Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-111/2025 10.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Qusar rayonu, Düztahir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Düztahir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs «Whatsapp» ani mesajlama mübadiləsi sistemində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 22 avqust 2025-ci il tarixdə, saat təxminən 17:30-da əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun ani mesajlama mübadiləsi sistemi vasitəsi ilə konumunu və şəklini çəkib göndərdiyi yerdən, yəni Qusar rayonu Həzrə kəndin ərazisində “Bəxtiyar” kafesinin yaxınlığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kibrit qutularını satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 22 avqust 2025-ci il tarixdə, saat 17:47-də isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, Qusar rayonu Həzrə kəndin ərazisində saxlanılmış və həmin gün saat 17:48-də videoçəkilişlə üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 6,286 qram və 6,732 qram olmaqla ümumilikdə 13,018 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, təxminən bir neçə ay əvvəl Rusiya Federasiyasının, Soçi şəhərində olan zaman ilk dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2025-ci ilin avqust ayın əvvəllərində Qusar rayonu Düztahir kəndində qayıtmış, 21 avqust 2025-ci il tarixdə isə qurudulmuş marixuanadan istifadə etmək qərarına gəlmiş, lakin uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün kənddə yaxın dostları olmamış, buna görə də, müxtəlif sosial şəbəkələrdə və platformalarda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri axtarmağa başlamışdır. 22 avqust 2025-ci il tarixdə günorta radələrində “TikTok” platformasında internet vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olan səhifə tapıb, həmin gün saat təxminən 13-14 radələrində orada qeyd olunan +7922-421-8669 nömrə ilə özünə məxsus ***-***-**-** NAR nömrəsində “Whatsapp” ani mesajlama sistemi vasitəsi ilə yazışmağa başlayaraq, adını bilmədiyi şəxsdən özü üçün ot, yəni narkotik vasitə marixauana istəmiş, adını bilmədiyi şəxs isə konum və yerin şəkillərini atacağını bildirərək, ona 120 manat müqabilində 2 kibrit qutusu verəcəyini, marixuananı təhvil aldıqdan sonra pulu ona göndərəcəyi bank kartına köçürməsini tələb etmiş, o da razı olmuşdur. 22 avqust 2025-ci il tarixdə, saat 16:53 radələrində adını bilmədiyi şəxs ona təkrar yazıb, narkotik vasitə olan qurulmuş marixuananı saxladığı yerin konumu və şəkillərini atmış, o, isə həmin gün saat 17 radələrində Qusar rayonu Həzrə kəndin ərazisində yerləşən “Bəxtiyar” kafesinin girişinə gəlib, narkotik vasitə gizlədilən yerin tapa bilmədiyi üçün, həmin şəxslə yazışmağa davam etmişdir. 22 avqust 2025-ci il tarixdə, saat 17:30 radələrində Qusar rayonu Həzrə kəndin ərazisində yerləşən “Bəxtiyar” kafesinin yaxınlığında kolluqların arasında içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutuları tapıb, ətrafda heç kimin olmadığını görüb, həmin kibrit qutularını götürərək, əynində olan göy rəngli cins şalvarın sağ cibində saxlayaraq, tək başına piyada həmin ərazidən uzaqlaşmaya başlamış və bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlamış, ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə polis əməkdaşları video çəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 avqust 2025-ci il tarixdə Qusar rayon sakini Təqsirləndirilən şəxs Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Qusar RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 avqust 2025-ci il tarixdə, saat 17:47-də Qusar rayonu Həzrə kəndin ərazisində “Bəxtiyar” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs piyada tək başına hərəkətdə olan zaman narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirərək, saxlanılmış, hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə ona məxsus olduğunu və “TikTok” platformasında tanış olduğu adını bilmədiyi şəxsdən əldə etdiyini etiraf etmişdir. Bundan sonra ekspertiza rəyindən məlum oldu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutularında ümumi çəkisi 13,018 qram narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə uyğun, eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2, Şahid1 ifadələrindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə uyğun, eyniməzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 23 avqust 2025-ci il tarixli 20/752 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 6,286 qram və 6,732 qram, ümumi təmiz çəkisi 13,018 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, həmin marixuana tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2025-ci il tarixli, 6267 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müalicəyə ehtiyacı yoxdur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 22 avqust 2025-ci il tarixdə, saat 17:47-də Təqsirləndirilən şəxs Qusar rayonu Həzrə kəndin ərazisində “Bəxtiyar” kafesinin yaxınlığında saxlanılmış və həmin gün saat 17:48-də videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd kibrit qutularında içərisində ümumi çəkisi 13,018 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar olunmuş və keçirilmiş əməliyyat-axtarış tədbirinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan əşyaya, diskə baxış keçirilməsi və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı 22 avqust 2025-ci il tarixdə, saat 17:47-də Təqsirləndirilən şəxs Qusar rayonu Həzrə kəndin ərazisində “Bəxiyar” kafesinin yaxınlığında saxlanılmış və həmin gün saat 17:48-də videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd kibrit qutularında içərisində ümumi çəkisi 13,018 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan 23 avqust 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 22 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona Qusar RPŞ-nin inzibati binasında fotoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun telefonunda “Whatsapp” ani mesajlama mübadilə sistemində +**********9 mobil nömrə ilə yazışmalar, təyinat yerinin konumu və fotoşəkillərin olması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan şəxs olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,978 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktı tədbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,978 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-111/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-111/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver