Məhkəmə qərarları › İş №1(029)-109/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-109/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-109/2021 14.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Əniğ kəndində yaşayan, X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 12 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində Qusar şəhərində X3 yanında, yolda aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq, təpik və baş zərbələri ilə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 12 dekabr 2021-ci il tarixdə saat 13 radələrində o, tanışı Zərərçəkmiş şəxs və Ərziman adlı tanışı ilə birlikdə restorana gedib yeyibiçmişlər. Bundan sonra Əflatun taksi çağırmış və birlikdə pivə içməyə getmişlər. Pivə içərkən onunla Əflatunun arasında mübahisə yaranmış, sonuncu onu söymüşdür. Bundan sonra onlar taksi ilə Qusar rayonu Aşağı Ləgər kəndi istiqamətinə getmişlər idman kompleksinin yanında maşından düşmüşlər, o, Əflatuna yaxınlaşmış və ondan niyə söyüş söydüyünü soruşmuşdur. Əflatun əsəbləşərək əl-qol atmış və həmin vaxt o, da əsəbləşib Əflatnun əynindəki paltarın yaxasından tutub yumruq, təpik və kəllə zərbələri ilə onu vumuşdur. Onların yanlarında olan Ərziman və Zeydulla onları ayırmışlar. Daha sonra Əflatun taksiyə minib getmiş, bir müddət sonra polis əməkdaşları ona zəng edərək Əflatunun onun barəsində şikayət etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs X2 həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, 12 noyabr 2021-ci il tarixdə saat 13 radələrində tanışı X2 ona zəng edərək meyvə bazarında olan kafeyə çağırmış, o həmin kafeyə gedən vaxt orada Tural və Ərziman olmuşdur. Onlar kafedə yemək yemiş, 0,750 litr araq içmişlər. Yemək yedikdən sonra Tural Balaqusar yolunda olan kafeyə gedib orada pivə içməyi təklif etmiş, lakin o, Turala pivə içmədiyini demişdir. O, tanışı taksi sürücüsü Zeydullanı meyvə bazarındakı kafeyə çağırmış və onlar onun maşınına minib Balaqusar yolunda olan kafeyə getmişlər. Kafedə o və Zeydulla kofe içmiş, Tural ilə Ərziman isə hərəsi iki bakal pivə içmişlər. Onlar Zeydullanın idarə etdiyi maşınla evlərinə qayıdanda Tural maşını istədiyi yerə yəni Qusar şəhərində arxa küçələrlə İdman Kompleksi istiqamətində sürdürmüş, meşəlik ərazidən keçən zaman saat 23:30 radələrində yolda Tural maşını saxlatdırmış və maşından düşüb onun əyləşdiyi yerin qapısını açmış, onun yaxasından tutaraq yumruqla onun üzündən vurmuşdur. O, maşından düşəndə Tural yenə kəllə, yumruq və təpik zərbələri ilə onu döyməyə başlamışdır. Orada olan Ərziman və Zeydulla Turalı tutaraq ondan kənarlaşdırmışlar. Bir müddət Tural sakit olmuş, daha sonra isə yenə onu yumruqla vurmuş, söyüşlər söymüşdür. Sonra o, Zeydullanın idarə etdiyi maşına minmiş və polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək X1 törətdiyi əməlindən səmimi peşman olduğunu, ondan üzr istədiyini, dəymiş ziyanı ödədiyini, Tural Şəkərovla barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını bildirmişdir. Ona görə də X1 barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 1101 saylı 13 noyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnında solda qançır-hematoma, sol qaşın bayır bucağında əzilmiş-cırılmış yara, sağ əlin baş barmağında yumşaq toxumanın əziyi və qançırı, sağ dizində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni 12 noyabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni yumruq, təpik və kəllə zərbələri vurma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 1842/11-21 saylı məktubdan görünür ki, X2 həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli **********2 saylı məktubdan görünür ki, X2 həmin şöbədə 17 mart 2011-ci il tarixdən ömürlük İİİ grup əlil omaqla 110.00 (yüz on) manat sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 18 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli 401 saylı arayışdan görünür ki, X1 ailə tərkibi atası Mirzəbala Şəkərovdan və anası Məhparə Şəkərovadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, X2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 06 dekabr 2021-ci il tarixli və təqsirləndirilən şəxs X2 tərəfindən təqdim olunmuş 14 dekabr 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, X1 barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar