Məhkəmə qərarları › İş №1(029)-13/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-13/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-13/2023 29.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qusar rayonunun Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Qusar rayonunun Qalacıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, 09 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində, həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Qusar rayonu Qalacıq kəndində yerləşən evin həyətinə hasardan aşmaqla qanusuz daxil olaraq evin ikinci mərtəbəsinə qalxmaq üçün quraşdırılmış pilləkənin alt hissəsindən dəyəri cəmi 250 manat təşkil edən 50 kq fındıq məhsulunu, dəyəri 30 manat təşkil edən 01 ədəd aliminum ləyəni gizli yolla talamaqla oğurlayıb, Zərərçəkmiş şəxs1 cəmi 280 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən həmin gün saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Qusar rayonu Qalacıq kəndində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, orada yerləşən çörək bişirilməsi üçün nəzərdə tutulmuş “xərək” evindən sonuncuya məxsus cəmi dəyəri 160 manat təşkil edən 32 kq fındıq məhsulunu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslər Naminə və Güldəstə həmkəndliləridir. Evin həyətindən qonşuluqda yerləşən Güldəstənin evinin həyətinə torlu məftillə hasarlanmış çəpərdən keçərək həyətə daxil olmuşdur. Evin pilləkənin altında saxlanc yeri kimi istifadə olunan yerdən 04 ədəd yarımçıq kisələrə yığılmış fındıq məhsulunu, 01 ədəd alüminium ləyəni (qazan kimi istifadə edilə bilən) oğurlamış və çəpərdən keçirərək yaşadığı evin həyətinə gətirmişdir. Bundan sonra qonşuluğunda yaşayan Naminənin həyətinə öz bağının sərhəddə yerləşən torlu məftillə çəpərlənmiş hissəsindən aşmaqla daxil olmuş, “xərək” evinə daxil olmuş, oradan 01 kisə fındığı oğurlayaraq yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra oğurladığı fındıqları birlikdə yaşadığı evin 1-ci mərtəbəsində özünə aid olan yataq otağına və onun yanında olan təmirsiz otağa yığmış, ləyəni isə həyətində olan toyuq damında gizlətmişdir. Bu barədə ailə üzvlərinin xəbəri olmamış, buna səbəb onlardan ayrı yaşaması olmuşdur. Həmin vaxt məqsədi oğurladığı fındıqları və alüminium ləyəni sataraq pul əldə etmək olmuş, etdiyi əməlindən peşmandır. Oğurluğu tək etmişdir. Zərərçəkmiş şəxslər dəymiş maddi ziyanı tam ödəmiş, onlarla barışmışdır. Oğurluq cinayət əməlini heç kimlə planlaşdırmamışdır. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin, eləcə də elan olunmuş şahid ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, təxminən 10 gün əvvəl yaşadığı həyatyanı bağ səhəsindən yığdığı fındıq məhsulunu kisələrə qablaşdıraraq evin ikinci mərtəbəsinə çıxmaq üçün nəzərdə tutulmuş pilləkənin altına qoymuşdur. xx.xx.2022-ci il tarixdə, saat 23:50 radələrində həmin pilləkən olan yerə gedərkən orada olan 04 kisə yarımçıq vəziyyətdə təxminən 50 kq fındığın olmadığını görmüş, bununla yanaşı orada olan 01 ədəd alüminium böyük həcmli ləyənin də oğurlandığını müşahidə etmişdir. Orada olan fındıq məhsulları quru vəziyyətdə qabıqlı halda olmuşdur. Həmin fındıq məhsulunun və ləyənin oğurlandığını dəqiqləşdirdikdən sonra xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq cinayətini törədən həmkəndlisi Raiddindir. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 10-15 gün əvvəl yaşadığı evin həyətyanı bağ səhəsindən yığdığı içərisində fındıq məhsulu olan fındıq kisələrini yaşadığı evin həyətində yerləşən çörək bişirilməsi üçün nəzərdə tutulmuş “xərək” evinin içərisinə qoymuşdur. Həmin vaxt bağ sahəsindən yığdığı fındıq məhsulları quru vəziyyətdə olmuş, fındıq məhsullarını qış üçün tədarük məqsədi ilə həmin yerdə saxlamışdır.xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində “xərək” evinə daxil olmuş, həmin vaxt 01 kisə fındıq məhsulunun (30 kq ölçüdə) yerində olmadığını müşahidə etmiş, lakin onunla yanaşı olan digər fındıq kisələrinin həmin yerdə qaldığını görmüşdür. Həmin vaxt içərisində fındıq məhsulu olan kisənin oğurlandığını müəyyən etmək üçün həmin yerə ətraflı baxmış, qalan əşyaların yerində olduğunu müşahidə etmişdir. Buna görə də Qusar RPŞ-yə ərizə ilə müraciət edərək şikayət etmişdir. Ona, fındıq məhsulunun oğurlanması nəticəsində təxminən 150 manat məbləğində maddi ziyan dəymişdir.Sonradan polis əməkdaşlarının köməyi ilə oğurluq edən şəxsin həmkəndlisi Raiddin olduğu müəyyən etmişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Raiddin onun doğma oğludur. Ramiddin qonşularının evindən oğurluq etməyindən xəbəri olmamış, həmin hadisədən polis əməkdaşları həyətlərinə gələrkən xəbər tutmuşdur. Oğurluq hadisəsindən xx.xx.2022-ci il tarixdə xəbər tutmuş, həmin vaxt Raiddinin xx.xx.2022- ci il tarixdə axşam saatlarında qonşuluqda yaşayan Naminə və Güldəstənin evindən fındıq məhsulu və 01 ədəd ləyən oğurlamasını, həmin oğurluq əşyaların yaşadıqları evin birinci mərtəbəsində və həyətdə olan toyuq damında gizlətməsinini bilmiş, buna görə də oğurlanmış əşyaları baxış zamanı polis əməkdaşlarına Raiddin özü təhvil vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında olan protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs izahatında göstərdiklərinə əsasən onun yaşadığı Qusar rayonu Qalacıq kəndindəki evin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs oğurladığı fındıqla dolu kisələri və alüminium ləyəni yaşadığı evdə gizlətdiyini bildirmiş və onları könüllü olaraq özü göstərəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin darvazadan daxil olaraq 2 mərtəbəli evi işarət etmişdir.Oradan evin birinci mərtəbəsinə daxil olmuş, evin birinci mərtəbəsində yerləşən yataq otağını onlara işarə edərək göstərmişdir. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs özünə məxsus çarpayını işarə edərək oğurladığı fındıq kisələri həmin çarpayının alt hissəsində gizlətdiyini demişdir. Bundan sonra çarpayını qaldırıb həmin kisələri onlara göstərmişdir. Həmin fındıq kisələrə baxış keçirildikdə məlum olmuşdur ki, 4 ədəd yarı açıq kisələrdə fındıq vardır. həmin kisələr tərəzi ilə ölçdükdə və ümumi 45 kq (qırx beş) quru qabıqlı fındıq olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin 4 kisə fındığı qonşusu Güldəstə Abdurəhimovun yaşadığı evin həyətindən 1 ədəd alüminium ləyənidə oğurladığını, həmin ləyəni yaşadığı evin həyətində yerləşən toyuq hinində gizlətdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs evin 1-ci mərtəbəsində yerləşən digər otağı işarə edərək onlara göstərmiş və həmin otaqdakı 1 kisə fındığı da qonşusu Naiəmə Tağıyevaya məxsus evin həyətindəki “Xərək” evindən oğurladığını bildirmiş, həmin kisə açıldığına məlum olmuşdur ki, həqiqətən içərisində 32 (otuz iki) kq fındıq var.Sonra Təqsirləndirilən şəxs evdən həyətə çıxaraq həyətdə yerləşən toyuq hinində gizlətdiyi Güldəstə Abdulrəhimovadan oğurladığı 1 ədəd alüminium ləyəni də onlara təqdim etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməsini etiraf etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6598 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd 1 metr diametrində, 20 sm hündürlükdə alüminium ləyənin istifadə də olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 30,00 manat, 1 kq qabıqlı quru fındıq 5,00 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6599 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2022-ci ilin sentyabr ayına olan 01 kq qabıqlı quru fındığın qiyməti orta bazar qiyməti nəzəri qaydada təxminən 5,00 manat 32 kiloqram isə 160,00 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış aliminum qazanı və fındıqları təhvil almışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış fındıqları təhvil almışdır. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin X4in həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzasını çəkib qurtardıqdan sonra 2 il keçdikdən sonra törətdiyinə görə CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini və onlarla barışmasını Cinayət Məcəlləsinin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonunun Qalacıq kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxslər onunla barışmışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 oktyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonunun Qalacıq kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar