana ləvazimatları mağazasının qarşısında bir nəfər şəxsin həmin mağazanın qapısının şüşəsini daşla vurub sındırdığını görmüşdür. Mağazaya doğru yaxınlaşdıqda həmin şəxs onu görüb bir qədər aralıda yerdə olan daşın üzərində əyləşmişdir. Həmin şəxsdən burada nə etdiyini soruşduqda, Quba rayonu Nügədi kəndinə yas mərasiminə gəldiyini bildirmişdir. Bundan sonra o, hadisə yerinə gələn manqa komandiri polis serjantı Şahid2la birlikdə həmin şəxsivtomaşınla Quba rayon polis şöbəsinə aparmışlar. Yolda olarkən manqa komandiri Şahid2 həmin şəxsdən kim olmasını soruşduqda, həmin şəxs Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin Şahid2 həmin şəxsdən üzərində şəxsiyyət vəsiqəsinin olubolmamsını soruşduqda Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Quba RPŞ-də Təqsirləndirilən şəxs həmçinin aptek və mağazanın şüşələrini sındırdıqdan bir qədər öncə Bazar ərazisində yerləşən Beybala Həsənova məxsus ərzaq mağazasından 65 manat pul oğurladığı, bundan başqa 23 yanvar 2022-ci il tarixdə Quba şəhəri Bazar ərazisində olan Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasından oğurluq etdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər subutlaral tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Dədəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 199 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Dədəli kəndində yaşayır və onun 1992-ci il təvəllüdlü arvadı X2, 2011-ci il təvəllüdlü oğlu X3 və 2018-ci il təvəllüdlü oğlu X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Xaçmaz RİHB-nın Dədəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və buna görədə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzası ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X6 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmas cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarınad olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsn barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Süleyman Araz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu, Dədəli kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Xaçmaz rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 13 saat üçün 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-98/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-98/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver