Məhkəmə qərarları › İş №1(029)-12/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-12/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-12/2022 08.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1983-cü ildə Qusar rayonu Qılah-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış)-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayının əvvələrinədək olan müddət ərzində müxtəlif vaxtlarda həmkəndlisi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun məhkum olunmuş doğma oğlu Amil Qocayevin cəzasını azaldacağı adı ilə yalandan vəd verərək aldadıb, ondan digər oğulları Şahid1 və Şahid2 vasitəsilə hissə-hissə vahid niyyətlə cəmi 5.000 manat məbləğində nəğd pulu qanunsuz ələ keçirib dələduzluq etmişdir. Bundan sonra o, tanışı Sumqayıt şəhəri, 18-ci mkr, bina 1, mənzil 89-da yaşayan Zərərçəkmiş şəxs2 Qusar rayonu Qılah-oba kəndində 0.12 ha torpaq satacağı adı ilə yalandan vəd verərək, həmin şəxsdən Qusar şəhərində yerləşən “Xidir” restoranında 10.03.2021-ci il tarixdə 8000 manat pul almış, ancaq Zərərçəkmiş şəxs2 aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Həmin şəxsin oğlu Amilin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi olmuş, həmin şəxsin maddəsini dəyişərək ona yüngül cəza verilməsini təmin etmək üçün Nəcmuddinə kömək etmək istəmiş, bu məqsədlə 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Nəcmuddindən cəmi 5000 manat məbləğində pul almış, onun oğluna köməklik edə bilməmişdir. Nəcmuddindən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, ödəməli olduğu alimenti ödəmişdir. Belə ki, o, həyat yoldaşından boşanmış, üç azyaşlı uşaqları var və həmin uşaqların saxlanması üçün hər ay ondan aliment tutulur. Zərərçəkmiş şəxs1 ondan pulunu tələb etmiş, o, əvvəlcə həmin pulu qaytara bilməmiş, həmin şəxs ondan polisə şikayət etmiş və bundan sonra o, həmin pulu Nəcmuddinə qaytarmışdır. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs2 Qusar rayonu Qılah-oba kəndindən 0.12 ha torpaq sahəsi satacağı adı ilə həmin şəxsdən 8000 manat məbləğində pul almış, həmin torpaq sahəsini bələdiyyədən sənədlər düzəldib satmağı düşünmüş, lakin torpaq sahəsini Samirə satması alınmamışdır. Samir onun barəsində şikayət etdikdə isə həmin şəxsdən aldığı pulu da geri qaytarmışdır. Hazırda o, zərər çəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam ödəmişdir. Həmin şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. O, bağban kimi bağlarda fəhləlik edir, ağacların budanması ilə məşğul olur. Törətdiyi əməlindən peşmandır, himayəsində üç azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərə çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun oğlu Amil bir nəfər şəxsi bıçaqlayaraq cinayət hadisəsi törətmiş və buna görə oğlunu polis əməkdaşları saxlamışlar, barəsində cinayət işi başlanılmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs özü ona müraciət edərək bildirmişdir ki, Bakı şəhərində tanışları var, onların vasitəsi ilə oğlu Amilə köməklik edəcək, onun maddəsi dəyişdiriləcək və ona yüngül cəza veriləcəkdir. Bu məqsədlə Cavid ondan 5000 manat məbləğində pul istəmiş, o, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində Cavidə bir dəfə 3000 manat, daha sonra oğulları vasitəsi ilə hissə-hissə 2000 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pul vermişdir. Lakin, Cavid onun oğlu Amilə köməklik etməmiş, oğlunun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və oğlu Amilə 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Buna görə də, o, Cavidin barəsində polisə şikayət etmiş və Cavid ondan aldığı 5000 manat məbləğində pulun hamısını ona qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə 18.01.2022-ci il tarixli ərizələr verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş beş min manat ziyanı tam olaraq ödəmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də, həmin şəxsə həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ilin yanvar ayında Qusar şəhərinə ezamiyyətə gəlmiş, həmin vaxt kafelərin birində iş yoldaşları ilə birgə çay içən zaman Qusar rayonu Qılah-oba kənd sakini Cavidlə tanış olmuşdur. Tanış olan zaman Cavidlə bir-birilərindən mobil telefon nömrələrini almış, 2021ci ilin mart ayının əvvəllərində sonuncuya ev tikmək üçün Qusar rayonu ərazisindən torpaq almaq istəməsini söyləmişdir. Həmin vaxt Cavid yaşadığı Qusar rayonu Qılah-oba kəndində özünə məxsus torpaq sahəsini razılaşma yolu ilə sata biləcəyini söyləyib torpağa baxmasını təklif etmişdir. Buna görə də Cavidin torpaq sahəsinə baxmaq üçün 08.03.2021-ci il tarixdə Qusar rayonu Qılah-oba kəndinə gəlmiş, orada sonuncu ilə görüşmüş, daha sonra Cavid həmin kəndin mərkəzində 0.12 ha torpaq sahəsini göstərərək 8000 manat məbləğə satacağını demiş, şifahi razılaşma əsasında torpağın sənədləşdirmə işini də sonuncu öz öhdəsinə götürmüşdür. Bununla bağlı 10.03.2021-ci il tarixdə təxminən saat 15-16 radələrində Qusar şəhərində yerləşən “Xıdır” adlanan restoranda Cavid ilə görüşmüş, görüş zamanı həmin restoranda kabinetlərin birində razılaşdıqları qaydada, 100 manatlıq əskinazlarla ona 8000 manat pul sayaraq vermişdir. Hətta Cavid həmin vaxt torpaq sahəsini sənədləşdirməkdən ötrü onun şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Bundan təxminən bir həftə vaxt keçmiş, Caviddən heç bir xəbər çıxmamış, buna görə o, sonuncuya zəng etmiş, torpağın sənədləşmə işinin nə yerdə qalmasını soruşduqda cavabında gözləməsini və qısa müddət ərzində torpağın sənədlərinin tam təsdiqlənəcəyini bildirmişdir. Bir müddət gözlədikdən sonra Cavid bir daha telefon zəngələrinə cavab verməmiş, buna görə də onun yaşadığı ünvana getmiş, yenə onu tapa bilməmiş, tapa bilmədiyindən sonuncunun fikirinin torpaq sahəsini satmaq olmadığını anlamış, torpaq satmaq adı ilə 8000 manat pul alıb aldatmaqla dələduzluq etmək olmuşdur. Buna görə də bu barədə Qusar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə Qusar rayon Notariat ofisi tərəfindən təsdiqlənmiş 04.11.2021-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bütün borclarını ödəmiş, ona qarşı heç bir iddiası qalmamış, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 Nəcmuddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hal-hazırda 10 il 6 ay cəza çəkilməsinə məhkum edilərək cəzaçəkmə müəssisəsində cəza çəkən Amil Qocayev doğma qardaşıdır. 2020-ci ilin noyabr ayında gedən istintaq proseslərində Amilə köməklik etmək üçün həmkəndlisi Cavid 2020-ci ilin noyabr ayının 2-də, atası Nəcmuddinə yaxınlaşaraq Amili cəzaçəkməkdən qurtara biləcəyini, bu işlə əlaqədar tanışlarının olduğunu söyləmişdir. Həmin vaxt atası Cavidə inanmış, sonuncu Bakıya gedib lazımı yerlərlə danışıq aparacağını, bunun üçün ona 300 manat pul lazım olacağını söyləmişdir. Bundan sonra Cavidlə birlikdə Bakı şəhərinə getmiş, ona getməmişdən əvvəl 300 manat pul da vermişdir. Həmin dövr ərzində Cavid Bakı şəhərində əlavə olaraq hissə-hissə 1000 manat pul almış, bundan sonra 2020-ci ilin noyabr ayının 22-si və 23-ü tarixlərində qardaşı Kamilə zəng vuraraq, Cavidə 3000 manat pul verməsini, onun artıq qardaşlarının işini düzəltmək üzrə olmasını demiş, qardaşı Kamil həmin vaxt atası Nəcmuddindən pulu alaraq Cavidə vermişdir. Həmin vaxt Cavid telefonla zəng edərək kənddə olduğunu, artıq işlərin yekunlaşdığını bildirərək 3000 manat pul lazım olmasını söyləmişdir. Bununla yanaşı Cavid müxtəlif vaxtlarda qapılarına gələrək işlə bağlı lazım olduğundan atasından icazəsini almaqla hissə-hissə qardaşı Kamildən 700 manat pul almışdır. Şahid1 Nəcmuddin oğlu məhkəməyə 17.01.202-ci il tarixli teleqram göndərərək göstərmişdir ki, o, məhkəmə iclasına gələ bilmir, atasının verdiyi ifadə ilə razıdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Nəcmuddin oğlu ilə analoji ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 08.02.2022-ci il tarixli 34 saylı məktubdan görünür ki, Şahid2 26.01.2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdədir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cavid onun doğma oğludur və onunla birlikdə Qusar rayonu Qılah-oba kəndində yaşayır. 2021-ci ilin iyun ayında doğma oğlu Şahinlə birlikdə hərbiçi işləmiş Samir yaşadığı evə qonaq gələrək ona və həyat yoldaşı Vidadiyə oğulları Cavidin ona 2000 manat pul borclu olmasını, həmin pulun qaytarılmasının vaxtı çatdığını bildirmişdir. Bu vaxt Vidadinin Samirə cavabında imkanı olmadığını, oğlu Cavidin borcu ilə əlaqədar özü ilə görüşməsini və pulunu istəməsini məsləhət bilmişdir. Hamin vaxt Samir, Cavidin telefon zənglərinə cavab vermədiyini, Cavidlə əlaqə saxlamağa çalışsa da tapa bilmədiyini, sonuncunun müxtəlif bəhanələr gətirərək onu aldatmasını söyləmişdir. Bundan sonra Vidadi, Samirə bir daha xoşluqla pul olmamasını söyləmiş, hətta ona, Cavidin özü az-az borcunu qaytaracağını demiş, həmin vaxt getməyə hazırlaşan Samir isə qapıdan çıxan zaman “məndən günah getdi, siz mənim dalımca gələcəksiz, mən sizin dalınızca gəlməyəcəm” demişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 ilə analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sərkər və Cavid onun həmkəndliləridir və hər iki şəxslə münasibəti yaxşıdır. Belə ki, o, 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərinə iş axtarmaq məqsədilə getmək istəmiş, bu barədə söhbət əsnasında sinif yoldaşı Sərkərə bildirmiş, sonuncu da Bakı şəhərinə Cavidlə birlikdə gedəcəyini söyləyərək, ona da gəlməsini təklif etmişdir. Həmin vaxt onlar taksi ilə Bakı şəhərinə getmiş, Sərkər qardaşının işi ilə əlaqədar Cavidlə birlikdə Bakı şəhərində vəkil yanına getmiş, onlar vəkil bürosuna daxil olub yenidən oradan çıxdıqdan sonra onlardan ayrılaraq öz işinin dalınca getmiş və bundan başqa heç nədən xəbəri olmamışdır. İş materiallarında olan Qusar rayonu Qılah-oba kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, onun oğlu Amil Qocayevi cəza çəkmə müəssisəsindən azad etdirəcəyini vəd edərək həmkəndlisi Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında digər oğlu Kamildən 5000 manat alaraq dələduzluq edərək onları aldatmışdır. Həmin puldan 1500 manatı qaytarsa da, qalan 3500 manat pulu müxtəlif bəhanələr gətirərək bu günə qədər verməmişdir. Ona görə də, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 14.07.2021-ci il tarixli ərizədən görünür ki, 10.03.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində Qusar şəhər ərazisində əvvəllər tanıdığı Qusar rayonu Qılah-oba kənd sakini X12 yaşadığı kənd ərazisində 12 sot torpaq sahəsini ona satacağını vəd edərək ondan 8000 manat pul almış, lakin bu günə kimi sonuncu, torpaq sahəsini adına sənədləşdirməmiş, nədəki pulunu geri qaytarmamışdır. Cavid Əliyev ona torpaq sahəsi satmaq adı ilə 8000 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 01.11.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 14:00-dan saat 15:00-dək Qusar rayonu Qılah-oba kəndində yerləşən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 satılması təklif olunmuş torpaq sahəsinə Qusar RPŞ-nin İBnin baş müstəntiqi polis mayoru X9 tərəfindən Zərərçəkmiş şəxs2, Qusar rayon Qılah-oba bələdiyyəsinin sədri vəzifəsində işləyən X6, X7, X1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsinin kəndin mərkəzində mağazanın yaxınlığında 3 yol deyilən yerdə olduğu müşahidə edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 əli ilə yeri bir daha göstərərək həmin yerin Cavidə məxsus olmasının sonuncu tərəfindən ona deyilərək yerin satılacağı vədini verməklə 8000 manat pul alınmasını təsdiq etmişdir. Baxış zamanı kənd bələdiyyəsinin sədri Pərvin Eldarov torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olmasını bildirərək Təqsirləndirilən şəxs aid olmadığını söyləmişdir. Baxış zamanı həmin torpaq sahəsinin kənarlarının hasarlanması və yanından yolun keçməsi müəyyən edilmişdir. Baxış keçirilən zaman torpaq sahəsinin foto şəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Qusar rayonu Gılahoba bələdiyyəsi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs özünə aid olduğunu bildirərək satmaq istədiyi 0.12 ha torpaq sahəsi Qusar rayonu Gilahoba bələdiyyəsinə məxsusdur. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 31 avqust 2021-cu il tarixli qərarından görünür ki, həmin tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X8 dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin qərarla müdafiəçisi Ramiz Aydayevin iştirakı ilə tanış olmuşdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi 24 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona borclu olması barədə məlumat vermişdir. Borclu Təqsirləndirilən şəxs onun bütün borclarını ödəmişdir. Ona qarşı heç bir iddiası qalmamışdır və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Gilah oba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 07.05.2012-ci il təvəllüdlü Nuray, 22.10.2013-cü il təvəllüdlü Zəhra və 10.04.2017-ci il təvəllüdlü Fidan adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 07 may 2012-ci il tarixdə anadan olmuş X3, 22 oktyabr 2013-cü il tarixdə anadan olmuş X4 və 10 aprel 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub X2 verilməsi qət edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayının əvvələrinədək olan müddət ərzində müxtəlif vaxtlarda həmkəndlisi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun məhkum olunmuş doğma oğlu Amil Qocayevin cəzasını azaldacağı adı ilə yalandan vəd verərək aldadıb, ondan digər oğulları Şahid1 və Şahid2 vasitəsilə hissə-hissə vahid niyyətlə cəmi 5.000 manat məbləğində nəğd pulu qanunsuz ələ keçirib dələduzluq etməsi; bundan sonra tanışı Sumqayıt şəhəri 18-ci mkr, bina 1, mənzil 89-da yaşayan Zərərçəkmiş şəxs2 Qusar rayonu Qılah-oba kəndində 0.12 ha torpaq satacağı adı ilə yalandan vəd verərək, həmin şəxsdən Qusar şəhərində yerləşən “Xidir” restoranında 10.03.2021-ci il tarixdə 8000 manat pul alması, ancaq Zərərçəkmiş şəxs2 aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində 3 azyaşlı uşağın olması; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışıq əldə olunmasını, sonuncuların həmin şəxsə qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsiin, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutularaq 29 avqust 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək 2 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Qılah-oba kəndindəki evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq 29 avqust 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən 04 (dörd) gün müddət çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Qılah-oba kəndindəki evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar