Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-100/2021 08.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar şəhəri H.Əliyev prospekti ev 168 mənzil 30-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, həyətyani torpaq sahəsi kimi istifadə etmək məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2021-ci ilin may ayının ortalarında Qusar şəhər Bələdiyyəsinə məxsus X=282516.9051, Y=4587934.8417; X=282545.3661, Y=4587951.8408; X=282557.6853, Y=4587931.1986; X=282553.7102, Y=4587928.4073; X=282531.1715, Y=4587912.4000 koordinatları daxilində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,083 ha torpaq sahəsinin ətrafını dəmir dirəklər və torla çəpərləyərək ələ keçirib özbaşına tutmaqla zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, həqiqətən də, həyətyani torpaq sahəsi kimi istifadə etmək məqsədi ilə 2021-ci ilin may ayının ortalarında Qusar Bələdiyyəsinə məxsus olan 0,083 ha torpaq sahəsinin ətrafını dəmir dirəklər və torla çəpərləyərək özbaşına tutmuşdur. Dəymiş zərəri aradan qaldırmışdır. Hazırda isə onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Qusar bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının ortalarında Qusar Bələdiyyəsinə məxsus olan 0,083 ha torpaq sahəsinin ətrafını dəmir dirəklər və torla çəpərləyərək özbaşına tutmuşdur. Bu barədə bələdiyyəyə məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs özbaşına tutduğu torpaq sahəsini buraxması tələb olunmuş və həmin şəxs torpaq sahəsini buraxmış və 05 iyul 2021-ci il tarixdə oranı boşaltmışdır. Hazırda Qusar bələdiyyəsinin həmin şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsi düzdür. O, Qusar bələdiyyəsindən torpaq sahəsi almaq istəmiş, bu məqsədlə bələdiyyənin əməkdaşı ona iki yer göstərmiş, həmin yerlər təpəlik ərazidə yerləşmiş və boş olmuşlar. O, həmin torpaq sahələrindən birini almaq istəmiş, bələdiyyə tərəfindən həmin yerə sənəd hazır olduqdan sonra ona satılacağı bildirilmişdir. Bundan sonra o, həmin torpaq sahəsində ağac tingləri əkmiş, lakin Təqsirləndirilən şəxs gəlib həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək əkdiyi tingləri çıxarıb atmışdır. Bir müddət sonra isə Ərəstun oraya dəmir tordan hasar çəkmişdir. Bu barədə o, ekologiya idarəsinə müraciət etmiş, daha sonra isə onu polis şöbəsindən çağırmışlar, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi başlanılmışdır. Hal-hazırda isə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini buraxmış və boşaltmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2019-cu ildən isə həmin nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı-məsləhətçi müfəttiş vəzifəsində xidmət edir. 04 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə nazirliyin “Qaynar Xətti”ndən Qusar şəhər sakini Şahid1 Qusar şəhər sakini Təqsirləndirilən şəxs Meşə Təsərrüfatına məxsus torpaq sahəsinin bir hissəsini dəmir torla hasara alaraq istifadə etməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatın yerində yoxlanılması və qeyd olunan torpaq sahəsinə baxış keçirilməsi məqsədi ilə xidmət etdiyi idarənin yegerləri, Şahid2, Şahid3, Qusar şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsinin ünvan 1 ünvanında X4 xüsusi mülkiyyətinə verilmiş (Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla) 0,05 ha həyətyanı torpaq sahəsi ilə X15 X6 Meşəbəyliyinin 14 saylı dolayının 76-cı kvartalının 4-cü bölməsinə daxil olan meşə fondu torpaqları arasında təqribən 20 metr uzunluğunda dəmir tor çəkilməsi, həmin ərazinin Qusar şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən hasara alınması müəyyən olunmuş, eləcə də sözügedən torpaq sahəsinə baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra göstərilən xüsusatlarla bağlı araşdırma aparılması məqsədi ilə X15 Təsərrüfatı Mərkəzinə məlumat verilmiş, oradan da Qusar RPŞ-nə müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X15 Təsərrüfatı Mərkəzinə ünvanlanmış 06 iyul 2021-ci il tarixli 1218 saylı məktubdan və ona əlavə olunmuş aktın surətindən görünür ki, Qusar şəhəri Zərifə Əliyeva küçəsi 281 V ünvanda X4 xüsusi mülkiyyətinə verilmiş (Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla) 0.05 ha ərazi ilə X15 X6 meşəbəyliyinin 14 saylı dolayının 76-cı kvartalının 4-cü bölməsinə daxil olan meşə fondu torpaqları arasında təqribən 20 metr uzunluğunda dəmir tor çəkildiyi müəyyən olunmuşdur. Araşdırma müddətində həmin ərazinin Qusar şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən dəmir tor vasitəsilə hasara alındığı məlum olmuşdur. Odur ki, sözügedən ərazinin hasardan (dəmir tordan) azad edilərək Mərkəzin meşə fondu torpaqlarının mühafizəsi tədbirlərinin gücləndirilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan X15 Təsərrüfatı Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 09 iyul 2021-ci il tarixli 579 saylı məktubun surətindən görünür ki, dəmir torla hasara aldığı ərazini 10 (on) gün müddətində əvvəlki vəziyyətinə gətirməsi Təqsirləndirilən şəxs tələb olunmuş, əks təqdirdə barəsində toplanmış sənədlərin tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndəriləcəyi bildirilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs, Qusar bələdiyyəsinin mühəndisi X2, hal şahidləri X5 və X8 iştirakları ilə tərtib edilmiş 02.08.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, X15 Təsərrüfatı Mərkəzindən daxil olmuş şikayət ərizəsi əsasında həmin tarixdə saat 11:50-dən saat 12:45-dək ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin arxa tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə 0.083 ha torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən dəmir torla hasarlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli **********39 saylı məktubdan görünür ki, vətəndaş tərəfindən istifadə edilən torpaq sahəsi ümumilikdə 0.083 ha olmaqla Qusar şəhərinin hüdudları daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və bələdiyyə mülkiyyətinə məxsusdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 1828/09-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 15 oktyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14.09.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli 266 saylı arayışdan görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X3, 23.01.2001ci il təvəllüdlü qızı Səyidə Niftiyevadan, 30.09.2006-cı il təvəllüdlü qızı Fidan Niftiyevadan və 03.09.2010-cu il təvəllüdlü oğlu Nurlan Niftiyevdən ibarətdir. İş materiallarında olan Seriya AZE 16493946, Seriya AZE 11796958 və Seriya AZE 11690918 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 23.01.2001-ci il təvəllüdlü Səidə, 30.09.2006-cı il təvəllüdlü Fidan adlı bir yetkinlik yaşına çatmayan və 03.09.2010-cu il təvəllüdlü Nurlan adlı bir azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 08.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, həyətyani torpaq sahəsi kimi istifadə etmək məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2021-ci ilin may ayının ortalarında Qusar şəhər Bələdiyyəsinə məxsus X=282516.9051, Y=4587934.8417; X=282545.3661, Y=4587951.8408; X=282557.6853, Y=4587931.1986; X=282553.7102, Y=4587928.4073; X=282531.1715, Y=4587912.4000 koordinatları daxilində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,083 ha torpaq sahəsinin ətrafını dəmir dirəklər və torla çəpərləyərək ələ keçirib özbaşına tutmaqla zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-100/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-100/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver