Məhkəmə qərarları › İş №1(029)-20/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-20/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-20/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz X5 Magistral Qaz X1 xətti İstismar Xidmətinin İV dərəcəli Qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, verdiyi analizin nəticəsi olaraq xx.xx.2020-ci il tarixdə yeni növ koronavirus (COVİD-19)infeksion xəstəliyinə yoluxduğunu bilib və bununla əlaqədər olaraq onun infeksiya daşıyıcısının olduğu üçün yaşayış yerini 14 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz X5 Magistral Qaz X1 xətti İstismar Xidmətinin İV dərəcəli Qaz paylayıcı stansiyasına getmiş, həmin günlərdə növbədə olmuş, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində də yaşayış yerini tərk edərək taksi fəaliyyəti ilə məşğul olan Qusar rayonunun Balaqusar kənd sakini Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusar şəhərinə gəlmiş, oradan da Qusar şəhəri M.Vəliyev və Ç.Qurbanov küçələrinə getmiş, eyni zamanda Qusar şəhər sakini Şahid2 və rayonun Böyük Muruq kənd sakini Şahid3 ilə görüşərək ünsiyyətdə olmuş və bu hərəkətləri ilə də karantin rejimini pozaraq, yoluxduğu yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu Köhnə Xudat Qazmalar kəndində yaşayır və evinin yanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz X5 Magistral Qaz X1 xətti İstismar Xidmətinin İV dərəcəli Qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləyir. O, orada 2 növbəli, 12 saatlıq iş rejimi ilə, gecə və gündüz növbələrində işləyir, iş qrafiki dəyişkəndir. xx xxxxxx 2020-ci il tarixdə o, özünü pis hiss etdiyinə görə analiz vermiş, xx xxxxxx 2020-ci il tarixdə işə getmiş və işdə olarkən onun yeni növ korponavirus infeksiyasına yoluxması barədə istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə SMS mesaj gəlmiş, həmçinin onun evdən çıxmaması barədə xəbərdarlıq olunmuşdur. Lakin, o, həmin mesajı oxumamış, işdən çıxarkən özünü daha da pis hiss etmiş, evə gəldikdən sonra oğlu ona SMS barədə məlumat vermişdir. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə yenidən xəstəxanaya gedərək yaxma analizi vermiş və analizin cavabı pozitiv olmuşdur. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə işə getmiş, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında isə işdən çıxıb evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Təşkil adlı taksi sürücüsü ilə sonuncunun avtomobili ilə Bəhruz adlı tanışının yanına Qusar şəhərinə getmiş, onunla görüşmüş və Bəhruza koronavirus infeksiyasına yoluxduğunu bildirərək ona həkim məsləhət görməsini xahiş etmiş, Bəhruz isə onu xəstəxananın baş infeksionisti Möhübəli həkimin yanına göndərmişdir. O, xəstəxanaya Möhübali həkimin yanına getmiş, lakin sonuncu işi çox olduğundan onu müayinə etməmişdir. Bundan sonra o, dərman almaq üçün pul lazım olduğundan iş yoldaşı Bahaddinə zəng etmiş, Qusar şəhərində yerləşən “Zeytun” aptekin yanında həmin şəxslə görüşmüş, ona xəstələndiyini deyərək dərmanlar almaq üçün ona pul verməsini xahiş etmiş, Bahaddin isə pulunun olmadığını bildirərək çıxıb getmişdir. Bundan sonra o, Təşkil adlı taksi sürücüsü ilə evinə qayıtmış və bir daha evdən bayıra çıxmamışdır. Daha sonra isə o, müalicə olunaraq sağalmış, koronavirus barədə analiz cavabları neqativ çıxmışdır. Hazırda o, törətdiyi əməlindən peşmandır, özünü pis hiss etdiyindən müayinə olunmaq və dərmanlar almaq üçün evdən çıxmışdır. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları, həmçinin xəstə anası vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs çoxdan tanıyır, onunla qonşudur. Həmin şəxsi həmişə harasa o, aparır. xx xxxxxx 2020-ci il tarixdə Etibar ona zəng edərək xəstəxanaya getməli olduğunu bildirmiş, gəlib avtomobilə orturduqda ondan nə olduğunu soruşmuş, Etibar isə koronavirus infeksiyasına yoluxduğunu, analiz cavabının pozitiv çıxdığını bildirmişdir. Bundan sonra o və Etibar onun idarə etdiyi avtomobillə əvvəlcə Qusar şəhərinə Bəhruz adlı şəxsin yanına getmişlər, Etibar Bəhruzla görüşmüş, həmin şəxsə də xəstələndiyini bildirmiş, oradan isə Qusar rayon Mərkəzi Xəstəxanasına getmişlər. Daha sonra isə Etibar aptekdən dərmanlar almış və onlar birlikdə Qusar rayonu Köhnə Xudat Qazmalar kəndinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. O, xx xxxxxx 2020-ci il tarixdə Qusar şəhərində bazarın yanında Etibarla görüşmüş, sonuncu ona dərman almaq üçün pul lazım olduğunu bildirərək ondan pul istəmiş, o, isə üzərində pul olmadığını demişdir. Lakin, həmin vaxt Etibar ona koronavirus infeksiyasına yoluxduğunu deməmiş, sonradan bu barədə eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Qusar rayon Mərkəzi Xəstəxanasında baş infeksionist-həkim işləyir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə koronavirus infeksiyasına yoluxan xəstə kimi Qusar MRX-na onun yanına gəlmiş və o, həmin şəxsə müalicə yazmışdır. Həmçinin, həmin şəxsə bildirmişdir ki, evdən bayıra çıxmasın. Lakin, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə test vermiş, cavabı pozitiv olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Etibarın xəstəxanaya gəlməsini heç kim həmin şəxsə bildirməmiş, onu heç kim xəstəxanaya çağırmamış, həmin şəxs özü gəlmişdir. Hətta, onun tanışı Bəhruz da ona zəng etmişdir ki, Etibarı yaxşı müalicə etsin. Hal-hazırda Təqsirləndirilən şəxs tam sağalmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, eyni zamanda sonuncu ilə birlikdə əvvəllər X10 İdarəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Etibar ona mobil telefonla zəng edərək görüşmək istədiyini bildirmiş, həmin vaxt Etibar “VAZ 2107” markalı avtomobillə taksi ilə gəlmiş, həmin avtomobilin rəngi də açıq rəngdə olmuşdur. Etibar üzündə maska ilə gəlmiş və ona ölkə ərazisində yayılmış “COVİD 19” virusuna yoluxduğunu bildirmiş, Etibara öz iradını bildirmiş, “sən niyə küçəyə çıxmısan!?” demişdir. Bundan sonra Etibar ondan Qusar rayon Mərkəzi Xəstəxanasının baş infeksionisti Mühübali həkimdən özünü yaxşı müalicə etəməsini sonuncuya tapşırmasını xahiş etmiş, bu barədə Mühübali həkimdən xahiş etmiş, həmçinin Etibara da həkimin məsləhətlərinə qulaq asmasını bildirmişdir. Bundan sonra Etibar oradan getmişdir. Lakin, təxminən 2 gün sonra Etibar ona zəng edərək hansısa dərman lazım olduğunu və haradan əldə edə biləcəyini soruşmuş, sonuncuya apteklərdən maraqlanmasını bildirmişdir. Həmin vaxtdan sonra Etibarla görüşməmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1642/12-20 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə verilən COVİD-19 analizlərinin cavabları pozitiv (+), xx.xx.2020-ci il tarixdə verilmiş müayinənin cavabı neqativ (-) olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları barədə elektron çıxarışdan görünür ki, ***-***-**-** mobil nömrə istifadəçisi olan Təqsirləndirilən şəxs yaşayış yerini 6.3 km məsafədə tərk etmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1584/11-20 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” pozitiv diaqnozu ilə xx.xx.2020-ci il tarixdən evdə müalicəyə alınmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1640/12-20 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə yaşadığı Qusar rayonu Köhnə Xudat Qazmalar kəndindən Qusar şəhəri istiqamətində hərəkət etməsi görüntüsü “Təhlükəsiz Şəhər” müşahidə kamerasında qeydə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Belə ki, həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1081 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Köhnə Xudat Qazmalar kənd sakini olub ailə tərkibi həyat yoldaşı X2, xx.xx.2004-cü il təvəllüdlü oğlu Elmin Xəlilovdan və xx.xx.2010-cu il təvəllüdlü oğlu Anar Xəlilovdan ibarətdir. İş materiallarında olan AA1894611 saylı şəxsiyyət vəsiqəsinin və AZ-İİ 542230 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2004-cü il təvəllüdlü Elmin, xx.xx.2010-cu il təvəllüdlü Anar adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, Anar adlı uşaq azyaşlıdır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə “Azəriqaz” X3 Magistral Qaz X1 Xətti İstismar Xidmətinə 4-cü dərəcə ilə qaz paylayıcı stansiyanın operatoru peşəsinə qəbul edilib. Hal-hazırda 2 növbəli, 12 saatlıq iş rejimində 4-cü dərəcə ilə operator peşəsində çalışır. İş materiallarında olan iş yeri üzrə istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə X8 X1 Xətti İstismar Xidmətinə 2 növbəli, 12 saatlıq iş rejimi ilə qaz paylayıcı stansiyanın operatoru peşəsinə işə qəbul olunmuşdur. Bu peşədə işləməklə özünü işgüzar, işinə tələbkar işçi kimi göstərmiş, qanunçuluğun qorunmasında, rəhbərliyin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində fəal iştirak etmişdir. İşlədiyi müddət ərzində özünü bacarıqlı və təcrübəli işçi kimi göstərmişdir. O, özünün mədəniliyi, adamlarla rəftarı, qayğıkeşliyi, həssaslığı, daxili nizam-intizam qaydalarına səylə riayət etməyi ilə iş yoldaşlarının və rəhbərliyin hörmətini qazanmışdır. Öz peşə öhdəliklərini vicdanla yerinə yetirməyə daima səy göstərir. O, öz üzərində çalışandır və rəhbərliyin göstərişlərinin sahənin fəaliyyətində tətbiq edilməsində yaxından iştirak edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx.xx.2020-ci il tarixdə yeni növ koronavirus (COVİD-19)infeksion xəstəliyinə yoluxduğunu bilib və bununla əlaqədər olaraq onun infeksiya daşıyıcısının olduğu üçün yaşayış yerini 14 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz X5 Magistral Qaz X1 xətti İstismar Xidmətinin İV dərəcəli Qaz paylayıcı stansiyasına getməsi, həmin günlərdə növbədə olması, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində də yaşayış yerini tərk edərək taksi fəaliyyəti ilə məşğul olan Qusar rayonu Balaqusar kənd sakini Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusar şəhərinə gəlməsi, oradan da Qusar şəhəri M.Vəliyev və Ç.Qurbanov küçələrinə getməsi, eyni zamanda Qusar şəhər sakini Şahid2 və rayonun Böyük Muruq kənd sakini Şahid3 ilə görüşərək ünsiyyətdə olması və həmin hərəkətləri ilə karantin rejimini pozaraq, yoluxduğu yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm də ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz X5 Magistral Qaz X1 xətti İstismar Xidmətinin İV dərəcəli Qaz paylayıcı stansiyasının operatoru vəzifəsində növbəli şəkildə, gecə və gündüz növbələrində, yəni 2 növbəli, 12 saatlıq iş rejimində işləyir, iş qrafiki dəyişkəndir və ona görə də azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə məhdudiyyətlərin qoyulması iş yerinin itirilməsinə və bununla da, onun əlavə məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsi dövlət büdcəsinə əlavə ödənişlərin keçirilməsini, bununla da büdcənin yaxşılaşdırılmasını və cəzanın daha səmərəli olmasını təmin etmiş olar. Cinayət işin materiallarına əlavə olunmuş maddi sübut olan bir ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işin materiallarına əlavə olunmuş maddi sübut olan bir ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar