Məhkəmə qərarları › İş №1(029)-11/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-11/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-11/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Gedəzeyxur kəndində qeydiyyatda olmaqla ünvan 1 mənzil 12 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, rəsmi boşandığı, lakin faktiki birlikdə yaşadığı Zərərçəkmiş şəxs ünvan 1 mənzil 12-də yerləşən evinə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində sərxoş vəziyyətdə gəlmiş və sonuncunu özündən boşandığı üçün söymüş, sonuncuya boşanmanın və həyatında baş vermiş bütün uğursuzluqların səbəbkarı olmasını deyərək aralarında yaranmış mübahisə zamanı bunlara görə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi turist bıçağı ilə sonuncunun üzərinə getmiş, icra ediləcəyinə real əsaslarla öldürməklə hədələmiş, əlindəki bıçaqla sonuncunun qaçaraq gizləndiyi yataq otağının qapısına bir neçə zərbə endirmiş və qapının şüşəsini sındırmış, həmin vaxt doğma oğlu Şahid1 əlindən bıçağı almasına baxmayaraq vintaçanla yenidən Zərərçəkmiş şəxs icra ediləcəyinə real əsaslarla öldürməklə hədələməsini davam etdirərkən hadisə yerinə gələn Qusar RPŞ-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onlar ayrılmaqlarına baxmayaraq birlikdə ünvan 1 mənzil 12 ünvanda ayrı otaqlarda yaşayırlar. Nazilə onu həmin evdən çıxarmaq istəyir, buna görə də, qəsdən evdə mübahisələr yaradır. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində o, sərxoş vəziyyətdə evə gəlmiş və növbəti dəfə onunla Nazilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Nazilə onu söyərək öz yataq otağına gedib qapını bağlamış, bu zaman o, sərxoş olduğundan və əsəbləşdiyindən Nazilənin dalınca gedərək onu çağırmış, Nazilə qapını açmadığı üçün əli ilə qapıya zərbə vurmuş və qapının şüşəsi çatlamışdır. Bundan sonra oğlu Təmirlan onu sakitləşdirməyə başlamış, həmin vaxt onun əlində vintaçan olmuş, o, əsəbi olduğundan yenidən Nazilənin yataq otağına tərəf gedərək onu çağırmış və bu zaman oraya polis əməkdaşları gəlmişlər. Bundan sonra polis əməkdaşları vintaçanı onun əlindən almışlar və onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onun əlində bıçaq olmamış və o, Naziləni bıçaqla və ya vintaçanla öldürməklə hədələməmişdir. Hazırda o, etdiyi həmin hərəkətlərindən peşmandır, sərxoş olduğu üçün həmin hərəkətləri etmiş və hadisə tam yadında qalmamışdır. Söz verir ki, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ifadəsi, məhkəmə-ballistik və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onlar 2002-ci ildən boşanmışlar, uzun müddət ayrı yaşamışlar və təxminən 2 ildir ki, Qəhrəman onun yaşadığı evə qayıtmışdır. Onlar bir evdə yaşasalar da, ayrı otaqlarda qalırlar. Qəhrəman mütəmadi olaraq spirtli içki və narkotik vasitə qəbul edir, onunla evdə yola getmir və mübahisələr yaradır. xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Qəhrəman sərxoş vəziyyətdə evə gəlmiş, o, qapını açıb həmin şəxsi içəri buraxmış və bu zaman Qəhrəman onu söyüb təhqir etməyə başlamışdır. Bundan başqa, Qəhrəman əlindəki bıçaqla onun üstünə gələrək onun başını kəsəcəyini, bağırsaqlarını yerə tökəcəyini bildirmiş, o, isə qorxub özünün yataq otağına getmiş və qapını bağlamışdır. Bundan sonra Qəhrəman onun yataq otağının qapısını təpiklə və əlindəki bıçaqla vurmağa başlamış və qapının şüşəsi sınmışdır. Səs-küyə digər otaqda qalan oğlu Təmirlan və gəlini gəlmişlər və Qəhrəmanın əlindəki bıçağı onun əlindən almışlar. Həmin vaxt o, polisə zəng etmiş, Qəhrəman isə vintaçanı götürüb yenidən onun üstünə hücum çəkmiş, yenidən onu öldürməklə hədələmiş və bir az sonra oraya polis əməkdaşları gəlmişlər. Buna baxmayaraq, Qəhrəman həmin hərəkətlərini davam etdirmiş, hətta polislərin üstünə hücum çəkmiş və polis əməkdaşları vintaçanı Qəhrəmanın əlindən çətinliklə alaraq onu polis şöbəsinə aparmışlar. O, bir müddət əvvəl evindən tapdığı, Qəhrəmanın istifadə etdiyi bir büküm narkotik vasitəni də polislərə təqdim etmişdir. Hazırda o, Qəhrəmandan şikayətçidir, lakin onun həbs olunmasını istəmir, sadəcə Qəhrəmanın ondan əl çəkməsini istəyir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Qusar RPŞ-nin əməliyyat qrupunun üzvü olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 05:27-də ünvan 1 mənzil 12 ünvanda yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək keçmiş əri Qəhrəman Babayevin barəsində şikayət etmiş və o, digər polis əməkdaşları Şahid3 və növbətçi sürücüsü Şahid2 həmin ünvana getmişlər. Oraya çatdıqda Nazilə bayırda olmuş, onlar mənzilə daxil olmuşlar və Təqsirləndirilən şəxs əlində vintaçan Nazilənin üstünə hücum çəkərək onu öldürəcəyəni bildirmişdir. Onlar Qəhrəmana sakit olmasını bildirsələr də, həmin şəxs tabesizlik göstərmş, Nazilənin ünvanına söyüşlər söyərək həmin şəxsi öldürməklə hədələməkdə davam etmişdir. Onlar çətinliklə vintaçanı Qəhrəmanın əlindən almışlar və onu növbətçi hissənin avtomobilinə mindirmişlər. Bundan sonra, Nazilə Qəhrəmanın narkotik vasitə aludəçisi olduğunu bildirərək evdən tapdığı bir büküm narkotik vasitəni təqdim etmişdir. Həmçinin, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlar oraya getməmişdən əvvəl Naziləni bıçaqla da hədələmiş və həmin bıçağı oğlu Təmirlan onun əlindən almışdır. Təqsirləndirilən şəxs narkotik vasitə ilə əlaqədar Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati həbs olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid4 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, valideynləri 1993-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan o, və bacısı doğulmuşlar. Atası Qəhrəman hələ onlar uşaq olduqları vaxtlardan mütəmadi olaraq anası və onlarla mübahisə etmiş, spirtli içki aludəçisi olmuş və ona görə də dəfələrlə cinayət törədərək məhkum olunmuş, hətta narkotik vasitədən də istifadə etmişdir. Valideynləri yola getmədikləri üçün 2002-ci ildə anası atasından boşanmış, lakin 2014-cü ildən isə onlar yenidən bir evdə yaşamağa başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 05 radələrində o, həyat yoldaşı ilə birlikdə öz yataq otaqlarında yatmış, qəfildən o, evdən səs-küy eşitmiş və arvadı ilə birlikdə nə baş verdiyini öyrənmək üçün otaqdan çıxmışlar. Bu zaman atası Qəhrəman sərxoş vəziyyətdə evə daxil olmuş və anasını özündən boşanmasını, hər dəfə özünün sərxoş vəziyyətdə evə gələrək mübahisə yaratdığı üçün bu barədə polisə məlumat verməsini və sonuncu dəfə 2019-cu ilin dekabr ayında özündən şikayət etməsini səbəb gətirərək nalayiq ifadələrlə anasını və onları təhqir etməyə başlamış, anası tez öz otağına daxil olmuş və otağın qapısını içəridən bağlamışdır. Bu zaman Qəhrəman bıçaqla onun anasının otağının qapısını vurmağa başlamış və Naziləni öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Qəhrəman onun üzərinə bıçaqla gəldiyi üçün anası da otaqdan çıxmış, bu zaman Qəhrəman yenidən əlində olan həmişə üzərində gəzdirdiyi cib bıçağı ilə anasının üzərinə gedəndə o, Qəhrəmanı sakitləşdirmiş və arvadı Anjela Qəhrəmanın əlindən bıçağı almışdır. Bu zaman Qəhrəman bir az sakitləşmiş, lakin Nazilə ona polis çağırdığını dedikdən sonra Qəhrəman yenidən qonaq otağındakı vintaçanı götürüb Nazilənin üzərinə gedərək öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt artıq polis əməkdaşları evə gəlmiş, lakin Qəhrəman polis əməkdaşlarının da üzərinə vintaçanla gedərək, polislərin qanuni tələblərinə pozmuş və qaçmağa cəhd etmişdir. Bu zaman polis əməkdaşı Qəhrəmanın əlindəki vintaçanı almış və sonuncunu polis şöbəsinə aparmaq üçün evdən çıxarmışlar. Bundan əlavə bir neçə gün əvvəl anası Nazilə evi təmizlədiyi zaman xalçanın altında Qəhrəmana məxsus marixuanaya oxşar kütlə tapmış və həmin kütləni özündə saxlamışdır. Ona görə də polis əməkdaşlarına həmin kütləni vermiş və Qəhrəmanın narkotik istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Qəhrəmanı oradan polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ümumi uzunluğu 15 sm, kəsici hissəsinin uzunluğu 6 sm, tutacaq hissəsi 9 sm olan açılıb-qatlana bilən, tutacağı tünd qəhvəyi rəngli cib bıçağına baxış keçirilmişdir. Bıçağın üzərində STAİNLESS yazısı həkk olunmuşdur. Bıçağın kəsici hissəsinin üzərindəki metalda xırda cızıqlar mövcuddur. Bundan başqa, Zərərçəkmiş şəxs şəffaf polietilen paketə bükülmüş vəziyyətdə narkotik vasitəyə bənzər spesifik iyə məxsus ot kütləsi də təqdim etmişdir. Həmin ot kütləsinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək 106 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən Zərərçəkmiş şəxs və hal şahidləri X1, X2 iştirakları ilə ünvan 1 mənzil 12 ünvanın yataq otağının qapısına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs qeyri-rəsmi birlikdə yaşadığı keçmiş əri Təqsirləndirilən şəxs əlində olan bıçaqla onu öldürəcəyi ilə hədələdiyi zaman yataq otağına daxil olaraq qapını içəridən bağladığını, bu zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla qapıya zərbələr vurduğunu və qapının şüşəsini sındırdığını bildirmişdir. Qapıya baxış zamanı həqiqətən də, qapının pəncərə şüşəsinə ucu şiş əşya ilə vurulması nəticəsində şüşənin sınması müşahidə olunmuşdur. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən başqa sübutlar aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/549 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs məxsus olduğunu...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,262 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1096 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 7/549 saylı və xx xxxxxxx 2020-ci il tarixli 3/1096 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 153 (yüz əlli üç) manatdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1391/10.20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. xx.xx.2007-ci il tarixdən F.12 çətənə qəbulu diaqnozu ilə narkoloqun qeydiyyatındadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs tutmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizalardan sonra qalıq qalmış 0,242 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarış videoçəkilişlə lentə alınmış, əldə olunmuş götrüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd turist bıçağı və 01 ədəd vintaçan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 186, 187, 221.2.2, 228.4, 234.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(029)- 492/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs məxsus yaşadığı evindən aşkar edilərək götürülmüş Qusar rayon Polis Şöbəsinin Maddi Sübutlar otağında saxlanılan, 1 sellofan bükümdə ümumi təmiz çəkisi 0.262 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilmişdir. İş materiallarında oilan xx.xx.2020-ci il tarixli, protokollaşdırma nömrəsi 02730 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 09:26-da Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 1.689 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Müəssisəsinin xx xxxxxxxx 2020-ci il tarixli 241 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri H.Əliyev prospekti 144 saylı binanın 12 saylı mənzilində yaşayır və ailə tərkibi Zərərçəkmiş şəxs, oğlu Şahid1 ibarətdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Müəssisəsinin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar şəhəri H.Əliyev prospekti 144 saylı binanın 12 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlindəki bıçaqla öldürməklə hədələməməsi, bıçaqla Zərərçəkmiş şəxs yataq otağının qapısına zərbələr vurmaması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, eləcə də, mənzildə olan yataq otağının qapısına baxış protokolu və digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, rəsmi boşandığı, lakin faktiki birlikdə eyni mənzildə müxtəlif otaqlarda yaşadığı Zərərçəkmiş şəxs ünvan 1 mənzil 12-də yerləşən evinə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində sərxoş vəziyyətdə gəlmiş və sonuncunu özündən boşandığı üçün söymüş, sonuncuya boşanmanın və həyatında baş vermiş bütün uğursuzluqların səbəbkarı olmasını deyərək aralarında yaranmış mübahisə zamanı bunlara görə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi turist bıçağı ilə sonuncunun üzərinə getmiş, icra ediləcəyinə real əsaslarla öldürməklə hədələmiş, əlindəki bıçaqla sonuncunun qaçaraq gizləndiyi yataq otağının qapısına bir neçə zərbə endirmiş və qapının şüşəsini sındırmış, həmin vaxt doğma oğlu Şahid1 əlindən bıçağı almasına baxmayaraq vintaçanla yenidən Zərərçəkmiş şəxs icra ediləcəyinə real əsaslarla öldürməklə hədələməsini davam etdirərkən hadisə yerinə gələn Qusar RPŞ-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Bununla da, həmin şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, zərər çəkmiş şəxslə barışmamasını, buna cəhd etməməsini, alkoqola və narkotik vasitələrə aludə olmasını isə mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il saat 07:30-dan xx xxxxxx 2020-ci il saat 13:00-a qədər 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da, təqsirləndirilən şəxsin həbs olunmasını istəmədiyini bildirmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 mənzil 12 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd turist bıçağı və 01 ədəd vintaçan məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 153 (yüz əlli üç) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 mənzil 12 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd turist bıçağı və 01 ədəd vintaçan məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 153 (yüz əlli üç) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar