Məhkəmə qərarları › İş №1(029)-22/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-22/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-22/2022 09.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Quxur oba kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Qusar rayonu Quxur oba kəndində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz və sifət nahiyyələrindən yumruq zərbələri ilə vurmuş, sonuncu zərbənin təsirindən yıxılaraq sol qaş nahiyyəsi dəmir sobaya dəymiş və nəticədə həmin şəxsin sağlamlığına yüngül zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 31 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Qusar rayonu Quxur oba kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evdə su olmadığına görə həmin şəxsin evinə su doldurub aparmış, daha sonra isə onlar birlikdə sonuncunun yaşadığı evdə yemək yeyib, tibbi spirt içmişlər. Bundan sonra o, sərxoş olmuş və Aramla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs üz və sifət nahiyyələrindən yumruq zərbələri ilə vurmuş, sonuncu zərbənin təsirindən yıxılaraq sol qaş nahiyyəsi dəmir sobaya dəymiş və nəticədə Aram xəsarət almışdır. Daha sonra o, Aramın xəsarət aldığını görüb evinə getmiş, evindən yod, pambıq gətirərək Arama tibbi yardım göstərmişdir. Sonradan Zərərçəkmiş şəxs hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar, daha sonra isə o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, 31 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Qusar rayonu Quxur oba kəndində onun yaşadığı evdə həmkəndlisi Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə zamanı həmin şəxsin onun üz və sifət, həmçinin sinə nahiyyələrindən yumruq zərbələri ilə vurduğunu, onun həmin zərbələrdən yıxılaraq başının qaz sobasına dəydiyini və nəticədə yüngül bədən xəsarətləri aldığını göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə 01.02.2022-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir və işə onun iştirakı olmadan baxaraq işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər X1, Təqsirləndirilən şəxs və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadələr vermişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 04 saylı 04 yanvar 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət- sol qaşın bayır küncünün əzilmiş yarası; hər iki göz orbiti ətrafının qançırları; burnun üstünün xətti sıyrığı küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 31.12.2021-ci il tarixdə yumruq zərbəsi ilə vurma nəticəsində, həmçinin sol qaşının üzərindəki xəsarət yıxılaraq dəmir sobaya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 02 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 filialının Qusar rayon Qəbul şöbəsi tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, pensiya almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 11.01.2022-ci il tarixli 043/01-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli 57 saylı arayışdan görünür ki, Qusar rayonu Quxuroba kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi yalnız özündən ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Quxuroba kəndində anadan olmuş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01 fevral 2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar