Məhkəmə qərarları › İş №1(029)-13/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-13/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-13/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci ildə Qusar rayonu, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Qusar şəhər bazarında, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tədbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs təhqir edib, saçlarını tutub dartmaqla yerə yıxaraq ona «belində və sol əlin çəçələ barmağında sıyrıqları» ilə ifadə olunan dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bazarda alver edən qardaşı Rafik telefonla ona zəng edərək bazarda toyuq satan Sima adlı qadınla aralarında mübahisə olduğunu və mübahisə vaxtı Sima onu təhqir etdiyini bildirmişdir. O, bundan əsəbləşərək səhərisi gün Qusar bazarında Simanın yanına getmiş və ona qardaşı Rafiklə mübahisə edəndə niyə onu söydüyünü soruşmuş, Sima ona əcəb edib söydüyünü demiş və onun üzünə tüpürmüş, o, da Simaya cavab qaytararaq onun üzünə tüpürmüşdür. Sima toyuqlar olan yeşiyin altında olan bıçağı götürüb onu hədələmiş üstünə gələrək saçlarından tutub dartmış, onu yerə yıxmışdır, Sima özü də yerə yıxılmışdır. Orada olan şəxslər onları ayırmışlar. Daha sonra o, DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Onların mübahisələri başqa şəxslər görmüş və eşitmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarakterli hesab edir və onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, bazarda olan zaman bazarda alver edən Rafiklə aralarında mübahisə olmuş və mübahisə vaxtı Rafik onu təhqir etmiş, o da cavabında onun bacısını söymüşdür. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində bazarda olan zaman tanımadığı Rafikin bacısı ona yaxınlaşıb niyə onu təhqir etdiyini soruşmuşdur. O da cavab olaraq onu tanımadığını və onu təhqir etmədiyini bildirmişdir. Həmin vaxt Rəvanə uca səslə onun ünvanına nalayiq ifadələr işlətmiş və onun üzünə tüpürmüşdür. Rəvanənin səsi bazarda olan şəxslərin diqqətini cəlb etmişdir. Sonra Rəvanə onun saçlarından tutub dartmış və o yerə yıxılmış, Rəvanə onun üstünə oturub saçlarını dartaraq onu söymüşdür. Orada olan Xəyyam Rəvanəni onun üzərindən dartıb çəkmişdir. Buna baxmayaraq Rəvanə sakitləşməyib onun ünvanına nalayiq söyüşlər söymüşdür. Daha sonra Rəvanə telefonla kiməsə zəng edib döyüldüyünü bildirmiş, daha sonra isə ora polis əməkdaşları gəlmişdir. Aralarında olan mübahisə nə qədər davam etdiyini dəqiq bilmir. Onların aralarında olan mübahisəni ətrafdakı adamlar da görmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində o Qusar şəhərində yerləşən bazarında ət satan vaxt bazarda toyuq cücə satan Rafikin bacısı Rəvanə küçə söyüşləri ilə bazarda toyuq satan Simnarəni söydüyünü eşitmiş və onlara yaxınlaşmışdır. O, onlardan 5-6 metr aralıda dayanmışdır. Rəvanə uca səslə nalayiq söyüşlər söyərək Simnarənin saçlarından tutub dartaraq onu itələmiş, Simnarə də yerə yıxmışdır. Simnarə yerdə olan vaxt Rəvanə onun üstünə oturub nalayiq söyüşlər söyərək saçlarını dartmışdır. Onların ətrafında olan şəxslər Rəvanəyə Simnarəni buraxmasını deyib onları ayırmağa çalışmışdır. Hadisə yerinə gəlmiş Xəyyam Rəvanəni arxadan tutub çəkərək onun Simnarənin üzərindən çəkmişdir. Buna baxmayaraq Rəvanə söyüş söyməkdə davam etmişdir. Orada olan digər şəxslər Simnarəni yerdən qaldırmışdır. Sonra Rəvanə telefonla polisə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Hadisə yerində başqa şəxslər də olmuş, Rəvanən hərəkətləri ətrafdakı adamları narahat etmiş, ictimai qaydanı pozmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, səs küyə çox adam yığılmışdır. O, Rəvanənin söyüş söydüyünü eşitmiş, başqa şəxslər də eşitmişdir. Rəvanə ondan 5-6 metr aralıda olmuşdur. Onların mübahisəsi bazarda olub, orada adam çox olmuşdur. Rəvanənin söyüş söyməyi onu və orada olan camaatı narahat etmişdir. Həmin ictimai yer olmuş, ictimai qaydanı pozulmuş, vətəndaşlara narahatçılıq yaratmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4bəy oğlu ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində o Qusar şəhərində yerləşən bazarında meyvə tərəvəz satan vaxt bazarda toyuq-cücə satan Rafikin bacısı Rəvanə küçə söyüşləri ilə bazarda toyuq satan Simnarəni söydüyünü görmüşdür. O, onlardan təxminən 5-6 metr aralıda olmuşdur. Həmin vaxt Simnarənin əlində satılan toyuqlar olmuş, Rəvanə isə uca səslə nalayiq söyüşlər söyərək Simnarənin saçlarından tutub dartaraq onu yerə yıxmışdır. Simnarə yerdə olan vaxt Rəvanə onun üstünə oturub nalayiq söyüşlər söyərək saçlarını dartmışdır. Onların ətrafına alıcı və satıcılar yığışaraq Rəvanəyə Simnarənin buraxmasını deyib onları ayırmağa çalışmışdır. Rəvanə isə Simnarəni buraxmaq istəməmiş, buna görə də o Rəvanəni arxadan tutub kənara çəkərək onun Simnarənin üstündən çəkmişdir. Buna baxmayaraq Rəvanə söyüş söyməkdə davam etmişdir. Orada olan digər şəxslər Simnarəni yerdən qaldırmışdır. Sonra Rəvanə telefonla polisə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Rəvanən hərəkətləri ətrafdakıları narahat etmiş, ictimai qaydanı pozmuşdur. Həmin yer bazar ərazisi olmuş, orada adam çox olmuşdur. Mübahisə vaxtı o, həmin yerdən 5-10 metr aralıda olmuşdur. Rəvanə ilə Simnarənin mübahisəsini başqa şəxslər də eşitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. Qusar şəhərində yerləşən bazarda toyuq satılan yerdə toyuq satır. 13.102023-cü il tarixdə saat təxminən 10 radələrində Qusar bazarında olan zaman orada toyuq satmaqla məşğul olan Sima adlı qadın ilə çolpa satmaqla bağlı aralarında mübahisələri olmuş, o, Simnarəyə baş qoşmamış çıxıb toyuq təmizləyən yerə getmişdir. Simnarə isə onun arxasınca söyməyə başlamış, o da ona fikir verməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə bacısı Rəvanəyə telefonla bildirmişdir ki, Simnarəni sözlə başa salsın ki, onu söyməsin. Rəvanə razılaşıb Simnarə ilə danışacağını söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, bacısı Rəvanə bazarda Simnarə ilə mübahisə etmiş, kimin-kimə xəsarət yetirilməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023- cü il tarixdə, saat 10:30-da bazarda olduğu zaman toyuq satışı üçün nəzərdə tutulmuş yerdə səs-küy olması və vətəndaşların yığışdığını görüb həmin yerə yaxınlaşmasını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında mübahisənin baş verməsindən vətəndaşların onları sakitləşdirməsini görməsi, bununla bağlı maraqlandıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs saçlarını tutub dartmaqla yerə yıxması barədə ona məlum olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Şahid6 ilə Qusar şəhər bazarına gəlib özlərinə məxsus toyuqları Zərərçəkmiş şəxs satan zaman Təqsirləndirilən şəxs gəlib uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək, saçlarını dartmaqla yerə yıxmış, daha sonra üstünə çıxıb həmin hərəkətləri davam etdikdə, onları ayırmaq istədiyini, lakin mümkün olmadıqda bazarda satıcı işləyən şəxs Təqsirləndirilən şəxsnm arxadan tutub qaldıraraq kənara çəkdiyini, Zərərçəkmiş şəxs ayağa qalxmasına köməklik etdikdə sonuncunun barmağından qan axdığını, Zərərçəkmiş şəxs əlində bıçaq olmadığını, Təqsirləndirilən şəxs hədələmədiyini, saçlarını tutub dartaraq yerə yıxmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid5 dediklərini təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «MTE və PA» Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 827 №-li ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - belində və sol əlin çəçələ barmağında sıyrıq küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən vəziyyətdə və müddətdə yəni, xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi, həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və X10 həyat yoldaşı, X7, X8, X8 isə övladlarıdır. İş materiallarından görünür ki, Qusar rayonu Gedəzeyxur kənd sakini X8, xx.xx.2017-ci il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. İş materiallarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim-nevropatoloqun müayinəsində olmuşdur. Uşaqlıqdan həkim-nevropatoloqun qeydiyyatındadır. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi ambulator müalicədə olmuşdur. Uşaq serebral iflici, sol tərəf hemiparezin qalıq əlamətləri, psixi və fiziki inkişafın ləngimələri diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, X7 birinci dərəcəli əlildir. İş materiallarında olan arayışdan görünür ki, X9 xx.xx.2016-cı il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01(bir) il, 05 (beş) ay, 22 (iyirmi iki) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2, 83.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Qusar şəhər bazarında, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tədbiq edilməsi hədəsi ilə müşaiyət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs təhqir edib, saçlarını tutub dartmaqla yerə yıxaraq ona «belində və sol əlin çəçələ barmağında sıyrıqları» ilə ifadə olunan dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ailə üzvlərinin ərinin, uşaqlarının səhhətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasının CM-nin 59.1.12ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, oğlu X5 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatında olmasını, qızı X2 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkimnevropatoloqun müayinəsində olmasını, həmçinin uşaqlıqdan həkim-nevropatoloqun qeydiyyatında olmasını, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi ambulator müalicədə olmasını, uşaq serebral iflici, sol tərəf hemiparezin qalıq əlamətləri, psixi və fiziki inkişafın ləngimələri diaqnozu qoyulmasını, birinci dərəcəli əlil olmasını, oğlu X6 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatında olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmasını, müsbət xarakterizə olunmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə hesab edir ki, iş materiallarına tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyi təqdirdə həmin cərimə cəzasını icrası mümkün olmayacaq və məhkəmə hökmünün icrası gecikəcək. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm özü, həm də onun himayəsində olanlar məhrumiyyətlərə məruz qalacaq. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkimpsixiatrın dispanser qeydiyyatındadır, qızı X2 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim-nevropatoloqun müayinəsində olmuş, həmçinin uşaqlıqdan həkimnevropatoloqun qeydiyyatında olmuş, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi ambulator müalicədə olmuş, uşaq serebral iflici, sol tərəf hemiparezin qalıq əlamətləri, psixi və fiziki inkişafın ləngimələri diaqnozu qoyulmuş, birinci dərəcəli əlildir, oğlu X6 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. Cəzanın çəkilməsində pozuntular yaşanacaq. Təqsirləndirilən şəxs uşaqlarının səhhətlərində müayinə və ya müalicə zərurəti yaranarsa ərazi hüdudlarının tərk edilməsi ilə problemlər yaşanacaq, cəzanın çəkilməsi qeyri mümkün olacaq. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza növünün təyin edilməsini ədalətli hesab etmir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq islah işləri cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, oğlu X5 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır, qızı X2 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkimnevropatoloqun müayinəsində olmuş, həmçinin uşaqlıqdan həkim-nevropatoloqun qeydiyyatında olmuş, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi ambulator müalicədə olmuş, uşaq serebral iflici, sol tərəf hemiparezin qalıq əlamətləri, psixi və fiziki inkişafın ləngimələri diaqnozu qoyulmuş, birinci dərəcəli əlildir, oğlu X6 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. Ona görə də, həmin şəxsə real olaraq islah işləri cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır Təqsirləndirilən şəxs hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun evli və daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 01(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş islah işləri cəzası şərti hesab edilsin və ona 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar