Məhkəmə qərarları › İş №1(029)-16/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-16/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-16/2021 03.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Tərcüməçi: X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Qusar rayonu Gican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Gican kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbayjan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Qusar rayonu Gican kəndində yaşadığı evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs saçından tutub dartaraq, sillə, yumruq zərbələri ilə sifətindən və başından vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Gican kəndində yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadıdır. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı kənddə tanışları ilə birlikdə spirtli içki qəbul etmiş və saat 18 radələrində evə qayıtmışdır. O, evə qayıdan zaman arvadı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gəldiyinə görə ona oz iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, əsəbləşərək Zərərçəkmiş şəxs saçından tutaraq dartmış, sillə, yumruq zərbələri ilə sifətindən və başından vuraraq döymüşdür. O, hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır, barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qusar rayonu, Gican kəndində ailəsi ilə yaşayır. O, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç uşağı olmuşdur. Əri Təqsirləndirilən şəxs spirtli içkilərə meyli olduğuna və evə sərxoş vəziyyətdə gəldiyinə görə aralarında söz-söhbət yaranırdı. Əri Təqsirləndirilən şəxs növbəti dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evə sərxoş vəziyyətdə gəlmiş, bu səbəbdən aralarıda mübahisə yaranmışdır. Mübahisə zamanı Qasım onun saçlarından tutaraq sillə, yumruq zərbələri ilə sifətindən və başından vuraraq onu döymüşdür. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyin xx xxxxxx 2020-ci il tarixli 1293 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün altında əzilmiş yara, burnunun üstündə qançır küt və bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması onun öz ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və məhkəmə baxışında tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 578 saylı xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx xxxxx 1992-ci il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs, xx xxxxxx 2014-cü il təvəllüdlü oğlu Seyid İsmayılovdan, xx xxxxxxxx 2015-ci il təvəllüdlü qızı Seyidə İsmayılovadan və xx xxxxxxxx 2018-ci il təvəllüdlü qızı Həmidə İsmayılovadan ibarətdir. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabəliyində Dövlət Sosial Müdafiə Fondu X6 Qusar rayon Xidmət Nümayəndəliyin xx xxxxxx 2020-ci il tarixli **********7 saylı məktubdan görünür ki, Qusar rayonu Gican kəndində yaşayan xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs şöbədən sosial müavinət, təqaüd almır. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 xx xxxxxx 2020-ci il tarixli 1586/11-20 saylı məktubdan görünür ki, Qusar rayonu Gican kəndində yaşayan xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 X1 həkim psixiatrın və həkim narkoluqun qeydiyyatında yoxdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar