Məhkəmə qərarları › İş №1(029)-12/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-12/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-12/2021 07.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 21 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21.09.2020-ci il tarixdə Sumqayıt şəhərində köhnə “Boru Prokat” zavodunun həyətində istintaqa məlum olmayan mənbədən 02 bükümdə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış, daha sonra həmin narkotik vasitələri üzərində daşıyaraq həmin tarixdə saat 16 radələrində Qusar şəhəri H.Əliyev prospektində yerləşən “XİDİR” restoranına gəlmiş və saat 17:00 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, o, saxlanılaraq Qusar RPŞ-nə gətirilmiş, üzərinə “Şəxsi axtarış” keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, saxladığı və daşıdığı kustar üsulla hazırlanmış narkotik vasitə olan 02 (iki) ədəd bükümdə cəmi çəkisi 0,437 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ittihamda göstərilənləri və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəyə heç bir əlavəsi yoxdur. Hazırda “Hepatit C” və vərəm xəstəliyindən əziyyət çəkir, buna görə müalicələr alır. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, artıq 20 ildən çoxdur ki, narkotik vasitə olan heroin, kokos və patıdan istifadə etməkdədir. Həmişə narkotiki Bakı şəhərində “Papanin” adlanan yerdə tanımadığı şəxslərdən pul müqabilində əldə etmiş, lakin həmin şəxsləri dəqiq tanımamış, çünki hər dəfə müxtəlif insanlardan narkotik almışdır. 21.09.2020-ci il tarixdə saat 10 radələrində o, yaşadığı ünvandan çıxıb, Qusar şəhərinə gəlmək üçün Sumqayıt şəhər avtovağzalına gəlmiş, bu zaman Sumqayıt şəhərində yerləşən köhnə “Boru Prokat” zavodunun həyətində bükülü vəziyyətdə sellofan paket tapmışdır. O, həmin paketin içərisinə baxdıqda orada narkotik vasitələr olan 01 bükümdə şüşə, yəni patı, 02 bükümdə isə kokos olduğunu aşkar etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri tanımış və şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. Bundan sonra, həmin tarixdə, yəni 21.09.2020-ci il tarixdə saat 13 radələrində o, Sumqayıt şəhər avtovağzalından taksi ilə istirahət etmək üçün Qusar şəhərinə gəlmişdir. O, saat 16 radələrində Qusar şəhərinə çatmış və saat 17 radələrində şam yeməyi yemək üçün Qusar şəhərində yerləşən “XİDİR” restoranına gəlmiş, lakin şam yeməyi sifariş verməmiş Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qəfil restorana daxil olaraq onu Qusar RPŞ-nə gətirmişlər. Orada polis əməkdaşlarının, müdafiəçinin və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman onun sağ yan cibinə qoyduğu 02 ədəd bükümdə kakos və 01 ədəd kağız bükümdə metamfetamin aşkar olunmuş, bundan əlavə onun yan cibində olan təzyiq dərmanı olan “pristams” və “ventoru” aşkar edilərək ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Əlavə olaraq, o, demək olar hər gün inyeksiya usulu ilə narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, materialların məhkəmə ekspertizasının və məhkəmənarkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə şöbəyə məlumat daxil olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə həmin şəxs Qusar şəhəri Heydər Əliyev prospektində yerləşən “XİDİR” restoranına gəlmiş, o və Qusar RPŞ-nin digər əməkdaşları həmin restorana gedib Mahmudu şöbəyə aparmışlar. Orada Mahmudun üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən 2 büküm narkotik vasitə olan heroin, 1 büküm psixotrop maddə olan metamfetamin, həmçinin pristams və ventoru tabletləri aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2006-cı ildən DİO-da, 2020-ci ildən isə Qusar RPŞ-nin NMQ-nun baş inspektoru vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, saxlanması və daşınması, həmçinin onun 21.09.2020-ci il tarixdə Qusar şəhərində olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə 21.09.2020-ci il tarixdə Qusar şəhərinə gəlmiş Təqsirləndirilən şəxs Qusar şəhəri H.Əliyev prospektində yerləşən “XİDİR” restoranında şam yeməyi sifariş etdiyi zaman Qusar RPŞ-nin əməkdaşları polis mayoru Şahid3, Şahid2 və Sabir Mahmudovla birlikdə həmin restorana getmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olduğu üçün Qusar RPŞ-nə gətirmişlər. Qusar RPŞ-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və video çəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən 02 bükümdə heroin və 01 bükümdə metamfetamin narkotik vasitəsinə bənzər kütlələr, həmçinin pristams və ventoru tabletləri qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2005-ci ildən DİO-da, 2020-ci ildən isə Qusar RPŞ-nin NMQ-nun baş inspektoru vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, saxlanması və daşınması, həmçinin onun 21.09.2020-ci il tarixdə Qusar şəhərində olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə 21.09.2020-ci il tarixdə Qusar şəhərinə gəlmiş Təqsirləndirilən şəxs Qusar şəhəri H.Əliyev prospektində yerləşən “XİDİR” restoranında şam yeməyi sifariş etdiyi zaman Qusar RPŞ-nin əməkdaşları polis mayoru Şahid1, Şahid2 və Sabir Mahmudovla birlikdə həmin restorana getmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olduğu üçün Qusar RPŞ-nə gətirmişlər. Qusar RPŞ-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və video çəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən 02 bükümdə heroin və 01 bükümdə metamfetamin narkotik vasitəsinə bənzər kütlələr, həmçinin pristams və ventoru tabletləri qablaşdırılaraq ekspertizaya təqdim olunmasında ötrü götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş 21.09.2020-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, “Mahmud” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və yerin müşahidəsi aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 21 sentyabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:50-dən saat 18:05-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, axtarış üzrə əməliyyat müvəkkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 2 (iki) bükümdə tünd qara rəngli narkotik vasitəyə bənzər kütlələr və 1 (bir) ədəd kağız bükümdə toz halında narkotik vasitəyə bənzər kütlə, həmin şalvarın sağ yan iç cibindən sellofan paketdə 2 (iki) ədəd “baş ağrı” dərmanı kimi təqdim edilmiş dərman preparatı aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik kütlənin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 23.09.2020-ci il tarixli 4(029)- 27/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 6/1959 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N106” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərində ...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,094 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram və 0,225 qram, ümumi təmiz çəkisi 0,437 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd səthində “10/10” yazısı həkk olunmuş ağ rəngli bütöv tabletin tərkibində təsiredici maddə- asetamid preparatı və 01 ədəd sarımtıl rəngli tablet qırıntısının tərkibində təsiredici maddə-nimesulid preparatı müəyyən edildi. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Asetamid və Nimesulid preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının sıyahıları”na, habelə “Zəhərli maddələrin saiyahıları”na daxil deyildir. Həmin rəyin təsviri-əsaslandırıcı hisəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi-0.437 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq 0.397 qram. Metamfetaminin təmiz çəkisi-0.094 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0.044 qram. Ağ rəngli tablat-0.2 qram, tədqiqata sərf edildi-0.15 qram, qalıq-0.05 qram. Sarımtıl rəngli tablet qırıntısı-0.1 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.05 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli 6/1959 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 08.10.2020-ci il tarixli 2799 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 23 sentyabr 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan heroin, 0,044 qram psixotrop maddə hesab edilən metamfetamin, 0,05 qram ağ rəngli tablet və 0,05 qram sarımtıl rəngli tablet maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənovun 23 sentyabr 2020-ci il tarixli raportundan və eyni tarixli 110 saylı mədaxil qaiməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan heroin, 0,044 qram psixotrop maddə hesab edilən metamfetamin, 0,05 qram ağ rəngli tablet və 0,05 qram sarımtıl rəngli tablet Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil veriılmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 21 oktyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə mənbəsi müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Sumqayıt ŞPİ-nə göndərilmişdir. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan heroin, 0,044 qram narkotik vasitə hesab edilən metamfetamin, 0,05 qram ağ rəngli tablet və 0,05 qram sarımtıl rəngli tablet iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,094 qram psixotrop maddə olan metamfetamin cinayət tərkibi yaratmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, onun Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 29.09.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 23.12.2005ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30.10.2006-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09.10.2006-cı il tarixli qərarına əsasən həmin cəza 11 ay 01 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 07.06.2007-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 08.05.2007ci il tarixli Amnistiya haqqında qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, o, Sumqayıt şəhər məhkəməsinin 19.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 08.04.2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya haqqında qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli 5025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X3, 1997-ci il təvəllüdlü oğlu Məcid Nuriyevdən və 1999-cu il təvəllüdlü qızı Arzu Nuriyevadan ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxstisaslaşdırılmış Müalicə Müəssisəsinin 24.06.2021-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs “Sol ağciyərin yuxarı payının infiltrativ vərəmi, sağa səpələnmə mərhələsində, VM (+) pozitiv. “C” viruslu hepatit” kliniki diaqnozu ilə həmin müəssisədə müalicə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, iki ədəd bükümdə cəmi çəkisi 0,437 qram narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halı, xəstəliyini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər iki dəfə eyni qəbildən olan cinayət törətdiyinə görə məhkum olunmuş və buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 109 (yüz doqquz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan heroin, 0,044 qram psixotrop maddə olan metamfetamin, 0,05 qram ağ rəngli tablet və 0,05 qram sarımtıl rəngli tablet məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,397 qram narkotik vasitə olan heroin, 0,044 qram psixotrop maddə olan metamfetamin, 0,05 qram ağ rəngli tablet və 0,05 qram sarımtıl rəngli tablet məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar