Məhkəmə qərarları › İş №1(029)-16/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-16/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-16/2022 09.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki Qusar şəhəri M.Vəliyev küçəsi ev 190 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 12.11.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Qusar şəhəri M.Vəliyev küçəsindəki 190 saylı evdə aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vurmuş, daha sonra isə iti bucaqlı nəlbəki parçası ilə onun üz nahiyyəsinə vurmuş, nəticədə həmin şəxsin sağlamlığına yüngül zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun tanışıdır. 12.11.2021-ci il tarixdə yaşadığı Qusar şəhəri M.Vəliyev küçəsindəki 190 saylı evdə Zərərçəkmiş şəxsla spirtli içki qəbul etmiş və ikisi də sərxoş olmuşlar. Sonradan aralarında mübahisə yaranmışdır. Ola bilsin mübahisə vaxtı o, Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vurmuş, iti bucaqlı nəlbəki parçası ilə onun üz nahiyyəsinə xəsarət yetirmiş, lakin çox sərxoş olduğundan hadisə tam olaraq onun yadında qalmamışdır. O, spirtli içki qəbul edərkən çox əsəbi olur. Əvvəllər də onun barəsində qeyri-rəsmi olaraq ər-arvad münasibətində olduğu Zarina ilə aralarında qisqanclıq zəminində yanamış mübahisəyə görə məhkəməyədək sadələşdirilmiş icraat materialları olmuş, zərər çəkmiş şəxslə barışdığına görə cinayət təqibinə xitam verilmişdir. Hazırda törətdiyi əməlinə görə peşman olmuş, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, dostdurlar. Məlum hadisə 12.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri M.Vəliyev küçəsindəki 190 saylı evində baş vermişdir. Həmin gün o, bazarda olarkən Elxan ona yaxınlaşaraq özündə içməyə spirt olduğunu demiş və bir yerdə içməyi təklif etmişdir. Bundan sonra onlar Elxanın yaşadığı evə getmişlər, orada spirti suya qatıb içmişlər və hər ikisi sərxoş olmuşlar. Sonra Elxan onu söymüş və aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Elxan onu yumruqla döymüş, nəlbəkini onun üstünə atmış, nəlbəki sınmış, daha sonra nəlbəkinin sınmış parçası ilə onun üz nahiyyəsinə xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, ona dəymiş zərər ödənilmişdir. Hadisədən sonra Elxan onun yarasını təmizləmiş və dərman vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şıxbaba oğlu ifadəsində göstərmişdir ki, yaşadığı Qusar rayonu Balaqusar kəndindəki evində suyu, qazı, işığı yoxdur. O, hər gün Avtovagzal ərazisinə gələrək telefonu və işıq fənərini enerji ilə təmin edir. 13 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Rusifi Avtovagzal ərazisində görmüş, sifətində kəsilmiş yaralar olduğundan nə baş verdiyini soruşmuş, Rusif ona əvvəlcə pilləkəndən yıxıldığını demiş, lakin sonradan hadisəni xatırladığını, əslində pilləkəndən yıxılmadığını, Elxanın nəlbəki parçası ilə sifətinə vuraraq ona xəsarət yetirdiyini, bu barədə polisə şikayət edəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Rusiflə Elxan bir yerdə spirli içki qəbul etmiş, aralarında mübahisə yaranmış, mübahisə vaxtı Elxan Rusifi döymüş və sınmış nəlbəki parçası ilə onun üz nahiyyəsinə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X1 və X2 iştirakları ilə tərtib edilmiş 14 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:15-dən saat 16:30-dək ünvan 3 ünvana baxış keçirilmişdir. Baxış keçirilən evin həyətinə giriş dəmir darvazadandır. Ev bir mərtəbədən və zirzəmidən ibarətdir. Evin bir hissəsi mişar daşı ilə, digər hissəsi isə kərpicdən tikilib. Evə daxil olduqda zirzəmidən birinci mərtəbəyə taxtadan əldə düzəldilmiş pilləkən vardır. Baxış zamanı birinci mərtəbəyə qalxan taxta pilləkənin üzərində və ya yerdə qan izləri aşkar edilmədi. Baxış zamanı evin qonaq otağında yerdə sınmış nəlbəki parçası və mətbəx bıçağı aşkar edildi. Aşkar edilmiş nəlbəki parçası və mətbəx bıçağı Zərərçəkmiş şəxs təqdim edildikdə o, sınmış nəlbəki parçasını göstərərək, Təqsirləndirilən şəxs həmin nəlbəki parçasını onun üstünə atdığını, daha sonra isə sınmış parça ilə onun sifətinə xəsarət yetirdiyini bildirmişdir. Aşkar edilmiş nəlbəki parçası iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs yerdə sərilmiş döşəyi göstərərək həmin döşəyin üstündə 12.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixə keçən gecə yatdığını bildirdi. Baxış zamanı yaşıl rəngli döşəyin üzərində 25 sm diametrli ölçüdə olan yerdə qan ləkələrinin olduğu aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin döşəyin üstündə Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildikdən sonra yatdığını bildirmiş, həmin qan ləkələrinin ona məxsus olduğunu, yəni yatdıqdan sonra onun sifətindən gəldiyini bildirmişdir. Baxış zamanı digər yerlərdə, xüsusən də evə qalxan pilləkənin üstündə və yerdə qan izləri aşkar edilməmişdir. Bundan sonra başqa iş üçün əhəmiyyət kəsb edən digər hallara rast gəlinmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 14 noyabr 2022-ciil tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, 14.11.2021-ci il tarixdə HK- 1/838 saylı materialın zərurəti ilə bağlı Qusar RPŞ-nin TB-nin xidməti otağında Zərərçəkmiş şəxs təqdim etdiyi nəlbəki parçasına baxış keçirilmişdir. Baxış zamanı nəlbəki parçasının şüşələrdən hazırlandığı, yuxarı hissəsi qırmızı rəngdə, digər tərəfi isə ağ rəngdə olması müşahidə olunur. Baxış zamanı nəlbəki parçasının uzunluğunun 10 (on) sm, yuxarı hissəsinin iti künclü olduğu müəyyən edilmişdir. Baxış zamanı nəlbəki parçasının üzərində qan ləkələrinin olduğu müəyyən olunur. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi nəlbəki parçası ilə Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə onun üz nahiyyəsinə xəsarət yetirdiyini bildirdi. Baxış zamanı təqdim edilmiş bir ədəd nəlbəki parçası iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd nəlbəki parçası maddi sübut kimi tanınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 1105 saylı 15 noyabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində olan xəsarətlər – alnında ortada və sol gözün bayır bucağında kəsilmiş yara kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12 noyabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni sınmış nəlbəki parçası ilə yetirilə bilər, pilləkəndən yıxılıb yerə dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 01 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialarında olan Qusar rayon məhkəməsinin 1(029)-97/2021 saylı 02.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23.11.2021-ci il tarixli 1844/11-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11. 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 09.02.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 12.11.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Qusar şəhəri M.Vəliyev küçəsindəki 190 saylı evdə aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vurması, daha sonra isə iti bucaqlı nəlbəki parçası ilə onun üz nahiyyəsinə xəsarət yetirərək ona YÜNGÜL zərər vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanı aradan qaldırmasını və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, əvvəllər Qusar rayon məhkəməsinin 1(029)-97/2021 saylı 02.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. İş üzrə maddi sübut qismində tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd iti bucaqlı nəlbəki parçası məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanda yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd iti bucaqlı nəlbəki parçası məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar