Məhkəmə qərarları › İş №1(029)-15/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-15/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-15/2025 12.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Tərcüməçilər: X3, X1, 26 avqust 1985-ci il tarixdə Qusar rayonu, Kuzun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatı olan 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı natamam döyüş sursatı hesab edilən F-1 tipli əl qumbarasının gövdəsini və “F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısı olan 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını əldə edib yaşadığı Qusar şəhəri, K.Kərimov küçəsində yerləşən fərdi yaşayış evinə daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 12:07də Qusar şəhəri, H.Əliyev prospekti 148 ünvanında yerləşən Qusar RPŞ-nin inzibati binasında saxlanılmış, həmin tarixdə saat 13:37-dən etibarən yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı natamam döyüş sursatı hesab edilən F-1 tipli əl qumbarasının gövdəsi və “F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısı olan 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, tutulmamışdan təxminən 1 ay əvvəl Ruslan adı ilə tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata 02 ədəd qumbara almışdır. Həmin qumbaraları özünü müdafiə etmək məqsədi ilə alıb yaşadığı evin həyətyanı sahəsində sellofan torbanın içərisində ağacın arxasında gizlətməklə orada saxlamışdır. 17 sentyabr 2024-cü il tarixdə saat təxminən 12:07 radələrində Qusar Rayon Polis Şöbəsinin inzibati binasında olan zaman mülki geyimdə olan şəxslər özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək anket məlumatlarını soruşmuşlar. Anket məlumatları dəqiqləşdirildikdən sonra polis əməkdaşları qanunsuz olaraq odlu silah, döyüş sursatı, eləcə də partlayıcı maddə əldə etməsi və yaşadığı ünvanda saxlamasını bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Polis əməkdaşlarının yaşadığı ünvanda partlayıcı maddə olan qumbara saxlaması barədə məlumatlarının olduğunu görüb etiraz etməyin mənasız olduğunu düşünərək yaşadığı ünvanda həqiqətən də partlayıcı maddə olan qumbara saxladığını etiraf etmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi, eləcə də tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra izahatı alınmış və izahatında yaşadığı Qusar şəhəri, K.Kərimov küçəsində yerləşən nömrəsiz fərdi evdə 02 ədəd qumbara saxladığını etiraf edərək həmin 02 ədəd qumbaranı təxminən 1 ay əvvəl Ruslan adlı tanımadığı şəxsdən 200 manata özünü müdafiə məqsədi ilə aldığını bildirmişdir. Sonra isə yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Daha sonra polis əməkdaşları, müdafiəçi və tərcüməçi ilə birlikdə yaşadığı ünvana gəlmiş və oraya baxış keçirilmişdir. İlk öncə üzərində və yaşadığı ünvanda olması ehtimal edilən odlu silahı, partlayıcı maddəni və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra yaşadığı evin həyətyanı sahəsində 02 ədəd qumbara olduğunu bildirib iştirakçıları evin arxa tərəfinə dəvət etmişdir. Həmin predmetləri ağacın arxasında saxladığını bildirmişdir. Polislər tərəfindən ağacın arxa hissəsinə baxış zamanı orada 01 ədəd qara rəngli sellofan torba olması müəyyən edilmişdir. Daha sonra polislər tərəfindən həmin sellofan torbaya baxış keçirilmiş, həmin torbada 02 ədəd qumbara və 02 ədəd alışdırıcı olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş predmetlər polislər tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı həmin premetləri təxminən 1 ay əvvəl Qusar rayonunda “Ruslan” adlı tanımadığı şəxsdən 200 manat özünü müdafiə etmək üçün aldığını, istifadə etmədiyini, həmin predmetlərin orada olmasında heç kimin həmçinin ailə üzvlərinin belə məlumatlarının olmadığını bildirmişdir.Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Qusar Rayon Polis Şöbəsinə qayıdaraq baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 sentyabr 2024-cü il tarixdə Qusar rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı, eləcə də partlayıcı maddələr əldə edib saxlaması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X4, X7 və Baş İdarənin təhqiqatçısı X6 daxil edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs inzibati həbslə əlaqədar saxlanıldığı Qusar Rayon Polis Şöbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı, eləcə də partlayıcı maddələr əldə edib saxlamaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, hazırda yaşadığı evdə “qumbara” vardır. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri, K.Kərimov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, eləcə də partlayıcı maddələr varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində “qumbara” olduğunu bildirib, həmin evin arxa tərəfində olan ağacın arxasında olan qara rəngli sellofan torbanın içərisində 02 ədəd qumbara saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 02 ədəd qumbaraya və 02 ədəd alışdırıcıya oxşar predmet olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş predmetlərin özünə məxsus olduğunu, həmin predmetləri “Ruslan” adlı şəxsdən 200 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 01 ədəd qara rəngli torbada olan 02 ədəd qumbaraya və 02 ədəd alışdırıcıya oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən evdən iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra iştirakçılar ilə birlikdə Qusar RPŞ-ə gəlmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır Cinayət işinin materiallarında olan 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə Qusar RPŞ-nin inzibati binasında saxlanılmışdır. Həmin tarixdə saat 13:37-dən etibarən həyata keçirilən Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri, K.Kərimov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış zamanı evin həyətyanı sahəsində olan ağacın arxa hissəsində 01 ədəd qara rəngli sellofan torba olması müəyyən edilmişdir. Həmin sellofan torbaya keçirilən baxış zamanı 02 ədəd qumbara tipli dəmir predmet və 02 ədəd alışdırıcı tipli dəmir predmet aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan DVD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı natamam döyüş sursatı hesab edilən F-1 tipli əl qumbarasının gövdəsi və “F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısı olan 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/1460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 02 ədəd əşya “UZRQM" tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 02 ədəd əl qumbarasının gövdəsi ilə 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları var, yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 02 ədəd əl qumbarasının gövdəsi və 02 ədəd alışdırıcı partladıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, baxış və götürmə keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 02 ədəd əl qumbarasının gövdəsi və 02 ədəd alışdırıcı partladıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, baxış və götürmə keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar