Məhkəmə qərarları › İş №1(029)-14/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-14/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-14/2024 27.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: X1, Zərərçəkmiş şəxs1, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X5 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş (Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.2-ci maddəsi ilə, xx xxxxxx 1977-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 17 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, Qusar rayonu Bədişqala kəndində açıq sahədə otlayan həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus təmiz ət çəkisi 25 kq, orta bazar qiyməti 425 manat olan 4 yaşında 1 baş ana qoyunu gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən 19 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, Qusar rayonu Yasab kəndində açıq sahədə otlayan həmin kənd sakini X2 məxsus təmiz ət çəkisi 20 kq, orta bazar qiyməti 340 manat olan 4 yaşında 1 baş boğaz ana qoyunu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs2 ilə 17 sentyabr 2023-cü il tarixdə Qusar rayonu Bədişqala kəndində oğurluq cinayətini törətməmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ilə Qusar rayonu Yasab kəndində açıq sahədə otlayan ana qoyunu oğurlamışdır. İbtidai istintaq zamanı ifadələrə məcbur olub imza etmişdir. Fiziki və ya psixi təsirlərə məruz qalması barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər radələrində Quba şəhərində olan zaman qonşusu Əlinin ona zəng edib, görüşmək istədiyini bildirmiş, o da öz razılığıını vermişdir. Həmin gün saat 12 radələrində Əli idarə etdiyi “Kia Rio” markalı 77-EF- 821 dövlət qeydiyyat avtomobillə onun yanına gedib, onu da götürüb birlikdə Qusar şəhərinə çıxıb getmiş və yolda ona maddi vəziyyəti zəif olduğu üçün Qusar rayonun ərazisindən qoyun oğurlamağı təklif etmiş, o da öz razılığını vermişdir. Bundan sonra Əli onunla birlikdə idarə etdiyi “Kia Rio” markalı avtomobillə Qusar rayonu, Bədişqala kəndinə gedib, ara küçələri gəzən zaman açıq sahədə otlayan təxminən 10 baş qoyunları görüb sürüyə yaxınlaşaraq avtomobildən düşmüşlər. Həmin vaxt onlar ətrafda heç kəsib olmadığından əmin olduqdan sonra sahədə otlayan 1 baş ana qoyunu avtomobilin baqajına yükləyib, oğurlayaraq oradan çıxıb Quba şəhərinə qayıtmışlar. Daha sonra isə onlar Quba şəhəri, X3 yolun kənarında ət satışı ilə məşğul olan tanımadıqları şəxsə oğurladıqları 1 baş qoyunu yalandan özlərinə məxsus olduğunu bildirib satmaq istədiklərini, həmin şəxs də onlara inanaraq 1 baş qoyunu 120 manata alacağını bildirən zaman onlar öz razılığını verib, oğurladıqları qoyunu satıb, pulu alıb oradan uzaqlaşmışlar. Həmin gün Əli 100 manat pulu Quba şəhərində ödəniş terminalı vasitəsi ilə icarəyə götürdüyü “Kia Rio” markalı avtomobilin pulunu ödəniş, qalıq qalan 20 manat pulla isə özlərinə 2 qutu siqarət alıb xərcləmişlər. 19 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Əli onunla zəngləşib, Quba şəhərin ərazisində görüşərək, təkrar Qusar rayonun ərazisindən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün saat 11:30 radələrində Əli onunla birlikdə idarə etdiyi “Kia Rio” markalı avtomobillə Qusar rayonu, Yasab kəndinə gələrək ara küçələrdə açıq sahədə otlayan qoyunları axtarmağa başlamışlar. Həmin gün saat 12:30 radələrində Əli Yasab kəndin ərazisində ara küçələrin birində açıq sahədə otlayan qoyun sürüsünü görüb, avtomobili sürünün yanına sürüb avtomobildən düşmüşlər. Həmin vaxt o, ətrafı müşahidə edən zaman Əli sürüdə olan 1 baş boğaz ana qoyunu avtomobilin baqaj hissəsinə yükləmişdir. Daha sonra isə onlar həmin yerdə olan qoz ağacından qoz sındırıb yeməyə başlayan zaman Rövşən İsrafılov onlara yaxınlaşıb, söhbət etməyə başlamışdır. Söhbət zamanı Rövşən İsrafılov onlardan sürünün yanında nə işləri olduğunu soruşan zaman, onlar yol üstü Qusar şəhərinə qayıdan zaman qoz sındırıb yemək üçün dayandıqlarını bildirmiş, Rövşən İsrafılov isə bir neçə il əvvəl ona məxsus qoyunların oğurlandığını bildirərək, onlardan avtomobilin baqajını açmasını tələb edən zaman onlar qəfildən avtomobilə oturub oradan qaçıb Qusarşəhəri istiqamətinə getmişlər. Bundan sonra Qusar RPŞ-nin əməkdaşları onları idarə etdikləri “Kia Rio” markalı avtomobillə birlikdə Qusar şəhərin ərazisində saxlayaraq Qusar RPŞ-nə aparmışlar. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsi ilə özünü qismən bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus qoyunu o tək oğurlamışdır. Təqsirləndirilən şəxs1 orada olmamışdır. 19 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Yasab kəndində açıq sahədə otlayan həmin kənd sakini X2 qoyunu oğurlamışdır. İbtidai istintaq zamanı ifadələrə məcbur olub imza etmişdir. Fiziki və ya psixi təsirlərə məruz qalması barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs2 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, maddi vəziyyəti zəif olduğu üçün oğurluq etmək qərarına gələrək, icarə əsasında idarə etdiyi “Kia Rio” markalı **-EF-*** dövlət qeydiyyat avtomobillə 2023-cü ilin avqust ayında tək başına Qusar rayonu, İmamqulukənd kəndinə gələrək, açıq sahədə otlayan 1 baş qoyunu tək başına oğurlayıb həmin oğurladığı qoyunu Xaçmaz rayonu, Xudat şəhərin ərazisində tanımadığı ət satışı ilə məşğul olan şəxslərin birinə 215 manata satmış və pulu öz şəxsi ehtiyyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə səhər radələrində maddi vəziyyəti zəif olduğu üçün Qusar rayonun kəndlərin ərazisindən qoyun oğurlamaq qərarına gələrək, həmin məsələ ilə bağlı qonşusu Raminə zəng edib, onunla görüşmək istədiyini bildirmiş, Ramin də öz razılığını vermişdir. Həmin gün saat 12 radələrində idarə etdiyi “Kia Rio” markalı **-EF-*** dövlət qeydiyyat avtomobillə qonşusu Raminin yanına gedib, onu da götürüb birlikdə Qusar şəhərinə çıxıb getmiş və yolda Raminə maddi vəziyyəti zəif olduğu üçün Qusar rayonun ərazisindən qoyun oğurlamağı təklif etmiş, Ramin də öz razılığını vermişdir. Bundan sonra idarə etdiyi “Kia Rio” markalı avtomobillə Raminlə birlikdə Qusar rayonu, Bədişqala kəndinə gedib, ara küçələri gəzən zaman açıq sahədə otlayan təxminən 10 baş qoyunları görüb sürüyə yaxınlaşaraq avtomobildən düşmüşlər. Həmin vaxt onlar ətrafda heç kəsib olmadığından əmin olduqdan sonra sahədə otlayan 1 baş ana qoyunu avtomobilin baqajına yükləyib, oğurlayaraq oradan çıxıb Quba şəhərinə qayıtmışlar. Daha sonra isə onlar Quba şəhəri, X3 yolun kənarında ət satışı ilə məşğul olan tanımadıqları şəxsə oğurladıqları 1 baş qoyunu yalandan özlərinə məxsus olduğunu bildirib satmaq istədiklərini, həmin şəxs də onlara inanaraq 1 baş qoyunu 120 manata alacağını bildirən zaman onlar öz razılığını verib, oğurladıqları qoyunu satıb, pulu alıb oradan uzaqlaşmışlar. Həmin gün o, 100 manat pulu Quba şəhərində ödəniş terminalı vasitəsi ilə icarəyə götürdüyü “Kia Rio” markalı avtomobilin pulunu ödəniş, qalıq qalan 20 manat pulla isə özlərinə 2 qutu siqarət alıb xərcləmişlər. 19 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Raminlə zəngləşib, Quba şəhərin ərazisində görüşərək, təkrar Qusar rayonun ərazisindən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün saat 11:30 radələrində idarə etdiyi “Kia Rio” markalı avtomobillə qonşusu Raminlə birlikdə Qusar rayonu, Yasab kəndinə gələrək ara küçələrdə açıq sahədə otlayan qoyunları axtarmağa başlamışlar. Həmin gün saat 12:30 radələrində Əli Yasab kəndin ərazisində ara küçələrin birində açıq sahədə otlayan qoyun sürüsünü görüb, avtomobili sürünün yanına sürüb avtomobildən düşmüşlər. Həmin vaxt Ramin ətrafı müşahidə edən zaman o, sürüdə olan 1 baş boğaz ana qoyunu avtomobilin baqaj hissəsinə yükləmişdir. Daha sonra isə onlar həmin yerdə olan qoz ağacından qoz sındırıb yeməyə başlayan zaman Rövşən İsrafılov onlara yaxınlaşıb, söhbət etməyə başlamışdır. Söhbət zamanı Rövşən İsrafılov onlardan sürünün yanında nə işləri olduğunu soruşan zaman, onlar yol üstü Qusar şəhərinə qayıdan zaman qoz sındırıb yemək üçün dayandıqlarını bildirmiş, Rövşən İsrafılov isə bir neçə il əvvəl ona məxsus qoyunların oğurlandığını bildirərək, onlardan avtomobilin baqajını açmasını tələb edən zaman onlar qəfildən avtomobilə oturub oradan qaçıb Qusar şəhəri istiqamətinə getmişlər. Bundan sonra Qusar RPŞ-nin əməkdaşları onları idarə etdikləri “Kia Rio” markalı avtomobillə birlikdə Qusar şəhərin ərazisində saxlayaraq Qusar RPŞ-nə aparmışlar. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, öz fərdi təsərrüfatında 22 baş qoyunu vardır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işdən evə qayıdan zaman iki nəfər tanımadığı şəxslərin ona məxsus qoyun sürüsünün təxminən 10 metr məsafədə dayanıb qoz sındırıb yediklərini görüb onlara yaxınlaşaraq söhbət etməyə başlamışdır. Söhbət zamanı onlardan kəndə hansı məqsədlə gəldiklərini soruşmuş, onlar isə qoz sındırıb yemək üçün dayandıqlarını bildirmişlər. Bu zaman həmin 2 nəfər şəxsin ona məxsus qoyunlardan birini oğurladığından şübhələnib onlardan gəldikləri qara rəngli “Kia Rio” markalı avtomobilin baqajını açmasını tələb edən zaman onlar müxtəlif bəhanələr gətirərək qəfildən avtomobilə oturub oradan uzaqlamış, o isə avtomobilin baqajını açıb yoxlaya bilməmiş və qonşusu Narulladan avtomobilin qabağını kəsməsini xahiş etsə də, onlar avtomobili yüksək sürətləri idarə etdikləri üçün qorxmuşdur. Bundan sonra o, sürüdə olan qoyunları sayan zaman 4 yaşında 1 baş boğaz ana qoyununun oğurlandığı görüb, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus 1 baş boğaz ana qoyunu oğurlayan şəxslər Quba rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, həmin şəxslər Qusar şəhərin ərazisində saxlanılmış və ona məxsus 1 baş qoyun qaytarılmışdır. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, öz fərdi təsərrüfatında 08 baş qoyunu vardır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində işdə olan zaman həmkəndlisi Nağının ona zəng edib, kənddə kiminsə qoyunun oğurlandığını, lakin oğurlanmış qoyunun kimə məxsus olduğunu bilmədikləri bildirmişdir. Bundan sonra ev qayıdan zaman özünə məxsus qoyunları sayan zaman 1 baş ana qoyunun oğurlandığını müəyyən etmiş və ona məlum olmuşdur ki, həmkəndlisi Əli evdə olan zaman iki nəfər şəxsin qara rəngli minik avtomobillə kəndə gəlib sürüdə olan ona məxsus 1 baş qoyunu oğurlayıb çıxıb getmişlər. xx.xx.2023-cü il tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, ona məxsus 1 baş ana qoyunu oğurlayan şəxslər əvvəllər Quba rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, həmin şəxslər Qusar şəhərin ərazisində saxlanılmışlar. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində evə qayıdan zaman küçədə həmkəndlisi Rövşənin iki nəfər şəxslə söhbət etdiyini görüb, Rövşənlə salamlaşıb öz yoluna davam etmişdir Təxminən 1-2 dəqiqə sonra Rövşən qışqıraraq ondan içərisində iki nəfər şəxsin olduğu qara rəngli “KiA Rio” markalı avtomobilin qabağını kəsməsini bildirmiş, lakin onlar avtomobili yüksək sürətlə idarə etdikləri üçün qorxub yola çıxmamışdır. Bundan sonra Rövşənə yaxınlaşıb, nə baş verdiyini soruşan zaman ona məlum olmuşdur ki, həmin 2 nəfər şəxs Rövşənə məxsus 1 baş ana qoyunu oğurlamış və Rövşən dərhal DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bundan sonra Qusar RPŞ-də onlara məlum olmuşdur ki, Rövşənə məxsus 1 baş ana qoyunu oğurlayan şəxslər Quba rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, həmin şəxslər Qusar şəhərin ərazisində saxlanılmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Carulla oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, 17 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində evdə olan zaman evin pəncərəsindən təxminən 60 metr məsafədə iki nəfər şəxsin qara rəngli minik avtomobillə açıq sahədə otlayan qoyun sürüsünə yaxınlaşıb sürüdən 1 baş qoyunu oğurlayıb çıxıb getdiklərini görmüş, lakin həmin qoyunun kimə məxsus olduğunu bilmədiyi üçün həmkəndlisi Nağıya məlumat vermiş və daha sonra ona məlum olmuşduir ki, oğurlanmış 1 baş qoyunu həmkəndlisi Samirə məxsusdur. Bundan sonra Qusar RPŞ-də onlara məlum olmuşdur ki, Samirə məxsus 1 baş ana qoyunu oğurlayan şəxslər Quba rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, həmin şəxslər Qusar şəhəri ərazisində saxlanılmışlar. İş materiallarında olan "xxxx" Firmasının direktoru Tiflisə Həzərovananm xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2023-cü ilin sentyabr ayında 1 kq qoyun ətinin orta bazar qiyməti təxminən 17 manatdır. Belə ki, təmiz ət çəkisi 25 kq, 4 yaşında 1 baş ana qoyunun orta bazar qiyməti 425 manat təşkil edir. İş materiallarında olan "xxxx" firmasının direktoru Tiflisə Həzərovananm xx.xx.2023cü il tarixli rəyindən görünür ki, 2023-cü ilin sentyabr ayında 1 kq qoyun ətinin orta bazar qiyməti təxminən 17 manatdır. Belə ki, təmiz ət çəkisi 20 kq, 4 yaşında 1 baş boğaz ana qoyunun orta bazar qiyməti 340 manat təşkil edir. İş materiallarında olan baxış keçirilməsi barədə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, cinayəti törətməsini etiraf etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizələrindən görünür ki, hər ikisi cinayəti törətmələrini etiraf etmələrinə dair ərizə yazmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq təcridxanasına daxil olan zaman ilkin tibbi baxış zamanı hər iki şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Firuddin oğlunun barələrində olan cinayət işinə Qusar rayon Məhkəməsində baxılarkən Qusar RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zorakılıq, qeyri-insani davranış və sair təzyiqlərə məruz qalaraq bədən xəsarətləri almalarını bildirmələri ilə bağlı məhkəmənin Qusar rayon prokurorluğu vasitəsi ilə Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma ilə polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1 -ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqları izah olunmaqla müvafiq məlumatlar verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 19 gün hissəsi vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 19 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, təyin edilmiş cəzanın sonu xx.xx.2023-cü il tarixdə bitdiyindən Quba rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsəni əsasən az ağır cinayət törətməyə görə zadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin residivi mövcuddur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsəni əsasən az ağır cinayət törətməyə görə zadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin residivi mövcuddur. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi olduğuna görə ona təyin ediləcək cəza təqsirli bilindikləri maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. Məhkəmə istintaqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməkdə təqsirləri tam sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin məhkəmə araşdırılması zamanı vermiş olduqları ifadələrini məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq inandırıcı hesab etmir və özünü müdafiə xarakterli hesab edir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdılar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, iş üzrə zərəçəkmiş şəxslər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi onların cəzasını ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxslərin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda islah olunmamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunması və hüququn xəbərdaredici funksiyasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 19 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan 01 baş qoyunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 baş qoyunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar