Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-18/2024 31.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2008-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qusar şəhəri 6 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Qusar rayonu Hil kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Qusar şəhəri, T.İsmayılov küçəsi, 102 saylı fərdi yaşayış evinin qarşısında, əlində saxladığı dəyəri 5 manat təşkil edən, 01 ədəd “Tory Burch” markalı pul kisəsini, həmin pul kisəsinin içərisində olan 230 manat məbləğində pulu, ona məxsus şəxsiyyət vəsiqəsini və hesabında pul olmayan “Kapital-Bank”a məxsus bankomat kartını sonuncunun əlindən alaraq, oradan qaçmaqla qanunsuz olaraq açıq talamaqla soyğunçuluq edib, ümumilikdə zərərçəkmiş şəxsə cəmi 235 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qusar şəhəri, F.Musayev küçəsində yerləşən mağaza tərəfdə gəzərək hərəkət etmiş, həmin vaxt yolda qarşısına tanımadığı adını sonradan bildiyi Elmira adlı şəxs çıxmış, onun əlində pul kisəsi olmuş, həmin şəxsin birinci aptekə, daha sonra isə mağazaya daxil olduğunu, mağazadan çıxanda əlində paket digər əlində yenə pul kisəsi olmasını müşahidə etmişdir. Hərəkət edərək onun arxasınca getmiş, həmin şəxsin əlində olan pul kisəsini götürüb qaçmaq qərarına gəlmiş, lakin orada adam çox olduğundan sakit bir yer olmasını gözləmişdir. Qusar şəhərində yerləşən “İlkin” otelin yerləşdiyi məhəllənin arxa küçəsinə qədər piyada getmiş, orada Elmiranın “kişi salon”u olan obyektin yanından evə daxil olmaq istəməsini müşahidə etmişdir. Buna görə də tez ora yaxınlaşmış, onun əlində olan pul kisəsini götürmüş, oradan qaçaraq Qusar şəhəri H.Əliyev prospektinə tərəf “İlkin” otelin yanından qaçmışdır. Həmin vaxt başında kapşon olmuş, qaçaraq sağ tərəfə dönmüş, piyada həmin küçə ilə Qusar şəhəri M.Vəliyev küçəsinə tərəf getmişdir. Orada kolluq hissəyə çıxmış, pul kisəsinin içərisinə baxmış, orada 200 manat məbləğində (100-lük, 50-lik və xırda pullar) pul olmuş, bundan başqa şəxsiyyət vəsiqəsi, şəxsiyyət vəsiqəsindəki şəkilin qadın olduğunu görmüş, pulu götürüb cibinə qoymuş, sonra isə şəxsiyyət vəsiqəsini cıraraq kolların arasına atmışdır. Bundan sonra pul kisəsinin içərisində olan kartlar və digər sənədlərə əl dəyməmiş, pul kisəsini isə başqa şəxslər tapmaması səbəbindən həmin yerdə torpağın altında gizlətmiş, piyada Qusar rayon İcra Hakimyyətinin inzibati binasının yaxınlığında yerləşən parka getmiş və parkda gəzişmişdir. Bir az gəzişdikdən sonra Qusar şəhər 6 saylı tam orta məktəbin yaxınlığına getmiş, ora getməmişdən əvvəl mobil telefon vasitəsi ilə sinif yoldaşı Hidayətə onunla görüşmək istəməsini bildirmiş, ondan bir gün əvvəl elektron siqaret alması səbəbindən ona olan 30 manat məbləğində borcunu qaytarmaq istəmiş, ona cümə axşamına qədər pulu qaytarmalı idi. Həmin vaxt Hidayətlə orada görüşmüş, pulu ona qaytarmış, sonra isə onunla birlikdə mağazaya “VAPE”, yəni içərisi dəyişdirilə bilən elektron siqareti doldurmaq üçün Zaurun bərbərxanasının yanına getmiş, orada 1,30 manat pul verməklə Hidayətlə birlikdə elektron siqareti doldurtmuşdur. Bundan sonra piyada “North” marketin yaxınlığına getmiş, həmin mağazadan da 2(iki) ədəd 50 manat məbləğində elektron siqaret almış, pulu çıxaran zaman cibində olan pul məbləğinin çox olmasını Hidayət görmüş “bu pulları oğurlamısan” deyərək ondan soruşmuşdur. Həmin vaxt Hidayətə cavabında “xeyr, oğurlamamışam” demişdir. Bundan sonra Hidayətlə birlikdə yenidən məktəb tərəfə qayıtmış, həmin yolda məktəb yoldaşını görmüş, onu yaxından tanımamış, həmin şəxs skuter idarə edirdi, Hidayət ondan skuteri almış, oradan uzaqlaşaraq getmişdir. Bundan sonra Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən “Pioner” mağazasının qarşısında dayanıb Hidayəti gözləyən zaman Qusar RPŞnin əməkdaşları tərəfindən saxlanılmış və onu Qusar RPŞ-nin növbətçi hissəsinə gətirmişlər.Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin və elan olunmuş şahid ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində təkbaşına piyada evdən çıxaraq Qusar şəhəri, F.Musayev küçəsində yerləşən çörək mağazasına getmiş, həmin vaxt əlində pul kisəsi olub, pul kisəsində şəxsiyyət vəsiqəsi, balansında pul olmayan “Kapital Bank”a məxsus olan bankomat kartı (pensiya kartı) və 230 manat məbləğində pul, alver etdiyi qədər əlavə xırda pul, vizit kartlar olub. Çörək mağazasına yaxınlaşmış, çörək almış, sonra həmin küçədə yerləşən əczaçılıq mağazasına daxil olmuş, oradan çıxaraq həmin küçədə yerləşən “Pioner” ərzaq malları mağazasına daxil olmuşdur. Həmin vaxt oradan alınmalı əşyaları alaraq yenidən piyada Qusar şəhərində yerləşən “Xalq Bank” inzibati binasının yerləşdiyi yerin yanından evinə qayıtmışdır. Piyada hərəkət edən zaman sol əlində qara rəngli dəri materialından olan pul kisəsi, digər əlində isə ərzaq malları olan çanta olub. Bundan sonra piyada evinin qarşısına gəlmiş, bu zaman qapının qarşısında adını sonradan bildiyi Müzafəddinin qara rəngli şalvar və kapşonlu idman gödəkçəsində, kapşonunu başına keçirmiş vəziyyətdə ona arxadan yaxınlaşaraq əlindən pul kisəsini qəfildən alaraq qaçmış, qaçarkən onun dalınca bir az qaçsa da ona çata bilməmişdir. O, “İlkin” otel tərəfdən aralıqla H.Əliyev prosepkti tərəfə qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt məhəllədə heç kəs olmamış, geri qayıdaraq qonşusuna bu barədə demiş, onun məsləhəti ilə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə telefonla zəng edərək məlumat vermişdir. Pul kisəsini əlindən alaraq qaçarkən, Müzafəddin ona qarşı heç bir zor tətbiq etməmiş, sadəcə olaraq pul kisəsini əlindən alaraq qaçaraq oradan uzaqlaşmış, pul kisəsində 230 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi, bankomat kartı olub. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə sinif yoldaşı Müzafəddinə onun istəyi və razılığına görə özündə olan elektron siqareti satmış, bunun müqabilində ondan 30 manat pul istəmiş, pulu qarşıdan gələn cümə axşamına qədər verə biləcəyini ona söyləmişdir. Həmin vaxt aralarında razılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində sinif yoldaşı Müzzafəddin onun mobil telefonuna zəng etmiş, “pulunu gətirmişəm, çıx görüşək” demiş, onunla Qusar şəhəri H.Əliyev küçəsində yerləşən “Pioner” qarışıq mallar mağazasının qarşısında görüşmüş, bu vaxt Müzafəddin ona 30 manat borclu olduğu pulu vermişdir. Bundan sonra Müzafəddin ilə birlikdə ona satdığı elektron siqareti doldurmaq üçün Zaurun bərbərxanasının yanına getmiş, orada 0,80 manat pul verib həmin elektron siqareti doldurtmuş, sonra birlikdə həmin elekton siqaretdən istifadə edərək “North” marketə getmiş, orada Müzafəddinlə birlikdə 50 manat pul verməklə həmin elekton siqaretlərdən 2(iki) ədəd almışlar. Bundan sonra Qusar şəhərində yerləşən “Uşaq-əyləncə” parkının yanına gəlmiş, Müzafəddinə “səndə bu qədər pul haradandır, oğurluq etmisən” demiş, o isə bunu boynuna almayaraq hansısa oyun oynadığını, oradan iki aydan bir pul verilməsini bildirmişdir. Bundan sonra Müzafəddindən ayrılaraq məktəb yoldaşı Omarın skuterini alaraq sürmüş, uzaqdan Müzafəddinin qara rəngli avtomobillə oradan getdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə telefonla məlumat verərək, ona məxsus olan pul kisəsini naməlum şəxsin əlindən alaraq qaçmasını bildirmişdir. Buna görə də Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Tural Ələskərzadə ilə birlikdə onun axtarışına çıxmış, bununla əlaqədar həmin şəxsin əynində olan geyimi və görünüşü barədə bildirilmişdir. Həmin gün Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən “Pioner” qarışıq mallar mağazasının qarşısında onu saxlamış, Qusar RPŞ-nin növbətçi hissəsinə gətirərək təhvil vermiş, bu vaxt yetkinlik yaşına çatmayan Qusar rayonu Hil kəndində yaşayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2023-cü il tarixli 9/7794-saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli, zəncirbəndlə açılıb bağlanan, içəri hissəsində “Tory Burch” markalanma göstəricisi olan pul kisəsinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 5,00 manat müəyyən olunur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Qusar şəhəri T.İsmayılov küçəsi ev 102-də yerləşən mənzilin qarşısıdır. Baxış zamanı Elnura Əliyeva evinin qarşısında ona məxsus olan pul cüzdanının içərisində 230 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartı ilə birlikdə əlindən alınaraq qaçırıldığı, həmçinin şəxsin qaçdığı yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Qusar şəhəri, M.Vəliyev küçəsində video çəkilişlə Təqsirləndirilən şəxs tərəfindən, xx.xx.2023-cü il tarixdə Elnura Əliyevanın əlindən alaraq götürüb qaçdığı 01 ədəd pul cüzdanını gizlətdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı, həmin yerin yaşayış evlərinin aralıq hissəsində, torpağın altında 01 ədəd pul cüzdanı olduğu müəyyən edilmişdir. Həmin pul cüzdanı qara rəngli, qara rəngli dəri materiallı, üzərində “ Tory Bunch” sözləri yazılmış pul cüzdanıdır. İçərisinə keçirilmiş baxış zamanı, içərisində Elnura Əliyevaya məxsus olan bankomat kartı, vizit kartlar və digər xırda kağız parçaları aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs içərisinə olan pulu götürdüyünü, Elnura Əliyevaya məxsus olan şəxsiyyət vəsiqəsini isə cıraraq yararsız vəziyyətə saldığını bildirmişdir. Həmin yerdə ətraflı baxış zamanı cırılmış vəziyyətdə olan şəxsiyyət vəsiqəsinin hissələri götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmiş, çəkiliş diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında olan” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyini etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 01 ədəd “Tory Burch” markalanma göstəricisi olan pul kisəsi sübut növü kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğundan sahibinə geri qaytarılması nəzərə alınmış, 01 ədəd korlanmış vəziyyətdə Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət vəsiqəsinin bir neçə hissəsi Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan maddi ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən tam olaraq ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-in 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir...” Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Qusar şəhəri, T.İsmayılov küçəsi, 102 saylı fərdi yaşayış evinin qarşısında, əlində saxladığı dəyəri 5 manat təşkil edən, 01 ədəd “Tory Burch” markalı pul kisəsini, həmin pul kisəsinin içərisində olan 230 manat məbləğində pulu, ona məxsus şəxsiyyət vəsiqəsini və hesabında pul olmayan “Kapital-Bank”a məxsus bankomat kartını sonuncunun əlindən alaraq, oradan qaçmaqla qanunsuz olaraq açıq talamaqla soyğunçuluq edib, ümumilikdə zərərçəkmiş şəxsə cəmi 235 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini CM-nin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını 59.1.13, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, özünün hal- hazırda yetkinlik yaşına çatmamasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tory Burch” markalanma göstəricisi olan pul kisəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs geri qaytarılmalı, video görünütü olan Disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının rüsumu 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tory Burch” markalanma göstəricisi olan pul kisəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs geri qaytarılsın, video görünütü olan Disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının rüsumu 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-18/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-18/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver