Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-5/2023 25.06.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Xüsusi ittihamçı X3 vəkili X2 iştirakı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə “Oxu.az”, “Dünyapress.info”, “Teref.az” xəbər portallarında yalan olduğunu bilə-bilə qəsdən onun şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətinə qarşı yönəlmiş, onu nüfuzdan salan, qərəzli, böhtan xarakterli məlumatları dərc etdirməklə yaydığına görə 28 mart 1979-cu ildə Qubadlı rayonu Muğanlı kəndində anadan olmuş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X3 vəkili X6 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilərək, işin məhkəmə baxışına verilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 məhkəməyə ünvanlanmış teleqramda hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilərək, şikayət aidiyyatı üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon icra Hakimiyyəti başçısının Mahruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10-100 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qubadlı Rayon Muğanlı kənd sakini X4 1993-cü ildə məcburi köçkün gəlmişdir, hal-hazırda Sumqayıt şəhər 26-ci məhəllə, Şəfa sanatoriyasında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir: Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarına əsasən kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xüsusi ittiham qaydasında şikayətə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxlmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 axırıncı yaşayış yerinin Sumqayıt şəhər 26-ci məhəllə, Şəfa sanatoriyası olmasını nəzərə alaraq qanunun tələbinə görə xüsusi ittiham qaydasında şikayət Qubadlı Rayon Məhkəməsinə aid olmadığı üçün məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75, 299 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №1(028)-5/2023
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-5/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver