Məhkəmə qərarları › İş №1(029)-24/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-24/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-24/2024 22.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi : X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Nigeriya Federativ Respublikası Kano şəhərində anadan olmuş, Nigeriya Federativ Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Nigeriya Federativ Respublikası Kano şəhərində qeydiyyatda olan, X2 Dubay şəhərində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, Rusiya Federasiyasında yaşamaq və işləmək məqsədilə həmin ölkəyə getmək üçün viza əldə edə bilmədiyindən, 12 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Zuxuloba kəndinin ərazisində yerləşən 3-cü sərhəd zastavasının 26-cı sahəsinin xidməti ərazisindən piyada hərəkət edərək, mühəndis-texnikı çəpərinin dəmir materialdan olan məftillərini aralayıb arasından keçməklə, Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının onun qəsdən törətməyə cəhd etdiyi cinayət əməlini ifşa edərək Dayan çağırış komandası verdikdən sonra, hərbi qulluqçuların silahlı olması səbəbindən cinayət əməlini başa çatdıra bilməyəcəyi başa düşdüyündən, mühəndis-texnikı çəpərin dövlət sərhəd xətti istiqamətində keçdikdən təqribən 20-30 metr sonra dövlət sərhəd xəttinə təqribən 80 metr məsafədə dayanaraq, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini özünün iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışlarından maraqlanarkən ona bildirilmişdir ki, Rusiya Federasiyasına getsə orada özünə iş tapa bilər. Lakin vətəndaşı olduğu ölkədən Rusiya Federasiyasına viza əldə etmək mümkün olmamış, bu məqsədlə internet vasitəsilə araşdırma aparmış və Rusiya Federasiyasına getməyin yollarını axtarmışdır. İnternetdə apardığı araşdırma nəticəsində ona məlum olmuşdur ki, Azərbaycan Respublikasına viza əldə etmək asandır və o, elektron viza ilə bunu özü üçün təmin etmişdir. "Google Map" proqramı vasitəsilə xəritəyə baxmışdır ki, Azərbaycan Respublikasına qanuni yolla gedib oradan qanunsuz yolla Rusiya Federasiyasına keçə bilər. Bunun üçün 3 noyabr 2023-cü il tarixdə "Abu Dabi- Bakı" aviareysi ilə Bakı şəhərinə -"Heydər Əliyev" Beynəlxalq Aeroportuna gəlmiş, gəlib çatdıqdan sonra internetdə Bakı şəhərində müvəqqəti qalmaq üçün otel axtarmış və ucuz qiymətə "X4 və Hotel" adlı mehmanxana tapmışdır. Noyabr ayının 25-dək həmin mehmanxanada qalmaq üçün "Booking.com" internet saytı vasitəsilə yer bron edərək həmin hosteldə ayın 10-dək qalmışdır. Ayın 25-dək bron etməyinin məqsədi ondan ibarət olmuşdur ki, əgər iş tapa bilərsə Rusiya Federasiyasına getməsin və qalıb Bakı şəhərində yaşasın, işləsin. Lakin iş tapmadığı üçün təxminən 2 ildir ki, Rusiya Federasiyasında yaşayan, nigeriyalı tanışı Yahya adlı şəxslə əlaqə saxlamış və ondan hansı formada Rusiya Federasiyasına getməyin yollarını soruşmuşdur. Yahya ona hansı formada Rusiyaya getməsini deməsə də, bunu yalnız "Google Map" proqramı vasitəsilə xəritəyə baxmaqla edə biləcəyini demişdir. O, xəritəyə baxanda görmüşdür ki, Rusiya Federasiyasına yaxın Azərbaycan Respublikasının Qusar, Xudat və adını xatırlamadığı bir neçə rayon adları vardır. O, 10 noyabr 2023-cü il tarixdə "Bakı Beynəlxalq Avtovağzalı"na gedib bilet alaraq saat 19 radələrində Xudat şəhərinə getmiş və əvvəlcədən bron etdiyi Xudat şəhərində yerləşən "Ulduz" hostelində qalmışdır. O, "Ulduz" hostelində bir gecə, iki gün qalmış, həmin müddət ərzində Azərbaycan Respublikasından Rusiyaya Federasiyasına qanunsuz olaraq keçəcəyi yeri "Google Map" proqramı vasitəsilə dəqiqləşdirmişdir. O, 12 noyabr 2023-cü il tarixdə, günorta saatlarında həmin proqramdan istifadə edərək piyada hərəkət etməyə başlamış və təxminən 5-6 kilometr yol qət etdikdən sonra xəritədə görmüşdür ki, Qusar rayonunun Zuxuloba kəndinə - Rusiya Federasiyası ilə sərhədə çatmışdır. Həmin ərazi meşəlik sahədən ibarət olmuş, o, uzaqdan sərhəd çəpərini görmüş və ona doğru sürətlə qaçmışdır. Həmin çəpər tikanlı məftillərdən ibarət olmuş, o, həmin məftilləri aralayıb arasında keçmişdir ki, Azərbaycan Respublikasından Rusiyaya Federasiyasına qanunsuz olaraq keçsin. Lakin çəpərdən keçib təxminən 20-30 metr aralaşdıqdan sonra 12 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində sərhədi qanunsuz olaraq keçmək məqsədilə hərəkətdə olarkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdır. Bundan sonra ona törədilməsində şübhə edildiyi əməlin mahiyyəti barədə ümumi məlumat verilmiş, sonra o, müdafiəçi və tərcüməçi ilə təmin edilmiş, daha sonra hüquq və vəzifələri izah edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsindən görünür ki, 12 noyabr 2023-cü il tarixdə dövlət sərhədinin pozulacağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında 3-cü sərhəd zastavasının 26-cı sahəsində onun başçılığı ilə kapitan Şahid2, kiçik çavuş Cavidan Məmmədov və əsgər Ruhlan Əliyevdən ibarət "Pusqu" xidməti sərhəd naryadı təşkil olunmuşdur. Onlar xidmətin təşkili zamanı saat 18:00 radələrində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində bir nəfər şəxsin hərəkət etdiyini, onun mühəndis-texniki çəpərin məftillərini aralayıb dövlət sərhəd xətti istiqamətində keçdiyini görmüşlər. Lakin həmin şəxs təxminən 20-30 metr hərəkət etdikdən sonra onlar "Dayan!" komandası vermişlər və həmin şəxs dərhal yerində dayanmışdır. Bundan sonra onlar həmin şəxsi saxlamışlar. Onlar həmin şəxsdən hansı məqsədlə qeyd olunan əraziyə gəldiyini soruşduqda həmin şəxs əl-qol hərəkətləri ilə, onların başa düşmədikləri, lakin ərəb dili olması ehtimal edilən dildə onlara Rusiya Federasiyası istiqamətini göstərmiş və bildirmişdir ki, həmin istiqamətdə gedir. Onlar həmin şəxsin sözlərindən başa düşmüşlər ki, həmin şəxs dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyası istiqamətində keçmək istəyir. Həmin şəxs onlar tərəfindən saxlanılan zaman onun üzərində bel çantası olmuşdur. Onlar bu barədə aidiyyəti üzrə radiorabitə vasitəsilə məruzə etmişlər və həmin şəxsi sərhəd zastavasına aparmışlar. Sərhəd zastavasında həmin şəxs tərcüməçi və müdafiəçi ilə təmin edilmiş və sonradan onlara məlum olmuşdur ki, həmin şəxs Nigeriya Federativ Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsdir və onun saxlanıldığı əraziyə gəlməkdə məqsədi dövlət sərhədini qanunsuz olaraq Rusiya Federasiyasına keçmək olmuşdur. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs ərəb dilində danışmış, buna görə də onlar sonuncu ilə çox əlaqə yarada bilməmişlər. Bunun üçün Təqsirləndirilən şəxs dərhal aidiyyəti üzrə məruzə etməklə sərhəd zastavasına aparıb aidiyyəti üzrə təhqiqat orqanına təhvil vermişlər. Sərhəd zastavasında onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu qanunsuz işdə heç kəs köməklik göstərməmiş və o, həmin əraziyə "Google Map" proqramından istifadə edərək təkbaşına gəlmiş, Azərbaycan Respublikasına isə qanuni yolla gəlmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan 12 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Qusar rayonu Zuxuloba kəndi ərazisində yerləşən 3-cü sərhəd zastavasının 26-cı sahəsidir. Saxlanılma nöqtəsi dövlət sərhəd xəttindən 80 metr aralıda maneə çəpərlərindən 30 metr içəridə, 85 nömrəli sərhəd nişanından 200 metr sağda yerləşir. Ərazi hər tərəfdən sıx meşəliklə əhatə olunmuşdur Binadan qonşu 4-cü sərhəd zastavasına torpaq yol uzanır. Müqabil tərəfdə Rusiya Federasiyası Dağıstan Respublikasının Filya rayonu yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Resoublikası ərazisində məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 noyabr 2023cü il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Zuxuloba kəndinin ərazisində yerləşən 3-cü sərhəd zastavasının 26-cı sahəsinin xidməti ərazisindən piyada hərəkət edərək, mühəndis-texnikı çəpərinin dəmir materialdan olan məftillərini aralayıb arasından keçməklə, Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının onun qəsdən törətməyə cəhd etdiyi cinayət əməlini ifşa edərək Dayan çağırış komandası verdikdən sonra, hərbi qulluqçuların silahlı olması səbəbindən cinayət əməlini başa çatdıra bilməyəcəyi başa düşdüyündən, mühəndis-texnikı çəpərin dövlət sərhəd xətti istiqamətində keçdikdən təqribən 20-30 metr sonra dövlət sərhəd xəttinə təqribən 80 metr məsafədə dayanaraq, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini özünün iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti müsbət xaraktrerizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, bu tip cinayətlərin yayılmasının qarşısının alınması üçün hüququn xəbərdaredici funksiyasının təmin edilməsi üçün azadlıqdan məhrum etmə cəza təyin edilməsini məhkəmə məqdəsə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əcnəbi olduğundan, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadığından ona CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 noyabr 2023-cü il tarixdən hesablanmışdır Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2023-cü il, saat 18:40-dan hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci olan 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci olan 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Hökmdən elan olduğu andan (Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar