Məhkəmə qərarları › İş №1(029)-22/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-22/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-22/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, Qusar rayonu Bədirqala kənd ümumi orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Diana” marketin qarşısında aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs əlində olan pivə şüşəsini götürüb sonuncunun başından vuraraq, həmçinin yumruqla başından vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx xxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində yaşadıqları Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Diana” marketin qarşısında onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və həmin vaxt o, əsəbləşib Rahimin əlində olan pivə şüşəsini alaraq Rahimin başından vurmuş, həmçinin yumruqla da Rahimin başına vurmuşdur. Rahim də, yumruqla onu vurmuşdur. Bundan sonra o və Rahim polisə qarşılıqlı şikayət etmişlər və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşaqlarının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi izahatı, canlı şəxsin ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx xxxxxx 2020-ci il tarixdə saat 22-23 radələrində yaşadıqları Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Diana” marketin qarşısında onunla Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, həmin vaxt onun əlində pivə şüşəsi olmuş və Zamik həmin şüşəni alıb onun başına zərbə vurmuş, həmçinin yumruqla da onun başına zərbə vurmuşdur. Həmçinin, o, da yumruqla Zamiki vurmuşdur. Zərbənin təsirindən onun baş nahiyəsi qanamışdır. Bundan sonra o və Zamik qarşılıqlı olaraq polisə şikayət etmişlər və Zamik təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatından görünür ki, o, Zamik və Rahimlə münasibətlərinin normal olduğunu, xx.xx.2020-ci il tarixdə saat 22, 23 radələrində maşında əyləşdiyini, həmin şəxslərin davadalaş etdiklərini görmədiyini, sonradan maşına əyləşərkən bu barədə ona Zərərçəkmiş şəxs bildirdiyini, Rahimin sol qaşının üzərindən qan gəldiyini bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 662 saylı xx xxxxxx 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və rentgenoloji müayinəsinə əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsinin səthi əzilmiş yarası; döş qəfəsinin sağ qabırğaaltı nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 663 saylı xx xxxxxx 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, KT-nın cavabına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol qaşın bayır küncünün əzilmiş yarası; sol gicgah nahiyəsinin qançırhematoması; üst dodağın selikli qişasının sol tərəfinin qansızması, həmin qansızmanın üzərinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə pivə şüşəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan təhqiqat orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd (boş vəziyyətdə) pivə şüşəsi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan təhqiqat orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan başqa, götürülmüş 1 (bir) ədəd pivə şüşəsinin maddi sübut qismində saxlanılmasından ötrü Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli **********3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 18 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X1, anası X2, həyat yoldaşı X3, xx.xx.2014-cü il təvəllüdlü qızı Aytac Ələskərovadan, xx.xx.2016-cı il təvəllüdlü oğlu Tərlan Ələskərovdan və xx.xx.2019-cu il təvəllüdlü oğlu Kamran Ələskərovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03077 olan xx.xx.2020-ci il tarixli alkotestə dair çıxarışdan görünür ki, həmin tarixdə saat 03:47-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.557 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03078 olan xx.xx.2020-ci il tarixli alkotestə dair çıxarışdan görünür ki, həmin tarixdə saat 03:52-də Zərərçəkmiş şəxs qanında alkoqolun konsentrasiyası 0.704 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 ədəd pivə şüşəsi məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 ədəd pivə şüşəsi məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar