Məhkəmə qərarları › İş №1(029)-14/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-14/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-14/2022 09.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonu İmamqulukənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, X5 ümumvətəndaşlıq pasportu olmadığından qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedə bilmədiyindən işləmək üçün Rusiya Federasiyasına getmək məqsədi ilə, 15 iyul 2021-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonu ərazisində yerləşən 4-cü sərhəd zastavasının xidməti ərazisinin 7-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X5 ona Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu yoxdur. Əvvəllər Bakı şəhəri Bayıl qəsəbəsində çobanlıq etmiş, həmin vaxt onun şəxsiyyət vəsiqəsi naməlum şəraitdə oğurlanmışdır. Onun ümumvətəndaşlıq pasportu olmadığından Samur çayı vasitəsi ilə 15 iyul 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində sərhəd çəpərindən keçməklə işləmək məqsədi ilə Rusiya Federasiyasına getmək istəmiş, lakin sərhədçilər onu saxlamışlar. Həmin vaxt o, sərxoş olmuşdur. 15 iyul 2021-ci il tarixdə o, dəqiq saatları yadında deyil, gecə saatlarında tutulmuş, həmin gün axşam saatlarında isə dindirilərək buraxılmışdır. Bundan sonra həmin faktla bağlı araşdırma aparılmış və o, istintaqa cəlb olunmuşdur. Ümüd Hacıverdiyev həmçinin əməlindən peşman olduğunu, həbs olunmaq istəmədiyini göstərərək barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. X2 həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə birlikdə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonu ərazisində yerləşən 4-cü sərhəd zastavasının rəisi vəzifəsində işləyir. 15 iyul 2021-ci il tarixdə gecə saatlarında əsgər Şahid1la xidmətdə olmuşdur. Həmin gün gecə saat təxminən 02 radələrində bir nəfər şəxsin 4-cü sərhəd zastavasının xidməti ərazisinin 7-ci sahəsindən sərhəd çəpərinin altından keçdiyini müşahidə etmişlər və dərhal həmin şəxsi saxlayaraq dövlət sərhədini keçməyə imkan verməmişlər. Həmin şəxs sərxoş halda olmuş, sorğu-sual zamanı işləmək məqsədi ilə Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədləri olmamış, hətta ata adını da səhv demişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs Qusar rayonu İmamqulukənd kənd sakimi X3r. Bundan sonra faktla bağlı sənədləşmə aparılmıış və Ümüd Hacıverdiyev istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 15 iyul 2021-ci il tarixdə saxlanılmış X2 dövlət sərhədini pozmağa cəhd etdiyi N nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 7-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş yer mühəndis çəpərindən 15 metr içəridə dövlət sərhəd xəttindən 50 metr aralıda, 79 nömrəli sərhəd nişanından 5 metr üzbəüz istiqamətdə yerləşir. Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə 1 nəfərə məxsus 4 ədəd ayaq izi aşkar edilmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X5 həmin tarixdə saat 02:25-də N nömrəli hərbi hissənin hüquqşünas təhqiqatçısı gizir X7 tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, X5 15 iyul 2021-ci il tarixdə saat 14:35-dən saat 15:20-dək müstəntiq tərəfindən dindirilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə ona elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat- Axtarış Baş İdarəsi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli məktubdan görünür ki, 09.05.1973-cü il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsi və dövlət sərhədindən rəsmi hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış sistemində (İAMAS) məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 29.07.2021-ci il tarixli 6365 saylı arayışdan görünür ki, Qusar rayonu İmamqulukənd kəndində pasport qeydiyyatında olan X5 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 tərəfindən verilmiş 07.08.2021-ci il tarixli 19/51-8295 saylı arayışdan görünür ki, X5 həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24.07.2021-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli 417 saylı arayışdan görünür ki, X5 həmin kəndin sakinidir. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli 420 saylı arayışdan görünür ki, X5 həmin kəndin sakini olmaqla fermer Babaverdi Abbasovun təsərrüfatında gözətçi qismində işləyir. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kəndin sakini X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, X2 həqiqətən də, 15 iyul 2021-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə X4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini və həmin Məcəllənin 69.4cü maddəsinə əsasən məhkəmə baxışınadək onun hazırkı iş üzrə inzibati qaydada tutularaq 15 iyul 2021-ci il tarixdən 1 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X4 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək X2 hazırkı iş üzrə inzibati qaydada tutularaq 15 iyul 2021-ci il tarixdən 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1400 (min dörd yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. X2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar