Məhkəmə qərarları › İş №1(029)-25/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-25/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-25/2023 12.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.2000-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən X2 məxsus “LADA” avtomobil ehtiyat hissələri mağazasının qapısını mıxla açaraq həmin mağazaya qanunsuz daxil olaraq, mağazadan hadisə gününün məzənnəsi ilə cəmi 510 manat olan 300 ABŞ dolları və 56 AZN məbləğində pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 566 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində tanımadığı avtomobillə Qusar şəhərinə gəlmiş, əvvəlcədən gördüyü Qusar şəhəri Ç.Qurbanov küçəsində olan “PİONEER” yanacaq doldurma məntəqəsinin yanında yerləşən “LADA” avtomobil ehtiyat hissələri mağazasından oğurluq etmək məqsədi ilə həmin ünvana gəlmişdir. Bu zaman “PİONEER” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən yeni tikilmiş yaşayış binasının qarşısındakı tikinti materialları toplanmış yerdən bir ədəd iri mismarı götürərək avtomobil ehtiyat hissələri mağazasına yaxınlaşaraq, mağazanın çölündəki işıq sayğacından mağazanın işığını söndürdükdən sonra mağazanın plastik qapısını tikintidən götürdüyü mismarla açaraq ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra o, mağazanın içərisində vitrinin arxasında yerləşən kompüter masasının üzərində olan kompüterin altındakı 100(yüz) ABŞ dollarını götürmüş, daha sonra həmin masanın siyirmələrinə baxdığı zaman masanın ikinci siyirməsində yerləşən pul çantasından saxlanılan 200(iki yüz) ABŞ dollarını, eləcə də həmin masanın digər siyirməsində müxtəlif əskinaslarla olan 56(əlli altı) manat pulu götürərək mağazanı tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən oğurluq etmək məqsədi ilə Qusar şəhəri H.Əliyev prospektində yerləşən “YEGANƏ” paltar mağazasına da özündə olan mismarla plastik qapını açaraq daxil olmaqla mağazada yerləşən masanın siyirməsindən 96(doxsan altı) manat pulu götürərək mağazanı tərk etmiş, piyada Qusar şəhər avtovaqzalı istiqamətində hərəkət etmiş, yolda tanımadığı avtomobillə Qusar şəhər avtovaqzalma getmiş, oradan da istintaqa məlum olmayan avtomobillə Quba şəhərinə geri qayıtmış, orada köhnə avtovaqzalm yaxınlığında yerləşən “24 SAAT” marketin qarşısında tanımadığı xarici valyuta dəyişən şəxsə oğurladığı 300(üç yüz) ABŞ dollarını verərək milli valyuta ilə 502(beş yüz iki) manat pul əldə etmiş, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin bundan sonra Quba şəhərində də oğurluq hadisələri törətdiyinə görə Quba RPŞ-nə gətirilmiş, həmin vaxt Qusar şəhərində də oğurluq etdiyini etiraf etmişdir. Atası xəstə olduğundan pula ehtiyyacı var idi. Borcla bağlı hər hansı şəxsə və ya banka müraciət etməmişdir.Əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, onun Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Lada” adlı avtomobil ehtiyyat hissələr satılan mağazası vardır. 01 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində mağazanı həmişəki kimi bağlayıb evə getmiş, bundan sonra isə, yəni 02 noyabr 2022ci il tarixdə, saat 07 radələrində mağazaya işə gəldikdə mağazanın plastik materialdan olan giriş qapısına kənar əşya ilə müdaxilə edilərək naməlum şəxsin içəri daxil olduğunu, bundan başqa həmin naməlum şəxsin çöldə yerləşən işıq sayğacından mağazanın qarşısındakı işığı söndürüb daxil olduğunu aşkar etmişdir. O, işığı yenidən işıq sayğacından qoşub mağazaya daxil olmuş, bundan sonra içəriyə baxmış, mağazanın daxilində yerləşən stolun siyirməsinin içində xırda əskinaslarla saxladığı ümumilikdə 56 manat pulun oğurlandığını görmüşdür. Bundan sonra bu barədə Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan bir neçə gün sonra isə özünə məxus mağazadakı kompüter yerləşən stolun siyirməsinin içində saxladığı və gündəlik istifadə etmədiyi pul qabına təsədüfən baxmış və içində bir ay əvvəl qoyduğu 200 AŞB dolları pulu aşkar etməmiş, daha sonra mağazadakı stolun üstündəki kompüterin altında da saxladığı 100 ABŞ dolları pulu da yerində tapmamışdır. O, həmin özünə məxsus 300 ABŞ dollar pulu da 01 noyabr 2022-ci il tarixdə ona məxsus mağazaya daxil olan və 56 manat pulunu oğurlayan eyni şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Çünki həmin hadisədən sonra ona məxsus mağazaya kənar şəxs daxil olmamışdır. Bundan sonra 11 noyabr 2022-ci il tarixdə bu barədə Qusar RPŞ-nə təkrarən ərizə ilə müraciət etmişdir. Daha sonra polis tərəfindən həmin oğurluq hadisəsini törətmiş şəxsin Quba şəhər sakini Qalib adlı şəxsin törətdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 2018-ci ildən etibarən Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən X2 məxsus “Lada” avtomobil ehtiyat hissələri mağazasında satıcı işləmişdir. 01 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində həmişə olduğu kimi Sərxanla birlikdə mağazanı bağlayıb evə getmişdir. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə, səhər saat 07 radələrində Sərxan səhər işə gəlmiş, sonra özü də işə gəlmiş, bu zaman Sərxan ona mağazanın işığının naməlum şəxs tərəfindən axşam saatlarında sayğacdan söndürüldüyünü, mağazanın içərisində olan masadan 56 manat pulun oğurladığını bildirmişdir. Bu barədə Sərxan polis orqanına məlumat vermiş və mağazaya baxış keçirilmişdir. Lakin bundan bir neçə gün sonra Sərxan ona masanın üzərindəki kompüterin altında olan 100 ABŞ dolları, həmin kompüterin altındakı siyirmədən pul kisəsində olan 200 ABŞ dollarının da oğurlandığını aşkar etdiyini bildirmişdir. Bundan sonra Sərxan bu barədə yenidən polisə məlumat vermiş, həmin oğurluq hadisəsini Quba şəhər sakini Qalib adlı şəxsin törətməsi polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “YEGANƏ” paltar mağazası ona məxsusdur. Həmin mağaza hər gün saat 09 radələrində fəaliyyətə başlayır və saat 17-18 radələrində bağlanır. 01 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində həmişə olduğu kimi mağazanı bağlayaraq evə getmişdir. 02 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində mağazanı açmağa gəldiyi zaman isə mağazanın qapısının açıq olduğunu görmüş, mağazaya daxil olmuş və ötəri axtarmış, lakin heç bir iz tapmamış, bundan sonra mağazadakı masanın siyirməsinə baxdıqda isə orada saxladığı 96(doxsan altı) manat müxtəlif əskinaslarla olan pulların oğurlandığını aşkar etmiş, lakin oğurlanmış pul vəsaiti az məbləğdə olduğu üçün bu barədə polis orqanına məlumat verməmiş, sonra həmin oğurluq hadisəsini törətmiş Quba şəhər sakini Qalib adlı şəxsin ifadələri polis əməkdaşları tərəfindən yerində yoxlanılan zaman bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 30 ildən çoxdur ki, Quba şəhərində xarici valyutanın, yəni rubl və dollar dəyişimi ilə məşğul olur. 02 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində sonradan adının Qalib olduğunu bildiyi Quba şəhər sakini “24 Saat” marketin qarşısında ona yaxınlaşaraq dolları manata çevirmək istədiyini bildirmişdir. O, da Qalibə həmin gün üçün dolların məzənnəsi 1,70 manat olduğundan 300 ABŞ dollarının əvəzində 510 AZN pul vermişdir. Bundan sonra Qalib çıxıb getmiş və bir daha Qalibi görməmişdir. Lakin bundan sonra Qusar rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq izahat verməsi üçün dəvət etmiş, o, da Qusar rayon Polis Şöbəsinə gəlmiş və bu barədə izahat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, xx.xx.2022-ci il tarixli HK-1 saylı materialın zərurəti ilə bağlı Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “LADA” adlı avtomobil hissələri mağazaya baxış keçirilmişdir. Mağaza avtovağzal istiqaməti üzrə yolun sol tərəfində yerləşir. Mağaza bir mərtəbədən və zirzəmidən ibarətdir. Mağazaya giriş qapısı plastik qapıdır. Baxış zamanı mağazanın qapısına kənar alətlərlə müdaxilə izləri aşkar edilmişdir. Mağazanın qapısı müdaxilə edilərək açıldığı müşahidə olunmuşdur. Baxış zamanı X3 ona məxsus mağazanın içində olan stolun içindəki siyirmədən 56 manat pulun oğurladığı yeri göstərmişdir. Baxış zamanı əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı mağazanın içində yerdə aşkar edilmiş polietilen paketi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı foto şəkillər çəkilmiş protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “LADA” ehtiyat hissələri mağazasının qarşısında müşahidə kamerasına düşmüş görüüntüsünün qeydə aldığı DVD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirtmişdir. Baxış zamanı diskdə “Vatsap videp 2022-11-22 at 12.28.58.mp4” yazıları yazılmış video görüntü müşahidə olunmuşdur. Həmin video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs əlində mobil telefon, əynində qara rəngli gödəkçə, qara rəngli sport kepka, qara rəngli idman şalvarı və ayağında idman ayaqqabıları ilə Qusar şəhəri Ç.Qurbanov küçəsi ilə piyada hərəkət edərək həmin küçədə yerləşən “LADA” ehtiyat hissələri mağazasının giriş hissəsinə daxil olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həqiqətən də həmin görüntüdəki şəxsin özü olduğunu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə ifadələrinin yerində yoxlanılması protokolundan görünür ki, istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mezanizmini, yerini və digər xüsusatları qeyd etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstaxanası publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şahid2 məxsus mağazaya daxil olaraq 96 (doxsan altı) manat pulu oğurlanması faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4, 7-ci bəndlərinə əsasən cərimə cəzasından azad edilmiş, həmin qərarın 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür. Məhkəmə hesab edir ki, CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də talama cinayətlərinə görə məhkum olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin icraatında CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi mövcuddur.CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuş, lakin o islah olunmamışdır. Məhkəmə həmin şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 noyabr 2023-cü il tarixdə tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmlıdır. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01(bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar