Məhkəmə qərarları › İş №1(029)-21/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-21/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-21/2025 25.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Şıxbaba oğlunun, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs5 Telman oğlunun, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-cı il tarixdə Qusar rayonu, Aşağı Ləyər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Aşağı Ləyər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs o, xx.xx.2024-cü il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs5 Telman oğlunun etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1500 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 3 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanı sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirərək ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2024-cü il tarixdə Qusar rayonu Quxur-oba kəndində qeydiyyatda olmaqla yaşayan X3 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 2300 manat olan 3 baş iribuynuzlu heyvanı, pulunu qısa müddətdə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanı sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2024-cü il tarixdə Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış 22 baş xırdabuynuzlu heyvanların əvəzində 02 baş iribuynuzlu inək və dana, həmçinin 300 manat pulunu 12 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanı sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2024-cü il tarixdə Quba şəhəri, X2 qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 Şıxbaba oğlunun etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1300 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 1 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanı sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2024-cü il tarixdə Qusar rayonu Bədişqala kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1870 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 3 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanı sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs5 Telman oğlundan 1 baş iribuynuzlu heyvan, Qusar rayonu Quxur-oba kəndində yaşayan X1 3 baş iribuynuzlu heyvanı, Qusar rayonu Balaqusar kəndində yaşayan Zərərçəkmiş şəxs2 22 baş xırdabuynuzlu heyvanların əvəzində 02 baş iribuynuzlu inək və dananı, Quba şəhəri, X2 yaşayan Zərərçəkmiş şəxs1 Şıxbaba oğlundan 1 baş iribuynuzlu heyvanı, Qusar rayonu Bədişqala kəndində yaşayan Zərərçəkmiş şəxs4 1 baş iribuynuzlu heyvanı götürüb, Qubalı tanışlarına satmaq üçün vermişdir. Qubalı tanışları həmin malları satıb pulunu ona verməli idilər. Lakin, Qubalı tanışları onu aldatmışlar. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. xx.xx.2024-cü il tarixdə Məhəmməd onun yaşadığı ünvana gələrək ondan satılıq qoyunlar olub-olmadığını soruşmuş, o da 22 baş qoyunu olduğunu, satmadığını, lakin yanı balalı inək və 300 manat da pul verərsə qoyunları verə biləcəyini demiş, öz aralarında şifahi razılığa gəlmişlər. Həmin vaxt Məhəmməd ora taksi ilə gəlmiş və yanında Eldəniz adlı şəxs də olmuşdur. Özünə məxsus 22 baş qoyunun qiyməti 3950 manat təşkil etmişdir. Razılaşdıqdan sonra Məhəmməd ora “Qazel” avtomobili dəvət etmiş və heyvanları aparmış, səhərisi gün Məhəmməddən özünə verməli olduğu balalı inəyi və 300 manat pulu telefon vasitəsi ilə istəmiş, lakin Məhəmməd 10 günə söz verdiyi pulu və malı gətirəcəyini demişdir. Lakin bundan sonra Məhəmməd onu müxtəlif bəhanələrlə aldadaraq vədinə əməl etməmiş, məcbur olub Məhəmməd barəsində Qusar rayon Polis Şöbəsinə şikayət etmişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs 3950 manat tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Telman oğlu ifadəsində göstərmişdir ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs kəndlərində mal-qara alıb satan şəxs kimi tanımışdır. Əvvəllər Məhəmməd ondan pulla dana almış, onun mal-qara alveri ilə məşğul olduğunu həmin vaxtdan bilmişdir. xx.xx.2024-cü il tarixdə Qusar rayon prokurorluğunun qarşısında təsadüfən Məhəmmədi görmüş, həmin vaxt həyətində saxladığı təxminən 120 kiloqram çəkidə olan 01 baş inəyini 1500 manata satdığını Məhəmmədə demiş, Məhəmməd ona maşın göndərəcəyini və malı maşınla yola salmağını bildirmiş, lakin o, Məhəmmədə mala baxıb sonra almasını demiş, lakin Məhəmməd ona inandığını deyib oradan getmişdir. Həmin gün tanımadığı “Qazel” sürücüsünü onun yaşadığı ünvana göndərmiş və mah həmin şəxsə verməsini, 3 gün ərzində 1500 manat pul ya da boğaz bir baş inək verəcəyinə söz vermişdir. Məhəmmədə inanıb, malı maşına yükləyib göndərmiş, lakin bundan sonra Məhəmmədin, özü kimi, onlarla insanı aldadaraq dələduzluq etdiyini bilmişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs 1500 manat tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Məhəmməd onun yaşadığı ünvana gələrək satılıq iribuynuzlu heyvanlar olub-olmadığını və baxmaq istədiyini bildirmiş, Məhəmmədin təklifi ilə razılaşmış və 03 baş iribuynuzlu “Simental” cinsindən olan təxminən 140-160 kiloqram çəkiləri olan iribuynuzlu heyvanları Məhəmmədə göstərmiş, sonuncu heyvanlara baxmış və bəyənmişdir. Bundan sonra həmin gün axşam saat 21 radələrində Eldəniz adlı şəxslə birlikdə Məhəmməd yenidən ora gəlmiş, Eldəniz də heyvanlara baxmış, öz aralarında pıçıldaşaraq danışmış, Eldəniz onunla danışaraq 03 baş iribuynuzlu heyvanları ümumilikdə 2300 manata almağa razılaşmışdır. Təxminən bir saat sonra ora “Ford” markalı yük avtomobili gəlmiş və 03 baş iribuynuzlu heyvanları avtomobilin yük hissəsinə mindirərək aparmışlar. Həmin vaxt Eldəniz ona iki gün ərzində heyvanların pulunu Məhəmmədlə göndərəcəyinə söz vermiş, lakin bundan sonra heyvanlara görə verməli olduğu pulu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Eldəniz ona verməli olduğu 2300 manat pulun 1820 manatını ona qaytarması üçün Məhəmmədə vermiş, lakin həmin pulu Məhəmməd ona qaytarmamışdır. Qusar rayon X9 480 manat pulu ona qaytarmış, lakin Məhəmməd 1820 manat pulu bu günədək ona qaytarmamışdır. Ona vurulmuş maddi ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs 1800 manat tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Şıxbaba oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Məhəmməd mobil telefonla ona zəng edərək satılıq iribuynuzlu heyvanın olduğunu və baxmaq üçün gələcəyini demiş, o da gəlib heyvana baxmasına razılıq vermişdir. Məhəmməd xx.xx.2024cü il tarixdə onun yaşadığı ünvana gəlib 01 baş heyvana baxmış və heyvanı almağa razılaşmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə axşam saatlarında təxminən, saat 17 radələrində Məhəmməd Aslan adlı tanışı ilə birlikdə “Qazel” markalı avtomobillə onun yaşadığı ünvana gələrək iri buynuzlu mal aldığını bildirmiş, həmin vaxt bir baş iribuynuzlu “Simental” cinsli təxminən 95 kiloqramdan artıq çəkisi olan heyvanı 1300 manata satmağa razılaşmışdır. Razılaşmalarına əsasən Məhəmməd həmin heyvanı satıb səhərisi gün pulu ona qaytarmalı olmuşdur. Məhəmməd həmin heyvanı birlikdə gəldiyi “Qazel” markalı yük avtomobilinə Aslanla birlikdə mindirib, aparmışdır. Bundan sonra xeyli vaxt, yəni 10 gün keçsə də Məhəmməd müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və pulunu qaytarmamış, bundan sonra Məhəmməd barəsində Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs 1300 manat tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü mal-qara alveri ilə məşğul olduğu üçün Məhəmməddən bir neçə dəfə mal almış və beləcə tanışlıqları yaranmışdır. Bəzi vaxtlarda isə Məhəmməd onun üçün Qusar rayonu ərazisində mal tapmış və pulunu verib almış, Məhəmmədə də bunun müqabilində zəhmət haqqı olaraq pul vermişdir. xx.xx.2024-cü il tarixdə Məhəmməd onunla telefonla əlaqə saxlamış və Qusar rayonu Quxur-oba kəndində 03 baş iribuynuzlu mallar olduğunu, gəlib mallara baxmasını bildirmiş, o da həmin yerə getmiş və malları cəmi 2300 manata almağa mal sahibi Arif adlı şəxslə razılaşmışdır. Malın pulun isə bir neçə günə qaytaracağını, yəni Məhəmmədə verib göndərəcəyini bildirmişdir. Bundan sonra tanışı Sərvana məxsus avtomobillə həmin malları Quba şəhərinə aparmış və səhəri gün 1820 manat pulu Arifə qaytarması üçün Məhəmmədə vermiş, qalan 480 manat pulu da bir neçə günə qaytaracağını demişdir. Lakin sonradan Arifə qaytarması üçün Məhəmmədə verdiyi 1820 manat pulu Arifə vermədiyini bilmişdir. Arifə verməli olduğu qalan 480 manat pulu isə özü qaytarmışdır. Bundan başqa aprel ayında Məhəmmədlə birlikdə Qusar rayonu Balaqusar kəndinə Əmirxan adlı şəxsin evinə getmiş, lakin Əmirxanla qoyunların qiymətində razılaşmadığı üçün almamış, bundan sonra Məhəmməd Əmirxanla özü danışmış və qoyunları almağa razılaşmışdır. Daha sonra Məhəmməd ora “Qazel” avtomobili çağırmış və birlikdə Quba şəhərinə getmiş, Məhəmməd orada qoyunları Vüqar adlı şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məhəmmədi, Eldəniz adlı tanışı vasitəsi ilə tanımışdır. 2024-cü ilin aprel ayında heyvandarlıqla məşğul olmaq məqsədi ilə xırdabuynuzlu heyvanlar, yəni qoyun almaq istədiyini qonşu kəndçisi Eldənizə demişdir. Təxminən 26 aprel 2024-cü il tarixdə Məhəmmədlə Quba şəhərində “Asan Xidmət”in yaxınlığında görüşmüş, “Qazel” markalı yük avtomobilində olan xırda buynuzlu heyvanlara Məhəmmədin təklifi ilə baxmış, lakin ümumilikdə Məhəmməd həmin heyvanları 2500 manata satdığını bildirmiş, lakin razılaşdıqdan sonra 2400 manata qoyunları Məhəmməddən almış və yaşadığı ünvana aparmışdır. Həmin vaxt orada Eldəniz də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs tanışı Eldəniz vasitəsi ilə tanımışdır. Belə ki, onlar hər ikisi mal-qara alveri ilə məşğul olduqları üçün idarə etdiyi “Ford Tranzit” markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomobili ilə onların malqarasını aparmaqla birlikdə işləmişdir. xx.xx.2024-cü il tarixdə Eldəniz ona zəng edərək Qusar rayonu Quxur-oba kəndinə mal aparmaq üçün gəlməsini xahiş etmiş, idarə etdiyi avtomobillə həmin kəndə getmişdir. Həmin vaxt Məhəmməd və Eldəniz orada olmuş, onlar 03 baş iribuynuzlu heyvanları avtomobilə mindirmiş və Məhəmməd əvvəlcə avtomobili Qusar rayonu Köhnə Xudat kəndinə sürdürmüş, orada Rəşad adlı şəxsə malları göstərmiş, lakin Rəşad mallardan heç birini bəyənməmiş, o da Məhəmmədin Rəşada mal verməli olduğunu başa düşmüşdür. Bundan sonra Məhəmməd avtomobili Quba şəhərinə sürdürmüş, Quba şəhərində Eldəniz 2300 manata həmin malları ona satmağı təklif etmiş, Eldənizlə razılaşmış və malları ondan almışdır. Həmin malları Xaçmaz bazarında tanımadığı şəxslərə satmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Quba şəhərində olduğu zaman Aslan adlı şəxsin işlədiyi ət dükanında Məhəmmədlə görüşmüş, həmin vaxt Məhəmməd bir baş inəyi 800 manata ona satmağı təklif etmiş, həmin inəyi Məhəmməddən alıb, Xaçmaz şəhərində bazarda satmışdır. Bunlardan başqa Məhəmməd ona mal satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhəmməd rayon ərazisində yerləşən kəndlərdən mal-qara alıb satmaqla məşğul olduğundan onu sifarişi ilə bir neçə dəfə malını idarə etdiyi yük avtomobili ilə aparmışdır. 2024-cü ilin mart ayının əvvəllərində Məhəmməd ona zəng edərək Qusar rayonu Köhnə Xudat kəndində Rəşad adlı şəxsin yanma gedib idarə etdiyi “Qazel” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə bir baş inəyi Quba şəhərinə aparıb tanımadığı şəxsə təhvil verməsini xahiş etmiş, o da Köhnə Xudat kəndinə gedib Rəşad adlı şəxslə görüşmüş və bir baş təxminən 70 kiloqram çəkidə olan inəyi Quba şəhərinə aparıb, həmin şəxsə göstərmiş, lakin həmin şəxs malı bəyənməmiş, ona görə də malı geri Qusar rayonuna qaytardığı zaman yolda Məhəmməd yenidən ona zəng etmiş və malı həmin şəxsin yanına yenidən aparmasını xahiş etmişdir. Yenidən həmin yerə qayıtmış və malı həmin şəxsə təhvil vermiş, həmin şəxs ona səhv etmirsə 550 manat pul vermiş, həmin pulu Qusar şəhərindən taksi ilə Aşağı Ləyər kəndinə Məhəmmədə çatdırmaq üçün göndərmişdir. Həmin puldan Məhəmməd ona 40 manat pul zəhmət haqqı olaraq vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, belə ki, Məhəmmədin anası onların həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Məhəmməd onun yaşadığı ünvana gələrək iri buynuzlu mal aldığını bildirmiş, həmin vaxt ailə üzvləri ilə evdə məsləhətləşmiş və bir baş iribuynuzlu təxminən 200 kiloqramdan artıq çəkisi olan heyvanı 1870 manata satmağa razılaşmışdır. Razılaşmalarına əsasən Məhəmməd həmin heyvanı satıb səhərisi gün pulu ona qaytarmalı olmuşdur. Məhəmməd həmin heyvanı birlikdə gəldiyi “Qazel” markalı yük avtomobilinə mindirib, aparmış, lakin xeyli vaxt, yəni 10-15 gün keçsə də Məhəmməd müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və pulunu qaytarmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş, hətta bu barədə 102 xidmətinə də məlumat verdim. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanımışdır, belə ki, Məhəmməd mal-qara alveri ilə məşğul olduğundan ondan bir neçə dəfə mal almışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Məhəmməd onun işlədiyi Quba şəhəri, Vaqif küçəsində yerləşən ət dükanına gəlmiş və Quba şəhəri X2 01 baş iribuynuzlu mal olduğunu həmin mala baxmaq üçün ora onu öz avtomobili ilə aparmasını xahiş etmişdir. Təxminən saat 18 radələrində özünə məxsus “Niva” markalı avtomobillə Məhəmmədi Eyvaz adlı şəxsin evinə aparmışdır. Məhəmməd Eyvazın malına baxmış, almağa razılaşmış, bundan sonra Məhəmməd ona məxsus “Qazel” markalı yük avtomobilini malı aparmaq üçün gətirməsini xahiş etmiş, “Qazel” markalı yük avtomobili ilə həmin yerə qayıtmış, bir baş malı avtomobilin yük hissəsinə mindirmiş, yolda Məhəmməddən malı neçiyə aldığını soruşmuş, o da 1300 manata aldığını demişdir. Həmin gün də onun dükanının yanında Məhəmməd həmin malı Sərvan adlı şəxsə 800 manata satmışdır. Məhəmməddən malı nə üçün ucuz satdığını soruşmuş, o da Qusar rayonu Gündüzqala kənd sakini Sultan adlı şəxsə pul verməli olduğunu ona görə də ucuz satdığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Telman oğlu, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Şıxbaba oğlu, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 Telman oğlu, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Şıxbaba oğlu, Zərərçəkmiş şəxs4, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təqdiqləmiş, Təqsirləndirilən şəxs isə törətdiyi cinayət əməli təsdiq etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyan ödənilmiş, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla, həmçinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 9 (doqquz) ay, 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-47/2024 saylı hökmü 07 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından və 17 iyul 2024-cü il tarixli Qusar rayon məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ilk epizodu xx.xx.2024-cü il tarixdə, sonuncu epizodu isə xx.xx.2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-47/2024 saylı hökmü ilə təyin edilmiş 9 (doqquz) ay, 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün Qusar rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi üzrə cinayət əməlini Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(027)-121/2024 saylı hökmü elan olunmamışdan və qanuni qüvvəyə minməmişdən əvvəl törətsədə, həmin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardığına görə ona CM-nin 66.5-ci əsasən cəzalar toplamaq yolu ilə cəza təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM 59.1.4, 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Hazırkı iş üzrə CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, iş üzrə təqsirləndirilən şəxs X4 tərəfindən Zərərçəkmiş şəxs1 Şıxbaba oğluna, Zərərçəkmiş şəxs2, X5, Zərərçəkmiş şəxs5 Telman oğluna vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, həmin zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edirlər. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Qusar rayon məhkəməsinin hökmü elan edildiyi tarixdən 25 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Şıxbaba oğlu, Zərərçəkmiş şəxs2, X6, Zərərçəkmiş şəxs5 Telman oğlu Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki), 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin, cəzaçəkmə müddətinin əvvəli Qusar rayon məhkəməsinin hökmü elan edildiyi tarixdən 25 iyun 2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şıxbaba oğlu, Zərərçəkmiş şəxs2, X6, Zərərçəkmiş şəxs5 Telman oğluna, Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar