Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-2/2024 25.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1967-ci ildə Qusar rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Qalacıq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından işləmək məqsədi ilə Rusiya Federasiyasına getmək üçün 28 aprel 2023-cü il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Qusar rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə dövlət sərhədindən qanuni yolla keçməklə işləmək məqsədilə Rusiya Federasiyasına, İran İslam Respublikasına və Gürcüstana gedib-gəlmişdir. Pandemiya səbəbindən ölkə sərhədləri bağlandığından dövlət sərhədindən qanuni yolla keçidin bağlı olduğunu bilmiş, hətta bunun üçün 2022-ci ildə 3 dəfə, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə sərhəd keçid məntəqəsinə yaxınlaşmışdır ki, rəsmi qaydada ölkə sərhədindən hərəkət etməklə Rusiya Federasiyası, əgər orada iş tapa bilməzsə oradan da Türkiyə Respublikasına getsin. Lakin qeyd etdiyi tarixlərin hamısında ona ölkədə sərhədlərinin piyada keçid üçün bağlı olduğu və onun dövlət sərhədindən buraxılması üçün Nazirlər Kabinetindən müvafiq icazə almalı olduğu bildirilmiş və müvafiq icazəsi olmadığından sərhəddən geri qaytarılmışdır. Bilmişdir ki, ölkə sərhədlərini yalnız qanuni yolla təyyarəyə bilet alıb aviareyslə tərk edə bilər. Lakin maddi cəhətdən buna imkanı olmadığından düşünmüşdür ki, qanunuz yolla Rusiya Federasiyasına getsin. Beləliklə də, qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmək üçün 28 aprel 2023-cü il tarixdə, saat 8 radələrində evindən çıxmış və Qusar rayonu, Həzrə kəndi istiqamətində irəliləmişdir. Həmin gün, saat 10 radələrində dövlət sərhədinin yaxınlığında olan sistem çəpərinin yanı ilə hərəkət edərək sərhəddən qanunsuz yolla keçmək istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra saxlanıldığı yerə hansı səbəbdən gəldiyi soruşulduqda həmin şəxslərə qanunsuz yolla Rusiya Federasiyasına getmək niyyətində olduğunu demişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xidmətdə olduqları zaman xx.xx.2023-cü il tarixdə, saat 10:20-də N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 30-cu sahəsi istiqamətində bir nəfər şəxsin sistem çəpərinin yanı ilə Rusiya Federasiyası istiqamətində hərəkət etdiyini müşahidə edib ərazini nəzarətdə saxlamaqla maskalanmışlar. Həmin şəxs dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçmək üçün irəlilədiyi zaman qeyd olunan şəxsin saxlanılması üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və həmin şəxs tərəflərindən saxlanılmışdır. Qeyd olunan şəxs saxlanıldıqdan sonra bu barədə aidiyyəti üzrə məruzə etmişlər. Həmin şəxsi saxladıqdan sonra aydın olmuşdur ki, tərəflərindən saxlanılmış, dövlət sərhədini Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçmək istəyən şəxs Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra dövlət sərhədindən qanunsuz yolla Rusiya Federasiyası istiqamətində keçmək niyyətində olduğunu səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 30-cu sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 aprel 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkanı tədbiri seçilmişdir. Qusar Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən, 29 aprel 2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu 1(bir) gün, eləcədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə qaldığı 1 (bir) ay, 10 (on) gün müddəti CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alaraq hesab edir ki, inzibati qaydada tutulduğu 1 (bir) gün və həbsdə qaldığı 1 (bir) ay, 10 (on) gün müddət ona təyin olunacaq cərimə cəzasını yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 aprel 2023-cü il tarixdən, 29 aprel 2024-cü il tarixə kimi inzibati qaydada tutulduğu 1(bir) gün, eləcədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə qaldığı 1 (bir) ay, 10 (on) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1250 (min iki yüz əlli) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-2/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-2/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver