Məhkəmə qərarları › İş №1(029)-12/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-12/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-12/2023 14.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş(Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 04 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilərək onun barəsində CM-nin 70-ci maddəsi tətbiq etməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş) barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Qusar şəhəri Elza İbrahimova küçəsi ev 1A ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Tibb məntəqəsinin kiçik tibb bacısı vəzifəsində mülki işçi kimi işləyərkən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının sonlarında tanış olduğu Qusar rayonu Əniğ kənd sakini Zərərçəkmiş şəxs Talib oğluna öz qulluq mövqeyindən istifadə etməklə özünün geniş əlaqələrinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyində, onun ayrı-ayrı qurumlarında yüksək vəzifələrdə, general rütbəsində xidmət edən, eləcə də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininin tanışı olduğunu, öz tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından İİ Qarabağ Müharibəsində yaralanma haqqında şəhadətnamə almaq imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün Müdafiə Nazirliyində işləyən vəzifəli şəxslər olan tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin yanvar ayının sonlarında, səhər saatlarında Zərərçəkmiş şəxs Qusar şəhərində yerləşən N nömrəli hərbi hissənin yaşayış fondu olan Hərbi şəhərcikdə həmin vaxt bu yaşayış fondu üzrə komendant vəzifəsində işləmiş Şahid3 iş otağında Zərərçəkmiş şəxs atası X3, həmkəndlisi Şahid2 yanında 2.500 (iki min beş yüz) manat məbləğində nağd pul vəsaitini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavini olan tanışına verəcəyini deyib almaqla, eyni niyyətlə 02 fevral 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin içərisində Talib Babacanovun yanında 3.500 (üç min beş yüz) manat məbləğində nağd pul vəsaitini Mərkəzi Hərbi Həkim Komissiyasının üzvlərinə verəcəyini deyib almaqla şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissəsinin Tibb məntəqəsində kiçik tibb bacısı vəzifəsində mülki işçi kimi işləmiş, ştatların ixtisara düşməsinə görə işdən azad olunmuşdur. 2021-ci ilin təxminən yanvar ayının sonlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N nömrəli hərbi hissənin yaşayış fondu olan Hərbi şəhərcikdə həmin vaxt komendant vəzifəsində işləmiş tanışı Şahid3 iş otağına gedərkən onun yanında sonradan tanıdığı Zərərçəkmiş şəxs Talib oğlu, X3 və Şahid2 adlı şəxslərin olduqlarını görmüşdür. Onlar, Şahid3 və özü birlikdə söhbət etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, İİ Qarabağ Müharibəsində iştirak edib Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yaralanıb, banka olan kreditinin silinməsi məqsədi ilə əlillik dərəcəsinin təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından yaralanma, yəni xəstəlik haqqında şəhadətnamə almaq istəyir. Zərərçəkmiş şəxs ona həmin şəhadətnaməni almaq üçün 3 dəfə müraciət etməsinə baxmayaraq aldığı yaranın əlillik dərəcəsinin təyin edilməsi üçün yetərli olmadığından yaralanma haqqında şəhadətnamə ala bilmədiyi demişdir. Zərərçəkmiş şəxs həmçinin İİ Qarabağ Müharibəsində onu bir neçə dəfə cəbhə bölgələrində gördüyünü bildirmişdir. Həqiqətən də müharibə vaxtı oradakı tibb işçilərinə kömək etmək üçün cəbhə bölgələrinə getsə də, Zərərçəkmiş şəxs tanımamışdır. Onunla Qusar şəhərində yerləşən Hərbi şəhərcikdə söhbət edən zaman onun üçün Hospitaldan yaralanma haqqında şəhadətnamə alacağını, bu işin qiymətinin 10.000-12.000 manat olmasına baxmayaraq müharibə iştirakçısı olduğundan 6.000 manata həll edəcəyini, pulu hissə-hissə alacağını bildirmişdir. Zeynal və atası Talib ondan həmin işi necə və kimin vasitəsi ilə həll edəcəyini soruşmuşlar. Özü isə onlara Müdafiə Nazirliyində, ayrı-ayrı qurumlarında yüksək vəzifəli tanışları olduğunu, həmçinin uzun müddət MN-nin N nömrəli hərbi hissəsində tibb bacısı işlədiyinə görə Mərkəzi Hərbi Klinik Hospitalda müalicə və əlillik prosedurlarının necə keçirildiyini bildiyi üçün onlara ətraflı məlumat vermişdir. Onlar da inanmışlar. Həmçinin iş gördüyü adamın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavini, mayor rütbəli şəxs olduğunu, aldığı pulu da ona verib onun vasitəsi ilə bu işi həll edəcəyini onları özünə inandırmaq üçün demişdir. Onlara heç bir şəxsin adını, soyadını deməmişdir. Təxminən 4-5 gün sonra, 2021 -ci ilin təxminən yanvar ayının sonlarında Qusar şəhərində yerləşən Hərbi şəhərciyin ərazisində komendant Şahid3 iş otağında yenidən görüşmüşlər. Həmin vaxt orada özündən başqa Zərərçəkmiş şəxs, Talib Babacanov, Şahid2 və Şahid3 olmuşlar. Sonradan Abrik onlardan bir qədər uzaqlaşmışdır. Zeynal orada ona əlbəəl 2.500 manat pul vermişdir. Özü Zeynala həmin pulu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavini, mayor rütbəsində xidmət edən tanışına verəcəyini, həmin şəxsin onu ilkin qeydiyyata alacağını bildirmişdir. Qalıq qalan 3.500 manat pulu isə Zərərçəkmiş şəxs özü ilə Bakı şəhərinə aparıb Mərkəzi Hərbi Həkim Komissiyasının üzvlərinə özünün şəxsən verəcəyini demişdir. Lakin Zeynal razı olmamış, həmin işi də onun görməsini xahiş etmişdir. Özü də razılığını vermişdir. Təxminən 5-7 gün sonra, yəni 2021-ci ilin fevral ayının əvvəllərində özü Zeynal və atası Talıbla N nömrəli hərbi hissənin X2 görüşmüşlər. Həmin vaxt Zeynal ona əlbəəl 3.500 manat nağd pul vermişdir. Bu pulu alıb Mərkəzi Hərbi Həkim Komissiyasının üzvlərinə verəcəyini, yaxın müddət ərzində onu Hospitala çağıracaqlarını demişdir. Onlar da çıxıb getmişlər. Ondan şəxsiyyəti haqqında və tibbi sənədlərini götürüb yenidən özünə qaytarmışdır. Zərərçəkmiş şəxs yaralanma, yəni xəstəlik haqqında şəhadətnamə alınmasında köməklik göstərəcəyi adı ilə aldığı cəmi 6.000 (altı min) manat məbləğində pulu öz şəxsi məqsədləri üçün xərcləmiş, söz verdiyi işi isə həll edə bilməmiş, Zeynal hər dəfə maraqlandıqda ona müxtəlif bəhanələr gətirmişdir. Ondan aldığı pulları heç kimə verməmiş, hamısını özü üçün xərcləmişdir. İstifadəsində olan “070 299-27-17'' saylı və əvvəllər istifadəsində olmuş “077 568-89-78”, “077 528-39-68” saylı mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs Talib oğlunun istifadəsində olan “077 347-03-69”, X1 istifadəsində olan “077 522-27-82”, “050 423-02-31” saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Zeynaldan 6.000 manat pul almış, heç bir iş görmədiyi üçün bir neçə ay sonra Zeynal ondan aldığı pulu geri qaytarmasını tələb etmişdir. Özü də sonradan onun pulundan hissə-hissə olmaqla, cəmi 2.000 manat pul qaytarmış, qalıq qalan 4.000 manat pulu isə maddi vəziyyəti yaxşı olmadığından qaytara bilməmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavini, mayor rütbəli şəxsin tanışı olduğunu, aldığı pulu da ona verib onun vasitəsi ilə bu işi həll edəcəyini sözlə desə də, onu özünə inandırmaq, maraqlandırmaq üçün yüksək rütbəli, vəzifəli şəxsləri tanıdığını yalandan bildirmişdir. Ancaq ondan aldığı pulları heç bir vəzifəli və ya digər şəxsə verməmiş, hamısını öz şəxsi məqsədləri üçün xərcləmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Talib oğlu ifadəsində göstərdi ki, İİ Qarabağ Müharibəsi iştirakçısıdır. 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən təcavüzkar müharibənin başlanılması ilə əlaqədar həmin tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmətinə Füzuli rayonu Kərimbəyli kəndində başlamış, Füzuli rayonunun düşməndən azad edilməsində iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq “barotravma, daxili qanaxma, sidik yollarının zədələnməsi, sol diz oynağının yaraları” xəsarətlərini almışdır. Xəsarət aldıqdan sonra komandirləri tərəfindən ilkin tibbi yardım göstərilərək 10 gün ərzində Füzuli Hospitalı. Biləsuvar rayon Mərkəzi Xəstəxanası və Mingəçevir Hospitalında müalicə olunmuşdur. 25 dekabr 2020-ci il tarixdə Qusar şəhərində yerləşən N saylı hərbi hissəyə qayıtmış, xx.xx.2021-ci il tarixdə isə tərxis edilmişdir. Müharibədən əvvəl Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan "xxxx" MMC-də avto-çilingər vəzifəsində işləmiş, müharibədən sonra isə səhhəti imkan vermədiyi üçün işinə qayıda bilməmişdir. Orada işləyən zaman öz şəxsi işləri ilə bağlı "Express Bank” ASC-nin Qusar filialından 3500 manat məbləğində kredit götürmüşdür. Müharibədə olan müddət ərzində bank tərəfindən qalıq 2700 manat borcu müvəqqəti olaraq dayandırılmışdır. Müharibədən qayıtdıqdan sonra isə “Express Bank“ ASC-nin baş ofisindən onun mobil telefon nömrəsinə zəng edilərək müharibədə yaralanma haqqında şəhadətnamə təqdim etdiyi təqdirdə banka olan borcunun “Yaşat” fondu tərəfindən ödəniləcəyi bildirilmişdir. Bundan sonra yaralanma, yəni xəstəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına üç dəfə getmişdir. Orada müalicə olunduqda, ona əlillik dərəcəsinin təyin edilməsinə əsas olmadığı bildirilmişdir. Bundan sonra həmkəndlisi və qonşusu Şahid2 ilə söhbət edən zaman bu məsələni ona danışıb köməklik etməsini xahiş etmişdir. O, da kömək edəcəyini bildirmişdir. Təxminən 21 yanvar 2021-ci il tarixdə, səhər saatlarında Şahid2 bu məsələ ilə əlaqədar sonradan tanıdığı Şahid3 adlı şəxslə danışacağını deyib Qusar şəhərinə getməli olduqlarını bildirmişdir. Ona görə də özü atası X3 və həmkəndliləri Şahid2 Qusar şəhərində yerləşən Hərbi şəhərciyə gedib orada Şahid3lə görüşmüşlər. Şahid3 İİ Qarabağ Müharibəsində iştirak edib yaralanmasına dair xəstəlik haqqında şəhadətnamə almaqda köməklik etməsini dedikdə, tanışı olan Qusar şəhər sakini Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini demiş və zəng edib onu çağırmışdır. Təxminən 20-30 dəqiqə sonra Təqsirləndirilən şəxs yanlarına getmişdir. Özü, atası Talib Babacanov həmkəndlisi Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs bu mövzuda söhbət etmişlər. Söhbət zamanı Samirəyə məsələni danışıb İİ Qarabağ Müharibəsində yaralanma, yəni xəstəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara N saylı hərbi hissədə işlədiyini, geniş əlaqələri olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifələrdə, general rütbəsində xidmət edən tanışları olduğunu bildirmişdir. Onun işini də vəzifəli şəxslər olan tanışları vasitəsi ilə həll edəcəyini dedikdə özü də ona inanmışdır. Samirənin sözlərindən, danışığından Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalı və əllilik almaq üçün gedən bütün proseslər barədə ətraflı məlumatının olduğunu düşünmüşdür. Həmçinin İİ Qarabağ Müharibəsində iştirak etdiyi müddətdə Samirəni cəbhə bölgələrində təxminən 3-4 dəfə görmüşdür. Lakin onunla tanışlığı olmadığından ünsiyyətdə olmamışdır. Hərbi şəhərcikdə olan zaman Samirədən özü üçün müharibədə yaralanma haqqında şəhadətnamə almaq məqsədi ilə nə qədər pul lazım olacağını soruşmuş, o isə bu işin qiymətinin 10.000-12.000 manat olduğunu, lakin onun üçün 6.000 manata həll edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs bu pulu ondan hissə-hissə alacağını, onu təkrar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına göndərib, onun üçün müharibədə yaralanma haqqında şəhadətnamə alacağına söz vermişdir. Təqsirləndirilən şəxs həmin işi kimin vasitəsi ilə və necə görəcəyini soruşmuş, o da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininin özünün tanışı olduğunu, həmin şəxsin zampalit, yəni psixoloji təminat üzrə müavin olduğunu, mayor rütbəsində xidmət etdiyini, aldığı pulu da ona verib bu işi həll edəcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs onun işini 8 ay ərzində mərhələ-mərhələ olmaqla həll edəcəyini, 8 ay sonra ona yaralanma haqqında şəhadətnamənin, həmçinin birdəfəlik sığorta pulu olan 6.600 manat məbləğində pulun veriləcəyini bildirmişdir. Özü də ona inanıb etibar edərək razılaşmışlar. Samirə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininə vermək üçün əvvəlcə 2.500 manat pul verməli olduğunu bildirdiyindən, lakin özündə bu məbləğdə pul olmadığından dayısı Şahid4 borca pul almışdır. Təxminən 5 gün sonra, yəni 2021-ci ilin yanvar ayının axırlarında, səhər saatlarında özü, atası Talib Babacanov, həmkəndliləri Şahid2 birlikdə Qusar şəhərində yerləşən Hərbi şəhərciyə gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Şahid3 də yanlarında olmuşdur. Orada özü Samirəyə 2.500 (iki min beş yüz) manat nağd pul vermişdir. Samirə də həmin pulu tanışı olan MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininə verəcəyini, həmin şəxsin onu qeydiyyata alacağını bildirmişdir. Samirə bundan əlavə ona 3.500 manat pul da verməli olacağını, həmin pulun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzvlərinə çatacağını, vaxtı çatdıqda onu Bakı şəhərinə aparacağını, bu pulu üzvlərə özünün verəcəyini demişdir. Özü isə həmin şəxsləri tanımadığı üçün pulu Samirənin özünə verməsini bildirmişdir. Samirə də bu pulu ondan alıb komissiya üzvlərinə özünün verəcəyini demişdir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsi, hərbi bileti və müharibədə iştirak edib yaralanmasına dair tibbi sənədləri götürüb işini həll edəcəyini vəd etmiş, sonradan isə sənədlərini özünə qaytarmışdır. Təqsirləndirilən şəxs yaralanma haqqında şəhadətnamənin alınması barədə verdiyi vədə görə ondan əlavə 3.500 manat məbləğində pul da istədiyindən özü pulunun üstünü düzəltmək üçün bir daha dayısı Şahid4 borca pul almışdır. 02 fevral 2021-ci il tarixdə, günorta saatlarında özü və atası X7 şəhərinə gedib N saylı hərbi hissənin nəzarət buraxılış məntəqəsinin içərisində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada ona 3.500 (üç min beş yüz) manat nağd pul vermişdir. Pulu Samirəyə verən zaman o, bildirmişdir ki, bundan əvvəl aldığı 2.500 manat pulu MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininə vermiş, həmin vəzifəli şəxs də onu ilkin qeydiyyata almışdır, təxminən 20-30 gün ərzində onu Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına dəvət edəcəklər. Özü də bir daha ona inanmışdır. İstifadəsində olan "077 347- 03-69“ saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "070 299-27- 17“, “077 568-89-78”, “077 528-39-68“ saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Ona hər ay zəng edib soruşan zaman müxtəlif bəhanələr gətirərək yalandan növbəti ay onu Mərkəzi Hərbi Klinik Hospitala çağıracaqlarını bildirmişdir. 5 ay gözləsə də, onu heç bir yerə çağırmamışlar. Təqsirləndirilən şəxs ondan 6.000 (altı min) manat pul alıb yaralanma, yəni xəstəlik haqqında şəhadətnamə veriləcəyini vəd etsə də, sonradan onun heç bir iş görməyərək onu aldatdığını başa düşmüşdür. Ona görə də 2021ci ilin iyul ayından etibarən ondan pulunu tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş olan 6000 manat maddi ziyandan 2900 manat ödənildiyini, öz aralarında pulun hissə-hissə ödənilməsi razılığa gəlindiyini, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Talib oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Talib oğlu onun bacısı oğludur. Zeynal ondan krediti ödəmək məqsədi ilə altı min manat pul götürmüşdür. Zeynal bankdan nə qədər pul götürdüyünü bilməmişdir Sonradan aldığı pulun bir hissəsini ona qaytarmışdır, qalan hissəsi isə qaytarmamışdır. O,Samirəni tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zeynal Samirəyə pul verməsi məqsədi ilə ondan pul götürməsini təsdiq etmir, o, Samirəni heç tanımır, Zeynal ondan kredit borcunu bağlamaq üçün pul almışdır. İbtidai istintaq zamanı könüllü ifadə vermişdir, ona hər hansı psixi və fiziki təsir olmamışdır. Məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Talib oğlu bacısı Əsmayə Babacanovanın oğludur. Onunla aralarında mehriban münasibətlər vardır, əvvəllər hər hansı mübahisə, münaqişə və ya dava-dalaşları olmamışdır. Təqsirləndirilən şəxs Qusar şəhər sakini kimi tanıyır. Onunla aralarında düşmənçilik və ya ədavət yoxdur. Bacısı oğlu Zərərçəkmiş şəxs Talib oğlu İİ Qarabağ Müharibəsində iştirak edərək yaralanmış, hərbi xidmətdən tərxis edildikdən sonra isə yenidən Qusar rayonu Əniğ kəndinə qayıdıb orada ailə üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. O, müharibəyə getməzdən əvvəl "xxxx" ASC-nin Qusar filialından kreditə pul almış, lakin kredit borclarını ödəyib qurtarmamışdır. Müharibədən qayıtdıqdan sonra isə ona müharibədə yaralanma haqqında şəhadətnamə təqdim edəcəyi təqdirdə borcunun “Yaşat” fondu tərəfindən ödəniləcəyi bildirilmişdir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gedib orada müalicə olunsa da, yaralanma haqqında şəhadətnamə ala bilməmişdir. Sonra isə Zərərçəkmiş şəxs həmkəndliləri Şahid2 ilə söhbət edən zaman ona bu barədə danışmış, onun vasitəsi ilə Qusar şəhərində yerləşən Hərbi şəhərcikdə komendant işləyən Şahid3 adlı şəxslə tanış olmuş, onun vasitəsi ilə isə N saylı hərbi hissənin Tibb məntəqəsində kiçik tibb bacısı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. 2021-ci ilin təxminən yanvar ayında Zərərçəkmiş şəxs bu məqsədlə Təqsirləndirilən şəxs müraciət edib onunla danışmış, Təqsirləndirilən şəxs da ona vəzifəli tanışlarının, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininin özünün tanışı olduğunu deyib müharibədə yaralanma haqqında şəhadətnamə alınması üçün ondan ilkin olaraq 2.500 manat pul istəmişdir. Özünə bu barədə Zeynal və onun atası Talib danışmışlar. Zeynalın bu pulu verməyə maddi imkanı olmadığından borca pul istəmiş, özü də dayı kimi ona kömək etmək istədiyi üçün borc olaraq həmin məbləğdə pulu vermişdir. Zeynal ondan bu pulu aldıqdan sonra Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra isə Zeynal ona bildirmişdir ki, Samirə onun işini həll etmək üçün 3.500 manat məbləğində pul da istəyir, lakin özünün bu pulu verməyə maddi imkanı çatmır. Ona görə də bir daha bacısı oğlu Zərərçəkmiş şəxs borca pul vermişdir. Zeynal ondan 3.500 manat pulu borca aldıqdan sonra həmin pulu da Samirəyə verdiyini bildirmişdir. Samirə bacısı oğlu Zeynaldan onun üçün müharibədə yaralanma haqqında şəhadətnamə alacağı adı ilə özünə inandırıb 6.000 manat məbləğdə pul almışdır. Zeynaldan eşitdiyi qədər, Təqsirləndirilən şəxs ondan bu pulu alan zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininə və komissiya üzvlərinə verəcəyini deyib özünə inandırmışdır. Sonradan isə onun işini düzəltməmişdir. Samirə bacısı oğlu Zeynalın etibarından sui-istifadə edərək onu aldadıb 6.000 manat məbləğdə pulunu ələ keçirmişdir. Zeynal və onun atası Talib Samirə tərəfindən aldadıqlarını başa düşdükdən sonra onunla dəfələrlə əlaqə saxlayıb pullarını geri qaytarmasını istəmişlər. Samirə isə sonradan onlara 2.000 manat pul qaytarmışdır. Zeynal da ondan borca aldığı pula görə 2.000 manat pulu ona qaytarmışdır. Bacısı oğlu Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sədr müavininə və komissiya üzvlərinə verəcəyinə demişdir. Məhkəmə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini inandırıcı, iş materiallarına uyğun hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər N saylı hərbi hissənin Tibb məntəqəsinin kiçik tibb bacısı kimi iş yoldaşı olaraq tanımışdır. Zərərçəkmiş şəxs Talib oğlunu isə sonradan tanışı Şahid2 vasitəsi ilə tanımışdır. 2021-ci ilin təxminən yanvar ayında tanışı Şahid2 ona İİ Qarabağ Müharibəsində iştirak edərək yaralanmış tanışı olduğunu, həmin şəxsin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında həkim tanış axtardığını demişdir. Həmin vaxtlarda N saylı hərbi hissənin yaşayış fondu olan Hərbi şəhərcik üzrə komendant vəzifəsində işləmişdir. Hərbi şəhərciyin ərazisində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1-ci mənzili qonaq evi hesab edilmişdir. Özünün iş otağı da bu mənzildə yerləşmişdir. Şahid2, müharibədə iştirak edib yaralanmış şəxs Zərərçəkmiş şəxs Talib oğlu, onun atası Talib Babacanov özünün iş yerinə getdilər. Özü Zeynal, Talib və Elşad iş otağında görüşmüşdür. Onlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında həkim axtardıqlarını bildirmişdir. Ona görə də N saylı hərbi hissənin Tibb məntəqəsinin kiçik tibb bacısı Təqsirləndirilən şəxs ora çağırmışdır. Bundan sonra onların aralarında danışıqlar olmuşdur. Samirə Zeynala tanışları olduğunu demiş, onun işini həll edə biləcəyinə söz vermişdir. Özü Samirənin sözlərinə cavabdehlik daşımadığı üçün orada demişdir ki, burada mənlik bir şey yoxdur. Əvvəlcədən belə demişdir ki, gələcəkdə onların aralarında hər hansı narazılıq yaransa, ortada qalmasın. Onların danışıqları özünə maraqlı olmadığı üçün söhbətlərinə tam şəkildə qulaq asmamış, onlardan uzaqlaşmışdır. Zeynal, Talib, Elşad və Samirə söhbət edərkən özü də onların yanında olsa da, az bir müddət sonra onlardan uzaqlaşmış, ona görə də bütün söhbətlərini eşitməmişdir. Bundan sonra Zeynal, Talib, Elşad, Samirə bir də onun iş otağına gedib bu mövzuda söhbətləşdilər. Sonradan bilmişdir ki, orada Samirə müharibədə yaralanma haqqında şəhadətnamə alacağı adı ilə Zeynaldan 2.500 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxsla şəxsən tanışlığı olmadığı üçün sonradan onunla görüşməmiş, söhbətləşməməmişdir. Ona görə də sonradan Samirə ilə aralarında nə danışıqların olmasından məlumatı olmamışdır. Daha sonra bilmişdir ki, Samirə Zeynalı aldadaraq onun pulunu ələ keçirmiş, verdiyi vədə əməl etməmişdir. Samirə müharibədə yaralanma haqqında şəhadətnamə alacağı adı ilə Zeynaldan ümumilikdə 6.000 manat məbləğində pul alıb ələ keçirmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 15881 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də X1 istifadəsində olan “050 423-02-31” saylı mobil nömrənin xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CDdə əks olunan fayllara daxil olduqda X1 istifadəsində olan “050 423-02-31“ saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “077 528-39-68” saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarında olan “Azerfon“ MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli. AZF/LGL-14825/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Zərərçəkmiş şəxs Talib oğlunun istifadəsində olan “077 347-03-69” saylı, X1 istifadəsində olan “077 522-27-82” saylı, Təqsirləndirilən şəxs istifadəsində olan “070 299-27-17”, “077 568-89-78”, “077 528-39-68” saylı mobil nömrələrin xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Zərərçəkmiş şəxs Talib oğlunun istifadəsində olan “077 347-03-69” saylı və X1 istifadəsində olan “077 522-27-82” saylı mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olan “070 299-27-17”, “077 568-89-78”, “077 528-39-68” saylı mobil telefon nömrələri arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası’' PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1274/07-22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli, 2263/853002 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs Talib oğluna DSMF-nin 1 saylı Quba-Xaçmaz regional filialından xx.xx.2022-ci il tarixdən müddətsiz “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Təqsirləndirilən şəxs filialdan heç bir növ sosial müavinət və əmək pensiyası almır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 301804-862525/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Talib oğlu tərəfindən "xxxx" ASCnin Qusar filialından 3.500 manat məbləğində kredit alınmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, ona vurulmuş olan 6000 manat maddi ziyandan 2900 manat ödənilib, öz aralarında pulun hissə-hissə ödənilməsi razılığa gəlmişlər, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs 178.2.3,178.2.4, 32.4, 312.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddələri ilə 04 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin edilərək onun barəsində CM-nin 70-ci maddəsi tətbiq etməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini 2021-ci ilin yanvar ayının sonlarından xx.xx.2021-ci il tarixədək olan dövr ərzində törətmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini həm Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü elan olunmamışdan, həm də Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü elan olunmamışdan əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü elan olunmamışdan əvvəl törətdiyinə görə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş barəsində CM-nin 70-ci maddəsi tədbiq edilməklə 02(iki) il sınaq müddəti şərti etmə cəzası onun üzərində saxlanılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsə islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qadın olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxsin mövqeyini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 oktyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə müəyyən edilmiş cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələri ilə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə təyin edilmiş barəsində CM-nin 70-ci maddəsi tədbiq edilməklə 02(iki) il sınaq müddəti şərti etmə cəzası onun üzərində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə müəyyən edilmiş cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar