Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-17/2025 13.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Qusar rayonu, Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Mucuq ərazi dairəsi, Mucuq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 23:30-da Qusar rayonu Mucuq kəndində, həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifətinə vuraraq ona sol qaşın bayır küncünün əzilmiş-çapılmış yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 noyabr 2024cü il tarixdə axşam saat 22 radələrində evdə olan zaman evinin qarşısındakı işıq dirəyinin işığı söndüyünü görmüşdür. Bu zaman evin darvazasının qarşısına çıxmış, bir nəfər şəxsin yaşadığı evin qarşısında sağa-sola gəzdiyini görmüş, əlində fənərlə həmin şəxsin qarşısına getmiş, həmin şəxs qonşu Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Ona burada nə işin var demiş, Famik isə ”Mən səni izləyirəm” demişdir. Cavab olaraq niyə onu izlədiyini soruşmuşdur. Bunun üstündə də onların aralarında mübahisələri baş vermiş, Famik onu nalayiq ifadələrdə söydüyü üçün onun boğazından tutub sıxıb yerə çökdürmüşdür. Sonra, Famiki buraxmış və o, çıxıb evinə getmişdir. Bundan sonra o, əsəbləşmiş və Famikin atasının vatsap nömrəsinə Famikin ünvanına səslər atıb demişdir ki, bir daha onun evinin qarşısından keçməsin. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30-da Qusar rayonu Mucuq kəndində, həmkəndlisi Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə zamanı sonuncu yumruqla onun sifətinə vuraraq ona xəsarət yetirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamış, şikayətçidir, Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində oğlu Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyəsində cırılmış yarasını görüb ondan nə baş verdiyini soruşduqda, sonuncu ona cavab olaraq xx.xx.2024-cü il tarixdə, saat 23:30- da evə qayıdan zaman Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyəsinə vuraraq xəsarət yetirməsini deməsindən sonra ona məlum olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 562 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol qaşın bayır küncünün əzilmiş-çapılmış yarası küt əşyanın zərbəvi təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində bir azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi ilə sübut olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini özünümüdafiə xarakterli hesab edir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq halı mövcud olmadığından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan digər cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdən, hökm elan olunan tarixə kimi, yəni 13 avqust 2025-ci il tarixə kimi həbsdə qaldığı 01 (bir) ay, 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman 30 iyun 2025-ci il tarixdən, hökm elan olunan tarixə kimi, yəni 13 avqust 2025-ci il tarixə kimi həbsdə qaldığı 01 (bir) ay, 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 09 (doqquz) ay, 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Mucuq ərazi dairəsi, Mucuq kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-17/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-17/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver