Məhkəmə qərarları › İş №1(029)-21/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-21/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-21/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Qusar rayonu Qayakənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sürücülük hüququ və etibarnaməsi olmadan xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobillə Urva-Qusar yolunun 5-ci km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini, yolun döngəli olmasını nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda qanunun bu tələblərini pozaraq, avtomobili 80-90 km/saat sürətlə idarə edərək, yolun sağa doğru döngəli hissəsində hərəkətini eyni sürətlə davam etdirib idarəetməni itirmiş, daha sonra avtomobil əks hərəkət zolağına çıxaraq həmin zolaqla hərəkətdə olan Şahid3 idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə onun bu hərəkətləri sonuncunun idarə etdiyi avtomobildə olan sərnişin-Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan “sol yanağının, alt dodağının, alt çənəsinin altının kəsilmiş yaralardan sonrakı çapıqlar, sol diz qapağının qapalı yerdəyişən sınığı” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu Qayakənd kəndində yaşayır. VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil oğlunun adınadır, özünün sürücülük hüququ yoxdur. xx.xx.2020-ci il tarixdə idarə etdiyi VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobillə qızının nişanlısı olan və müharibə zamanı şəhid olmuş Vadim Ələsgərovun dəfnində iştirak etmək üçün Qusar rayonu Urva kəndinə getmişdir. Həmin gün saat təxminən 11:30 radələrində o, idarə etdiyi avtomobillə Urva kəndindən Qusar şəhəri istiqamətində saatda 60 km sürətlə hərəkət edərkən həyəcandan ürəyi tutmuş, özündən getmiş və idarətməni itirmişdir. Nəticədə Şahid3 idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, həmin vaxt həmin şəxsin avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs AZ AĞİR xəsarət almışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı şikayəti yoxdur. Özü birinci Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir. Müharibədən sonra onun səhhətində problemlər yaranmış, həyəcan keçirən kimi özünü pis hiss edir, özündən gedir. Bundan başqa, hadisə zamanı onun özü də ağır xəsarət almış, qaraciyəri cırılmış, mədəsinin yarısı cərrahi əməliyyatla çıxarılıb, başının yarısı plastmasdır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Şahid3 idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusardan Urva kəndinə gedərkən qəfildən qarşıdan gələn VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil onların hərəkət istiqamətində üzərlərinə gələrək onların olduğu avtomobillə toqquşmuş və o, huşunu itirmişdir. O, xəstəxanada ayılmış və ona məlum olmuşdur ki, Yurikin avtomobili ilə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. O, avtomobilin qabaq oturacağında oturmuş, maşında Laura və sonuncunun anası Kifayət və uşaqları olmuşdur. Hadisə nəticəsində o, diz, yanaq, çənəaltı və dodaqaltı nahiyələrdən xəsarət almış, xəsarətinin dərəcəsi az ağır olmuşdur. O, hazırda Təqsirləndirilən şəxslə barışmış, hadisədən sonra həmin şəxs ona köməklik göstərmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.12020-ci il tarixdə saat təxminən 11:30 radələrində Şahid3 idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusardan Urva kəndinə gedərkən qəfildən qarşıdan gələn VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil onların üzərlərinə gələrək onların olduğu avtomobillə toqquşmuşdur. O, həmin avtomobili təxminən 30 metr məsafədən görmüşdür. Həmin vaxt avtomobildə o, anası Kifayət, uşaqları, həmçinin Ravid olmuşlar. Yurik avtomobili asta sürətlə idarə etmişdir. Hadisə Urva kəndinə qalxan yolda baş vermişdir. Hadisə nəticəsində Ravid az ağır xəsarət almış, həmçinin o, da xəsarət almışdır. Sonradan o, bilmişdir ki, Yurikin avtomobili ilə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Hazırda həmin şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.12020-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusardan Urva kəndi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil onun hərəkət zolağına çıxaraq onun üstünə gəlmiş, o avtomobili sağa tərəf çəkərək yoldan çıxıb tormoz vermiş, lakin buna baxmayaraq həmin avtomobil onun avtomobili ilə toqquşmuşdur. Onun avtomobilində qabaq tərəfdə sinif yoldaşı Ravid oturmuş, arxa tərəfdə isə Kifayət, Laura və azyaşlı uşaqlar olmuşlar. Sonradan o, bilmişdir ki, onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Hadisə zamanı onun ayağı sınmış və ağır xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, həmin şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Həmin şəxs birinci Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir. “VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil ona məxsusdur, idarə etmək üçün atasına vermişdir. xx.xx.2020-ci il tarixdə o və atası birlikdə bacısının nişanlısı olmuş və müharibədə şəhid olmuş Vadim Ələskərovun dəfn mərasimində iştirak etmək üçün Qusar rayonu Urva kəndinə getmişlər. Dəfndən sonra o, orada qalmış, atası isə tək həmin avtomobillə başqa dəfndə iştirak etmək üçün Qusara qayıtmışdır. Saat təxminən 11:30 radələrində o, eşitmişdir ki, atası idarə etdiyi avtomobillə Urva kəndindən Qusar istiqamətində hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 həmin tarixdə saat 11:50-də həmin polis şöbəsinin məsul növbətçisi polis mayoru Elman Rəhmanovdan məlumat alıb Urva-Qusar yolunun 5-ci kilometrliyinə getmiş və Qusar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Vadim Ağaverdiyevin, İTBnin sahə rəisi polis leytenantı Elnur Həmidzadənin, hal şahidləri X2, X3 iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış aydın havada Urva kəndindən Qusar şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü toqquşma olmuşdur. Hadisə yeri Qusar RPŞnin DYPB-nin YPX-nin inspektoru Vadim Ağaverdiyev tərəfindən göstərilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi yeri yaşayış məntəqəsi deyil, yolun hərəkət hissəsi döngəlidir, örtüyün növü alfaltdır, örtüyün vəziyyəti qurudur. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3 metrdir. Məlum olmuşdur ki, “VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobil “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomoibillə toqquşmuş vəziyyətdə əks hərəkət zolağındadır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 558 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol yanağının, alt dodağının, alt çənəsinin altının kəsilmiş yaralardan sonrakı çapıqlar kənarı iti əşyanın, sol diz qapağının qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozuılmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının xx.xx.2020-ci il tarixli 556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qaraciyərin cırılması, daxili qanaxma, sağ diz oynağının açıq qəlpəli sınığı bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının xx.xx.2020-ci il tarixli 557 saylı rəyindən görünür ki, Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol saidin cırılmış yarası, sol bud sümüyünün açıq sınığı bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/2013 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21140 markalı E923XY21 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3-4. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən; - hərəkət üçün təhlükə yaranan anda “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 35,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 35,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/2013 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarından görünür ki, Şahid3 zərər çəkmiş şəxslə barışdığından Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən həmin şəxsin barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. Şahid3 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(029)-45/2021 saylı qərarının surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, “VAZ 21061” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21140” markalı E923XY21rus dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışlar və gündəlik tələbatda istifadə olunduğundan sahiblərinə geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şahid3 alınmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “VAZ 21061” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. İş materiallarında olan Şahid4 alınmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, “VAZ 21140” markalı E923XY21rus dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində avtonəqliyyat vasitəsinə aid hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, protokollaşdırma nömrəsi 03755 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 22:52-də Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. İş materiallarında olan Ə№008693 saylı xx xxx 2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup müharibə əlilidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 05/85-i/05-2020-1-196 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ 21140” markalı E923XY21rus dövlət qeydiyyat nişanlı avtomobil Şahid4 idarəçiliyinə verilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1706/12-20 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2691 saylı arayışdan görünür ki, Qusar rayonu Qayakənd kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1 və 2000-ci il təvəllüdlü oğlu Şahid4 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sürücülük hüququ və etibarnaməsi olmadan xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “VAZ 21140” markalı E923XY21rus nömrə nişanlı avtomobillə Urva-Qusar yolunun 5-ci km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini, yolun döngəli olmasını nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda qanunun bu tələblərini pozaraq, avtomobili 80-90 km/saat sürətlə idarə edərək, yolun sağa doğru döngəli hissəsində hərəkətini eyni sürətlə davam etdirib idarəetməni itirməsi, daha sonra avtomobil əks hərəkət zolağına çıxaraq həmin zolaqla hərəkətdə olan Şahid3 idarə etdiyi “VAZ 21061” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması, nəticədə onun bu hərəkətlərinin sonuncunun idarə etdiyi avtomobildə olan sərnişin-Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan “sol yanağının, alt dodağının, alt çənəsinin altının kəsilmiş yaralardan sonrakı çapıqlar, sol diz qapağının qapalı yerdəyişən sınığı” ilə ifadə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olması, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmişlə barışmasını, həmin şəxsə dəymiş zərəri aradan qaldırmasını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci qrup müharibə əlili olmasını, hadisə nəticəsində özünün də ağır xəsarət almasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxsə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərər çəkmiş şəxs həmin şəxslə barışmış, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2-ci qrup müharibə əlilidir, məlum yol-nəqliyyat hadisəsi nəticəsində onun özü də ağır bədən xəsarəti almış, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq cərimə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21140” markalı E923XY21rus dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Rəhimaöğayev Yaqub Əlibaba oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21140” markalı E923XY21rus dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar