Məhkəmə qərarları › İş №1(029)-15/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-15/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-15/2022 01.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Qazaxıstan Respublikası Manqışlaq X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Aşağı Ləyər kəndində küçədə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs yerdən götürdüyü ağac parçası ilə başından vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 07 noyabr 2021-ci il tarixdə saat 19 radələrində o, yaşadığı kənddə keçirilən toydan çıxıb evə qayıdarkən yaşadığı evə 100 metr qalmış qardaşı Tərzanla həmkəndlisi Zərərçəkmiş şəxs bir yerdə spirtli içki qəbul etdiyini görmüşdür. O, yaxınlaşıb, qardaşı Tərzana Məmmədlə spirtli içki qəbul etdiyinə görə irad bildirərək ona evə getməsini demiş, özü də oradan evə tərəf getmişdir. Zərərçəkmiş şəxs bundan əsəbləşmiş və onun dalınca söyüş söyə-söyə gəlmişdir. Həmin vaxt o, Məmmədin onu bıçaqla vuracağını zənn etmiş və yerdən ağac parçasını götürmüş, Məmməd ona yaxınlaşan kimi əlində olan ağac parçası ilə onun başından bir dəfə vurmuş və sonra o, evə gedib baş vermiş hadisə barəsində atasına demişdir. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Aşağı Ləyər kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, 07 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Aşağı Ləyər kəndində Təqsirləndirilən şəxs evinin yaxınlığında küçədə sonuncunun böyük qardaşı Şahid1la oturub yeyib içmişdir. Həmin vaxt Tərlan onların yanına gəlmiş və qardaşına onunla oturduğuna görə irad bildirərək oradan uzaqlaşmışdır. O, sərxoş olduğuna görə Tərlanın bu sözündən əsəbləşmiş, onu söyə-söyə onun arxasınca getmiş və Tərlan yerdən ağac parçası götürərək onun başından vurmuşdur. Zərbədən o, yerə yıxılmış, Tərlan isə evə getmişdir. Daha sonra o, Tərlanın barəsində Qusar RPŞ-yə ərizə ilə müraciət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 1084 saylı 11 noyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1990-cl il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, tibbi arayışdakı məlumatlar və rentgenoloji müayinənin cavabı əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, alnında, burnunun üstündə və üst dodaqda əzilmiş yara, sol göz orbitində qançır hematoma küt əşyanın (əşyaların), sol dirsəkdə deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni 07.11.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 08 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağac parçası maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı Cəfər Əkbərovun 08.11.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağac parçası maddi sübut kimi tanındığından saxlanılması üçün RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 26 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli 1827/11-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs şöbədən sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar RİHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 351 saylı arayışdan görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Əfsanə Tahirovadan, 08.09.2007-ci il təvəllüdlü oğlu Tural Tahirovdan və 30.03.2010-cu il təvəllüdlü oğlu Turac Tahirovdan ibarətdir. İş materiallarında olan Qusar RİHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 25.01.2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər eyni əsaslarla cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağac parçası məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağac parçası məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar