Məhkəmə qərarları › İş №1(029)-23/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-23/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-23/2022 21.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin hüquqi varisi: X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 avqust 1987-ci ildə Rusiya Federasiyası Temkinski rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, ali təhsilli, Qusar rayon Kirig kənd tam orta məktəbinin direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Kirig kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə həmkəndlisi X5 etibarından sui-istifadə edərək yaşadıqları kənddə ona həyətyanı torpaq sahəsi satacağına yalandan vəd verib aldadaraq 15 mart 2019-cu il tarixdə Kirig kənd orta məktəbinin qarşısında həmin dövrün məzənnəsi ilə 1040 manat dəyərində olan 40.000 rus rublunu, daha sonra M.Dustiyevlə razılaşmalarına uyğun olaraq 2019-cu ilin aprel ayında Qusar rayonu Kirig kəndində sonuncunun oğlu Maksim Dustiyevdən həmin məqsədlə 400 manat, 2019-cu ilin iyun ayında 210 manat olmaqla ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1650 manat (min altı yüz əlli) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra təkrarən o, öz qulluq mövqeyindən istifadə etməklə həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 2020-ci ilin may ayında sonuncuya məxsus rayonun “Həzrə Tala” adlanan hissəsində yerləşən dəyəri 4350(dörd min üç yüz əlli) manat olan 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzində ona rayonun “Arvazaq” adlanan hissəsində 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verəcəyinə yalandan vəd verib aldadaraq, həmin torpaq sahəsini faktiki olaraq 4400(dörd min dörd yüz) manata "xxxx"MMC-nə satmış, əldə etdiyi pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, polisə verdiyi ifadəsini təsdiq edir, sonuncu ifadəni isə oxumadan imzalamışdır. O, 2015-2019-cu illərdə Qusar rayonu Həzrə bələdiyyəsinin üzvü işləmişdir. Onun ixtisası coğrafiyaşünasdır, bələdiyyə üzvü işlədiyi dövrdə ona konkret rəsmi vəzifə həvalə olunmamışdır. Bununla belə bələdiyyə sədri Şahid7 bələdiyyənin yerquruluşu işlərində və torpaq sahələrinin sxemlərinin işlənib hazırlanmasında köməklik göstərilməsini ona həvalə etmişdir. 2018-ci ildə o, Qusar rayonu Həzrə bələdiyyəsinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin Məhəmmədmirzə Dustiyevə 1600 manata satılması barədə həmin şəxslə razılaşmışdır. Məhəmmədmirzə Dustiyev əvvəlcə ona 40000 rus rublu (manat məzənnəsi ilə təxminən 800 manat) məbləğində pul vermiş, o, həmin pulu poçt vasitəsi ilə bələdiyyənin hesabına ödəmiş, qəbzini isə Məhəmmədmirzə Dustiyevə vermişdir. Bundan sonra həmin şəxsin oğlu Maksim Dustiyevdən əlavə olaraq 810 manat pul almış və həmin pulu bələdiyyə sədrinə vermişdir. Lakin, sonradan bələdiyyə sədri həmin torpaq sahəsini başqa şəxsə satmış, bu səbəbdən də, Dustiyevlər onun barəsində rayon prokurorluğuna şikayət etmişlər. Hazırda onun tərəfindən Dustiyevlər ailəsinə dəymiş ziyan tam aradan qaldırılmış, zərər çəkmiş şəxsin hüquqi varisi Maksim Dustiyevin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan başqa, Qusar rayonu Kirig kənd sakini Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi olmuş, o, 2020-ci ildə həmin şəxslə razılaşmışdır ki, həmin torpaq sahəsini şirkətə satsın, əvəzində isə ona başqa yerdən, onun evinə yaxın ərazidən bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi versin. Buna görə o, Xanəlidən 200 manat məbləğində pul almış, torpaq sahəsini şirkətə sataraq 4400 manat məbləğində pul almış, lakin, Xanəliyə verilməli olan torpaq sahəsinin sənədləşmə işləri gecikdiyinə görə həmin şəxs də onun barəsində rayon prokurorluğuna şikayət etmişdir. 2022-ci ildə isə o, torpaq sahəsini Xanəlinin adına rəsmiləşdirmiş və torpaq sahəsini həmin şəxsə təhvil vermişdir. Hazırda həmin şəxsə dəymiş ziyan da tam aradan qaldırılmış və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, törətdiyi əməlindən peşman olmuş, himayəsində üç azyaşlı uşaqları var və ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayonu Həzrə bələdiyyəsində işləmiş və onun atası Məhəmmədmirzə Dustiyevlə dost olmuşdur. Atası Məhəmmədmirzə dəqiq tarixi yadında deyil, təxminən 2018-ci ilin mart ayında Təqsirləndirilən şəxs müraciət edərək Qusar rayonu Həzrə bələdiyyəsi tərəfindən ona 0.12 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. Atası əvvəlcə Rizvana 40000 rus rublu vermiş, həmin pul manatla təxminən 1050 manat təşkil etmişdir. Bundan başqa, Rizvana yol xərci kimi 50 manat əlavə pul da verilmişdir. Daha sonra isə onun özü Rizvana bir dəfə 400 manat, bir dəfə isə 210 manat pul vermişdir. Rizvan ona verilən pulun 810 manat hissəsini bələdiyyənin hesabına ödəmiş və bu barədə qəbzi onlara vermişdir. Həmçinin, torpaq sahəsinin ilkin sənədləri də hazırlanmış, Rizvan həmin sənədi ona da göstərmişdir. 2019-cu ildə bələdiyyə seçkiləri olan vaxt onlar Rizvana torpaq sahəsinin sənədlərinin tezləşdirilməsini demişlər, lakin sonradan sənədlər itmişdir. Buna baxmayaraq, Rizvan onun atasına torpaq sahəsini göstərərək onu şumlamasını bildirmişdir. Onlar torpaq sahəsini şumladıqdan sonra isə torpaq sahəsini başqa sahibi çıxmışdır. Həmin şəxs torpaq sahəsini bələdiyyə sədri Şahid7 satın aldığını demişdir. Bu səbədən də, atası Məhəmmədmirzə Təqsirləndirilən şəxs barəsində prokurorluğa şikayət vermişdir. Hazırda isə Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı aradan qaldırmaqla torpaq sahəsinin sənədlərini onlara vermişdir. Həmin şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Onun Qusar rayonu Kirig kəndində 0.87 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsi “Tala” adlanan ərazidə yerləşmişdir. 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs ona müraciət edərək həmin torpaq sahəsini satıb-satmamasını soruşmuş, o, isə satmadığını demişdir. Rizvan isə həmin torpaq sahəsinin əvəzində ona evinə yaxın ərazidən-yəni “Arvazaq” adlanan sahədən başqa torpaq sahəsi verəcəyini demiş, o, isə evdə məsləhətləşib ona cavab verəcəyini demişdir. Bundan sonra o, evdə məsləhətləşmiş, torpaq sahəsini Rizvanın dediyi qaydada satmağa razı olmuşlar. O, bu barədə Rizvana demiş, sonuncu, onun torpaq sahəsinin sənədlərini götürmüş, 10-15 günə ona dediyi ərazidən 0.54 ha torpaq sahəsinin sənədlərini düzəldərək gətirib evində ona verəcəyini demişdir. Rizvanla onun arasında pul söhbəti olmamış, yalnız torpaqların dəyişdirilməsi barədə olmuşdur. Həmin vaxtdan bir il müddət keçməsinə baxmayaraq, Rizvan ona torpaq sahəsini verməmiş, bu səbəbdən də həmin şəxsin barəsində prokurorluğa şikayət etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ona verməli olduğu torpaq sahəsini ona vermiş, bununla da ona dəymiş ziyanı tam aradan qaldırmışdır. Hazırda həmin şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Xanəli oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında onların yaşadıqları evə gələrək mülkiyyətlərində olan "Tala" adlanan ərazidə yerləşən 0.87 ha torpaq sahəsini evlərinə yaxın ərazidə olan-yəni “Arvazaq” adlanan sahədən torpaq sahəsi ilə dəyişməyi təklif etmiş, onlar isə mülkiyyətlərində olan torpaq sahəsi uzaqda olduğundan bununla razılaşmışlar. Bundan sonra Rizvan torpaq sahəsinin sənədlərini onlardan götürmüş, 0.54 ha torpaq sahəsinin sənədlərini düzəldib verəcəyini demiş və çıxıb getmişdir. Həmin vaxtdan bir il müddət keçməsinə baxmayaraq Rizvan 0.54 ha torpaq sahəsinin sənədlərini onlara verməmiş, hər dəfə ondan sənədləri istədikdə yaxın müddət ərzində verəcəyini demiş, lakin sənədləri onlara verməmişdir. Bu səbəbdən də, atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində prokurorluğa şikayət etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin sənədlərini onlara vermiş, dəymiş ziyanı aradan qaldırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 Şahid1 Xanəli oğlu ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Həzrə bələdiyyəsində işləmiş Təqsirləndirilən şəxs vasitəsi ilə Qusar rayonu Kirig kəndi ərazisində yerləşən bir neçə torpaq sahələrini təmsilçisi olduğu "xxxx" MMC üçün satın almışdır. Hər torpaq sahəsinə görə Rizvana 200 manat məbləğində pul vermişdir. Həmin torpaq sahələrinin biri də, Zərərçəkmiş şəxs məxsus 0.87 ha torpaq sahəsi olmuşdur. O, Xanəlinin torpaq sahəsinə görə Rizvana 4400 manat məbləğində pul vermiş və torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinin satılması ilə bağlı Rizvanın adına etibarnamə olmuşdur. Rizvan ona demişdir ki, ya Xanəliyə başqa torpaq sahəsi verəcək, ya da ona pul verəcəkdir. Lakin, o, sonradan Xanəlidən eşitmişdir ki, Rizvan ona torpaq sahəsini verməmiş, bu səbəbdən də həmin şəxsin barəsində prokurorluğa şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2015-2020-ci illərdə Qusar rayonu Həzrə bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs isə həmin vaxt bələdiyyə üzvü olmuşdur. Torpaq sahələrinin sənədləşmə işlərinin həyata keçirilməsi Təqsirləndirilən şəxs həvalə edilmiş və onun adına müvafiq etibarnamə verilmişdir. Qusar rayonu Kirig kənd sakini X6 torpaq sahəsi ilə bağlı bir neçə dəfə ona müraciət etmiş, onun istədiyi torpaq sahəsi Kirig kəndi ilə Həzrə kəndinin sərhədində yerləşdiyinə görə Talıb Musayev adlı şəxsə satılmışdır. Maksimlə Təqsirləndirilən şəxs arasında torpaq sahəsi ilə bağlı söhbətlərin olmasından onun xəbəri olmamışdır. Bir dəfə Rizvan ona zəng edərək bildirmişdir ki, əgər polisdən kimsə zəng edib Maksimin torpağa görə ödədiyi pulun qəbzinin olub-olmamasını soruşsa, belə bir qəbzin olduğunu desin. Sonradan məlum olmuşdur ki, həqiqətən 810 manat məbləğində pul bələdiyyənin hesabına ödənilmişdir. Torpağa görə Maksimin Rizvana hansı məbləğdə pul verməsi, pulu harada verməsi barədə isə məlumatı olmamışdır. Onun təkbaşına torpaq sahəsini satmaq ixtiyarı yoxdur, bələdiyyənin torpaq sahəsinin satılmasına iclasda qərar verilir. Təqsirləndirilən şəxs ona 800 manat məbləğində pul verməmiş, həmin şəxsin bu barədə dedikləri yalandır. Torpaq sahəsinin Talıb Musayevə satılması barədə Təqsirləndirilən şəxs də məlumatı olmuş, bu barədə iclas protokoluna Rizvan da imza etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2008-ci ildən Qusar rayonunda makler fəaliyyəti ilə məşğuldur, daşınmaz əmlakın alqı-satqısı, kirayəsi ilə məşğul olur. 2017-ci ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər "xxxx" MMC-nin rəhbərliyinin xahişi ilə həmin şirkət üçün meyvə bağlarının salınmasından ötrü torpaq alışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Qusar rayon Kirig kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləyir. Bununla yanaşı Rizvan 2015-2020-ci illər ərzində Qusar rayon Həzrə bələdiyyəsinin üzvü olmuş, həmin bələdiyyədə də, torpaq alqı-satqı işlərini aparmışdır. Təqsirləndirilən şəxs 2018-ci ildən Qusar rayonu Həzrə və Kirig kəndlərində vətəndaşlara məxsus torpaq islahatı zamanı verilmiş pay torpaq sahələrinin "xxxx" MMC üçün alınmasına araçılıq etmişdir. Belə ki, torpaq sahələrini satmaq istəyən vətəndaşlardan həmin torpaq sahələrinin sənədlərini götürməklə, sənədləri notariat alqı-satqısına qədər olan işlərini həyata keçirərək həmin sənədləri aparıb ona təhvil vermiş, o da, yekun olaraq torpaq sahəsinin "xxxx" MMC ilə alqı-satqısını həyata keçirmişdir. Torpaq sahəsinin alqısatqısı zamanı "xxxx" MMC-nin adından Şahid3 çıxış etmişdir. 2018-ci ilin noyabr ayından o, "xxxx" MMC üçün torpaq sahələrinin alqı-satqı işlərindən kənarlaşdıqdan sonra Şahid3 həmin şirkət üçün torpaq alqı-satqı işlərini Təqsirləndirilən şəxs ilə görməyə başlamışdır. Tanışlardan eşitdiyinə görə Qusar rayonu Kirig kənd sakini Zərərçəkmiş şəxs 2020-ci ildə Qusar rayonu “Həzrə Tala” deyilən ərazidən 0.87 ha torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Bu torpaq sahəsinin "xxxx" MMC-nə satılmasında Xanəlinin adından Təqsirləndirilən şəxs çıxış edərək alqı-satqını həyata keçirmişdir. "xxxx" MMC-nin adından isə torpaq sahəsini Şahid3 həyata keçirmişdir. Bildiyinə görə Xanəlinin torpaq sahəsinin alınmasına görə Xanəliyə vermək üçün Ağamirzə Rizvana 4400 manat məbləğində pul vermiş, lakin Rizvan həmin pulu Xanəliyə verməyərək ona həmin torpaq sahəsinin əvəzində başqa yerdən torpaq sahəsini verməyi söz vermiş, Xanəli də Rizvana inanaraq həmin torpaq sahəsini "xxxx" MMC-nə satmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs Xanəliyə satdığı torpaq sahəsinin əvəzində nə Xanəliyə çatacaq 4400 manat məbləğində pulu, nə də ki, söz verdiyi torpaq sahəsini verməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ildən 2020-ci ilədək Şahid7 Qusar rayon Həzrə bələdiyyəsinin sədri vəzifəsində işləmiş, o isə həmin dövrdə onun müavini olmuşdur. 15 yanvar 2020-ci il tarixdən hazırkı vaxtadək Qusar rayon Həzrə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şahid7 Qusar rayonu Həzrə bələdiyyəsinin sədri işlədiyi müddətdə həmin bələdiyyənin 9 üzvü olmuşdur. Həmin bələdiyyə üzvlərindən Təqsirləndirilən şəxs torpaq məsələləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bələdiyyə üzvü olmaqla bərabər rayonun Kirig kənd tam orta məktəbində müəllim işləmişdir. Qusar rayonu Kirig kənd sakini X11 onun anasının xalası oğludur. 2019-cu ilin təxminən sonlarında eşitmişdir ki, R.X4 0.12 ha torpaq veriləcəyi adı ilə ondan 1650 manat pul alıb onun işini həll etmir. Məhəmmədmirzə Dustiyev həmin dövrdə bu məsələ ilə bğlı ona və ya bələdiyyəyə rəsmi qaydada müraciət etmədiyinə görə bu məsələ ilə maraqlanmamışdır. Sonradan 2021-ci ilin əvvəllərində Məhəmmədmirzə Dustiyev ona müraciət edərək Təqsirləndirilən şəxs ona bələdiyyənin torpaq fondundan torpaq sahəsi verəcəyini söz verərək bu torpaq sahəsinin sənədlərinin hazırlanması adı ilə ondan təxminən 1600 manat məbləğində pul almasına baxmayaraq ona satılmasını söz verib ona göstərdiyi torpaq sahəsini öz dayısı Şahid6 qızı Ş.Ağabəyovanın adına rəsmiləşdirib dayısı Ağaməhəmmədə satdığını, dəfələrlə Təqsirləndirilən şəxs müraciət edərək ondan ya torpağını, ya da torpaq sahəsinə görə verdiyi pulu qaytarmasını tələb etsə də, nə pulunu qaytarmadığını, nə də ki, ona torpaq sahəsi vermədiyini bildirmişdir. O da, Məhəmmədmirzə Dustiyevə hüquq-mühafizə orqanlarına şikayət etməsini məsləhət görmüşdür. Bundan sonra X14 barəsində şikayət etmişdir. 2019-cu ilin dekabr ayında 770 manat məbləğində pulu əmək haqqı kimi tam olaraq almışdır, bələdiyyənin maliyyə sənədlərində əmək haqqı almağını öz imzası ilə təsdiq etmişdir. 2015-2020-ci illər ərzində Hərzə bələdiyyəsinin sədri Şahid7 müavini olduğu dövrdə bələdiyyə hesabına köçürülən pullar bələdiyyənin torpaq fonduna daxil olan torpaq sahələrinin sənədlərinin hazırlanması işlərinə, rüsumlara, bələdiyyə işçilərinin əmək haqlarının ödənilməsinə, bələdiyyə ərzisində abadlıq işlərinin aparılmasına, məktəb və uşaq bağçalarına edilən yardımlara xərclənmişdir. Bunlarla bağlı keçirilən iclaslarda iştirak edərək iştirak etdiyi iclasların protokollarını öz imzası ilə təsdiq etmişdir. Lakin 2015-2020-ci illər ərzində Qusar rayon Həzrə bələdiyyəsinin gəlir və xərclərinin nə qədər olmasını dəqiq olaraq xatırlamır. Bütün xərclər bələdiyyənin mühasibatlıq sənədlərində öz əksini tapmışdır. 2020-ci ilin yanvar ayından bələdiyyənin sədri seçildikdən sonra bələdiyyənin təhvil-təslimi olduqdan sonra xatırladığına görə Şahid7 275 manat pulun mühasibatlıq aparılarkən yəqinki texniki səhv olduğuna görə əksik olduğunu, özünün də bundan xəbərinin olmadığını bildirərək həmin 275 manat məbləğində pulu bələdiyyənin hesabına nağd qaydada təhvil vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Kirig kənd sakini Təqsirləndirilən şəxs onun doğma bacısı Bəsti Hacıbalayevanın oğludur. Təqsirləndirilən şəxs 2020-ci ilədək Qusar rayonu Həzrə bələdiyyəsinin üzvü olmuşdur. Təxminən 2018-2019-cu illərdə Kirig kəndində hər biri 0.12 ha olmaqla ümumilikdə 0.36 ha torpaq sahəsi almaq qərarına gəlmişdir. Həmin torpaq sahələrindən birini öz adına, birini qızı Şahnaz Ağabəyovanın adına, digərini isə oğlu Harunun adına sənədləşdirməyi qərara almışdır. Buna görə həmin vaxt Həzrə bələdiyyəsinin üzvü olan bacısı oğlu Təqsirləndirilən şəxs və həmin bələdiyyənin sədri Şahid7 müraciət etmişdir. Rizvan və Fərid ona problem olmadığını demişlər. O, Şahid7lə birlikdə ona veriləcək torpaq sahəsinə gedib baxmışdır. Səhv etmirsə həmin vaxt Rizvan da həmin torpaq sahəsinə baxmaq üçün onlarla getmişdir. Təxminən 2019-cu ilin avqust ayında o, "xxxx" MMC vasitəsi ilə Həzrə bələdiyyəsinin fonduna öz adından 770 manat, oğlu Harun Rəhmanovun adından 770 manat, qızı Şahnaz Ağabəyovanın adından 770 manat olmaqla ümumilikdə 2310 manat pul köçürmüşdür. Bundan sonra təxminən 2019-cu sonlarında Rizvan və Fəridə sənədləşmə işləri üçün müxtəlif vaxtlarda 100, 200, 300 manat pul vermişdir. 2019-cu ilin təxminən dekabr ayında o, Fəridlə Qusar şəhərində yerləşən notariat idarəsinə gedib orada qızı Şahnaz Ağabəyovanın adına həmin 0.12 ha torpaq sahəsinə çıxarışın təsdiq olunmuş surətini almışdır. Notariusda onunla Fəridin şəklini də çəkmişlər. 2020-ci ilin yanvar ayında isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon idarəsindən həmin torpaq sahəsinin çıxarışının əslini götürmüşdür. Həmin sənədə Rizvanla baxdıqda Rizvan ona istədiyi torpağı deyil Məhəmmədmirzəyə verilməli olan torpağın verildiyini demişdir. O, Şahid7 zəng edib bu barədə bildirdikdə Fərid səhv olduğunu, Məhəmmədmirzə ilə öz aralarında razılığa gəlmələrini bildirmişdir. 2020-ci ilin təxminən fevral-mart aylarında həmin torpaq sahəsinə baxmağa gedərkən torpaq sahəsinin şumlandığını görmüşdür. O, qonşu torpaq sahəsinin sahibi X10 həmin yeri kimin şumlatdığını soruşduqda o, Məhəmmədmirzə Dustiyevin həmin torpaq sahəsini şumlatdığını demişdir. O, Məhəmmədmirzənin oğlu Rasim Dustiyevin evinə gedib həmin torpaq sahəsinin sənədlərinin onda olduğunu, nəyə görə həmin torpaq sahəsini şumlatdırdıqlarını soruşduqda Rasim bilmədiyini, atası Məhəmmədmirzə ilə söhbət etməsini demişdir. Daha sonra o, Məhəmmədmirzənin evinə gedib ona da həmin 0.12 ha torpaq sahəsinin onun olduğunu, həmin torpaq sahəsinə qızı Şahnaz Ağabəyovanın adına çıxarış olduğunu demişdir. Məhəmmədmirzə də ona Rizvana həmin torpaq sahəsinə görə 1600 manat pul verdiyini, həmin torpaq sahəsini ona Rizvanın göstərdiyini demişdir. O, ümumilikdə 0.36 ha torpaq sahəsi aldığına görə 0.12 ha torpaq sahəsinin dəqiq olaraq qiymətini bilməmişdir. Ona görə də, Məhəmmədmirzənin 0.12 ha torpaq sahəsinə 1600 manat xərci çıxdığını bildikdə ona, həmin 0.12 ha torpaq sahəsinə xərclədiyi 1600 manat və əlavə olaraq həmin 0.12 ha torpaq üçün özünün 200 manat notariusa, 130 manat da reyestrə xərclədiyi cəmi 330 manat məbləğində pulu əlavə etməklə ümumilikdə 1930 manat xərcini qaytaracağı təqdirdə həmin torpaq sahəsini ona verəcəyini demişdir. Məhəmmədmirzə də razılaşıb 1 ay ərzində ona 2000 manat ödəyəcəyini bildrimişdir. Lakin, bu söhbətdən sonra Məhəmmədmirzə həmin torpaqla bağlı konkret heç bir addım atmamışdır. Daha sonra Rizvanla söhbət edərkən Rizvan ona Məhmmədmirzə Dustiyevin 1600 manat pul verdiyini, həmin pulun 800 manatını Həzrə bələdiyyəsinin fonduna köçürdüyünü, qalan 800 manatı isə bələdiyyə sədri Şahid7 verdiyini, lakin Fəridin səhvən həmin torpaq sahəsini onun adına sənədləşdirdiyini demişdir. Sonradan 2021-ci ilin təxminən may ayında Məhəmmədmirzənin bacısı oğlu Rizvan barəsində həmin torpağa görə polisə şikayət verdiyini bilmişdir. O da bundan sonra Məhəmmədmirzənin Rizvan barəsində etdiyi şikayəti geri götürməsi üçün həmin 0.12 ha torpağın sənədlərini ona vermişdir. Lakin, həmin torpaq sahəsi qızı Şahnaz Ağabəyovun adına qeydiyyatda olmuşdur. Sonradan həmin torpaq sahəsinin 5 il ərzində başqa şəxsin adına rəsmiləşdirilə bilmədiyini öyrənmişdir. Rizvan ona 1600 manat pul verəcəyi barədə heç bir söz deməmişdir. O, Maksim Dustiyevlə onun atası Məhəmmədmirzənin ona 400 manat verməsi, qalan 1600 manat məbləğində pulu Rizvanın ona qaytarması barədə söhbət etməmişdir. Rizvan ona Məhəmmədmirzə Dustiyevin ona 1600 manat pul verdiyini, həmin pulun 800 manatını Həzrə bələdiyyəsinin fonduna köçürdüyünü, qalan 800 manatı isə bələdiyyə sədri Şahid7 verdiyini, lakin Fəridin səhvən həmin torpaq sahəsini onun adına sənədləşdirdiyini demiş, Fəridin həmin 800 manatı almasını etiraf etməyərək M.Dustiyevə qaytarmadığı halda, həmin pulu özünün qaytaracağını bildirmişdir. O, nə Məhəmmədmirzə Dustiyevdən, nə də ki onun oğlu Maksim Dustiyevdən heç bir məbləğdə pul almamışdır. X15 Qusar rayon prokurorluğuna Rizvanın qanunsuz hərəkətləri barədə ərizə ilə müraciət etməsindən sonra M.Dustiyevin Rizvan barəsində etdiyi şikayəti geri götürməsi üçün ona həmin torpağın sənədlərini verməsnə görə ondan 400 manat pul alması, qalan 1650 manatı isə Rizvana görə bağışladığını bildirməsi barədə söhbəti olmamışdır. Onun nə Şahid7, nə də ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. O, yalnız həmin 0.12 ha torpaq sahəsini alıb qızı Şahnaz Ağabəyovanın adına rəsmiləşdirdikdən sonra bilmişdir ki, bacısı oğlu Rizvan həmin torpaq sahəsinin M.Dustiyevə satılması üçün ondan 1600 manat məbləğində pul almışdır. Əvvəllər bu barədə məlumatı olmamışdır. İş materiallarında olan X11 tərəfindən Qusar rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 2018-ci ilin 15 mart tarixində Təqsirləndirilən şəxs Xəlil oğlundan ona 0,12 ha həyətyanı torpaq sahəsinin bələdiyyədən alınmasında köməklik göstərməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs Xəlil oğlu ona həmin işdə kömək edəcəyinə söz vermiş, bildirmişdir ki, Həzrə bələdiyyəsinin növbəti iclasında ona torpaq sahəsinin satılması məsələsini qaldıracaqdır. Məsələ ilə əlaqədar sonuncu ona torpağın dəyərinin ödənilməsini təklif etmiş, bu məqsədlə onun tərəfindən Təqsirləndirilən şəxs Xəlil oğluna 1000(bir min) manat, daha sonra 400( dörd yüz) manat və 210( iki yüz on) manat cəmin 1610( bir min altı yüz on) manat nağd pul vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs Xəlil oğlu onunla bir neçə dəfə görüşmüş, hətta bir dəfə ona satılmalı torpaq sahəsinin plan sxemini də göstərmişdir. Onun vədlərinə inanaraq 2020-ci ilə kimi Bələdiyyə qərarını gözləmiş, lakin 2020-ci il tarixdə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Xəlil oğlu onu aldadır. 26 fevral 2021-ci il tarixdə vəkil vasitəsi ilə Qusar rayon Həzrə bələdiyyəsinə rəsmi sorğu vermiş, 09 mart 2021-ci il tarixli 287 saylı cavab məktubunda qeyd edilmişdir ki, Həzrə bələdiyyəsi tərəfindən 2018-2020-ci illərdə heç bir həyətyanı torpaq sahəsi satılmamışdır. Təqsirləndirilən şəxs Xəlil oğlu etibarından sui-istifadə edərək ondan götürdüyü 1610 manat məbləğində pulu mənimsəmişdir.2020-ci ilin axırlarından başlayaraq bir neçə dəfə Təqsirləndirilən şəxs Xəlil oğlundan ona 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısının təşkil edilməsini, və ya aldığı pulun geri qaytarılmasını tələb etmiş, lakin hər dəfə Təqsirləndirilən şəxs Xəlil oğlu müxtəlif bəhanələr göstərərək tələblərinin yerinə yetirilməsindən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs Xəlil oğlu 1610 manat pul vəsaitini mənimsəmişdir, geri qaytarmaqdan boyun qaçırır, yəni ona qarşı dələduzluq etmişdir, Təqsirləndirilən şəxs Xəlil oğluna qarşı qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Xəlil oğlu ona və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsinin təxminən 87 sotunu "xxxx" MMC-nin təmsilçisi Ağamirzə adlı şəxsə 4400 manata satıb və pulu alıb. Görünür Təqsirləndirilən şəxs notariusda onu aldadaraq etibarnamə yazdırıb və etibarnamə ilə yerini satıb. Odur ki, ona və ailə üzvlərinə məxsus Kirig oba kəndində olan 87 sot torpaq sahəsinin geri qaytarılmasında köməklik göstərilməsini və dələduz Rizvan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon Notariat Ofisi tərəfindən Qusar rayon Prokurorluğuna ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli 1137 saylı məktubdan görünür ki, 2015-ci il üzrə 4Ə-588, 4Ə-761, 4Ə-762, 4Ə-804, 4Ə-805, 4Ə-806, 4Ə-807, 2016-cı il üzrə 4Ə-357, 4Ə-359, 4Ə-360, 4Ə-361, 4Ə-369, 4Ə-370, 4Ə-1855, 4Ə-1865, 2017- ci il üzrə 4Ə-67, 4Ə-77, 4Ə-111, 4Ə-218, 4Ə-364, 4Ə-1188, 4Ə-1607, 4Ə-1864, 4Ə-2055, 4Ə-2143, 4Ə-2144, 2018-cı il üzrə 3M-167, 3M-208, 4Ə-26, 4Ə-28, 4Ə-113, 4Ə-114, 4Ə-115, 4Ə- 129, 4Ə-514, 4Ə-732, 4Ə-1379, 4Ə-1380, 4Ə-1381, 4Ə-1390, 4Ə-1402, 4Ə-1403, 4Ə- 1408, 4Ə-2086, 4Ə-2098, 2019-cu il üzrə 3M-81, 3M-82,3M-98, 3M-419, 3M-420, 3M- 421, 3M-422, 3M-423, 3M-526, 3M-527, 3M-528, 3M-529, 3M-530, 3M-539, 3M-562, 4Ə- 151, 4Ə-239, 4Ə-526, 4Ə-1020, 4Ə-1021, 4Ə-1032, 4Ə-1113, 4Ə-1264, 4Ə-1532, 4Ə- 1556, 4Ə-1764, 4Ə-1820, 4Ə-1833, 4Ə-1834,4Ə-1958, 4Ə-1959, 4Ə-1960, 4Ə-1961, 4Ə- 1962, 4Ə-2058, 4Ə-2069, 4Ə-2154, 4Ə-2155, 4Ə-2173,4Ə-2222, 4Ə-2239, 4Ə-2574, 4Ə- 2773, 4Ə-2775, 4Ə-2777, 4Ə-2797, 4Ə-2815, 2020-ci il üzrə 4Ə-991, 4Ə-1378, 4Ə-1378, 4Ə-2742 reyestr nömrəli alqı-satqı və icarə müqavilələrinə dair notariat işlərini və xx.xx.2019-cu il tarixli 7E-2761, xx.xx.2020-ci il tarixli 7E-1931, xx.xx.2019-cu il tarixli 7E- 595 nömrəli etibarnamələr təqdim edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 9/6792 saylı rəyindən görünür ki, iş materiallarında olan sənədlərin və ifadələrin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda 2015-2017-ci illər üzrə Qusar rayon Həzrə bələdiyyəsində yaranmış çatışmazlığın ümumi məbləği 1.255.00 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 dekabr 2021-ci il tarixli 9/9111 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərin və ifadələrin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda 2015-2017-ci illər üzrə Qusar rayon Həzrə bələdiyyəsində yaranmış çatışmazlığın ümumi məbləği 455.00 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 9/6792 saylı və 20 dekabr 2021-ci il tarixli 9/9111 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 28 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə X5 etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona qarşı dələduzluq cinayətini törətməsi Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin satılması adı ilə Məhəmmədmirzə Dustiyev və onun oğlu Maksim Dustiyevdən cəmi 1610 manat məbləğində pul vəsaiti alsa da, həmin pulun 800 manatı Qusar rayon Həzrə bələdiyyəsinin hesabına köçürüldüyündən, istintaq zamanı Təqsirləndirilən şəxs bu pulun 810 manatını öz şəxsi məqsədləri üçün xərcləməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin cəmi məbləğinin 810 manat təşkil etməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Qusar rayonu Kirig kənd sakini X9 aldatmaqla onun 810 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq cinayətini törətməsində Qusar rayonu Həzrə bələdiyyəsinin sabiq sədri Şahid7 iştirakının olmadığı, torpaq sahəsinin alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxslə M.Dustiyevin arasında olan danışıqlardan xəbərinin olmadığı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Məhəmmədmirzə Dustiyevdən aldığı pulu Şahid7 verməsi faktı öz təsdiqini tapmadığından, Şahid7 əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin, yəni dələduzluq cinayətinin tərkib əlamətləri təsdiq edilmədiyindən həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. X5 adından xx.xx.2019-cu il tarixdə Qusar rayon Həzrə bələdiyyəsinin "xxxx" MMC-nin Qusar poçt filialında olan AZE767AZPO********************5 saylı hesabına köçürülmüş 800 manat pul vəsaitinin həmin tarixdə 681292 saylı kassa mədaxil orderinin qəbzi ilə Qusar rayon Həzrə bələdiyyəsinin hesabına mədaxil edilib toplanmış cəmi bələdiyyə hesabından kassa məxaric orderləri yazılmaqla qanunamüvafiq qaydada xərclənməsi müəyyən edildiyindən, həmin hal üzrə cinayət hadisənin olması faktı təsdiq edilmədiyindən həmin xüsusat üzrə Şahid7 barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs torpaq sahəsinin satılması adı ilə Məhəmmədmirzə Dustiyev və onun oğlu Maksim Dustiyevdən dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin cəmi məbləğinin 1650 manat olması nəzərə alınmışdır. Şahid7 barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə Qusar rayon prokurorluğunda cinayət işinin başlanılmasının rədd edilməsi nəzərə alınmışdır. Qusar rayon Həzrə Bələdiyyəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 451 nömrəli məktubu iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir. 15 mart 2019-cu il tarixdə bir rus rublunun məzənnəsini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından əldə olunmuş çıxarışda, həmin tarixdə bir rus rublunun 0.0260 manat olması, həmin məzənnə ilə 40 000 rus rublunun 1040 manat olması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs məxsus Qusar rayonu “Həzrə Tala” adlanan ərazidə yerləşən 0.87 ha torpaq sahəsinin dəyərinin 4350 (dörd min üç yüz əlli) manat olması nəzərə alınmışdır. İş materiallarında olan Qusar rayonu Həzrə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 451 saylı məktubundan görünür ki, 2020-ci ildə Həzrə-tala sahəsində pay torpaqların bir sotunun satış qiyməti 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından əldə olunmuş çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə bir rus rublu 0.0260 manat olmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 30 dekabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 02 iyun 2021-ci il tarixli 876/06-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xəlil oğlu həmin publik hüquqi şəxsin X8 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, yaşadığı kənddə yerləşən ona məxsus dəyəri 4350 manat olan 0,87 ha torpaq sahəsinin dəyərində 4350 manat pulu Təqsirləndirilən şəxs ona tam ödəmişdir. Onun barəsində şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 06 iyun 2020-ci il tarixli 7E-1931 saylı etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 mülkiyyətlərində olan torpaq sahələrinın alqı-satqısının aparılmasını Təqsirləndirilən şəxs etibar etmişlər. İş materiallarında olan 14 sentyabr 2019-cu il tarixli 7E-4036 saylı etibarnamənin surətindən görünür ki, Şahid1 Xanəli oğlu mülkiyyətində olan torpaq sahələrinın alqısatqısının aparılmasını Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan 09 iyul 2019-cu il tarixli 7E-2761 reyestr nömrəli etibarnamədən görünür ki, Qusar rayonu Həzrə bələdiyyəsinin adından Şahid7 Həzrə bələdiyyəsinə məxsus torpaq sahələrinə dair sərəncam verməyi, müqavilə bağlamağı, sənədləşmə işlərini aparmağı, sənədləri təhvil verməyi, almağı, ərizə verməyi, imza etməyi, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Xəlil oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayonu Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 205 saylı arayışdan görünür ki, Qusar rayonu Kirig kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, qızı Madina Hacıbalayevadan, qızı Ayişa Hacıbalayevadan və oğlu Şamil Hacıbalayevdən ibarətdir. İş materiallarında olan AZ-İİİ 106406, AZ-İİ 995569 və AZ-İİİ 853080 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2010cu il təvəllüdlü Madina, 02 yanvar 2013-cü il təvəllüdlü Ayişa və 27 avqust 2016-cı il təvəllüdlü Şamil adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayonu Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayonu Təhsil şöbəsi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli 334 saylı xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəlil oğlu iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi X2 21 iyun 2022-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslərə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam aradan qaldırılmış, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur və həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə Təqsirləndirilən şəxs Məhəmmədmirzə Dustiyevin və Maksim Dustiyevin ona verdiyi 1650 manat məbləğində pulun 800 manat hissəsini bələdiyyə sədri olmuş Şahid7 verməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin hüquqi varisi Maksim Dustiyevin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə yuxarıda sadalanan əsaslara görə təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, öz qulluq mövqeyindən istifadə etməklə həmkəndlisi X5 etibarından sui-istifadə edərək yaşadıqları kənddə ona həyətyanı torpaq sahəsi satacağına yalandan vəd verib aldadaraq 15 mart 2019-cu il tarixdə Kirig kənd orta məktəbinin qarşısında həmin dövrün məzənnəsi ilə 1040 manat dəyərində olan 40.000 rus rublunu, daha sonra M.Dustiyevlə razılaşmalarına uyğun olaraq 2019-cu ilin aprel ayında Qusar rayonu Kirig kəndində sonuncunun oğlu Maksim Dustiyevdən həmin məqsədlə 400 manat, 2019-cu ilin iyun ayında 210 manat olmaqla ümumlikdə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 1650 manat (min altı yüz əlli) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etməsi; bundan sonra təkrarən öz qulluq mövqeyindən istifadə etməklə həmkəndlisi Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 2020-ci ilin may ayında sonuncuya məxsus rayonun Həzrə kəndinin “Həzrə Tala” adlanan hissəsində yerləşən dəyəri 4350 (dörd min üç yüz əlli) manat olan 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzində ona rayonun Həzrə kəndinin “Arvazaq” adlanan hissəsində 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verəcəyinə yalandan vəd verib aldadaraq, həmin torpaq sahəsini faktiki olaraq 4400 (dörd min dörd yüz) manata "xxxx"MMC-nə satması, əldə etdiyi pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qulluqçu kimi heç bir səlahiyyətə malik olmadığı halda ittiham tərəfi nəyə əsaslanaraq onun əməlini CM-nin 178.2.3-cü maddəsi ilə tövsif etməsi hüquqi cəhətdən əsaslandırılmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsinə əsasən bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 23-cü bəndində göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə Müdafiəçi həmin vəsatətinin dəlillərini müzakirə edərək hesab edir ki, həmin vəsatət əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Hacıbalayev X1rşı dələduzluq cinayətini məhz bələdiyyə üzvü olaraq törətmiş, həmin vaxt Təqsirləndirilən şəxs bələdiyyə qulluqçusu olmasa da, Qusar rayonu Həzrə bələdiyyəsinin torpaq sahələrinə dair sənədləşmə işlərini həyata keçirmiş və bu barədə onun müvafiq səlahiyyətləri olmuşdur. Məhəmmədmirzə Dustiyev də həmin şəxsə bələdiyyənin müvafiq səlahiyyətlərə malik işçisi kimi, onun işlədiyi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin özünə satılması üçün müraciət etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə yanaşı, həm də CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən də, məhkəmə Müdafiəçi vəsatəti ilə razılaşmayaraq rədd edir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışıq əldə olunmasını, sonuncuların həmin şəxsə qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşman olmasını, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X12, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum olunsun. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X12, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar