Məhkəmə qərarları › İş №1(029)-103/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-103/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-103/2023 06.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Yevlax rayonu Nemetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Qusar şəhər avtovağzal ərazisində Təqsirləndirilən şəxs sillə ilə Zərərçəkmiş şəxs boynun arxasına vurub yerə yıxaraq ona üst dodağının selikli qişasının sol tərəfinin əzilmiş-cırılmış yarası, sağ əlinin 4-5-ci barmaqların arxa səthinin çoxsaylı sıyrıqları, üst çənədə ön 2 dişin laxlaması ilə nəticələnən qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində avtovağzal ərazisinə keçmiş və orada həmkəndliləri ilə danışmışdır. Həmin vaxt Ərzuman sərxoş vəziyyətdə ona yaxınlaşaraq onu təhqir edib pul istəmişdir. O da əsəbləşərək onun boynundan sillə ilə vurmuş, zərbədən Ərzuman yerə yıxılmışdır. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışmış, əvvəllər barəsində cinayət təqibinə xitam verilməyib, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahidlərin ifadəsi, ekspert rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır, o, Qusar şəhərində yerləşən avtovağzalda nəzarətçi işləyir. Təqsirləndirilən şəxs avtovağzalın ərazisinə pul vermədən icazəsiz daxil olmuşdur. Axırıncı dəfə də yenə pul vermədən avtovağzalın ərazisinə daxil olmuşdur. Buna görə o, Hüseynə yaxınlaşıb 40 qəpik pulun ödəməsini tələb etmişdir. Həmin vaxt Hüseyn onu vurmağa başlamış, Hüseyn yumruqla onun dişindən vurmuş, o da yerə yıxılmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadədən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Qusar şəhər avtovağzal ərazisində taksi sürücüsü Təqsirləndirilən şəxs avtovağzalın girişində nəzarətçi işləyən Zərərçəkmiş şəxs sillə ilə vuraraq onu yerə yıxmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadədən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Qusar şəhər avtovağzal ərazisində avtovağzalın girişində nəzarətçi işləyən Zərərçəkmiş şəxs taksi sürücüsü Təqsirləndirilən şəxs yaxınlaşmasını, sonradan sonuncu sillə ilə Zərərçəkmiş şəxs vurduqda sonuncu yerə yıxılaraq xəsarət aldığını bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 504 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üst dodağının selikli qişasının sol tərəfinin əzilmiş-cırılmış yarası; sağ əlinin 4-5-ci barmaqların arxa səthinin çoxsaylı sıyrıqları; üst çənədə ön 2 dişin laxlaması küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar