Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-106/2021 08.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1972-ci ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yasab kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Qusar rayonu Yasab kəndində Zərərçəkmiş şəxs istifadəsində olan kafedə Zərərçəkmiş şəxs, müştərilər Şahid2, Şahid1 və Şahid3 kafedə olduqları zaman kafeyə daxil olaraq heç bir səbəb olmadan uca səslə həmin kafedə olan həmkəndlilərini nalayıq ifadələrlə təhqir etməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs üstünə gələrək onu ayaq zərbəsi ilə vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, həmçinin kafenin daxilində bir ədəd stul və bir ədəd pivə bakalını sındırmaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə, həmçinin özgənin əmlakını məhv etməklə xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qonşusudur. Həqiqətən də, o, 26 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Qusar rayonu Yasab kəndində Zərərçəkmiş şəxs istifadəsində olan kafedə Zərərçəkmiş şəxs, müştərilər Şahid2, Şahid1 və Şahid3 kafedə olduqları zaman kafeyə daxil olaraq uca səslə həmin şəxslərlə mübahisə etmiş, həmçinin kafenin daxilində olan bir ədəd stul və bir ədəd pivə bakalını sındırmaqla xuliqanlıq hərəkətləri etmişdir. O, zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla düşmənçiliyi və ədavəti yoxdur. 26 oktyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində işlətdiyi kafedə həmkəndliləri Şahid2, Şahid1 və Şahid3 olmuş, bir müddət sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kafeyə gəlmiş, Səxavətə və Mətləbə söz atmışdır. Həmin şəxslər isə Faikə onların yanından uzaqlaşmasını və onları narahat etməməsini demişdir. Faik onların bu sözlərindən sonra söyüşlər söyərək qarşısında yarı dolu vəziyyətdə olan pivə bakalını stola çırparaq sındırmışdır. O, Faikə yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, stolda əyləşən digər şəxslər də ona Faiki onlardan uzaqlaşdırmağı xahiş etmişdir. O, Faiki sakitləşdirib çölə çıxartmaq istəmiş, lakin Faik onun sözlərinə qulaq asmamış, kafedə olan stolu vurub aşırmış və sonra onun ayağından bir neçə dəfə təpiklə bərk vurmuşdur. O, xəstə olduğundan Faikə heç bir müqavimət göstərə bilməmiş, ona yalvararaq çölə çıxartmışdır. Faikin həmin hərəkətləri nəticəsində kafenin iş rejimi pozulmuşdur. Daha sonra o, baş vermiş hadisə barədə Həzrə polis bölməsinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, Faik ona dəymiş zərəri aradan qaldırmışdır. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 492 saylı 27 oktyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol dizin ön səthinin və sol baldırın orta 1/3nin ön səthinin yarası küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 26 oktyabr 2021-ci il tarixdə təpiklə vurma nəticəsində əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 10 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli **********3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli 5401/11-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 294 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi tək özündən ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 05.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 08.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 08.12.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Tufik Seyidov məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-106/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-106/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver