Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-19/2022 04.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı: “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qusar rayon məhkəməsinin icraatına X3 Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə hazırlıq iclası 01 fevral 2022-ci il tarixə saat 12:00-a təyin edilmiş və dövlət ittihamçısının şifahi vəsatətinə əsasən hazırlıq iclası 04 fevral 2022-ci il tarixə saat 11:00-a təxirə salınmışdır. X6 Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 12 mart 2021-ci il tarixdə X7 məxsus Qusar şəhəri, Ç.Qurbanov küçəsi, 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və 32 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri fəhlələr vasitəsi ilə, onlara mənzillərin özünə məxsus olduğunu deyib aldadaraq, sökdürüb qəsdən məhv etməklə zərər çəkmiş şəxs X7 cəmi 12902,00 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, işin 01 fevral 2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında ona məlum olmuşdur ki, ittiham aktının nəticə hissəsində cinayətin baş vermə müddəti guya 12 mart 2021-ci il tarixdə olmuşdur. O, dərhal şifahi vəsatət verdikdən sonra dövlət ittihamçısının xahişi ilə məhkəmə hazırlıq iclası 04 fevral 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müstəntiqin imzaladığı və prokurorun təsdiq etdiyi ittiham aktının nəticə hissəsində cinayətin 12 mart 2021-ci il tarixdə törədildiyi göstərilmişdir. İttiham aktının giriş, təsviri-əsaslandırıcı hissəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, belə bir tarix ümumiyyətlə mövcud deyildir. Necə olur ki, 02.02.2021-ci il tarixdə fakta görə başlanmış cinayət işində hadisə 12 mart 2021-ci il tarixdə baş verir? Ümumiyyətlə, cinayət işi kobud prosessual pozuntularla və müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı qərəzli aparılmışdır. Müstəntiq o qədər Anfisa Kərimxanovaya qarşı qərəzli münasibətdə olmuşdur ki, heç bir əsas və dəlil olmadan hüquqlarını müdafiə etdiyi şəxsi ittiham elan etmək üçün qanunsuz tutmuş, onu müvəqqəti saxlama yerinə salmış, yalnız onun məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti əsasında Qusar rayon məhkəməsi tərəfindən ittiham elan etmək üçün tutulma protokolu və qərar ləğv edilərək Anfisa Kərimxanova tutulmadan azad edilmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətə görə cinayət törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə olan təqdirdə müdafiə tərəfi olaraq hesab edir ki, müstəntiqin hərəkətləri texniki səhv deyildir, 12 mart 2021-ci il tarixinin ittiham aktının nəticə hissəsində göstərilməsi hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qəsddir və təqsirləndirilən şəxsi müddətin keçməsi ilə bağlı cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi hüququndan onu məhrum etməkdir. Bu hallar kobud prosessual və aradan qaldırılması mümkün olmayan səhv kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Odur ki, Anfisa Kərimxanovanın Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını, müstəntiqin, istintaq bölməsinin rəisinin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 vəsatətdə göstərilən halları təsdiq edərək vəsatətin təmin edilməsi, cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, işi qərəzli aparmış müstəntiq Ümüd Xankişiyevin, istintaq bölməsinin rəisi Rafael Tağıyevin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun barələrində xüsusi qərar çıxarılmasını, həmçinin təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı göstərmişdir ki, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 17 dekabr 2021-ci il tarixli qərarda və 30 dekabr 2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktının nəticə hissələrində cinayətin törədilməsi vaxtı 12 mart 2021-ci il tarix göstərilmişdir. Lakin, cinayət işinin materiallarında həmin tarix 12 mart 2020-ci il kimi qeyd edilmişdir. Bu, isə CPM-nin 303-cü maddəsinin tələblərinin pozulması deməkdir. Ona görə də, cinayət işinin baxılmasına xitam verilməli və iş həmin nöqsanların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Qətimkan tədbiri məsələsini isə məhkəmənin öz mülahizəsinə buraxır. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı, “Femida” Vəkil Bürosunun vəkili X2 vəsatətin təmin edilməməsini, rəqəmin texniki səhv kimi nəzərə alınmasını, zərər çəkmiş şəxsin də hüquqlarının nəzərə alınmasını məhkəmədən xahiş etmiş, qətimkan tədbiri məsələsini isə məhkəmənin öz mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə ittiham aktından görünür ki, həmin cinayət işi Qusar şəhər sakini X3 2020-ci ilin sentyabr ayında ünvan 1 ünvanda yerləşən 260 m2 torpaq sahəsində qanunla müəyyən edilmiş heç bir mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlaması ilə əlaqədar toplanılmış materiallar əsasında Qusar RPŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı Romik Qazıxanov tərəfindən 02.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə başlanılmışdır. 02 fevral 2021-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın aparılması Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevə həvalə edilmiş, 08 aprel 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-in 188.1-ci maddəsindən həmin Məcəllənin 188.1 və 186.1-ci maddələrinə tövsif edilmişdir. 23 iyun 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin Azərbaycan Respublikasının CM-nin 186.1 və 188.1-ci maddələrindən həmin Məcəllənin 186.1, 188.1 və 222-2.1-ci maddələrinə tövsif edilməsi və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra cinayət işinin istintaq müddəti bir neçə dəfə uzadılmış, 11.11.2021-ci il tarixdə isə cinayət işi CM-nin 186.1-ci maddəsinə tövsif edilmişdir. 15 dekabr 2021-ci il tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyev tərəfindən iş üzrə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş, 17 dekabr 2021-ci il tarixdə isə X4 yeni ittiham elan edilməsi barədə qərar qəbul edilərək Anfisa Kərimxanovaya Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Həmin ittihamın məzmununa görə Anfisa Kərimxanova 12 mart 2021-ci il tarixdə X7 məxsus Qusar şəhəri, Ç.Qurbanov küçəsi, 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və 32 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri fəhlələr vasitəsi ilə, onlara mənzillərin özünə məxsus olduğunu deyib aldadaraq, sökdürüb qəsdən məhv etməklə zərər çəkmiş şəxs X7 cəmi 12902,00 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan sonra, müstəntiq Ümüd Xankişiyev tərəfindən 29 dekabr 2021-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı 30 dekabr 2021-ci il tarixdə Qusar rayon prokuroru tərəfindən təsdiq edilmişdir. Həmin ittiham aktının nəticə hissəsində də, cinayətin törədilməsi vaxtı 12 mart 2021-ci il göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 223.3, 223.3.1, 223.3.2-ci maddələrinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Həmin Məcəllənin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyev tərəfindən qəbul edilmiş 17 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarda və 30 dekabr 2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktının nəticə hissəsində təqsirləndirilən şəxs X4 verilmiş ittihamın məzmunu cinayət işinin materiallarına uyğun deyildir, hazırkı cinayət işi fakta əsasən 02 fevral 2021-ci il tarixdə başlanıldığı halda, ittihamın məzmununda və təsvirində cinayət hadisəsinin törədildiyi vaxt 12 mart 2021-ci il göstərilmişdir. Bununla da, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, həmin tələblər müstəntiq Ümüd Xankişiyev tərəfindən pozulmuşdur. Həmin pozuntular isə cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edən kobud pozuntulardır. Azərbaycan Respublikasının CPM-nin 299.3, 299.3.2-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1, 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə. Həmin Məcəllənin 300.2, 300.2.1, 300.2.2, 300.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq; qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3, 303.3.6-cı maddələrinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının CPM-nin 154-158, 299, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. İş üzrə təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-19/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-19/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver