Məhkəmə qərarları › İş №1(029)-101/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-101/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-101/2021 22.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: X3, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Quba rayonu Rustov kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “038” adlı kafedə, kafenin icarədarı Şahid1 və müştərilər Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 yanında heç bir səbəb olmadan uca səslə həmin kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs nalayıq ifadələrlə təhqir etməyə başlamış, bundan sonra sonuncunun üstünə gələrək onu əl-qol zərbələri ilə vurmuş, daha sonra isə itələyib yerə yıxıb yumruq zərbələri ilə döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, həqiqətən də, o, 05 oktyabr 2021ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “038” adlı kafedə, həmin kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs vuraraq həmin şəxsə qarşı xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlindən peşmandır. Hadisə nəticəsində zərər çəkmiş şəxsə maddi ziyan vurulmamışdır. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, ünvan 1 ünvanında yerləşən “038” adlı kafedə ofisiant işləmişdir. 05 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs həmin kafeyə gələrək orada olan müştərilərin və kafenin icarədarının yanında heç bir səbəb olmadan onun üstünə qışqırmış, daha sonra arxadan onu vurmuşdur. Hadisə nəticəsində ona maddi ziyan vurulmamışdır. Hazırda o, həmin şəxslə barışmamış, ona qarşı şikayətçidir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 zərər çəkmiş şəxs X4 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmnişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid3, Şahid4 Aydın oğlunun, Şahid5 və Şahid6 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs X3 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 410 saylı 05 oktyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəydən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boynun sağ yan səthinin aşağı şöbəsinin, sol saidin aşağı 1/3-nin arxa səthinin, sol süd vəzinin yuxarı iç kvadratının və sağ budun aşağı 1/3-nin ön səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 05 oktyabr 2021-ci il tarixdə əl-qol zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Quba rayonu Rustov kəndində qeydiyyatda olan, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xidmət nümayəndəliyindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarında olan “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 2250 saylı arayışdan görünür ki, xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 30 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İHB-nın Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli 809 saylı arayışdan görünür ki, Orucov X9 rayonu Rustov kəndində daimi qeydiyyatdadır və aşağıdakı ailə tərkibinə malikdir: X2, anası X6, bacısı X7, qardaşı X8. İş materiallarında olan Quba rayon İHB-nın Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 11.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 22.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar