Məhkəmə qərarları › İş №1(029)-105/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-105/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-105/2025 04.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1963-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 sentyabr 2025-ci il tarixdə, saat 22 radələrində Qusar rayonu Gedəzeyxur kəndində yerləşən birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı təpik zərbəsi ilə qeyri-rəsmi nikahda olduğu X1 qol nahiyəsinə vuraraq sonuncuya qəsdən sağ bazunun aşağı 1/3-nin arxa səthinin qançır-hematoması ilə ifadə olunan sağlamlığına yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 1986-cı ildən X3 ilə qeyri-rısmi nikahda olmaqla onunla birlikdə yaşayır. Hadisə baş verən gün spirtli içki qəbul edib evə gəlmiş və evdə Ayarxanımla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ayarxanımı vurmuş, sonradan isə bilmişdir ki, ona ciddi xəsarət yetirmişdir. Hazırda həmin şəxslə barışmaq istəyir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 30 ildir ki, qeyri-rəsmi nikahda olmaqla onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, evdə dava salır, onu incidir. Sonuncu dəfə Allahverdi yenə spirtli içki içib evə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. O, isə həmin şəxsə gedib yatmasını bildirdikdə, Allahverdi onu təpiklə vuraraq əlini sındırmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamış, barışmaq istəmir, ondan şikayətçidir. Odur ki, onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onlar eyni evdə yaşayırlar. Allahverdi mütəmadi olaraq spirtli içki qəbul edir, evdə dava salır, hər dəfə həyat yoldaşı Ayarxanım evdən qaçıb gedir. Hətta, onun öz həyat yoldaşı da, Allahverdinin qorxusundan qaçıb gizlənir. Dəfələrlə o, Allahverdiyə müalicə olunmasını bildirsə də, o, buna məhəl qoymamışdır. Hadisə baş verən gün o, evdə olmuş, beli ağrıdığından iynə vurub oturmuşdur. Allahverdi yenə spirtli içki qəbul edib evə gəlmiş, Ayarxanımla mübahisə etmiş, sonuncu onların yaşadıqları otağa qaçmış və o, sonradan Ayarxanımın qolunun şişdiyini görmüşdür. Buna görə o, polisə hadisə barədə məlumat vermişdir. Allahverdi əvvəllər ona qarşı da cinayət törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yevgeniyevna ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin qardaşı Şahid1 onun əridir, onlar təqsirləndirilən şəxslə eyni evdə yaşayırlar. Allahverdi mütəmadi olaraq spirtli içki qəbul edib evə gəlir, evdə dava salır. Hadisə baş verən gün də Allahverdi spirtli içki qəbul edib gəlmiş və arvadı Ayarxanımla mübahisə etməyə başlamış və nəticədə Ayarxanımı vurub qolunu sındırmışdır. Allahverdi hazırkı iş məhkəmədə ola-ola yenə hər gün spirtli içki qəbul edir, evdə onlara hədə-qorxu gəlir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 429 saylı ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ bazunun aşağı 1/3-nin arxa səthinin qançır-hematoması küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə təpik zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v: 13). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i/v: 43-45). İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 .09.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, lakin spirtli içkilərə aludəliyi vardır (i/v 42). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların hər hansının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, dəymiş zərəri aradan qaldırmamış, hadisədən sonra zərər çəkmiş şəxsə yardım etməmiş, həmin şəxs ondan şikayətçidir, spirtli içkilərin aludəçisi olmaqla cinayət və digər hüquqa zidd əməllər törətməyə meylli şəxsdir. O, əvvəllər dəfələrlə şəxsiyyət və sağlamlıq əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunsa da, islah olunmamış, hüquqa zidd əməllərini davam etdirir. Ona görə də, məhkəmə hesab edir ki, həmin şəxsin islah olunması, sosial ədalətin bərpa olunması və bununla da, cəzanın məqsədlərinin təmin olunması onun barəsində məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə mümkün olar. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırkı hökm çıxarılan vaxtdan, yəni 04 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar